PDF Oxu

Müsahibə

  • 12

Azərbaycan xalqının seçimi Yeni Azərbaycan Partiyasıdır

Azərbaycan xalqının seçimi Yeni Azərbaycan Partiyasıdır
- Eldar müəllim, artıq parlament seçkiləri ilə bağlı prosesə start verilib. Hazırda seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasında hansı işlər görülür?
- Yeni Azərbaycan Partiyasının bu seçkilərdə qələbəsi üçün bir çox işlər görülüb. Bizim partiya monolit, yumruq kimi birləşən bir partiyadır. Partiya artıq seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Partiyanın siyahısında ən layiqli insanlar var. O layiqli insanlar YAP-ın etimad göstərdiyi insanlardır. İnanıram ki, bu insanların əksəriyyəti seçkilərdə deputat mandatını alacaqlar. Partiya bu istiqamətdə işləyir, bununla bağlı konfranslar keçirilir. YAP - dan olan namizədlərin müdafiə olunması üçün "Seçki Məcəlləsi"ndə göstərilən qanunu məsələlərin həll olunmasına öz köməkliyini göstərir. Yəni artıq bizim namizədlər öz plakatlarını hazırlayırlar. Bu plakatlar YAP-ın namizədlərinin hamısı üçün eyni formada olacaq. Həmçinin, digər təşviqat məsələləri ilə əlaqədar olaraq, bukletlərin hazırlanması, insanlarla görüşlərin keçirilməsi və digər məsələlərlə bağlı lazım olan təlimatlar namizədlərə verilir. Bu təlimatların əsasında, təbii ki, bizim namizədlər yerlərdə insanlarla görüşüb onlara öz platformalarını açıqlayacaqlar. Bu gün YAP-ın sədri, bizim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı kimi ölkəmizdə gördüyü işlər, bu işlərin xalqımıza verdiyi xeyir, regionların sosial - iqtisadi inkişafı istiqamətində görülən işlər, bütün bunlar hamısı Azərbaycanın inkişafına xidmət edir. Azərbaycanın son illər nə qədər böyük inkişaf yolu keçdiyi hamının gözü qarşısındadır. İstər iqtidar olsun, istər müxalifət olsun. Görülən işləri hamı görür. Düzdür, müxalifət görülən işləri görmür. Bəlkə gözləri kordur, ona görə görmür, öz işləridir. Amma bütün Azərbaycan xalqı bunu görür. Bu gün Prezidentin ətrafında olan elektorat elə Yeni Azərbaycan Partiyasının elektoratıdır. Mən tam əminəm ki, bizim partiyadan olan namizədlərin əksəriyyəti seçkilərdə qalib gələcək və YAP, həmişə olduğu kimi, bu dəfə də parlamentdə özünün yerini tutacaq.
- Eldar müəllim, YAP-ın seçkilərdə irəli sürdüyü namizədləri ilə bağlı açıqladığı siyahı müxalifət düşərgəsində xeyli müzakirə predmeti oldu. YAP-ın siyahısında gənclər və qadınların sayı üstünlük təşkil edir. Sizcə, müxalifətin bu siyahıya qısqanc yanaşması özlərinin yeniləşmə edə bilməməsi ilə bağlı deyilmi?
- Bu gün açıq-aydın görünür ki, müxalifətə cəmiyyətdə dəstək yoxdur. Heç müxalifətdən olan insanlar, namizədliklərini irəli sürüblər, amma 450 imzanı toplaya bilmirlər. Bunun özü göstərir ki, müxalifətin dəstəyi yoxdur. Müxalifət nə vaxt iqtidarın gördüyü işləri qəbul edə bilir ki, bu siyahıya da normal yanaşaydı? Təbii ki, bütün bunlar hamısı qısqanclıqdan irəli gələn məsələlərdir. Mən yenə də, o fikrimin üzərində qalıram ki, Azərbaycanda müxalifətin heç bir dəstəyi yoxdur. Çünki onlar harda olurlarsa-olsunlar özlərini cəmiyyətə çox biabırçı şəkildə göstərirlər. Onlar həmişə iqtidara qarşı böhtan və qərəzçilik nümayiş etdirərək, istəyirlər ki, bəlkə bununla cəmiyyətdə YAP-a qarşı bir hörmətsizlik gətirsinlər. Təbii ki, bu, mümkün deyil. Azərbaycan xalqı artıq ötən əsrin 90-cı illərində olan xalq deyil. Onlar yadlarından çıxarmasınlar ki, bu gün Azərbaycan xalqı 2010-cu ilin insanlardır. Hər şeyi görürlər və hər şeyi düzgün qiymətləndirirlər. Ona görə də bu gün Azərbaycan xalqının 99%-i ancaq möhtərəm Prezidentimiz İlham Əliyevi və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəkləyir.
- YAP əksər dairələrdən namizədlərini irəli sürüb. Yerlərdə namizədlərə münasibət necədir?
- Yerlərdə də YAP-ın namizədlərinə münasibət çox yaxşıdır. Partiyanın namizədləri 3-4 günə yerlərdə lazım olan imzaları toplayıb, DSK-ya təqdim ediblər və artıq xeyli namizədimiz qeydə alınıb. Mən bu istiqamətdə gedən prosesi izləyirəm. Müxalifətdən olan namizədlər sentyabr ayı başa çatsa da, hələ də imzalarını toplayıb, təqdim edə bilmirlər. Bunun özü də bir daha göstərir ki, insanlar öz namizədlərini yaxşı tanıyırlar. Məncə, müxalifətdən olan insanlar bundan nəticə çıxarmalıdırlar. Reallıq bütün aydınlığı ilə ortadadı. Müxalifətə cəmiyyətdən dəstək yoxdur.
- Adətən, YAP seçkilər zamanı təbliğat-təşviqat kampaniyası zamanı müəyyən yeniliklərlə çıxış edir. Bu dəfə də təbliğat-təşviqat kampaniyasında seçicilər hansısa yeniliklərin şahidi olacaqmı?
- Yenilik, təbii ki, hər zaman olur və gözlənilir. Yeni Azərbaycan Partiyası hər zaman yeniləşir. Ötən seçkilərdə bizim hədəfimiz "Yeni Azərbaycan və yeni həyatını seç" şüarı idi. Bu dəfə isə "Güclü dövlət, yüksək rifah" şüarı ilə seçkilərə gedirik. Bu şüarın seçilməsi təsadüfi deyil. Çünki Prezidentimizin apardığı uğurlu xarici və daxili siyasət, həyata keçirilən uğurlu iqtisadi layihələr sayəsində Azərbaycanda artıq güclü dövlət təmin olunub. Güclü dövlətin təmin olunması isə insanlar üçün yüksək rifah həyatının yaradılması deməkdir. Belə bir uğurlu nəticənin əldə olunması isə, təbii ki, Azərbaycan xalqının möhtərəm Prezidentimiz İlham Əliyev və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməsi ilə bağlıdır.

Digər xəbərlər