Mətbuat təşviqat prosesini obyektiv, qərəzsiz aparmalıdır
- Rəşad müəllim, qarşıdan gələn parlament seçkilərinin işıqlandırılması baxımından mətbuat nə dərəcədə imkanlara malik olacaq?
- Adətən, parlament seçkilərində millət vəkili seçilməyə iddialı namizədlər təbliğat işlərini qurarkən mətbuata üz tutur, təşviqat xarakterli materiallarını yerləşdirmək məqsədi ilə mediaya müraciət edirlər. Kütləvi İnformasiya Vasitələrinin bununla bağlı yetərincə, təcrübəsi var. Bir sıra namizədlərin platformasını, müsahibələrini və təbliğat materiallarını çap edirik. Yəqin ki, qarşıdan gələn parlament seçkilərində namizəd olan şəxslər tərəfindən qəzetlərə müraciətlər olacaq. Təşviqat materialları keçənilki qiymətlərlə bir kvadratsantimetrin qiyməti (əlavə dəyər vergisi nəzərə alınmaqla) 40 qəpik olmaqla yerləşdiriləcək. Yəni, A3 formatlı səhifənin qiyməti təqribən 480 manat olacaq. Əgər bu cür qiymətlərlə müraciət edən olsa, işləyəcəyik.
- Qəzetlərin bütün namizədlərə eyni dərəcədə yer ayrıcaqları nə dərəcədə inandırıcıdır?
- Təşviqatın pulsuz aparılmasının nəzərdə tutulduğu dövlət qəzetləri də namizədə eyni həcmdə yer ayırır. Biz isə bunu ödənişli əsaslarla edəcəyik və kim bununla bağlı müraciət eləsə, təbii ki, onun təbliğat materiallarını yerləşdirəcəyik. Yəni, özəl qəzetlərdə bu kimi tələb yoxdur. Sadəcə olaraq, çalışacayıq ki, materiallarda rəqiblərə qarşı hansısa əks-təbliğat xarakterli ifadələr yer almasın. Amma seçkilərdə namizəd olan şəxslərdən hər hansı biri bizə müraciət etsə, onu qəzetimizdə işıqlandıracağıq.
- Siyasiləşmiş qəzetlərin seçkilərdə "qara piar" kampaniyası aparmalarının qarşısını almaq mümkün olacaqmı?
- Ümumiyyətlə, əvvəlki illərdən də görürük ki, seçkiqabağı yeni-yeni, heç kimin tanımadığı qəzetlər açılır və sonradan isə məlum olur ki, bu qəzet hansısa namizədin və yaxud hansısa bir qrupun rəqiblərini vurmaq üçün əlində bir alət olur. Sözün açığı, bilmirəm bu ərəfədə də belə hadisələr baş verəcək, yoxsa yox. Hər halda özünə hörmət edən, ciddi mətbuat orqanları namizədlərin siyasi qüvvələrin əlində alət olmaqdan çəkinməlidirlər. Rəqiblərə qarşı "qara piar"dan və əks-təbliğatdan qadağan olunmuş metodlarla rəqiblərini vurmaq taktikasından yayınmalı və çəkinməlidirlər.
- Reklam əldə etmək baxımından qəzetlər parlament seçkilərindən yararlana biləcəklərmi?
- Ola bilər ki, bu, müəyyən dərəcədə qəzetlərin iqtisadi vəziyyətinə təsir etsin. Amma güman etmirəm ki, bu, köklü şəkildə qəzetlərin iqtisadi vəziyyətinə təsir göstərəcək. Hesab edirəm ki, qəzetlərdə aparılan təşviqata elə də çox maliyyə vəsaiti sərf olunmayacaq.