Yeni Azərbaycan Partiyası bütün fəaliyyətini dövlətçiliyin inkişafına həsr edir
- Asəf müəllim, sizin seçicilərlə görüşləriniz hesabat xarakteri daşıyır. Son beş ildə Milli Məclisdə fəaliyyətinizin əsas istiqamətləri nədən ibarət olmuşdur?
- Parlament kollektiv bir orqandır, hakimiyyətin bir qoludur. Ona görə də hər bir millət vəkilinin, sözsüz ki, bu kollektiv orqanda iştirakı var. Parlamentin əsas məqsədi qanunvericilik fəaliyyətini gücləndirmək, aktual qanunları qəbul edib, Azərbaycanın inkişafına nail olmaqdır. Deputatların fəaliyyəti, ilk növbədə, üç əsas istiqamətdə aparılır: birinci istiqamət qanunvericilik fəaliyyətində aktiv iştirak etmək və çalışmaq ki, bu qanunvericilikdə qəbul olunan qanunlar seçilmiş bölgənin maraqlarını özündə əks etdirsin, onun inkişafına köməklik göstərsin. İkinci istiqamət ondan ibarətdir ki, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil etsin. Ümumiyyətlə, onu da qeyd edim ki, Milli Məclisdə digər parlamentlərlə dostluq qrupları olur. Bir millət vəkili bir neçə dostluq qrupuna daxil edilir, yəni üzv seçilir və beynəlxalq aləmdə fəaliyyət göstərir. Nəhayət, Milli Məclis üzvlərinin əsas funksiyalarından biri büdcəyə nəzarət, büdcənin qəbul olunması, büdcənin müzakirəsində aktiv iştirak etməkdir. Mənim fəaliyyətimə gəldikdə, qanunvericilikdən başlasaq, mən qanunların hər birinin müzakirəsində, büdcənin müzakirəsində iştirak etmişəm, eyni zamanda, Gəncə şəhərinin maraqlarını, çatışmazlıqlarını demişəm və məsələlər qaldırmışam ki, bunların da çox hissəsi öz həllini tapmışdır. Mən Elm və Təhsil Komitəsinin üzvüyəm. Son beş illik deputatlıq fəaliyyətimin əsas istiqamətlərindən biri də "Təhsil haqqında" Qanunun qəbul olunmasına nail olmaqdır.
- Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü proqram bütövlükdə digər partiyaların proqramlarından nə ilə fərqlənir?
- Bizim əsas məqsədimiz güclü dövlət qurmaq, insanlara yüksək həyat tərzi gətirmək, bu prinsipləri həyata keçirmək üçün ölkəmizdə yeganə bir siyasi qüvvə var ki, o da Yeni Azərbaycan Partiyasıdır. Tarixə nəzər salsaq, görərik ki, 1991-1992-ci illərdə Azərbaycan xaos içərisində idi. Müxtəlif silahlı dəstələr, müxtəlif siyasi quruplaşmalar ölkəni talan edirdilər. Bir an təsəvvür edək ki, 1993-cü ildə əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Yeni Azərbaycan Partiyası yaranmasaydı, Azərbaycanın taleyini nə gözləyirdi? Sözsüz ki, Azərbaycan bir faciə ilə üzləşərdi. Ona görə də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaranması və bu 17 il ərzində partiyanın fəaliyyəti nəticəsində Azərbaycan stabil bir dövlətə, mən deyərdim regionda nəhəng bir dövlətə çevrildi. Partiyanın qurucusu və yaradıcısı Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsi, onun siyasi məktəbinin yetirməsi, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin Azərbaycan xalqına bəxş etdiyi nailiyyətlər, Azərbaycanda həyata keçirilən iqtisadi-siyasi, demokratik islahatlar bu siyasətin uğurlu nəticəsi kimi dəstəklənir. Demokratiya yolu ilə inkişaf edən Azərbaycanda tətbiq olunan beynəlxalq təcrübə və metodların üstünlükləri, Yeni Azərbaycan Partiyasının demokratiya və insan haqlarının qorunması, tarazlaşdırılmış regional beynəlxalq xarici siyasətin aparılması, milli təhlükəsizliyin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və digər başlıca müddəaları özündə əks etdirən "Güclü dövlət, yüksək rifah" şüarı ilə seçki proqramının əsas mahiyyətini təşkil edir.
