PDF Oxu

Müsahibə

  • 14

Ölkə vətəndaşları Yeni Azərbaycan Partiyasının Seçki Proqramını yüksək qiymətləndirirlər

Ölkə vətəndaşları Yeni Azərbaycan Partiyasının Seçki Proqramını yüksək qiymətləndirirlər
- Nazim müəllim, artıq bir neçə gün sonra ölkəmizdə parlament seçkiləri keçiriləcək. YAP-ın namizədi olaraq təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləriniz keçirilib. İstərdik ki, bu barədə məlumat verəsiniz...
- Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinin başa çatmasına bir neçə gün qalıb. İlk olaraq 2010-cu il parlament seçkilərində mənim namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm. Ötən müddət ərzində mən də Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyi irəli sürdüyü digər həmkarlarım kimi öz seçicilərimlə görüşmüşəm. Bildiyiniz kimi, namizəd olduğum 121 saylı Laçın seçki dairəsinin ərazisi işğal altında olduğu üçün seçicilərim qaçqın və məcburi köçkün qismində ölkəmizin bir sıra ərazilərində məskunlaşıblar. Məskunlaşmanın sıx olduğu ərazi isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonudur ki, burada da seçicilərlə mütəmadi görüşlər keçirilib. Bundan başqa, Ağcabədi rayonunda və digər yerlərdə məskunlaşmış Laçından olan qaçqın və məcburi köçkünlərlə görüşlər keçirmişik. Görüşlər çox yüksək səviyyədə keçirilir, seçicilərin seçki prosesinə marağı yüksəkdir.
- Seçicilər tərəfindən dövlətimizin qaçqın və məcburi köçkünlərlə bağlı siyasəti necə dəyərləndirilir?
- Qeyd etmək istəyirəm ki, keçirdiyimiz görüşlərdə seçicilərimiz Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı qəbul etdiyi qərarlardan, atdığı addımlardan çox razıdırlar. Əlbəttə ki, görülən işlər göz qabağındadır. Bu gün ölkəmizdə bir dənə də olsun qaçqın düşərgəsi yoxdur, insanlar çadırlardan müasir tipli qəsəbələrə köçürülüblər. Prezident İlham Əliyev hər zaman qaçqınların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görür. Bu səbəbdən də digər qaçqın və məcburi köçkün rayonlarımız kimi Laçın rayonunun sakinləri, seçiciləri də hörmətli Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildirirlər. Bununla yanaşı, insanların Yeni Azərbaycan Partiyasına inamı böyükdür. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının seçki platforması bütün seçicilər tərəfindən maraqla qarşılanır. "Güclü dövlət, yüksək rifah" devizinin məhz vətəndlaşların sosial yaşayışının daha da inkişafına hədəfləndiyi hər kəsə bəllidir. Bu səbəbdən də, YAP-ın keçiriləcək seçkilərdə qələbəsi şübhəsizdir.
Mən bir məqama da toxunmaq istəyirəm ki, Laçın rayonunun seçiciləri bu gün başda ölkə Prezidenti olmaqla, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və digər işğal altında olan rayonlarımızın azad olunması istiqamətində apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir. Bütün laçınlılar aparılan danışıqlar prosesinin müsbət sonluğuna və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması ilə nəticələnəcəyinə inanır.
- Qeyd etdiyiniz kimi, YAP-ın seçki platforması insanlar tərəfindən yüksək maraqla qarşılanır. Bu platformada nəzərdə tutulan məqsədlərdən hansılar vətəndaşlar üçün xüsusi vurğulanır?
- Proqram ümumilikdə olduqca yüksək səviyyədədir və burada öz əksini tapan məsələlərin hər birisi vətəndaşlarımızın sosial rifahının inkişafına, dövlətimizin daha da güclənməsinə xidmət göstərəcək məqamlardır. Nəzərə almaq lazımdır ki, 121 saylı Laçın seçki dairəsinin seçiciləri sosial cəhətdən qayğıya ehtiyacı olan insanlardır. Əlbəttə ki, dövlətimiz və Prezidentimiz bütün qaçqın və məcburi köçkünlər kimi laçınlıların da problemlərinin həlli ilə bağlı yüksək səviyyəli işlər görür. Bu işlər insanlarımız tərəfindən yüksək dəyərləndirilir. Təkcə bir faktı söyləmək kifayət edir ki, görülən işlərin miqyasını gözümüzün önündə canlandıraq. Statistik məlumatlara görə, 2009-cu ildə bir məcburi köçkünə 720 ABŞ dolları xərclənib. Dünyadakı münaqişə zonaları ilə müqayisədə bu, ən yüksək rəqəmdir. 1993-2009-cu illər ərzində bu kateqoriyadan olan adamlara 2,9 milyard dollar vəsait sərf olunub. Neft Fondunun vəsaiti hesabına müxtəlif ərazilərdə 1,1 milyon kvadratmetrlik 18 min 200 mənzili, 124 məktəbi və digər sosial infrastrukturu olan 64 yaşayış qəsəbəsi salınıb, bu qəsəbələrdə 100 min qaçqın və məcburi köçkün məskunlaşıb. Bu olduqca böyük rəqəmdir. Bu gün ölkəmizdə aparılan düzgün istiqamətli iqtisadi siyasət belə yüksək səviyyəli addımlar atmağa imkan verir. Görülən işlər 2010-cu ildə də davam etdirilir. Mən həm də, Laçın rayonun bir sakini kimi öz Prezidentimizə bu tədbirlərə görə minnətdarlığımı bildirirəm.
- Nazim müəllim, parlament üzvü seçiləcəyiniz təqdirdə, deputat kimi hansı məsələlərə daha çox diqqət ayrılmasına çalışacaqsınız?
- Təbii ki, bu barədə öncədən danışmaq istəməzdim. Hər şey noyabrın 7-də vətəndaşlarımızın, seçicilərmizin rəyi nəticəsində məlum olacaq. Mənim ən ümdə hesab etdiyim məsələlərə gəlincə isə, hər zaman dövlətimizin, xalqımızın maraqları mənim üçün ən ümdə məsələdir. Mən, siyasi bağlılığından, siyasi baxışından asılı olmayaraq, hər kəsin bütün məsələlərə məhz dövlət mənafeyindən yanaşmasını arzu edirəm. Digər tərəfdən, fikrimcə, hər bir millət vəkili seçildiyi ərazinin seçicilərini maraqlandıran məsələlərə diqqət ayırmalıdır. Bu gün 121 saylı Laçın seçki dairəsinin sakinlərini narahat edən ən böyük problem işğal altında olan Laçın rayonunun azad olunmasıdır ki, bu məsələ, möhtərəm Prezidentimiz İlham Əliyevin də bəyan etdiyi kimi dövlətimizin prioritet məsələsidir. Bu işdə hörmətli Prezidentimizin apardığı siyasətə əlindən gələn yardımı etmək isə hər bir vətəndaşın borcudur. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Laçın camaatı hər zaman dövlətçiliyə sadiq insanlar olublar, bu gün də Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyirlər. Bu mənada mənim də fəaliyyətimdə dövlətimizin başçısının apardığı siyasəti dəstəkləmək ən başlıca yer tutacaq.

Digər xəbərlər