PDF Oxu

Müsahibə

  • 13

Miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması ilk növbədə milli təhlükəsizliyin təmini baxımından vacibdir

Miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması ilk növbədə milli təhlükəsizliyin təmini baxımından vacibdir
- Arzu müəllim, bu günlərdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Bu barədə fikirlərinizi bildirmənizi xahiş edirik.
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması məqsədilə 13 sentyabr 2010-cu il tarixdə "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 326 saylı Fərman imzalayıb. Bu gün Azərbaycan regionda inkişaf etmiş lider dövlətdir. Həyata keçirilmiş iqtisadi sosial islahatlar nəticəsində respublikamız əcnəbilər üçün cəlbedici dövlətə çevrilib, bu səbəbdən ölkəyə gələnlərin sayı günbəgün artmaqdadır. Bir sözlə, miqrasiya proseslərinin belə sürətli inkişaf etdiyi bir zamanda əlbəttə ki, ölkədə bu sahədə siyasətin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi bu kimi tədbirlərin reallaşması zərurətini yaradıb.
Hər hansı bir yenilik cəmiyyətdə müsbət və ya mənfi fikirlərlə qarşılanır. Hər insan bunu öz bildiyi kimi qarşılayır. Bu da bəzi hallarda insanlar arasında çaşqınlıq yaradır. Hər hansı bir qərar verilməzdən əvvəl sənəd tam öyrənilir, baxılır, müvafiq qurumların rəyləri toplanır. Yeni qərar da bir gün ərzində qəbul edilməyib. Belə ki, bu istiqamətdə təhlillər aparılıb və qərara gəlinib ki, bu addımı atmaq zəruriliyi var. Heç kim işini əvvəlcədən planlaşdırmadan uzaq səfərə çıxmır. Azərbaycan dövləti bir evdir, bir ailədir, biz hamımız isə bu ailənin üzvüyük. Kimin xoşuna gələr ki, əvvəlcədən xəbərdarlıq etmədən bir ailə onun qapısını döysün ki, mən gəlmişəm. Tanımadığın şəxsin sənin evinə gəlməsi üçün ilkin araşdırma aparılmalıdır. Bu gün Azərbaycanın 70-dən artıq ölkəsində 59 səfirlik və 12 konsulluq fəaliyyət göstərir. Prezidentin bu Sərəncamında bəzi istisnalar da qeyd olunub. Belə ki, müəyyən hallarda beynəlxalq hava limanında viza rəsmiləşdirilə bilər.
Cənab Prezident tərəfindən atılan bu addım Azərbaycan üçün yeni olsa da, dünya təcrübəsində artıq sınaqdan çıxmış haldır, əksər dövlətlərdə tətbiq edilən qaydadır. Düzdür, Azərbaycan xalqı qonaqpərvər xalqdır, qonaq sevən xalqdır, amma eyni zamanda, xalqını, Vətənini, dövlətini sevən bir xalqdır. Bu gün ölkəmizə gələn qonaqlara biz bütün qapılarımızı açırıq, lakin bir şərtlə - qayda-qanun çərçivəsində. Necə ki, Azərbaycan vətəndaşları xarici ölkələrdən birinə səfər etmək istədikdə ya həmin dövlətin ölkəmizdəki səfirliyinə, ya da üçüncü dövlətdə olan diplomatik nümayəndəliyinə müraciət edib viza əldə edirik, necə ki, biz xarici dövlətlərin qanunlarına hörmətlə yanaşırıq, eləcə də ölkəmizə gələn əcnəbilər bizim qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Düşünürəm ki, gələcəkdə bununla bağlı heç bir problem yaşanmayacaq.
- Bəs noyabrın 7-də keçiriləcək parlament seckilərinə müşahidəçi qismində qatılan əcnəbi vətəndaşların ölkəyə girişində hər hansı bir problem yaranmayacaq ki?
- Qeyd edim ki, bu məsələlər cənab Prezident tərəfindən imzalanmış məlum fərmanda öz əksini tapmışdır. Müşahidəçi qismində seçki proseslərinə cəlb edilən əcnəbi ekspertlər əlbəttə ki, ölkəmizə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəvət məktubu əsasında dəvət ediləcəklər. Müəyyən prosedurlardan sonra onların ölkəyə daxil olması ilə bağlı müvafiq qərarlar qəbul olunur, bunun əsasında həmin şəxslərin vizası müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilir. Konkret desəm, bu məsələ 326 saylı Fərmanın 2.3-cü maddəsində açıq-aydın öz əksini tapıb.