- Asəf müəllim, seçicilərin fəallığını necə qiymətləndirmək olar?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin əsas prioritetlərini güclü, qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiya olunması təşkil edir. Bütün maneələrə, keçid dövrünün obyektiv şərtlərinə baxmayaraq, bu gün Azərbaycanda demokratik, hüquqi vətəndaş cəmiyyəti formalaşır, demokratikləşmə prosesi təkamülə, yaradıcı potensiala əsaslanır. Dövlətimizinm yeritdiyi müdrik siyasət nəticəsində mükəmməl seçki sistemi təşəkkül tapıb, bu sistem dayanıqlığı ilə bir çox situasiyalarda alternativsizliyini sübut edib. İndi Azərbaycan seçicisi daha sayıq, daha cəsarətlidir və hadisələrin, proseslərin gedişini düzgün qiymətləndirmək, öz taleyini sərbəst şəkildə həll etmək, reallıqlara əsaslanan seçim etmək qabiliyyətinə, gücünə malikdir. Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir. İldən-ilə təkmilləşən seçki qanunvericiliyi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir. Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Söz yox ki, indiyədək keçirilən seçkilərdə birlik və yekdillik göstərən gəncəlilər 7 noyabr 2010-cu ildə öz ənənələrinə sadiq qalaraq, seçki məntəqələrinə gələcək və YAP-ın namizədlərini dəstəkləməklə Azərbaycanın inkişafına, xoş güzəranımıza, yüksək həyat tərzinin təmin olunmasına yeniyetmə və gənclərimizin intellektual səviyyədə fəal cəmiyyətə qoşulmasına, xoşbəxt gələcəyə səs verəcəklər.
- Deputat seçiləcəyiniz halda, parlament qarşısında hansı əsas məsələlərin həlli üçün təşəbbüs irəli sürmək fikrindəsiniz?
- Mən artıq 15 ildir ki, deputatam. Əgər dördüncü çağırış Milli Məclisə yenidən deputat seçilərəmsə, mən bu istiqamətdə də öz işimi davam etdirəcəyəm. Yəni, Azərbaycanı beynəlxalq aləmdə lazımınca təmsil etmək mənim işimin əsas istiqamətlərindən biri olacaqdır. Məlum olduğu kimi, mənim əmək fəaliyyətimin müəyyən dövrü və deputatlıq fəaliyyətimin bütöv bir dövrü Gəncə ilə bağlı olub. Son illər Gəncə inkişafın yeni mərhələsində inamla addımlayır. Gəncə şəhəri ilə bağlı ötən beş il ərzində bir çox işlər görmüşəm, ərazimdə elə bir orta məktəb yoxdur ki, mən oraya kompüter texnikasının gətirilməsini təşkil etməyim. Bu sahədə işlərimi yenə də davam etdirəcəyəm. O ki qaldı qanunvericiliklə bağlı, sözsüz ki, bu sahədə fəaliyyətim davam etdiriləcəkdir. Mən Elm və Təhsil Komitəsinin üzvü olduğuma görə, hesab edirəm ki, bu sahədə də bir çox işlər görülməlidir. Çünki Azərbaycan Boloniya prosesinə imza atıb, Avropa təhsil məkanına daxil olubdur. Ona görə Azərbaycanın təhsil sistemi yavaş-yavaş Avropa təhsil sisteminə uyğunlaşdırılmalıdır. Bax, bu istiqamətdə də fəaliyyətim olacaqdır. Mən hesab edirəm ki, əsas fəaliyyətimiz Azərbaycanın parlaq gələcəyi, Avroatlantik məkana inteqrasiyasıdır. Bu da onunla bağlıdır ki, Azərbaycan artıq Avropa məkanına qovuşmaq istəyir. Bunun da kökü var, bunun da kökündə bir amil durur, o da hamımıza yaxşı məlumdur ki, Avropa dəyərləridir. Avropa dəyərləri nədir? Bəziləri elə başa düşürlər ki, Avropa dəyərləri fiziki bir anlayışdır, coğrafi bir anlayışdir. Xeyr, bu, nə fiziki anlayışdır, nə coğrafi anlayışdir, bu, bir düşünmə tərzidir, Bu gün Azərbaycanı qarış-qarış gəzsək, görərik ki, Azərbaycan xalqı məhz Avropa düşüncəsinə malik olan bir xalqdır və da bizə əsas verir ki, biz Avropa məkanına qovuşaq və buna da nail olacağıq.