"İndiki parlament seçkilərini əvvəlkilərdən fərqləndirən bir neçə cəhət var"
- Parlament seçkisi cəmiyyət və xalqımız üçün nə dərəcədə əhəmiyyətə malikdir və seçki öncəsi aparılan təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?
- Parlament seçkiləri hətta prezident seçkilərindən də məsuliyyətli bir seçki növüdür. Prezident seçkilərində ölkə rəhbəri seçilir ki, bu zaman bütün xalqın rəyi üstün götürülür. Parlament seçkilərində isə xalqa məxsus olan bir qanunvericilik orqanı seçilir. Mənim fikrimcə, hər 5 ildən bir keçirilən seçkilər xalqın yüksək əhval-ruhiyyəsində keçməlidir. Hər dəfə yeni parlament seçkiləri gəldikdə düşünürük ki, yeni ideyalar ortaya qoyulacaq, dövlətimizin müxtəlif sahələrində xüsusən gənclərə üstünlük veriləcək. Gənclərin bu gün müasir dünyada ortaya qoyduğu ideyalardan formalaşan parlament də növbəti iş prosesində Azərbaycanın apardığı daxili və xarici siyasətdə önəmli yer tutacaq, qanunlarımız təkmilləşəcək. Təbii ki, bunlar əhalinin əhval-ruhiyyəsinin, rifahının yaxşılşmasına, həm də dövlətimizin güclənməsinə xidmət edəcək. Ancaq təbii haldır ki, hazırda çox ağır keçən parlament seçkisinə təsadüf olunur. Bütün müxtəlif partiyaların, qrupların nümayəndələri ağlasığmaz dərəcədə müxtəlif vədlər verirlər və sanki, onlar hakimiyyətə gələcəyi dövrdə yeni Azərbaycan quracaqlarını vəd edirlər.
- Builki seçkilər ötən seçkilərdən hansı xüsusiyyət və keyfiyyətlərinə görə fərqlənir?
- Budəfəki seçkilər demokratikliyin daha bariz, aydın görülməsi ilə fərqlənir. Cənab Prezidentin Sərəncamı, göstərişi var ki, həm xarici, həm də daxili vətəndaşları üçün məhdudiyyət qoyulmur və onların hər biri seçkilərdə müşahidəçi qismində iştirak edə bilərlər. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatlardan da aydın olur ki, bu gün 2500-dən çox xarici müşahidəçilərin Azərbaycanda qeydiyyatdan keçməsi, xarici ölkə nümayəndələrinin burada müşahidəçi qismində olması da demokratikliyin bariz nümunəsi və parlıament seçkilərində demokratik prinsiplərin bariz göstəricisidir. Bundan əlavə, bütün seçki dairələrində qeydiyyatdan keçən 33-34 mindən çox fərdi müşahidəçilər bu və digər formada seçkilərin gedişini müşahidə edəcəklər. İndiki parlament seçkilərini əvvəlkilərdən fərqləndirən bir neçə cəhət var. Belə ki, bu seçkilərdə bərabər hüquqluluq daha çox üstünlük təşkil edir. Dövlət və seçki darələri tərəfindən bütün namizədlər üçün bərabər şəraitin təşkil olunması mühüm göstəricidir. Namizədlər İctimai Televiziyada 4 dəqiqə pulsuz efir vaxtı özlərinin platforması və görəcəyi işlər barədə məlumat verirlər.
-Namizədlərin pulsuz efir vaxtı çıxışlarında tənqidedici fikirlər səsləndirməsi nə dərəcədə düzgündür?
- Mən bu çıxışlar zamanı əksəriyyət namizədlər və Yeni Azərbaycan Partiyasının nümayəndələrindən başqa digər namizədlərin özünün konkret model ortaya qoyduqları "nə etməliyəm" konsepsiyasının şahidi olmadım. Təbii ki, Yeni Azərbaycan Partiyasının xalqın və dövlətin rifahı, qüdrətlənməsi naminə böyük konseptual proqramları var və bu proqramlar ölkəmizi bugünki vəziyyətə, qüdrətli inkişaf dövrünə gətirib-çıxarıb. Bu parlament seçikilərində namizədlərin böyük əksəriyyəti həkimlərdən, müəllimlərdən, iş adamlarından təşkil olunub. Mən bunun əleyhinə deyiləm. 18 yaşına çatmış hər bir kəsin konstitusuion hüquqları imkan verir ki, onlar parlamentdə təmsil olunsun. Amma mən nə YAP-ın, nə də digər partiyaların nümayəndələrinin, o cümlədən bitərəf namizədlərin sırasında bir dənə də olsun sırf fəhlə ailəsindən çıxmış və özüdə fəhlə olan bir insana rast gəlmədim. Bu məni çox təəccübləndirdi. Fəhlələr bu parlamentin bir hissəsi deyilmi, onlar bu qanunvericilik orqanında təmsil oluna bilməzmi? Niyə bir nəfərdə olsun fəhlə bu parlamentdə təmsil olunmur? Bu məni çox düşündürdü. Heç olmasa Yeni Azərbaycan Partiyasının sıralarında qabarlı əlləri ilə bu gün cəmiyyətdə yaşayan və ona xidmət edən bir neçə fəhlənin parlamentdə təmsil olunmasını görsəydim şad olardım.