Yenə də qələbə bizimlə olacaq
- Bahar xanım, 7 noyabr Milli Məclisə seçkilərlə əlaqədar YAP-ın təşviqat kampaniyası necə gedir?
- Partiyamızın təşviqat işləri çox yüksək səviyyədə gedir. Yeni Azərbaycan Partiyası yeganə siyasi təşkilatdır ki, seçki marafonunda daha çox namizədi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin təşviqat kampaniyası YAP tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Hər bir namizədimiz həm özünün, həm də partiyanın təşviqatını YAP-ın konkret platforması əsasında qurur. Bu platformanın müddəaları əsasən "Güclü dövlət, güclü rifah"a əsaslanır. Təbii ki, güclü dövlət möhkəm iqtisadiyyat, ərzaq təhlükəsizliyi, yüksək rifah içərisində yaşamaq, həmçinin, Konstitusiyada təsbit olunduğu kimi, hər bir vətəndaşa layiqli həyat bəxş etmək vəzifəsi deməkdir, o cümlədən, "Azad Qarabağ!" şüarıdır. Kampaniyamızı bu deviz altında qurmuşuq. Seçkiqabağı təşviqat kampaniyasının hazırkı mərhələsində bütün istiqamətlərdə çox üstün mövqedəyik. Düşünürəm ki, kampaniya bu şəkildə davam etdikcə, biz onun müsbət nəticələrini görəcəyik. Konkret söyləsək, seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır. Biz bunu nəticədə görəcəyik.
- İTV-də yayımlanan namizədlərin debatı barədə nə deyə bilərsiniz? Söhbət həm ümumiyyətlə, namizədlərin hamısının, həm də ayrılıqda YAP və müxalifət təmsilçilərinin çıxışlarına münasibətdən gedir. Yəni, namizədlərin intellektual, savad səviyyəsi nə qədər qaneedicidir?
- Bu gün o debatlarda bəlkə də millət vəkili seçilmək imkanı və qabiliyyəti olan, hətta buna haqqı olan şəxslərinin tam spektri orada görünmür. Çox təəssüf ki, buna tam qabiliyyəti və imkanı çatan şəxslərin çoxu özlərini buna hazır bilməyərək, namizədliklərini irəli sürmürlər. Ancaq ümumiyyətlə, millət vəkili, Milli Məclis nədir, onun səlahiyyətləri nədir, hansı vəzifələri yerinə yetirir, hüquqları nəyə çatır? Çox təəssüf ki, daha çox bunu bilməyən şəxslər namizədliklərini irəli sürüblər. Ona görə də, həmin çıxışların bir çoxu, yumşaq desək, qəribə və "maraqla" qarşılanır. İnsanlar bilmədikləri sahə haqqında danışır və həyata keçirə bilməyəcəyi vədlər verirlər. Bunu adi bir seçicidən də soruşsanız, o, bunu söyləyəcək. Əlbəttə, bunları YAP-ın namizədlərinə aid etmirəm. Söhbət, içərisində bitərəflər və ayrı-ayrı siyasi seçki bloklarının və partiyaların təmsilçiləri olan bir sıra şəxslərdən gedir. Ancaq bizi ittiham edirlər, guya ki, yaxşı işləmirik, onlar gəlsələr, yaxşı çalışacaqlar. Hətta eləsi tapılır ki, deyir gəlib hər bir kəsə orta hesabla 500-600 manat maaş verəcəyəm. Bəziləri parlament seçkiləri ilə prezident seçkilərini dəyişik salırlar. Təəssüf ki, biz prezident və parlament seçkilərinin fərqini anlamayanların çıxışlarını görürük. Bəzi blokları təmsil edən şəxslərin çıxışında isə görürük ki, partiyaları yarandığı vaxtdan 15 ildən artıq keçməsinə baxmayaraq, zərrə qədər dəyişməyiblər. Bütün bu inkişaf, ətrafdakı irəliyə doğru dəyişiklik, yeniliklər qətiyyən bu adamlara təsir göstərməyib. Eləcə də, rəhbərlik etdiyi partiyada namizəd irəli sürmək üçün adam tapmayan, ən müxtəlif təbəqələrin adamları ilə müxtəlif şərtlər altında razılığa gələrək, onların namizədliklərini irəli sürənlər ortaya çox böyük iddialar qoyurlar, bir çox hallarda isə bizlərə iftira atırlar. Gərək danışanda bir az obyektiv olasan, bir az ədalətli, vicdanlı olasan. Ancaq müəyyən çıxışlar var ki, onlar mənim xoşuma gəlir. Bunu təvazökarlıqdan uzaq qəbul etməyin, ancaq YAP-ın namizədlərinin debatlardakı çıxışları fərqlidir: tolerant, çərçivədə, qanunun tələblərinə uyğun qaydadadır, yəni uğurludur. Ancaq bir qisim namizədlər bizi ittiham edirlər ki, çıxışlar zamanı Prezidentin gördüyü işləri sadalayırıq. Ancaq onların nəzərinə çatdırıram ki, Prezident bizim partiyanın sədridir. Biz də onun komandasına daxilik: millət vəkili - millət vəkili kimi, icra nümayəndəsi - icra nümayəndəsi kimi və s.
