PDF Oxu

Müsahibə

  • 17

İndi nə 1921-ci ildir, nə də 1940-cı il

İndi nə 1921-ci ildir, nə də 1940-cı il
- Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin  dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı zirvə sammiti keçiriləcək. Xəzəryanı ölkələr bu sammitə hansı vəziyyətdə gedir?
- Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin dünya praktikasında unikal bir məsələ olduğunu nəzərə alsaq, bu məsələnin həll edilməsi o qədər də asan və sadə bir məsələ deyil. Amma bununla belə, Xəzəryanı ölkələrin hər biri buna xüsusi maraq göstərir və bu istiqamətdə işlərin irəli getməsi üçün əllərindən gələni edirlər. Bu tədbirlərdən də ən böyüyü, baxmayaraq ki, tərəflər arasında da komissiyalar görüşür, sahilyanı ölkələrin nümayəndələri bir-biriləri ilə müşavirələr keçirir, təcrübə mübadiləsi aparırlar. Amma bu istiqamətdə ən mühüm tədbir prezidentlərin zirvə görüşü olduğu üçün Azərbaycan da bu işə, bu istiqamətə öz xüsusi münasibətini nümayiş etdirərək, Bakıda  Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşünü təşkil edir. Bu, o məqsədlə edilir ki, doğurdan da, bu istiqamətdə irəliyə addımlar atılsın. O ki, qaldı Xəzəryanı ölkələrin bu sammitə hansı hazırlıqla getməsinə, Xəzəryanı dövlətlərin bu məsələ ilə bağlı mövqeləri, müəyyən mənada, bir-birindən fərqlənsə də, ancaq bu istiqamətdə xeyli işlər də görülüb. "İşlər görülüb" deyəndə, onu nəzərdə tuturam ki, artıq Xəzəryanı dövlətlərin beşindən üçü bu istiqamətdə 2000-ci ildən bu yana müəyyən ciddi addımlar atıblar. Ondan əvvəl də, özünüz bilirsiniz ki, müəyyən bir praktika var idi. Yəni ötən əsrin ortalarından, ümumiyyətlə, Xəzərdə fəaliyyətlə bağlı təşəkkül tapmış praktika olubdur. Keçmiş SSRİ dövründə SSRİ ilə İran arasında da bununla bağlı müəyyən addımlar atılıb. SSRİ tərkibində müttəfiq respublikalar arasında da müəyyən addımlar atılıb. Mən düşünürəm ki, onların özü və ondan sonra  2000-ci ildən Azərbaycanla Rusiya arasında, Azərbaycanla Qazaxıstan arasında, Qazaxıstanla Rusiya arasında, eləcə də, bu üç dövlətin üçtərəfli imzaladığı sənədləri biz nəzərə alsaq, demək olar ki, artıq müəyyən bir mərhələ artıq arxada qalıb. Ona görə də, düşünürəm ki, bu mərhələnin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində qarşıdan gələn işlərdə köməyi ola bilər. Əsas məsələ bundan ibarətdir. Biz düşünürük ki, bununla bağlı da xüsusi məsələlər, xüsusi işlər, əlbəttə ki, prezidentlərin zirvə görüşü zamanı aparacaqları müzakirələr zamanı ortaya qoyula bilər.
- Bakıda keçiriləcək sammit ərəfəsində İran tərəfdən Xəzərdə pay bölgüsü ilə bağlı yeni bir açıqlama gəldi. Hətta bu dəfə İran tərəfi 1921-1940-cı illərdə keçmiş SSRİ ilə İran arasında imzalanmış müqavilələrə istinad edərək, Xəzərdə İranın payının iyirmi faizdən də artıq olduğunu  iddia edir.
