Sentyabrın 20-si Azərbaycan tarixində çox önəmli bir tarixi özündə əks etdirir. 1994-cü ilin bu günündə nüfuzlu xarici ölkələrlə Azərbaycan arasında bağlanan "Əsrin Müqaviləsi" ölkənin böhrandan çıxmasının və sürətli inkişafının əsasını qoydu. Bu tarixin önəmini müsahibimiz, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovla söhbətdə bir daha aydınlaşdırmağa çalışdıq.
- Vüqar bəy, 16 il öncə "Əsrin Müqaviləsi" ilə əsası qoyulan Azərbaycan neft strategiyasının ölkənin inkişafında rolunu necə xarakterizə etmək olar?
-1994-cü il sentyabrın 20-də olanları neft strategiyasının başlanğıcı kimi xarakterizə edirlər. Azərbaycan neft strategiyası öz başlanğıcını həmin gündən aldı. Baxmayaraq ki, o zaman üçün həmin müqavilədə Azərbaycanın maraqlarını qorumaq çox çətin idi. O zamanlar ölkəmizdə hüquqi sistemin qurulmasında ilkin addımlar atılırdı.
Həmin dövrdə Avropaya, dünyaya inteqrasiya barədə düşünülürdü. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti ölkənin maraqlarını qoruyan bütün müddəaları müqavilənin əsasnaməsində qeyd etdirdi. "Əsrin Müqaviləsi" birbaşa olaraq Azərbaycanın maraqlarını qoruyan müqavilədir.
Son zamanlarda neftdən gələn gəlirlərin artması və neftimizin dəyər qazanması birmənalı şəkildə həmin müqavilənin sayəsindədir. Bir nöqtəyə diqqət yetirmək lazımdır ki, "Əsrin Müqaviləsi" 1994-cü ildə Azərbaycanın neft sektoruna yönəlmişdisə, bu tendensiya indi dəyişib. Artıq ARDNŞ bir sıra xarici layihələrin də icraçısına çevrilib. ARDNŞ getdikcə daha geniş çaplı işlər görür.
"Əsrin Müqaviləsi" neft strategiyasının qurulmasında, daha dəqiq desək, Azərbaycanın dövlətçilik siyasətində, iqtisadiyyatında böyük önəm daşıyır. Qazaxıstanla müqayisə etsək, Azərbaycan bu müqavilədə daha səriştəli davranıb. Qazaxıstanın neftdən əldə etdiyi qazancın 70%-i xarici şirkətlərə gedir. Yalnız 30 % -i özünə qalır. Diqqət edin- bizdə tam əksidir. 70% dövlətin hesabına keçirilir, 30% isə xarici investorlara gedir.
-Azərbaycanın neft gəlirlərində payının artması müddətinin tezləşməsində neftin qiymətinin qalxması əsas rol oynadı. Hazırda da qiymət o zamankından xeyli yüksəkdir. Bunun nəticəsində Azərbaycanın gəlirlərinin nəzərdə tutulduğundan, xeyli çox olacağını düşünmnək olarmı?
-İlkin mərhələdə "Əsrin Müqaviləsi" çərçivəsində həyata keçirilən xərclər ödənilməli idi. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, neftin qiyməti həm gəlirlərin bölünməsinə, həm xərclərin ayrılmasına birbaşa olaraq təsir göstərir. Neftin dünya bazarında qiymətinin yüksək olması həm də xərclərin qısa zamanda örtülməsinə gətirib çıxardı.
Eyni zamanda, pay bölgüsü müqavilədə göstərilmiş formada həyata keçirilməlidir. Yenə Qazaxıstanı misal gətirsək, görərik ki, müqaviləyə görə ödənilən xərclər həm xarici şirkətlər, həm də Qazaxıstan hökuməti tərəfindən ödənilib. Amma pay bölgüsündə Qazaxıstan çox az alır. Ona görə də, Azərbaycanın daha çox qazandığı və daha sərfəli bir müqavilə bağladığı aydındır.
-Kontraktın imzalandığı zamandan sonra Azərbaycanda həyata keçirilmiş layihələrə- qeyri-neft sektoru da daxil olmaqla- xarici investorların sərmayə qoyuluşunun artması müşahidə olunur. Bu prosesdə "Əsrin Müqaviləsi"nin rolunu necə qeyd etmək olar?
