PDF Oxu

Müsahibə

  • 6

Əsl sənətkar olmaq asan deyil

Əsl sənətkar olmaq asan deyil
Bu günlərdə qəribə taleli insanlarla ünsiyyətdə olduq. Onların içərisində həkim, müəllim, fəhlə, yüksək rütbəli şəxslər və mədəniyyət işçiləri də var idi. Bəzilərinin xoş və səmimi, duzlu-məzəli söhbətləri bizi valeh edirdi.
Onlardan biri də mehriban, səmimi və nəzakətli xanım olan respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, teatr aktyoru və rejissorluq kafedrasının müdiri Gülşad Baxşiyeva idi. Onunla həmsöhbət olmaq üçün redaksiyamıza dəvət etdik. 1952-ci ildə Bakı şəhərində anadan olan Gülşad xanım uşaq vaxtlarından teatra həvəs göstərib və aktyorluq sənətinə vurulub. Odur ki, bu arzu Gülşad xanımı Azərbaycan İncəsənət İnstitutuna gətirib. Dörd il görkəmli ustad sənətkarlardan aldığı bilik və nəsihətlərə diqqətlə qulaq asıb aktyorluq sənətini dərindən mənimsəyib. 1975-ci ildə təyinatla Şəki Dövlət Dram Teatrına göndərilir. 1976-cı ildə bu teatrın açılışı ərəfəsində üç əsər oynanılırdı - S.Vurğunun "Komsomol poeması" (Gülcamal), M.F.Axudovun "Hacı Qara" komediyasında (Sona) və S.Rəhmanın "Nişanlı qız" əsərində Bənövşə rolunu oynayıb. Şəki Dram Teatrında doqquz il müddətində Gülşad xanım 28 müxtəlif obraz yaradıb və bütün tamaşaçıları özünə sevdirə bilib. 1984-cü ildə Gülşad xanımın həyat yoldaşı, tanınmış və istedadlı rejissor, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevi Azərbaycan Mərkəzi Komitəsinin göstərişi ilə Azərbaycan Dövlət Teatrına rejissor göndərirlər. Məhz bu səbəbdən G.Baxşiyeva ailəsilə birgə Bakı şəhərinə köçməli olur. İki körpə uşağının təlim-tərbiyəsi ilə məşğul olan Gülşad xanım üç il teatrdan ayrı düşməli olur. Sonra H.Atakişiyev Gülşad xanımı yaratdığı Gənclər Teatrında fəaliyyət göstərməsi üçün dəvət edir. Burada o, C.Cabbarlının "Aydın" əsərində Böyükxanım, Ə.Əylislinin "Şeytan tələsi" tamaşasında Şaban arvad rollarını məharətlə oynayır.
Yazıçı Ə.Əylisli Şaban arvad rolunu oynayan G.Baxşiyeva haqqında belə deyib: "Gülşad xanım bu rolu oynamaqla tamaşanın bütün ağırlığını öz çiynində daşıdı və bütün iştirakçıları özü ilə çəkib apardı".
Sonra Gülşad xanım V.Səmədoğlunun "İntihar" əsərində Kleopatra rolunu oynayıb. V.Səmədoğlu onun oynadığı rol haqqında belə deyir: "Bu rolu yazarkən mən Gülşad xanımı nəzərdə tutmuşdum. O, bu rolu çox yaxşı oynadı. İnanırdım ki, elə Gülşad xanım bu rolun öhdəsindən gələ bilər".
Gülşad xanımla söhbətimiz zamanı məlum oldu ki, o, M.F.Axundovun "Lənkəran xanının vəziri" əsərində Ziba xanım, V.Şeksprin "Kral Lir" əsərində Qonerliya, "Romeo və Culyetta"da Dayə, Marlonun "Teymur Ləng" əsərində Zenokrata, M.Qorkinin "Həyatın dibində" əsərində Vaselisa, Rumıniya yazıçısı Brextin "Artura Yu" əsərində Dokteyza rollarını oynayıb. Tamaşa başa çatandan sonra Brextin "Gülşad xanım bu rolu elə gözəl oynadı ki, məni heyran etdi. Mən ona təşəkkürümü bildirirəm" - deyib.
Daha sonra o, Sevastyanın "Adsız ulduz" əsərində Madmozel Kuku, Anarın "Sizi deyib gəlmişəm" əsərində isə Zeynəb rollarını oynayıb.
- Gülşad xanım, o vaxtkı teatrla bugünkü fəaliyyətdə olan teatrın fərqi nədədir?
- Açığını deyim ki, hansı teatrda işləmişəmsə, çalışmışam ki, teatr inkişaf etsin. Biz aktyorlar hamımız teatrda bu niyyətlə çalışırdıq. Bugünkü teatrda aktyorlar bir növ süni rollar oynayırlar. Tamaşaçıları özlərinə cəlb edə bilmirlər. Yadda saxlamaq lazımdır ki, tamaşaçı hər dəfə teatra gələndə, özünə qiymətli bir fikir götürməlidir. Həmin fikri də aktyor ona çatdırmalıdır. Əgər bu, yoxdursa, tamaşaçı teatrı sevməyəcək. Bugünkü aktyorlar öz geyimləri, davranışları ilə xalqın hörmət və rəğbətini qazanmalıdırlar. Bu gün onlar yoxdur.
- Siz həm də aktyor sənətindən dərs aparırsınız. Pedaqoji fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışam. Kafedra müdiri olmaqla yanaşı, aktyor sənətindən dərs deyirəm. "Aktyor sənəti fənninin əsas amilləri" adlı dərs vəsaitinin və 10-dan çox elmi məqalənin müəllifiyəm. Tələbələrim bunlardan bacarıqla və səmərəli istifadə edirlər.
- Tələbələriniz arasında gələcəkdə ümidverici aktyorlar varmı?
- Bəli, tələbələrimdən Rəfael İsgəndərov, Coşqun Rəhimov, Almaz Ələsgərli (müğənni), Elnur Kərimov, Tural Ağayev (meyxanaçı), Vüqar, Vüsalə Nəzərova çox çalışqandır və öz peşələrini sevirlər, onlara həvalə olunan bütün tapşırıqları vaxtında yerinə yetirirlər. Azərbaycan teatrının gələcəyini təmin edə bilən tələbələrimiz var və bundan sonra da bu teatrı inkişaf etdirə biləcək sənətkarlar olacaq.
Bir çox filmlərdə müxtəlif rollarda çıxış edən Gülşad Baxşiyeva həmin filmlərdə yaratdığı obrazlarla xalqın hörmət və ehtiramını qazanıb. R.Əzizbəylinin "Bəxt üzüyü"ndə Sara, V.Mustafayevin "Yaxşılığa doğru" əsərində hamilə qadın, "Milli bomba"da qız anası, "Yalan"da Nisə, "Yoxlama"da Məryəm, O.Mirqasımovun "Mənim mələyim" televiziya filmində Raya, E.Quliyevin "Kirov" filmində falçı qadın, xalq artisti, çox sevdiyimiz Nəsibə xanım Zeynalovaya həsr edilmiş filmdə Naxış rollarını oynayıb.
Gülşad xanım həm də gözəl nənədir. Onun iki oğlu Elbəy və Elmir artıq ali təhsil alıb, xalqına xidmət edən mütəxəssisdirlər.
Düzlü-məzəli, bəzən də düşündürücü, vətənpərvər ruhu aşılayan rolları ilə tamaşaçı qəlbinə yol tapan Gülşad xanıma gələcək fəaliyyətində uğurlar diləyirik.

Digər xəbərlər