2011-ci ilin dövlət büdcəsi daha artımlıdır
- Aydın müəllim, 2011-ci ilin dövlət büdcəsi Milli Məclisin müzakirəsinə çıxarılmağa hazırlanır. Bu büdcə əvvəllki illərin dövlət büdcəsindən nə ilə fərqlənir?
- Ümumiyyətlə, builki dövlət büdcəsinin əvvəlki dövlət büdcələrindən fərqi yalnız onun gəlir və xərclərindəki fərqdir. Amma xərc istiqamətləri və məqsəd baxımından builki dövlət büdcəsi keçən ilin dövlət büdcəsi ilə eyni mahiyyət kəsb edir. Yəni ölkəmizin dövlət büdcəsi sosial yönümlü büdcədir. Ümumilikdə, ölkəmizin iqtisadi dinamikası yüksələn xətlə inkişaf etdiyi üçün dövlət büdcəsinin gəlir və xərcləri də ilbəil artır. 2011-ci ilin dövlət büdcəsi daha artımlı şəkildə nəzərdə tutulubdur. Gəlirləri 12 milyard 61 milyon manat, xərci isə 12 milyard 478 milyon manat proqnozlaşdırılır. Bu isə ümumi daxili məhsulun 31, 7 % həcmində nəzərdə tutulub. Eyni zamanda, dövlət büdcəsi ilə yanaşı, onun icmal büdcəsi də layihə şəklində təqdim olunub. İcmal büdcədə isə, gəlirlər 15 milyard 557,6 min manat, xərcləri isə 15 milyard 129,4 min manat həcmində proqnozlaşdırılır. Bununla yanaşı, 2010-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilər də proqnazlaşdırılmışdır. 2010-ci ilin dövlət büdcəsi tərtib olunarkən, neft gəlirləri 45 dollar civarında nəzərdə tutulmuşdur. Bu il isə, 60 dollar həcmində nəzərdə tutulur. Bəzi müxalif ekspertlər iddia edirlər ki, guya Azərbaycanın dövlət büdcəsi neftdən asılı bir büdcədir. Bu, tamamilə yanlış fikirdir. Əgər keçən il büdcədə neft gəlirləri 45 dollar idisə, bu il 60 dollar civarında nəzərdə tutulub. Neftin qiymətinin 60 dollar proqnozlaşdırılmasına baxmayaraq, keçən ilin büdcəsindən builki büdcə çox yüksək artımla fərqlənir. Bu isə, bir daha onu göstərir ki, Azərbaycan Respublikasının dövlət büdcəsi neftdən asılı deyil və tam sərbəst büdcədir.
- Makroiqtisadi sabitliyin təmin olunmasında dövlət büdcəsinin mövcud imkanlarını necə qiymətləndirirsiniz?
- Dövlət büdcəsinin çox mühüm və vacib əhəmiyyəti var. Yəni bəzən hansı bir sahədə böhran gözlənilərsə, dövlət büdcəsindən ora transferlər olunur. Ölkənin iqtisadi inkişafı, sahibkarlığın inkişafı üçün bank sektorunda hər hansı bir gərginlik olursa, dövlət büdcəsindən ora qaytarılmaq şərti ilə müəyyən yardımlar olunur. İqtisadiyyatın tənzimlənməsi üçün büdcə bir baza rolunu oynayır.
- Dövlət büdcəsinin sosial yönümlü olması ölkədə vətəndaşların sosial-rifah şəraitinin yaxşılaşdırılmasında nə kimi rol oynayacaq?
- Dövlət büdcəsinin sosial yönümlü olması insanların sosial rifahının yüksəlməsinə xidmət edir. Təqaüdlərin, pensiyaların, müavinətlərin artırılması gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuşdur. Büdcənin sosial yönümlü olması vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək.