PDF Oxu

Müsahibə

  • 13

“Artıq insanlar nəticə çıxarıblar, hər kəsin fəaliyyətinə, əməlinə, bacarığına, qabiliyyətinə dəyər verməyi öyrəniblər”

“Artıq insanlar nəticə çıxarıblar, hər kəsin fəaliyyətinə, əməlinə, bacarığına, qabiliyyətinə dəyər verməyi öyrəniblər”
- Parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyası artıq finişə yaxınlaşır. Kampaniyanın gedişatından razısınızmı?
- Hesab edirəm ki, seçki kampaniyası qanunda nəzərdə tutulan çərçivədə və formada gedir. Parlament seçkiləri artıq yekun mərhələsindədir, görülən işləri yekunlaşdırmaq lazımdır. Kimin nəyə qadir olduğu bu müddət ərzində ortaya çıxdı, göründü. Kim də hansı taktikanı seçmişdirsə o taktikanın düzgün və ya yalnış olduğu məlum oldu. Əgər seçkiyə bir neçə gün qalmış nəticə çıxarmalı olsaq, onu söyləyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının seçdiyi bu dəfəki taktika hər zaman olduğu kimi vəziyyətə hesablanmış, ictimai-siyasi reallığa uyğun idi və artıq səmərəli nəticələrini verməkdədir. Çünki kampaniyanın gedişində seçicilərin münasibəti, keçirilən rəy sorğuları, reytinq dərəcələri onu göstərir ki, YAP bütövlükdə namizədlərinin və hər bir namizəd də ayrı-ayrılıqda özünün təbliğatını qanun çərçivəsində düzgün qura bilib. Bu da seçki günündə öz səmərəli nəticəsini verəcək.
Digər iştirakçıların, blokların, partiyaların da bu kampaniyada iştirakı onların imkanlarına uyğun səviyyədədir. Yəni, heç kim heç kimi təəccübləndirə bilmədi. Seçki ilə bağlı təbliğat-təşviqat kampaniyası çox rahat şəkildə gedir. Bununla bağlı heç bir qanun pozuntusuna rast gəlməmişəm. İstər dairə seçki komissiyası, istər məntəqə, istər Mərkəzi Seçki Komissiyası və digər seçki qurumları işlərini qanunun tələblərinə uyğun şəkildə qura biliblər. Hər bir namizəd üçün bərabər şərait yaradılıb və kimsənin də bu qurumlar haqqında şikayət etdiyini eşitməmişəm. Hansısa bir şikayət olmuşdursa da, buna Mərkəzi Seçki Komissiyası vaxtında baxıb, qərarını verib. Bunun nəticəsi olaraq da həmin insanlar çıxışları zamanı həm ölkə Prezidentinə, həm də MSK-ya öz təşəkkürünü bildirirlər. Bunun özü çox yaxşıdır ki, seçki qurumları özləri öz işində baş verən hər hansı bir pozuntunu dərhal aradan qaldırıblar.
Seçki hüquqlarının aktiv və passiv yerinə yetirilməsi üçün hansısa problem yoxdur. Düşünürəm ki, seçki kampaniyası finişə yaxınlaşır və hər kəs öz nəticələrini görəcək. Gərəkdir ki, bu nəticələri olduğu kimi qəbul edəsən.
- Partiya təmsilçisi olaraq Yeni Azərbaycan Partiyasının builki fərqli taktika seçməkdə məqsədi nə idi?
- Ötən parlament, prezident seçkilərində YAP fərqli bir taktika seçmişdi. Burada daha çox kütləvi aksiyalara, konsert proqramlarına üstünlük verilirdi. Bu da YAP-ın yeniliyi idi və çox gözəl nəticələrini verdi. Amma indiki seçkidə bir az fərqli taktika seçildi. Düşündük ki, bu taktikanı da sınaqdan çıxarmaq lazımdır. Digər Avropa ölkələrində olduğu kimi heç bir ajiotaj, hay-küy yaratmadan sakitcə seçicilərlə ünsiyyətə üstünlük verdik. Əgər ayrı-ayrı mərkəzlərdə keçirilən kütləvi tədbirlərdə konkret seçicilər yox, sadəcə insanlar iştirak edirlərsə, bu dəfə daha çox üstünlük dairələrdə iş aparmağa verildi. Yəni, konkret seçicilərlə namizədin və yerli partiya təşkilatının işini qanun çərçivəsində qurmaq. Bu gün taktikanın çox gözəl nəticələri var. Kampaniyanın gedişi, rəy sorğuları və reytinq sıralamaları onun göstərir ki, bizim namizədlər çoxlarını kifayət qədər qabaqlayıb. Qələbə bizimlə o mənada olacaq ki, ən azı parlament çoxluğunu əldə edəcəyik. Amma Parlamentdə neçə YAP üzvünün olacağını söyləmək hələ tezdir. Əlbəttə, qələbə bizimlədir. Çünki YAP-ın namizədləri hər zaman uğur təmsilçiləri kimi qəbul olunub. Biz hansı işin qulpundan yapışmışıqsa, onu mütləq qalibiyyətlə başa vurmuşuq. O ki, qaldı seçkilərə, o artıq bizim peşəmizdir. Biz peşəkar seçki siyasəti ilə məşğuluq. Peşəkarlıq ondadır ki, biz seçkidən seçkiyə fəallaşmırıq, biz daim fəalıq. Partiyanın struktur şəbəkəsi olaraq, nümayəndələri olaraq ictimai-siyasi prosesin mərkəzində durmuşuq və bu proseslərdə istiqamətləri diktə edirik. Bizim fəaliyyətimiz elədir ki, başqaları da özünün fəaliyyətini bizə uyğunlaşdırmağa çalışır.
- Necə düşünürsünüz, namizədlərə verilən canlı efir vaxtı onların öz platformaları deyil, təhqiredici fikirlər səsləndirməsi ölkənin imicinə nə dərəcədə təsir göstərir?
- Görüşlərimiz zamanı adi seçicilər, sadəcə televiziya tamaşaçıları bununla əlaqədar hətta parlamentarilər ittiham edirlər ki, siz niyə imkan verirsiniz ki, psixoloji durumu yerində olmayan, digər sahədə müalicəyə ehtiyacı olan parlament üzvünün səlahiyyətinin, vəzifələrinin, hüquqlarının nədən ibarət olduğunu bilməyən insanlar deputatlığa namizəd kimi qeydə alınır və gəlib efirə çıxırlar. Doğrudur, biz onlara izah etməyə çalışırıq ki, ölkəmizin qanunvericiliyi seçki hüququnu reallaşdırmaqda insanlar arasında fərq qoymur və istənilən şəxs namizədliyini qanun çərçivəsində, nəzərdə tutulan tələblərə uyğun olaraq irəli sürə və namizəd statusu ala bilər. Amma bununla bağlı efirdə baş verənlər neqativ təsirini insanlara göstərməkdədir. İnsanlar bu cür debatları qəbul etmək istəmirlər və düz də edirlər. Həqiqətən də, 4 dəqiqəlik vaxt kimsə üçün az görünə bilər, amma öz işini bilən, məqsədini hədəflərini düzgün müəyyənləşdirən, bu hədəflərə çatmaq yollarını bilən insanlar üçün öz mövqeyini, proqramını və platformasını izah etməsinə kifayət qədər çox vaxtdır. Lakin biz bunun əksini görürük. Hətta onlar vadar edir ki, həqiqətən də özünü təbliğat etmək istəyən namizədlər dönüb onlara cavab verməli, seçki platformasını bir kənara qoyub ona ünvanlanan ittihamlara cavab verməli olsun. Çünki cavab verməyəndə bunu seçicilər fərqli qəbul edə bilərlər. Deyə bilərlər ki, ya qorxdu, ya da ki, deyilənlər həqiqətə uyğundur. Bü cür fikirlər olmasın deyə normal insanlar da aşağı səviyyəli deyişmələrdə iştirak etməli olub. Bu mənim də başıma gəlib. Mən Milli Məclisin 5 illik fəaliyyəti və özümün də bu fəaliyyət çərçivəsində gördüyüm işlərlə bağlı deyil, hədəflərimiz haqqında söyləmək istəyirdim. Amma məni debata çəkdilər və mən də ona cavab verməliydim, çünki o, cavabını efirdə almalıydı. Ona görə də düşünürəm ki, yaranan imkandan istər efirdə, istər mətbuatda, istərsə də konkret seçicilərlə birbaşa ünsiyyətdən heç də namizədlərin hamısı lazım olduğu şəkildə istifadə etmir. Bir çoxları bunu bacarmır, hadisələri gərginləşdirmək üçün qəsdən belə edir və yaxud doğrudanda su bulandırmaq üçün bu işə qatıldığını fəaliyyəti, hərəkəti, danışığı ilə göstərir. Amma yaxşıları var. Onların da əksəriyyəti xalqımızın tanıdığı görkəmli ziyalılar, YAP nümayəndələridir. Biz təkcə YAP-ın üzvlərini müdafiə etmirik, həm də tanınmış ictimai-xadimlərin də seçki marafonunda namizədliyini müdafiə edirik. O insanların əlbəttə ki, çıxışları fərqlidir.
Kifayət sayda müstəqil namizədlər var ki, onlar nə bu, nə də digər tərəfə meyl etmədən sadəcə seçici ilə birbaşa öz münasibətini, ünsiyyətini qurur. Hətta bəzən onların səbrinə adam heyran da qalır ki, ətrafda baş verənləri kənara qoyaraq öz məqsədinə, məramına xidmət edir. Bəlkə də belə yaxşıdır. Amma hər halda seçicinin dəyərləndirmək üçün çox gözəl seçim imkanı var. Kimlərsə problemi sadalayır, kimlərsə problemin həll etməyin yollarını göstərir, kimlərsə də bu problemi həll etmək iqtidarındadır.
- Təbliğat zamanı budəfəki seçicilərlə ötənilki seçicilər arasında nə kimi fərq hiss etdiniz?
- Bu seçicilər həmin seçicilər, eyni insanlardır. Sadəcə onların məsələyə baxışlarında, fikirlərində müəyyən dəyişikliklər var. Bu da təbii ki, olmalıdır. Çünki ölkəmiz bütün istiqamətlərdə inkişaf etdiyi kimi, demokratiya, ictimai şüurun yeniləşməsi, təfəkkürün formalaşması sahəsində də ciddi irəliləmələr var. Bu mənada əlbəttə ki, beş il bundan əvvəlki seçicimlə indiki seçicim arasındakı fəqri görürəm. Bu fərq yaxşılığa doğrudur. Hər şeyə daha aydın, dürüstləşmiş, qəti bir mövqenin, yanaşmanın olduğunu görürəm. Bu onu göstərir ki, artıq insanlar nəticə çıxarıblar, hər kəsin fəaliyyətinə, əməlinə, bacarığına, qabiliyyətinə dəyər verməyi öyrəniblər.
- Müxalifətin namizədlər arasında qoyuklan ayrı-seçkiliklə bağlı fikirlər əsaslıdırmı?
- Parlament seçkilərində müxalifət ilə YAP namizədləri arasında heç bir fərq qoyulmayıb. Əksinə mənim namizədliyimi irəli sürdüyüm dairədən 5 nəfər namizəd qeydiyyatdan keçib. Mən bu günə qədər onların hər hansısa birinin seçicilərlə görüşünün şahidi olmamışam və eşitməmişəm ki, onlar hardasa görüş keçirsinlər. Bəlkə kimsə kiminsə evinə gedib bir stəkan çay içib, onun ətrafında söhbət edib, onu deyə bilmərəm. Amma kənd, qəsəbə içərisində, xüsusi seçki təbliğatı aparmaq üçün müəyyən olunan yerlərdə belə bir görüşlərin şahidi olmamışam. Amma bu görüşlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Heç kimə məhdudiyyət qoyulmayıb və hər kəs bundan istifadə edib görüşlərini keçirə bilər. Bir çoxları bu görüşləri keçirə bilmirlər, çünki bu onlarda alınmır. Belə olan halda da müxalifət bunu fərqli bir şəkildə təqdim etməyə başlayır. Heç bir ayrı- seçkilik yoxdur. Hətta ayrı-seçkilik olmuş olsaydı belə, onlar bir müxalifətçi olaraq bundan şans kimi istifadə etməliydilər. Onlar bununla göstərməlidilər ki, seçki keçirmək istədik, ancaq bizə mane oldular. Biri var ki görüşü keçirəsən ona mane olsunlar, onu da kimlərsə görsün, şahid olsun və bu barədə beynəlxalq təşkilatlara məlumat versin. Birdə var ki, heç bir fakt olmadan sadəcə söz yayasan. Əgər doğurdan da belə hallar olmuş olsaydı, bacarıqlı, qabiliyyətli, reallığı qiymətləndirməyi bacaran müxalifətçilər bundan maksimum yararlanmalı və özlərinin reklamı üçün istifadə etməli idilər. Bəs niyə istifadə etmədilər?
