YAP seçkilərdə bir daha qalibiyyətin, uğurun zirvəsində olduğunu sübut etdi
- Ziyafət müəllim, seçkilərin gedişatını və nəticəsini necə qiymətləndirirsiniz?
- Parlament seçkilərinin ədalətli, şəffaf, demokratik bir şəraitdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, YAP-ın namizədlərinin əksər yerləri qazanması tamamilə qanuna uyğundur. Çünki həm partiyamızın nüfuzu, həm də partiyamızın Sədri möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə gördüyü uğurlu işlər, vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onu deməyə əsas verirdi ki, YAP seçkilərdə mandatların tam əksəriyyətini əldə edəcəkdir. Ona görə də bu qanunauyğun bir haldır və seçilən bütün millət vəkillərinin də hər birini təbrik edirəm.
- Radikal müxalifət ənənəvi ampluasından çıxış edərək, parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia ediblər. Onların bu cür məntiqsizliyini nə ilə izah etmək olar?
- Radikal müxalifətin bu riyakarlığını hər zaman görmüş və eşitmişik. Çox qəribədir ki, müxalifət qruplardan özləri seçiləndə, seçkilərin demokratik keçdiyini, seçilmədikdə isə, saxtakarlığın olduğunu deyirlər. Tamamilə absurd, məntiqsiz bir fikirdir və bu fikirlərin heç birini qəbul etmirəm.
- ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı qeyri-real bəyanatını Azərbaycana qarşı bu dövlətin ikili standartlar prizmasından yanaşması kimi dəyərləndirmək olar?
- Bunu ikili standart kimi qəbul edirəm. AŞPA-nın, ATƏT-in Parlament Assambleyasının, Avropa Birliyinin verdiyi qiymətə görə seçkilər çox şəffaf, ədalətli və tam demokratik bir şəraitdə keçdi. Hansısa bir çox kiçik, xırda qüsurların olması seçkilərin demoratik, azad və şəffaf keçməsinə kölgə sala bilməz. Əlbəttə ki, ABŞ Dövlət Departamentinin bu bəyanatından təəssüflənirəm. Çünki Amerika departamentinin verdiyi qiymət heç AŞPA-nın, ATƏT Parlament Assambleyasının verdiyi qiymətlə üst-üstə düşmür. Buna çox təəccüblənir və təəssüflənirəm.
- ABŞ Dövlət Departamentinin bu cür bəyanatını Azərbaycana qarşı göstərilən növbəti təzyiq kimi də qiymətləndirmək olar?
- Təəssüf edirəm ki, Azərbaycana qarşı ikili standartların tətbiq olunmasının zaman-zaman şahidi olmuşuq. Seçkiləri kiminsə bizə təşəkkür etməsi üçün keçirmirik. Seçkilər Azərbaycan xalqının iradəsidir. Hər bir dövlət, beynəlxalq təşkilatlar seçkiyə qiymət verəndə, Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşmalıdır.
- YAP bu seçkilərdə də parlaq qələbə qazandı. Bu qələbənin mənbəyi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət olduğunu söyləmək olar?
- Əlbəttə ki, söyləmək olar. Azərbaycanda demokratik, azad, şəffaf seçki ənənəsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimiz Ümummilli Lider Heydər Əliyev kursu ilə irəliləyir və cənab Prezidentimiz İlham Əliyevin çox uğurlu həm daxili, həm də xarici siyasəti nəticəsində yüksək inkişaf həddinə gəlib çatıb. Bu gün inkişafın ən yüksək pilləsindəyik. Seçkilərin ədalətli, şəffaf, parlaq keçirilməsi və YAP üzvlərinin parlamentdə əksər yerləri əldə etməsi uğurlu siyasətin nəticəsidir. Müstəqil Azərbaycan xalqı seçkilərdə YAP-a və onun Sədri möhtərəm Prezidentimiz İlham Əliyevə çox doğru- düzgün real qiymət verdi.