YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilib
Sentyabrın 21-25 tarixlərində Rusiyanın Soçi şəhərində Rusiya Təbiətşünaslıq Akademiyasının yaranmasının 15-ci ildönümünə həsr olunmuş "Ali məktəb elminin inkişaf perspektivləri" mövzusunda VI Ümumrusiya elmi konfransı keçirilib. Konfransda "Biliyin qiymətləndirilməsinin nəzəri əsası" adlı elmi məruzə ilə çıxış edən professor Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilib və bir sıra təltiflərə layiq görülüb.
Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov ictimai-siyasi və elm xadimi kimi Azərbaycanda elmin inkişafına verdiyi töhfələrlə, əldə etdiyi nailiyyətlərlə hər bir azərbaycanlının böyük rəğbətini qazanıb. Bu gün Yeni Azərbaycan Partiyasının sayılıb-seçilən üzvünün elm sahəsində yüksək məqama çatması partiya üzvləri tərəfindən də böyük qürur hissi ilə qarşılanıb.
Elmi konfransla, oradakı müzakirələrlə, təltiflərlə və digər məsələlərlə bağlı professor Şahlar Əsgərovla söhbətləşdik:
- Şahlar müəllim, öncə konfrans barədə bizə qısa məlumat verməyinizi istərdik...
- Qeyd etdiyiniz kimi, sentyabrın 21-25 tarixlərində Rusiyanın Soçi şəhərində Rusiya Təbiətşünaslıq Akademiyasının yaranmasının 15-ci ildönümünə həsr olunmuş "Ali məktəb elminin inkişaf perspektivləri" mövzusunda VI Ümumrusiya elmi konfransı keçirildi. Konfrasda Azərbaycanı mən və partiyamızın Siyasi Şurasının üzvü, AMEA müxbir üzvü professor Südeyf İmamverdiyev təmsil etdik.
Konfransın ilk plenar iclasında 11 məruzə dinlənildi. Onlardan biri də mənim "Biliyin qiymətləndirilməsinin nəzəri əsası" məruzəm idi. 15 dəqiqə ərzində slaydlarla müşahidə olunan məruzə auditoriya tərəfindən böyük maraqla qarşılandı. Sonra məruzə ilə bağlı suallar da oldu. Konfrans iştirakçılarından biri məruzəmi yüksək qiymətləndirdi və dedi ki, "məruzənizdən belə başa düşdüm ki, siz Allahın varlığını riyazi yolla isbat edirsiniz". Mən də onun fikrini təsdiqlədim və əlavələrimi etdim.
Digər həmkarlardan biri isə mənim materialist və ya idealist oluduğumu soruşdu. Mən də cavabımda söylədim ki, əgər Allahı varlığını riyazi yolla isbat edirəmsə, demək idealistəm.
Ümumiyyətlə, məruzəm ətrafında maraqlı diskussiya getdi.
Məruzələr başa çatandan sonra Belqorod Dövlət Universitetinin "Biznes və Xidmət" fakültəsinin dekan müavini Kseniya Vinoqradova, Belqorod Dövlət Texnologiya Universitetinin professoru Yuriç Yurov və başqa bir neçə konfras iştirakçısı məruzənin nüsxəsini istədilər.
- Siz, "Biliyin qiymətləndirilməsinin nəzəri əsası" adlı məruzədə Allahın varlığını riyazi yolla isbat edirsiniz. Bu nəzəriyyənin fundamental əsasını nə təşkil edir?
- Ümumiyyətlə, məruzədə Allahın varlığı birbaşa yox, dolayısı ilə isbat edilir. Bir il öncə (2009) bu Akademiyanın payız sessiyasında "Allahın varlığının riyazi isbatı" adlı məruzə ilə çıxış etmişdim. Bu məruzədə söhbət, yeni qiymətləndirmə kriteriyasından, yeni qeyri xətti şkaladan və pedaqogika üçün yeni paradiqmadan gedirdi.
Ümumiyyətlə, qiymətləndirmənin ən azı onminillik tarixi var. Bu uzun müddət ərzində biliyin qiymətlədirilməsinin elmi nəzəriyyəsi yaradılmayıb. Bu məruzədə belə bir nəzəriyyənin yardılmasına cəhd edilir. Məlumdur ki, biliyin qiymətləndirilməsinin hamıya məlum olan beş ballı şkalasının model beş bərabər hissəyə bölünmüş düz xətt parçasıdır. Hər öyrənci üçün bu xətt "bilir" və "bilmir" adlan iki parçaya bölünür. "Bilir" parçasının uzunluğu artdıqca, "bilmir" parçasının uzunluğu azalır. Parçanın uzunluğu proqrama, mətnə uyğun olur. Minillərdi ki, bildiyimiz hissənin, bilməli olduğumuz hissəyə (tam proqrama) nisbəti kriteriya kimi istifadə edilərək bilik qiymətləndirilir.