-"Əsrin Müqaviləsi"ndən sonra Azərbaycana 80 milyard dollardan çox investisiya qoyulub. Həmin investisiyanın 50%-i neft sektoruna, 50%-i isə qeyri-neft sektoruna yönəldilib. Yəni, neft sektorunun inkişafı qeyri-neft sektorunun inkişafı üçün stimul yaradıb. Əgər 1994-cü ildə dövlət büdcəsində neft sektorunun payı 85 % idisə, indi bu pay 55%-ə enib. Neftdən gələn gəlirlərin başqa sahələrə yönəldilməsi nəticəsində dövlət büdcəsində qeyri-neft sektorunun payı artıb. Birmənalı şəkildə neft sektorunun inkişafı qeyri-neft sektorunun inkişafına stimul verib. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyri-neft sektorunun inkişafına dəstək verilməsinin lazımlığını vurğulayıb. O, xarici investorların qeyri-neft sektoruna xüsusilə də, regionlara yönəldilməsinin vacib olduğunu bildirib.
-"Əsrin Müqaviləsi"nin iqtisadi tərəflərindən başqa Azərbaycan üçün daha hansı dividendləri oldu?
-Təbii ki, "Əsrin Müqaviləsi" Azərbaycan üçün yalnız iqtisadi maraq kəsb etmir. Bu müqavilə Azərbaycanın regionda möhkəmlənməsinə, eləcə də, Avropa və dünyaya inteqrasiyasına gətirib çıxarır. "Əsrin Müqaviləsi"nin bağlanmasının, daha sonra BTC və BTƏ kəmərlərinin çəkilməsinin Azərbaycanın müstəqil şəkildə öz neftini və qazını birbaşa olaraq xarici bazarlara çıxarmasının ölkəmiz üçün böyük irəliləyiş olduğu danılmazdır. Regionla bağlı bütün müzakirələrdə Azərbaycan, birmənalı olaraq, aparıcı ölkədir.
"Əsrin Müqaviləsi" Azərbaycanın geosiyasi baxımdan imkanlarını genişləndirdi. Bu gün Azərbaycan, nəinki regionun, eyni zamanda, Avropanın enerji baxımından sözükeçən ölkələrindən biridir. "Şahdəniz"in ikinci yatağında kəşf edilən qazın həcmi 1,2 trilyard kubmetrdir. Bu da ona əsas verir ki, Azərbaycan öz qazını istər Avropaya, istərsə də başqa ölkələrə sata bilər. Azərbaycan indi həm neftlə, həm də qazla bağlı alternativ layihələrdə iştirak edə bilər.
-"Nabucco"nun gecikməsi ilə bağlı bəzən vurğulanır ki, "Şahdəniz"də bu qədər qaz yoxdur. Halbuki Prezident dəfələrlə bəyan edib ki, orada güman edildiyindən də çox qaz var. Burda Avropanın qorxusu nədəndir, qaz çatışmazlığı, yoxsa Rusiyanın siyasi təzyiqi?
-Avropa, eləcə də, Amerika, birmənalı şəkildə, "Nabucco" layihəsini dəstəkləyir. Nəzərə alaq ki, bu gün Avropanın enerji təminatının 46%-ni məhz Rusiya ödəyir. Bu baxımdan, Avropa üçün "Nabucco" önəmlidir. "Nabucco" layihəsinin xərci 9 milyard avrodur. Baxmayaraq ki, bir qədər öncə "Nabucco"ya 3 milyard avronun investorlar tərəfindən ödənilməsi üçün açıqlama verildi, amma tam olaraq hansı investorların layihəyə cəlb ediləcəyi məsələsi aydın deyil.
-Burada maneə təkcə maliyyə problemidirmi? Yoxsa Türkiyə ilə Avropa arasındakı məsələlər bu layihəyə problem yaradır?
-"Nabucco"nun illik nəql gücü 32 milyard kubmetrdir, daha sonra 62-yə qədər artırılacaq. Türkmənistandan qazın ötürülməsi ilə bağlı problemlər var. İranın qoşulması mümkün deyil, çünki İrana qarşı beynəlxalq sanksiyalar var. Bu sanksiyalar imkan vermir ki, İran regional layihələrdə iştirak etsin. Alternativ olaraq İraq ildə 15 milyard kubmetr qaz vermək istəyir, amma bu, hələ razılaşdırılmayıb. Rusiyanın baş naziri "Nabucco"nun reallaşmayacağı barədə açıqlamalar edib. Tranzit məsələləri ilə bağlı, mülkiyyət məsələləri ilə bağlı məsələlər də var.
- AGRİ sazişinin imzalanması ilə Azərbaycanın qaz ixracında Avropadan və ya digər dövlətlərdən asılı olmadığı ortaya qoyuldu. Bu layihə "Nabucco"nu tam əvəz edə bilərmi?