- Ötən beş ildə Milli Məclisin üzvü kimi fəaliyyət göstərmiş YAP təmsilçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Mən həm sıravi YAP-dan olan millət vəkili kimi, həm də Milli Məclisin rəhbərliyində təmsil olunan bir şəxs kimi, onu deyə bilərəm ki, ötən beş il ərzində biz partiya olaraq, parlament sahəsindəki qarşımıza qoyduğumuz işlərə yüksək səviyyədə nail ola bildik. Yenə də YAP-dan olan millət vəkilləri parlamentin bütün fəaliyyət sahələri üzrə ən fəal millət vəkilləri oldular. Bir sıra fəaliyyət sahələri ilə yanaşı, qanun yaradıcılığı prosesi, qanun layihələrinin hazırlanıb qəbul edilməsi, həmçinin, onların icra olunması, hökumətin fəaliyyətinə nəzarət etmək baxımından YAP-dan olan millət vəkilləri fərqləndilər. Fərqlənmələri konstruktiv mövqeləri, məsələlərə obyektiv baxışları ilə oldu. Bir sıra məsələlərlə bağlı parlamentin iclaslarında, ola bilsin, bəziləri daha çox danışdılar, sadəcə məsələ qaldırdılar. Ancaq YAP-ın üzvləri olan deputatlar məsələləri səsləndirməkdən daha çox onları müvafiq orqanların qarşısında qaldırmağı, məhz problemin həllinə nail olmağı, həm konkret seçicinin, həm müvafiq bölgənin, eləcə də, ölkənin bu və ya digər problemlərini aidiyyəti qurumlar qarşısında qaldırmağı ilə seçildilər, problemin operativ qaydada həllinə nail olublar. Yəni, boş hay-küy, ajiotaj yaratmadan, öz səlahiyyətləri çərçivəsində hüquqlarından istifadə edərək, vəzifələrini yerinə yetirdilər. Bu mənada, YAP-ın Milli Məclisdəki təmsilçiləri söz və əməl sahibləri olduqlarını sübut etdilər. Əlbəttə ki, biz gördüyümüz və görəcəyimiz işlərlə bağlı danışmaqdansa, o işi həyata keçirməyə üstünlük vermişik. Məhz buna görədir ki, YAP ardıcıl olaraq uğurlar qazanır. Təsadüfi deyil ki, sonuncu çağırış Milli Məclisin üzvü olmuş əksər YAP təmsilçiləri bu dəfə də YAP-ın namizədlər siyahısına daxil ediliblər və bu gün onlar təşviqat kampaniyasını aparırlar. İşlərin bu şəkildə rəvan getməsi, YAP-ın həm seçkilər zamanı həm seçkilərarası dövrdə ictimai-siyasi proseslərin mərkəzi fiquruna çevrilməsi, ölkə Prezidentinin və partiya Sədrinin fəaliyyəti ilə, onun yeritdiyi siyasətlə, vətəndaşlarımızın bu siyasəti dəstəkləməsi ilə ortadadır. Ötən beş ildə parlament fəaliyyəti sahəsində qarşımızda duran məqsədlərə, vəzifələrə maksimum vicdanla yanaşdıq. Ötən çağırış parlamentdə 1000-dən artıq qanun qəbul olundu. Bu qanunların hazırlanması, müzakirəsi və qəbulu prosesində yaxından iştirak etdik. Eləcə də, cəmiyyəti narahat edən məsələlərə vaxtında və çevik münasibət sərgiləyə bildik. Mən Milli Məclisdəki YAP-ın deputat korpusunun fəaliyyətindən razıyam.
- YAP-ın namizədlər siyahısına düşməyən hazırkı deputatlarla bağlı nə deyə bilərsiniz? Onların fəaliyyəti nə qədər qənaətbəxş olub?
