PDF Oxu

Müsahibə

  • 19

Faktaraşdırıcı missiyanın əhəmiyyəti böyükdür

Faktaraşdırıcı missiyanın əhəmiyyəti böyükdür
Bu günlərdə ATƏT-in faktaraşdırıcı missiyası regiona səfər edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində monitorinq - qiymətləndirmə həyata keçirməyə başlayıbdır. Faktaraşdırıcı missiyanın işğal olunmuş torpaqlarımızda mövcud vəziyyətin araşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər? Bu məsələyə aydınlıq gətirmək üçün müvafiq suallarla politoloq Elman Nəsirova müraciət etdik.
- Elman müəllim, bəlli olduğu kimi, ATƏT-in faktaraşdırıcı missiyası artıq regiondadır, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələrində - Dağlıq Qarabağ və ətraf 7 rayonda monitorinq keçirir. Sizin fikrinizcə, işğal olunmuş torpaqlarımızda mövcud vəziyyətin araşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?
- 1992-ci ildə mart ayının 24-də yaradılmış, tərkibində ATƏT-in üzvü olan 11 dövlətin təmsil olunduğu Minsk Qrupu bu problemin həlli ilə bağlı bütün ciddi cəhdlərinə baxmayaraq, konkret nəticəyə nail ola bilməyib. Onun irəli sürdüyü bütün təkliflər, son nəticədə, Ermənistan tərəfindən rədd edilib. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu təkliflərdən imtina etməsinə və heç bir təklifləri qəbul etməməsinə baxmayaraq, ATƏT özü və Minsk Qrupu Ermənistana münasibətdə heç bir təzyiq mexanizmini işə sala bilmir. Lakin belə mexanizmlər var. Bu mexanizmlərdən biri də, heç şübhəsiz ki, ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyasıdır. Qeyd etmək istəyirəm ki, 2005-ci ildə belə bir missiya Azərbaycanda olub və Azərbaycanın işğal altında olan ərazilərində faktların toplanılmasını həyata keçirib. Bunun nəticəsində, Ermənistanın işğalçılıq, vandalizm siyasəti, Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdılması, Azərbaycan ərazilərinin yandırılması ilə bağlı xeyli sayda faktları üzə çıxarıb. O zaman ATƏT-ə bununla bağlı hesabat təqdim edilmişdi. Məhz bundan sonra, artıq bir çox təşkilatların - Avropa parlamentinin, Avropa Şurasının, ATƏT-in özünün Ermənistanla bağlı siyasətində bir dönüş baş verdi. Həmin vaxtdan etibarən, artıq Ermənistanın təcaüzkar dövlət kimi qəbul etməyə başladılar.
- Ermənistanın işğalçı dövlət sayılmasına baxmayaraq, beynəlxalq qurumlar səviyyəsində bu dövlətə qarşı hələ də ciddi sanksiyalar tətbiq olunmur. Bunu necə izah etmək olar?
- Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistanın təcavüzkar hesab olunmasına baxmayaraq, bu işğalçı ölkəyə qarşı adekvat addımlar atılmayıb. Yəni, burada Ermənistan sanksiyalara tuş gəlməyib, qadağaların, iqtisadi embarqonun hədəfinə çevrilməyib. Sadəcə, Ermənistanın işğalçı-aqressor olması ilə bağlı, müəyyən fikirlər səsləndirilib. Bildiyiniz kimi, oktyabrın 14-nə kimi, müvafiq qiymətləndirmə missiyası işğal zonasında olacaq. Budəfəki missiya, tərkib baxımından, xeyli genişdir və BMT-nin Qaçqınlar üzrə Komissiyasının üzvlərinin, digər beynəlxalq qurumların sözügedən missiyanın tərkibində olacağı bəllidir. Oktyabrın 4-dən 14-nə kimi, yəni, 10 gün ərzində missiya özünün faktlarının toplanmasını həyata keçirəcək. Buradə əsas məqsəd də Azərbaycan nümayəndə heyəti, Avropa Şurası Parlament Assambleyasında, eləcə də, ATƏT-in Parlament Assambleyasında dəfələrlə məsələlər qaldırıb, qeyd edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində narkotiklərin qeyri-qanuni dövriyyəsi, silah-sursat, insan alveri ilə məşğul olur, bundan başqa, tarixi və mədəni abidələrin dağıdılması kursunu davamlı şəkildə həyata keçirir. Bir sözlə, klassik vandalizmə xas olan bütün cəhətlər bizim işğal altında olan ərazilərdə həyata keçirilir.
- Müvafiq qiymətləndirilmə başa çatandan sonra işğalçı Ermənistana qarşı hansı adekvat addımlar atılacaq?
- Azərbaycana dəfələrlə beynəlxalq kürsülərdən qaldırdığı məsələlərə həmin bu qiymətləndirmə missiyası öz mövqeyini bildirməli, konkret faktlarla, dəlillərlə, sübutlarla, arqumentlərlə bu məsələlər tam razılaşdırılıb yüksək instansiyalara təqdim olunmalıdır. Yeri gəlmişkən, bu ərəfədə - qiymətləndirmə missiyasının Azərbaycana səfəri ərəfəsində, bildiyiniz kimi, artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Məclisinin 65-ci sesiyasında da iştirak edib və orada BMT kürsüsündən çox məzmunlu nitq söyləyib. Eyni zamanda, ABŞ prezidenti Barak Obama ilə görüşlər keçirib. Bütün bu görüşlərin hər birində bu məsələ, yəni Dağlıq Qarabağ problemi, Azərbaycan ərazilərində ermənilərin törətdiyi bu cinayətlər, vandalizm aktları, Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin dağıdılması kimi məsələlər tam əksini tapıb. Cənab Prezident İlham Əliyevin çıxışında artıq beynəlxalq kürsüdən səslənən bu fikirlər dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində saxladığı bir məsələyə çevrilib. Bu nöqteyi-nəzərdən, belə hesab edirik ki, ATƏT-in Minsk Qrupunun bu 18 illik fəaliyyəti konkret bir nəticəyə gətirib çıxartmayıb. Yəni, Dağlıq Qarabağ probleminin həlli baş verməyib. Amma belə missiyaların, gəlişlərin, aktlaşdırılmaların Ermənistanın vandalizminin əks olunduğu belə sənədləşmələrin həyata keçirilməsi, bütövlükdə, çox müsbət bir addımdır. Bir "iks" günündə Azərbaycanın öz torpaqlarını məhz hərbi yolla azad etmək məsələsi son dərəcə aktuallaşarsa, onun reallaşdırılmasının alternativi olmazsa, məhz bu sənədlərə - BMT-nin məlum 4 qətnaməsinə, Avropa Parlamentinin, İslam Konfransı və digər təşkilatların Ermənistanı təcavüzkar elan etməsinə əsaslanaraq hərəkətə keçəcəkdir. BMT nizamnaməsinin 51-ci və 25-ci maddələrinin tələblərindən çıxış edərək, eyni zamanda, ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı, qiymətləndirmə missiyalarının gəldiyi nəticələrə, hesabatlara əsaslanaraq, Azərbaycan hərbi yolla öz torpaqlarını azad edə bilər, Bu, Azərbaycanın suveren hüquqlarıdır və beynəlxalq hüquqla tənzimlənir, müdafiə edilir. Ona görə də, hesab edirəm ki, belə səfərlər olduqca vacibdir.

Digər xəbərlər