Amma bu qiymətləndirmə şkalasının qüsuru var. Bu qüsurlarla bağlı dəfələrlə elmi jurnallarda məqalələrlə çıxış etmişəm. Qısaca demək olar ki, ənənəvi qiymətləndirmə şkalası əla biləni yaxşı biləndən seçməyə imkan verir, ancaq əlaçılar içərisindən lap əlanı seçə bilmir. Bu isə bu qiymətləndirmə şkalasının qüsurudur.
Təqdim olunan "Biliyin qiymətləndirilməsinin nəzəri əsası" məruzəmdə biliyin qiymətləndirilməsi üçün yeni kriteriya olaraq "bildiyimizin" "bilmədiyimizə" olan nisbətini təklf edilmişdi. Əgər klassik qiymətləndirmənin kriteriyası sıfırla vahid arasındadırsa dəyişirsə, yeni kriteriya sıfırla sonsuzluq arasında dəyişir. Yeni kriteriya və yeni qeyri xətti şkala biliyi daha dəqiq qiymətləndirməyə imkan verir. Əgər kriteriyanın sonsuz qiymətinə uyğun bilik səviyyəsini Allaha məxsus olduğunu qəbul etsək (çünki, mütləq bilik yalnız Allaha məxsusdur), onda bütün intellektual səviyyələri (təzə doğulan uşaqdan ta Allaha qədər) bu şkalada yerləşdirmək mümkündür.
- Məlum olduğu kimi, konfrans çərçivəsində təltifetmə mərasimi də keçirilib...
- Bəli, əsas iclasdan sonra konfrasda təltifetmə mərasimi də keçirildi. Sevindirici haldır ki, mükafatlandırılanlar və təltif olunanlar arasında mən və eyni zamanda, professor Südeyf İmamverdiyev də var idi.
Həmin mərasimdə mənə Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki seçilməyimlə bağlı diplom və döş nişanı, eyni zamanda, "Şahlar Əsgərov elmi məktəbinin banisi" haqqında sertifikat, diplom və döş nişanı, həmçinin, "Rusiyanın tnınmış elm xadimi" haqqında sertifikat, diplom və döş nişanı təqdim etdilər.
Bununla yanaşı, qeyd edim ki, çap olunmuş "Rusiya elmi məktəbləri" ensiklopediyasında mənim və professor Südeyf İmamverdiyevin elmi fəaliyyətilə bağlı biblioqrafik məlumatlar verilib. Həmin kitabı da biz əldə etdik...
- Professor, sizə "Şahlar Əsgərov elmi məktəbin banisi" haqqında sertifikat verilib. Elmi məktəb məsələsini bir qədər izah etməyinizi xahiş edirik...
- Əlbəttə, bu gün Azərbaycan cəmiyyətində elmi rütbə və dərəcələr almaq daha geniş yayılıb və dəyərləndirilir. Ancaq "elmi məktəb banisi" adı çox az hallarda dəyərləndirilir və müzakirə mövzusudur. Ancaq bu səviyyələr arasında fərq çox böyükdür. Aydın olsun deyə, bir qədər açıq şəkildə danışmaq istəyirəm. Qabiliyyətli insanlar bildiyimiz elmi dərəcələri, rütbələri hazırki vaxtda alırlar. Yəni, ixtisası üzrə səylə çalışaraq, elmi dərəcəni əldə etmək mümkündür. Amma elmi məktəb yaratmaq artıq fərqli məsələdir. Elmi məktəb yaratmaq üçün alim gərək ən azı 5 elmlər namizədi və bir elmlər doktoru hazırlasın. Bu isə uzun illərin əziyyətli işidir. Elmi adı və elmi rütbəni inzibatı yolla almaq da mümkündür, ancaq elmi məktəb banisi adını inzibati yolla almaq mümkün deyil.
Siz əgər bir qədər öncə adını çəkdiyim"Rusiya elmi məktəbləri" ensiklopediyada yer almış bioqrafiyama nəzər salsanız, orada mənim 245 elmi və 600-dən çox publisistik məqaləm, monoqrafiyalarım, elmləri namizədi və doktorlarının hazırlanması haqqında informasiyalar görərsiniz. Yəqin ki, bu amilləri nəzərə alaraq RTA belə qərar qəbul etmişdir.