-Hazırda AGRİ-dən başqa "Nabucco"ya bərabər elə bir layihə yoxdur ki, birinci mərhələsində 2 milyard, 2-ci mərhələsində 8 milyard qaz ötürülsün. ABŞ-ın təklif etdiyi layihə - "Nabucco-2" ondan ibarətdir ki, mavi qaz Gürcüstanın Qara dəniz sahillərinə vurulur, ordan isə Qara dənizin dibindən çəkilmiş kəmərlə son dayanacağı Avstriya olmaqla Şərqi Avropa ölkələrinə nəql ediləcək.
O zaman da Türkiyə və Rusiya kənarda qalır. Üstəlik, 8 milyard kubmetr qazı aparmaq üçün isə 30 tanker lazım gələcək ki, bu da qazın maya dəyərini artıra bilər.
-Bəzən deyirlər ki, Azərbaycan "Əsrin Müqaviləsi"ndən əldə etdiyi gəlirlə özü bir neçə layihə həyata keçirə bilərdi. Yəni, sonrakı müqavilələrə ehtiyac yox idi. Bizim belə imkanlarımız var idimi?
-Əvvəla, 1998-ci ildən başlayaraq Azərbaycanın bir çox layihələrdə iştirakı DNŞ-nin payının artmasına səbəb olurdu. Son vaxtlar DNŞ-nin xarici şirkətlərin iştirakı olmadan yataqları istismar etmək qabiliyyətinə də malikdir. Azərbaycanın qaz hasil etdiyi yataqlarda qaz 7 min metr dərinlikdən çıxır. Bizim o zaman belə texnoloji imkanlarımız yox idi. Hazırda elə yataqlar var ki, DNŞ xarici investorlar olmadan özü istismar edir. Ümid yatağında da bu durum hakimdir- heç bir xarici şirkət olmadan iş gedir.
-Neft gəlirlərinin şəffaf bölünməsi ilə bağlı mətbuatda da geniş müzakirələr aparılır. Neft Fondunun yaradılması, neft gəlirlərinin yönləndirilməsi məsələləri necə həyata keçirilir?
-DNF-nin yaradılmasında məqsəd neft gəlirlərini bir hissəsini dövlət büdcəsindən ayırmaqdır. Artıq 10 ildən artıqdır ki, DNF fəaliyyət göstərir. DNF-nin funksiyası digər ölkələrlə- Norveç və Qazaxıstanla eynidir. Amma Azərbaycanda Neft Fondunun gəlirləri əsasən sosial layihələrin maliyyələşdirilməsinə yönəldilib.
-Xarici banklarda bizim 25 milyard dollara yaxın strateji ehtiyatlarımız var. Bəzi ekspertlər vurğulayırlar ki, maliyyə böhranı zamanında, ya da Ermənistanla müharibə şəraitində, bu, təhlükə yarada bilər. Belə bir variant mümkündürmü ki, biz öz pullarımızı ölkəyə qoyulan investisiyalar və ya kredit borclarında istifadə edək, yaxud yerli banklarda saxlayaq?
-Azərbaycanın xaricdə olan pulları ilə bağlı məsələ orasındadır ki, o pullar xarici dövlət fondlarında saxlanılır. Bunun yaxşı tərəfi ondadır ki, təminatı var. Maliyyə böhranı və inflyasiyanın tüğyan etdiyi zaman bir çox ölkələrin maliyyə ehtiyatlarında xeyli azalma oldu. Bizimki isə, az gəlir gətirsə də, riskdən qorundu. Yəni, çatışmayan tərəfi odur ki, gəlir faizi aşağıdır. Biz onun tərəfdarıyıq ki, DNF-nin vəsaitlərinin bir qismi ölkədə saxlansın. Bu vəsaitləri qeyri-neft sektoruna investisiya şəklində yatıraraq, tarazlı inkişafa böyük təkan vermək olar.
- Yeni yaranan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası iqtisadi sahədə də əməkdaşlığı genişləndirmə istəyindədir. Türk dövlətləri enerji sektorundan başqa daha hansı sahələrdə əməkdaşlıq edə bilərmi?
- Belə sahələr çoxdur. Orta Asiyanın, Azərbaycanın və Türkiyənin böyük təbii sərvətləri, xammal ehtiyatları var. Turizm, yeyinti sənayesi, yüngül sənaye, nəqliyyat, rabitə və s. sahələrdə uğurlu əməkdaşlıq edilə bilər. Bunun üçün hər cür imkan var. Hesab edirəm ki, bu əməkdaşlıqdan bütün tərəflər, xüsusilə də, ortada tranzit və kordinasion mövqeyə malik Azərbaycan böyük fayda əldə edəcək. Gələcəkdə bunun AB modelli bir birliyə çevrilməsi üçün imkan var.