Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır
ATƏT-in Astana sammiti ərəfəsində Ermənistan rəhbərliyinin ikibaşlı, manipulyativ xarakterli çıxışları diqqətdən yayınmır. Belə ki, Serj Sarkisyan bir tərəfdən hərbi ritorika ilə davranmağa cəhd edir, digər tərəfdən isə, yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişinin imzalanması ideyasını ortaya atır. Məsələyə münasibət bildirən politoloq Elman Nəsirov bunu Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi qiymətləndirir.
- Bildiyiniz kimi, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi ilə bağlı yenidən çərçivə sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib və bu məsələyə Azərbaycanın müsbət yanaşacağına ümid etdiyini bildirib. Bu məsələyə münasibətiniz necədir?
- Bəlli olduğu kimi, 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı Madrid pirinsiplərini irəli sürüb. Həmin prinsiplərlə bağlı Ermənistanın hansı mövqe tutduğu bəllidir. Bunun ardınca 2009-cu ilin dekabrında yeniləşmiş Madrid prinsipləri irəli sürülüb və həmin prinsiplərin qəbulu ilə bağlı Ermənistan iki həftə ərzində, öhdəlik götürdü ki, öz cavabını verəcək. Lakin bu günə kimi, Ermənistan nə "hə"", nə də "yox" deyib. Amma bu daha çox yoxa bənzəyib. Bundan sonra cəmisi bir dəfə Sankt-Peterburq danışıqlarından sonra bəzi yeni təkliflər üzə çıxdı ki, onunla bağlı Ermənistan tərəfi prinsip etibarı ilə bu təkliflərə razı olduğunu bildirmişdi. O zamanlar Azərbaycan tərəfin mövqeyi belə oldu ki, bu təkliflər Madrid prinsiplərinə və indiyə kimi, aparılmış danışıqlar prosesinə ziddir və 6 il geri qayıtmaq deməkdir. Ona görə də Azərbaycan tərəfi bunun əleyhinə olduğunu bildirdi. Bildiyiniz kimi, Astana görüşü yaxınlaşır və görüş ərəfəsində "yol xəritəsi" ideyası artıq gündəmdədir. Belə vəziyyətdə Ermənistan tərəfin tənzimlənmə prosesi, Dağlıq Qarabağ probleminin həlli perspektivi ilə bağlı çərçivə sənədi imzalamağa hazır olması barədə bəyanat verməsi, ilk baxışdan, müsbət təsir bağışlayır. Amma burada sözügedən məsələnin mahiyyətinə varmaq lazımdır ki, doğrudan da, bu çərçivə sənədində söhbət ATƏT-in Minsk Qrupunun irəli sürdüyü, yeniləşmiş "Madrid prinsipləri"ndən gedir, yoxsa həmin prinsiplərin özünə artıq Ermənistan fərdi qaydada dəyişikliklər edib və ya Rusiyanın irəli sürdüyü Sankt-Peterburq təkliflərini irəli sürmək istəyir. Əgər Astana görüşü ərəfəsində, Ermənistan tərəfi, nəhayət ki, konstruktiv mövqe nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, yenilənmiş Madrid prinsiplərini, münaqişənin mərhələli həll variantını, əvvəlcə Qarabağ ətrafında 7 rayonun və sonra kommunikasiyaların bərpası, məcburi köçkünlərin qaytarılması, sülhməramlı qüvvələrin gəlməsi, bundan sonra isə Qarabağın statusunun təyin olunması ilə bağlı, bir mövqeyi həmin yeni təkliflərində ortaya qoyursa, onda bununla Azərbaycan tərəfi razılaşa bilər. Yox, bunun əksi olarsa, mərhələli həll variantınından kənarda olan bir tənzimlənmə məsələsi ortalığa atılarsa, Azərbaycan tərəfi heç bir halda həmin bu variant və təkliflərlə razılaşa bilməz.
- ATƏT-in Astana sammiti ərəfəsində Ermənistan bir tərəfdən hərbi ritorika ilə danışır, digər tərəfdən isə, hansısa sazişin imzalanması təşəbbüsü ilə çıxış edir. Bunu necə qiymətləndirirsiniz?
- Bir tərəfdən, Ermənistan belə irimiqyaslı hərbi təlimlər keçirməklə, demək istəyir ki, o, istənilən halda münaqişənin hərbi yolla da həllinə hazırdır. Yəni bununla bir görüntü yaratmaq istəyirlər ki, guya Yerevanın hərbi gücü, potensialı var. Lakin bəlli olduğu kimi, Ermənistana böyük beynəlxalq və ictimai təzyiq var. NATO-nun son toplantısında - Lissabon sammitində qəbul deyilən rəsmi sənədin 35-ci maddəsində Azərbaycanın ərazi bütövlüyü tanındı və Ermənistan prezidenti məhz buna görə sözügedən sammitə getmədi. Bunun ardınca isə, NATO ölkələrinin əksəriyyəti (onlar, eyni zamanda, ATƏT-in üzvləridir) Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiklərini bildiriblər. Bu səbəbdən, Ermənistanın bu təklifi daha çox manipulyasiya xarakteri daşıyır və beynəlxalq ictimai fikri növbəti dəfə aldatmaq mahiyyəti kəsb edir. Ermənistanın bu addımlarının arxasında nə dayandığı Azərbaycan tərəfinə bəllidir. Bir sözlə, mahiyyət ondan ibarətdir ki, ermənilər Astana görüşündə mümkün ola biləcək beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün də ilk baxışdan sülhpərvər forma kəsb edən bəyanat və təkliflərlə çıxış edirlər. Lakin müvafiq təkliflərin məzmunu həmişə ermənisayağı olur. Həmin məzmun heç bir halda sülhə, sabitliyə və inkişafa xidmət etmir.