- Mən də bununla bağlı fikirlərə mətbuatda rast gəldim. Məsələ burasındadır ki, artıq 1921-1940-cı illərdə olan razılaşmalar, əslində, o dövrün məhsulu idi. Yəni indi dünya, elə Xəzəryanı dövlətlər də həmin dövrdə deyillər. İndi nə 1921-ci ildir, nə də 1940-cı il. O sənədlər müəyyən məsələlərdə kömək edə bilər. Amma dünya dəyişilmişdir. İndi biz iyirmi birinci əsrdəyik. SSRİ isə yoxdur. SSRİ olmadığı halda, həmin müqavilələrdən danışmaq doğru olmazdı. Əgər keçmiş SSRİ qalsaydı, bu, başqa məsələ olardı. Yəni o razılaşmalarla bu əməkdaşlığı davam etdirmək olardı. İndi tamam başqa, yeni şərait yarandığı üçün, yeni bir vəziyyət formalaşdığı üçün, düşünürəm ki, bunu nəzərə almaq lazımdır. Düşünürəm ki, qarşılıqlı fikir mübadiləsi, prezidentlərin görüşü, bu zirvə görüşü zamanı aparılan işlər bu istiqamətdə mövqelərin yaxınlaşmasına kömək etməlidir. Şübhəsiz ki, elə-belə götürüb, təcrübədən kənar "gəlin, dənizi beş yerə bölək" mövqeyindən çıxış etmək doğru deyil. Xəzəryanı dövlətlərin üçü artıq bu istiqamətdə müəyyən addım atıblar, ona görə də, mən düşünmürəm ki, belə bir razılaşma praktiki cəhətdən qəbul ediləsi olsun.
- ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatına münasibətiniz necədi? Ümumiyyətlə, beynəlxalq təşkilatların seçkilərə yaşanması qaneedici oldumu?
- Burada iki məsələni qeyd etmək lazımdır. Seçkilər zamanı 1000-dən artıq beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etdi. Bu beynəlxalq müşahidəçilər də müxtəlif ölkələrdən, müxtəlif dairələrdən, təşkilatlardan gəlmişdilər və onları təmsil edirdilər. Misal üçün, Avropa Birliyinin böyük nümayəndələr qrupu var idi. ATƏT PA-nın böyük qrupu var idi. Avropa Şurasından böyük bir qrup müşahidəçilər var idi. Həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri var idi. Məsələ burasındadır ki, hərəsi ayrı-ayrılıqda ən azı Avropadan gəlmiş, mən hələ başqa təşkilatları, başqa müşahidəçiləri - MDB-ni, Qazaxıstanı və başqa müşahidəçiləri demirəm, yalnız Avropadan gələn müşahidəçilərin mövqeyini götürsəniz, şəxsən mən fikirləşirəm ki, əgər demokratik yanaşma olsaydı, onda həm Avropa Parlamentinin, həm AŞ-nin, həm də ATƏT PA-nın mövqeyi ATƏT-in DTİHB - sinin mövqeyindən fərqlənərdi. Lakin çox təəssüf olsun ki, büro öz mövqeyini, müəyyən mənada, o birisi qurumların da mövqeyi etdirə bilmək üçün burada çox güclü addımlar atdı. Yəni demokratik yanaşma olsaydı, doğrudan da, seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini həmin qurumlar da bildirməli idilər. Amma bununla belə biz, əlbəttə, ATƏT DTİHB-nin mövqeyi ilə razı deyilik. Çünki Azərbaycanda seçkilər doğrudan da, bu reallığı nəzərə alaraq, yüksək səviyyədə keçirilib. Seçkilər yaxşı təşkil edilmişdi. Elə onların özlərinin də qeyd etdiyi kimi, seçkilər bütün siyasi partiyaların iştirakı ilə keçirilib. Bu seçkilərdə siyasi partiyaların namizədləri iştirak edib. Seçkilər dinc şəraitdə keçmişdi və seçkilərlə bağlı bütün müşahidəçilərin müşahidə aparmaq imkanı olmuşdur. Bundan əlavə, ATƏT DTİHB - nin öz hesabatında qeyd edilib ki, seçkilər keçirilən dairələrdə 90% müsbət nəticələr əldə edilib. Bunu nəzərə alanda seçkilərə verilən qiymət də başqa cür olmalı idi. Təəssüflər olsun ki, ATƏT DTİHB öz verdiyi qiymətdə o qədər də sərbəst deyil və reallığı əks etdirə bilmir. Bu da onların özlərinin obyektivliyi ilə bağlı sual yaradır.
- ABŞ Dövlət Departamentinin seçkilərə bu şəkildə qiymət verməsi iki ölkə arasındakı münasibətlərə uyğundurmu?