- Bilirsiniz, hər dövrün öz tələbləri var, hər dövr üçün müvafiq taktiki gedişlər olur. YAP təkcə budəfəki seçkilərdə yox, əvvəlki seçkilərdə də öz namizədlər siyahısında dəyişikliklər edib. Bu dəyişikliklər həmin dövrün tələbləri, partiyanın qarşısında duran vəzifələr və bu vəzifəni yerinə yetirəcək insanların potensialı, onların bu məsələlərə şəxsi töhfələrinin nədən ibarət olması, ərazinin, dairələrin, bütövlükdə, Azərbaycanın coğrafi ərazisinin və insanların yanaşmasının öyrənib analiz edilməsi, bunun da sonunda müəyyən korrektlər edilməsi nəticəsində baş verib. Bu dəfə də belə olub. Əgər ötən seçkidən fərqli olaraq, bir neçə nəfər YAP-ın namizədlər siyahısından kənarda qalıbsa, bu, o demək deyil ki, həmin şəxslər üzərlərinə düşən işlərin öhdəsindən tam gələ bilməyiblər. Sadəcə, bugünün tələbləri bir qədər fərqlidir, həm də partiyamızın 500 mindən artıq üzvü var. Belə çıxmasın ki, partiyanın 5 min üzvü olanda, kimlər namizəd idisə, 500 min üzvü olanda da, həmin şəxslər namizəd olmalıdır. Bu dəyişikliklər siyahıya yeni nəfəs, yeni ruh gəlməlidir. Bizdəki bu cür əvəzləmələr rahat şəkildə özünə yer tapmalıdır və tapır. Elə çıxmasın ki, yenilər köhnələri, köhnələr də yeniləri qəbul etmir. Siz fikir versəniz, görərsiniz ki, namizədlər siyahısında olmayan YAP-ın hazırkı deputatların bir qismi partiyamızın təşviqatı ilə məşğul olur.
- Sonuncu çağırış parlament seçkisində YAP təmsilçilərinin sayı 64 idi. 7 noyabr seçkilərində YAP-ın Milli Məclisdə neçə yer qazanacağını proqnozlaşdırırsınız?
- O rəyi ki, xalq verəcək, bununla bağlı konkret rəqəm söyləmək istəməzdim. Çünki bu, qeyri-ciddi olardı. Ancaq ümumi şəkildə deyirəm: inanıram ki, yenə də qələbə bizimlə olacaq. Yenə də parlament çoxluğu bizə məxsus olacaq. Mən düşünürəm ki, qazanacağımız yerlərin sayı ən azından ötən seçkidə qazandığımız yerlərin sayından az olmayacaq.
- YAP-ın 84 saylı Füzuli seçki dairəsinin namizədi kimi təşviqat işləriniz necə gedir?
- Mən partiyamızın bütün namizədləri kimi təşviqata oktyabrın 16-da başlamışam. Mənim seçicilərim Füzuli rayonu ilə yanaşı, respublikanın ən müxtəlif ərazilərində yaşayırlar. Artıq seçicilərin əksəriyyəti ilə görüşmüşəm. Həmçinin, müvafiq yerlərə plakatlarım vurulub. Onu da deyə bilərəm ki, namizədliyim irəli sürülmüş dairədə seçki təşviqatının aparılması ilə bağlı heç bir problem yoxdur. Görüşlərlə bağlı isə deməliyəm ki, bunlar saatlarla davam edir, heç kəs yorulmur, mənə suallar verirlər, cavablandırıram. Bəzən hesabat istəyir, bəzən ittiham edən də, nöqsan tutan da olur. Yəni, görüşlər çox normal, səmimi atmosferdə davam edir.
- Növbəti dəfə millət vəkili seçilərsinizsə, yenidən Milli Məclisin vitse-spikeri olmaq şanslarınız nə qədərdir?
- Mən ötən seçkilərə gedən vaxt bu barədə düşünməmişdim ki, partiyamız, partiyamızın sədri bu vəzifəyə seçilməyimi məsləhət görər, nə də indi bu barədə düşünmürəm. Hazırda mən Yeni Azərbaycan Partiyasının ümumi təşviqatı, konkret olaraq isə, 84 saylı dairədə öz təşviqat işlərimlə məşğulam. Seçkinin nəticəsi necə olacaq, seçicilərin neçə faizi mənə səs verəcək, bilmirəm. Amma əminlik var ki, yenidən millət vəkili seçiləcəyəm. Çünki proseslərin gedişi bunu göstərir. Ancaq hətta seçilməyəcəyim təqdirdə belə, bunu da normal qarşılayacağam. Ancaq seçilərəmsə, parlamentin vitse-spikeri olacağımı bilmirəm. Çünki bu, mənim düşüncələrimdən, mənim istəyimdən asılı olan məsələ deyil. Bu məsələ partiya sədrinin, onun seçkili orqanlarının müzakirəsi ilə sonra həll olunur. Partiyanın qərarı necə olacaq, elə də hərəkət edəcəyəm.