- ATƏT-in aralıq hesabatında seçkilərlə bağlı səsləndirilən fikirləri nəyə hesablamaq olar?
- ATƏT-in üzv olan ölkələrin fəaliyyətindən narazılıq var. Bu narazılıq ATƏT-in ikinci bir mötəbər qurumu olan ATƏT PA-da bütün parlamentarilər və qurumun rəhbərləri tərəfindən açıq şəkildə səsləndirilir. Bu və ya digər ölkələrin hər birində onların fəaliyyəti həm ölkədə, həm də PA-nın göndərdiyi qısa müddətli müşahidə missiyasında çox zaman narazılıq doğur. Uzunmüddətli missiya hər zaman nöqsanı axtarıb tapmağa çalışır. Bu olmasa da hər hansı bir müsbətin üstündən keçməklə bir növbədə balans yaratmağa çalışırlar. Bun görə də mən bu cür yanaşmanın bugündə olduğunun fərqindəyəm və bilirəm. Əgər millət vəkili seçilsəm qarşıdakı ATƏT PA-nın iclasında iştirak edərkən müzakirələrin gedişatında açıq şəkildə söyləyəcəm. Hər halda missiya öz fəaliyyətində hansısa qeyri-obyektivliyə yol verirsə, deməli bunun altında nəsə, hansısa maraq var. Hətta bu təşkilatın özünün demokratik təsisatlar bürosu ATƏT daxilində özünü bir xüsusiləşmiş qurum kimi aparır. ATƏT-in seçki monitorinqi ilə məşğul olan qurumları ilə həmişə ziddiyyətli münasibətlərdədir. Hətta özünün bu maraqlarına xidmət etmiş olsa belə, demək ki, bu subyektiv yanaşmadır və düzgün deyil. Bunu qeyd etmək lazımdır. Ona görə məhz belə hallar bundan doğub və ATƏT regionunda daim rast gəlinən faktdır. Bu təkcə Azərbaycana aid olan məsələ deyil. Onlar nöqsan göstərməyə daha çox meyllidirlər. Müsbət tərəflərin üzərindən isə keçirlər. Əminəm ki, Parlament Assambleyasında qısa müddətli missiyanın fəaliyyətində, mövqeyində kəskin fərqlər olacaq. Bilirik ki, bizdə müsbət tərəflər var. Hesabatda qeyd olunub-olunmamasından asılı olaraq, bu real həyatda mexanizm kimi işləyir, fəaliyyət göstərir. Ona görə də çox yaxşı olardı ki, bu hesabatlar hazırlanarkən hər şeyə diqqət yetirsin. Amma onların hesabatı Azərbaycanda keçirilən seçkilərə o qədər də təsir etməyəcək. Mən düşünürəm ki, seçki qurumlarının bugünki yüksək səviyyədə işini qeyd etmək lazımdır.
- Sonda seçicilərinizə sözünüz...
- Sözüm ondan ibarətdir ki, onları heç nə çaşdırmasın. Çaşdırmayacağına da əminəm. Əgər kimsə bu seçki prosesində hansısa xırda nöqsanları böyüdüb, ondan özləri üçün istifadə edəcəksə, mən əminəm ki, seçicilər onlara öz layiqli cavablarını verəcəklər və seçki günü onlarla daimi, səmimi, dürüst ünsiyyətdə olan qüvvələrə, onların namizədlərinə Azərbaycanın görkəmli ziyalılarına, insanlarına səs verəcəklər. Azərbaycanı bundan sonra da bizi qane edən siyasətlə, yolla həyatlarını davam etdirmək istəyirlərsə, bu günə qədər əldə olunmuş uğurların davamını istəyirlərsə, onlar namizədlərini düzgün müəyyənləşdirməldirlər. Heydər Əliyev yoluna, siyasətinə sadiq olan insanlara səs verməlidirlər ki, Azərbaycan yüksək sürətli irəliləyişini davam etdirsin. Mən onlara bir seçici kimi düzgün seçim etməyi arzulayıram ki, sonra öz vicdanları qarşısında rahat hesabat versinlər.

Digər xəbərlər