- ABŞ Dövlət Departamentinin bəyanatı ilə bağlı Xarici İşlər Nazirliyi bir bəyanat verdi və Azərbaycanın mövqeyini ortaya qoydu. Bununla bağlı bir məsələni deyim. ABŞ Dövlət Departamentinin verdiyi bəyanata və Avropa Birliyinin ali nümayəndəsinin seçkilərlə bağlı açıqladığı mövqeyə baxın. Biri deyir "yaxşıdı" o biri deyir "pisdi". Bunu necə anlamaq olar? Burda elə açıqlanan mövqeyin özündə subyektivlik var. Hər hansı stəkana biri baxıb deyir ki, bilirsiniz, bu yarıya qədər boşdur, o biri isə deyir ki, yarıya qədər doludur.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin fikirləri bizi çox təəccübləndirdi və biz buna təəssüf etdik. Mən düşünürəm ki, bu, ABŞ  və Azərbaycan arasında olan konstruktiv əməkdaşlıq ruhuna uyğun olmayan bir yanaşma idi. Çünki orada verilən fikir büronun verdiyi açıqlamada yoxdur. Olmadığı halda, ona necə istinad etmək olardı? Hətta olsaydı belə, bu, bizim tərəfimizdən ədalətli mövqe hesab edilə bilməz.
- Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra hər iki tərəfdə olan əsir və girovların qaytarılması baş tutdu. Qarşıda ATƏT-in Astana sammiti var. Astana sammitindən DQ münaqişəsinin nizamlanması istiqamətində hansısa irəliləyişləri gözləmək olarmı?
- Azərbaycan prezidenti bütün bu proseslərdə əlindən gələni edir, iradəsini ortaya qoyur ki, bu proseslərdə irəliləyiş əldə olunsun. Ən cüzi işlərə belə çox diqqətlə yanaşaraq, onları həll edir. Elə Həştərxan görüşü zamanı imzalanan sənəd və onun nəticəsi də Azərbaycanın iki qəhrəman oğlunun cəsədinin Ermənistan tərəfindən qaytarılmasını təmin etmək idi. Burada çox qəribə bir məqam da var idi. Bu hadisənin özü bir daha göstərdi ki, Ermənistan rəhbərliyi beynəlxalq konvensiyalara, beynəlxalq sənədlərə məhəl qoymur. Çox təəssüflər olsun ki, nə ABŞ, nə Avropa dövlətləri, nə də Rusiyanın özü Ermənistanın bu özbaşınalıqlarına  fikir vermirlər. Əslində, belə hallarda, tutaq ki, əsir götürülənlərin, həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı beynəlxalq konvensiyalar var ki, hər bir tərəfin üzərinə bununla bağlı öhdəlik qoyur.  Buna Ermənistan tərəfinin məhəl qoymaması, beynəlxalq birliyin isə buna fikir verməməsi, bununla bağlı Ermənistan tərəfindən addımların atılmasını tələb edilməməsi, məcbur etdi ki, Azərbaycan Prezidenti bununla bağlı xüsusi bir sənəd imzalasın və bundan sonra biz həmin məqsədimizə nail ola bilək. Azərbaycan prezidenti bu istiqamətdə bütün addımları atır ki, Azərbaycanın milli maraqlarını qorunsun. Biz milli qəhrəmanlarımızın cəsədlərini qaytardıq və onları  həm Azərbaycan iqtidarı, həm də ölkə ictimaiyyəti layiqincə son mənzilə yola saldılar. Münaqişənin həlli istiqamətində prosesin irəli getməsi üçün, əlbəttə, ATƏT-in Astanadakı sammitini gözləmək lazımdır. Bununla bağlı Qazaxıstan prezidentinin də bir mövqeyi olubdur. Baxmayaraq ki, Ermənistan öz mövqeyindlə qalır. Ümumiyyətlə, elə bil təcavüzkar ölkə öz mövqeyini dünya birliyinə yeritmək istəyir. Amma biz düşünürük ki, ədalət qalib gələcək. Çünki indiki dövrdə beynəlxalq birlik var, beynəlxalq sənədlər var. Odur ki, gözləyək görək Astanadakı müzakirələr necə olacaq?! Ondan sonra biz də konkret məsələlərə konkret şəkildə münasibət bildirəcəyik.

Digər xəbərlər