- Bəzi Türkiyə və ölkə mətbuatında bu qərar böyük narazılıqla qarşılandı. Bütün bunlara münasibətinizi bilmək istərdik...
- Bəzi maraqlı şəxslər çalışır ki, bu qanunu öz xeyirlərinə reklam etsinlər. Kimsə yazır ki, Türkiyə hökuməti bu qərarı böyük narazılıqla qarşılayıb. Qeyd edim ki, Fərmanın birinci bəndində qeyd olunan istisna hallar, yəni vizanı hava limanında alıb ölkəyə daxil ola bilmək ilk növbədə Türkiyə vətəndaşlarına şamil olunur. Çünki məhz Türkiyə ilə Azərbaycan arasında mövcud olan sazişə əsasən, onlar bizim ölkəyə gəldikdə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bütün vizalar rəsmiləşdirilir. Hər gün yüzlərlə türk vətəndaşı ölkəmizə daxil olur, onlar üçün beynəlxalq hava limanında vizalar rəsmiləşdirilir və bu zaman onlar üçün heç bir problem yaranmır. Bu söhbətləri maraqlı tərəflər yaradır. Bəzi maraqlı tərəflər var ki, bu məsələləri ortaya atdılar ki, seçkiqabağı kampaniyaya müəyyən təsir etsinlər. Ancaq bunun heç bir əsası yoxdur. Biz deyirik ki, ölkəmizə gələn hər bir şəxs qanuni yolla gəlsin. Əgər bu şəxslərin bizim ölkəmizə gəlməsi təhlükəsizliyimiz üçün hər hansı bir problem yaratmayacaqsa, biz onları qəbul edirik.
- Arzu müəllim, imzalanmış Fərmandan hansı müsbət nəticələr gözləyirsiniz?
- Bu gün Azərbaycan dinamik iqtisadi inkişaf yolunda olan bir dövlətdir. Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərə malik bir ölkədir. Qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən ölkə kimi Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması ilk növbədə milli təhlükəsizliyin təmini, stabilliyin qorunması baxımından vacib aktuallıq kəsb edir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı son illər görülən mühüm tədbirlər məhz buna xidmət edir. Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhz bu istiqamətdə qurub. Bir daha qeyd edirəm, bu fərmanın qəbul edilməsində əsas məqsəd miqrasiya idarəetmə sistemində dünyanın əksər inkişaf etmiş və təhlükəsizliyinə önəm verən ölkələrdə mövcud olan qaydaların tətbiqidir. Xatırlatmaq istəyirəm ki, fərman həm də 24 iyun 2008-ci il tarixdə Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə bağlıdır. Hansı ki, məhz bu qanuna əsasən "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında" və bir sıra digər qanunlara əhəmiyyətli dəyişikliklər edilib. Qeyd edilənlərə əsasən, yalnız müsbət nəticələr əldə olunacaq.
- Rəhbəri olduğunuz qurum tərəfindən ölkəmizdə həyata keçirilən qanunsuz miqrasiya ilə mübarizə tədbirləri hansı səviyyədədir?
- Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində qanunsuz miqrasiya halları mövcuddur. Əsas məsələ bu xoşagəlməz halın qarşısını almaq və ciddi mübarizə aparmaqdır. Bu gün Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqları ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirir, bu sahədə intensiv tədbirlər həyata keçirir.
3 il bundan əvvəl yaranan Dövlət Miqrasiya Xidməti iki ildir ki, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. 2 il bundan əvvəl ölkəmizdə küçə ticarərəti ilə məşğul olan Çin, Pakistan, Vyetman və digər ölkələrin vətəndaşlarına rast gəlmək olardı. Bu gün isə onların sayı dəfələrlə azalıb. Onlar artıq küçələrdə çox görünmür. Bir vaxt müxtəlif yerlərdə Çin masaj salonları fəaliyyət göstərirdi. Biz demirik ki, bu masaj salonları olmasın, sadəcə bütün fəaliyyətlər qanun çərçivəsində olmalıdır. Onlar ilk öncə müvafiq icazələrini almalıdır.
Ölkəyə qanuni daxil olub burada qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı ciddi mübarizə aparılır. Çünki heç bir ev sahibi razılaşmaz ki, kimsə gəlib onun evində istədiyi kimi hərəkət etsin.
Bu ilin 9 ayı ərzində ölkəmizə gələn əcnəbilərdən 120 min nəfərə yaxın şəxs ölkədə qalıb.
Əvvəlki illərdə Azərbaycan Resublikasına gələn, burada ailə həyatı quran, daimi yaşamaq icazəsi alan, burada yaşayan və ya hər hansı bir fəaliyyətlə məşğul olan insanların sayı 400 mindən artıqdır. Qeyd etməliyik ki, Azərbaycan Respublikası inkişaf etdikcə, bizə gələn əcnəbilərin sayı artdıqca biz də miqrasiya sahəsində öz siyasətimizi təkmilləşdirməliyik.
Ötən ilin statistikasına görə, ölkəmizdə 7 min əcnəbi tələbə təhsil alıb. Təkcə bu ilin 9 ayı ərzində xidmət əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 9.230 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 2.352 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 6000-dən artıq əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada onların ölkə hüdudlarından kənara çıxarılması barədə müvafiq qərarlar qəbul edilib. Ölkədən çıxarılan əcnəbilərin 600-ə yaxın Çin, 400-ə yaxın Pakistan, 105 Türkmənistan, 30-a yaxın Banqladeş, 20-yə yaxın Əfqanıstan və s. dövlətlərin vətəndaşlarıdır.
Sonda qeyd edim ki, gələcəkdə qanunsuz miqrasiya hallarının qarşısının alınması və müəyyən problemlərin yaranmaması üçün bu gün Azərbaycan Respublikasında belə bir hüquqi aktın qüvvəyə minməsi vaxtında atılmış addımdır. Əcnəbi ölkəyə gəlməmişdən öncə viza alınması üçün müəyyən edilmiş qaydada müraciət edir, məqsədəuyğun hesab olunduqda onun ölkəyə girişi üçün müvafiq tədbirlər görülür. Ölkəyə daxil olan əcnəbi dərhal vahid miqrasiya məlumat sisteminə daxil edilir və o, ölkəni tərk edənə qədər bu sistem vasitəsi ilə izlənilir.
- Xarici şirkətlər ölkəyə hər hansı bir mütəxəssis cəlb etməkdən ötrü dövlətə 1000 manat məbləğində rüsum ödəməlidir. Bununla bağlı gələcək illərdə hər hansı bir güzəştlər və ya məbləğə dəyişiklik nəzərdə tutulubmu?
- Əmək fəaliyyəti ilə məşğul olmaq üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycan ərazisinə əcnəbi vətəndaşlar gəlir. Onları işə qəbul edən şirkət tərəfindən dövlətə 1000 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Bu məbləğ 1 il müddətində fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilir. Hansı ki, bu icazə bir il üçün nəzərdə tutulur və 4 dəfə artırıla bilər.
Hər hansı bir şirkət xarici ölkədən buraya yüksək ixtisaslı mütəxəssis gətirmək istədiyi halda müraciət edir. Bəzən onların arasında 1988, 1989, 1990-cı il təvəllüdlü insanlar olur. Bu yaş həddində olan şəxslər necə yüksək səviyyəli mütəxəssis ola bilərlər?! Və yaxud 1960-65-ci il təvəlüdlü insanlar müraciət edirlər ki, indiyə qədər heç bir yerdə işləməyiblər, amma indi işləmək istəyirlər. Təbii ki, bütün bunlar biz dediyimiz kateqoriyalara aid deyil. Biz daxili əmək bazarını qorumalıyıq və burada ilk növbədə Azərbaycan Respublikasının vətəndaşları işlə təmin olunmalıdırlar. Əgər ölkədə fəaliyyət göstərən şirkətlərdə 2-3 il bundan əvvəl əcnəbilərin sayı azərbaycanlılardan çox idisə, hazırda bu say əksinədir. Bu gün biz həmin şirkətlərdən tələb edirik ki, kənardan gətirdiyin mütəxəssislərin əvəzinə öz vətəndaşımız təlimatlandır, işə qəbul et və o zaman dövlət rüsumunu vermə. Bu gün elə şirkətlər var ki, Azərbaycan vətəndaşlarını işə qəbul edir, onları xarici dövlətlərə göndərərək öyrədir, iş təcrübəsini artırır və sonra burada onun təcrübəsindən Azərbaycanda istifadə edirlər. Hazırda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.

Digər xəbərlər