Növbəti parlament seçkiləri də azad və demokratik şəkildə keçiriləcək
Məlum olduğu kimi, seçki hüququnun pozulmasına yönəlmiş istənilən fəaliyyətin qarşısının alınması və pozulmuş hüququn bərpası əsas məqsədlərimizdən biridir. MSK katibi Natiq Məmmədov "Səs" qəzetinə verdiyi açıqlamasında bu və ya digər məsələlərə aydınlıq gətirərək azad, ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin obyektiv aparıdığını söylədi:
- Bu, çox böyük bir proses olmaqla hamımızın - dövlətin, cəmiyyətin, mübarizə aparan tərəflərin birgə işidir. Bunun üçün çoxsaylı şərtlər mövcud olmalı, çoxsaylı işlər görülməlidir. İstənilən ölkədə seçki və referendumlarda xalqın iradəsinin azad ifadə olunması üçün siyasi stabillik, dövlətin siyasi iradəsi, qanunvricilik bazası, dayanıqlı elektorat, ədalətli mübarizə aparmaq imkanları və tərəflər, peşəkar seçki təşkilatçıları və digər bu kimi şərtlər vacibdir. Bununla yanaşı, azad və ədalətli seçkilərin hazırlanıb keçirilməsi üçün seçkilərin və qanunvericiliyin mahiyyətindən irəli gələn çoxsaylı tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi də zəruri şərtlərdəndir. Elə buna görə də, Mərkəzi Seçki Komissiyası tərəfindən bu istiqamətdə xeyli tədbirlər görülüb. Belə ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq seçicilərin seçici siyahılarına daxil edilməsi öhdəliyini seçicilər deyil, dövlət öz üzərinə götürməklə, hər il olduğu kimi, bu il də daimi seçici siyahıları daha da təkmilləşdirilərək yenidən tərtib edilib, habelə, internet vasitəsilə ictimailəşdirilib. Onu da vurğulayım ki, bu il də bu və ya digər səbəbdən vaxtında daimi seçici siyahılarına daxil edilməmiş seçicilərimiz səsvermə günü də daxil olmaqla belə imkana malik olacaqlar.
Son əlavə və dəyişikliklərlə əlaqədar Seçki Məcəlləsinin xeyli sayda yeni variantı hazırlanıb, habelə, qarşıdan gələn parlament seçkilərinin hazırlanıb həyata keçirilməsini təmin etmək məqsədilə 10 topluda cəmləşmiş bəzi normativ-hüquqi xarakterli aktlar qəbul edilib, bəzilərinə isə əlavə və dəyişikliklər olunub. Maarifləndirmə istiqamətində çoxsaylı işlər davam etdirilir. Prezidentin Sərəncamına əsasən 2006-cı ildən bəri mütəmadi keçirilən və 5000-dən artıq seçki komissiyasını əhatə edən builki seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların DSK sədrləri üçün təşkil edilmiş bir həftəlik birinci mərhələsi başa çatıb, ikinci mərhələ isə regionlarda davam etməkdədir. Məqsədimiz seçki təşkilatçılarının peşəkarlığını artırmaqdır. Digər seçki subyektlərinin maarifləndirilməsi üçün MSK-nın üzvləri və əməkdaşları tərəfindən İctimai Televiziyanın və AzTV-nin imkanlarından istifadə etməklə geniş maarifləndirmə proqramları həyata keçirilir.
Bu il də seçicilərimizə bütün məntəqələrin ərazilərində quraşdırılmış çoxsaylı lövhələrdən namizədlərin proqramları ilə müqayisəli şəkildə tanış olmaq, qapalı və açıq yerlərdə bütün namizədlər üçün yaradılmış bərabər şəraitdə öz namizədləri ilə görüşmək imkanı veriləcək, özündə səsvermə prosedurlarını əks etdirən xüsusi bildirişlərlə seçicilərimiz seçkilərə dəvət olunacaqlar.
Qarşıdan gələn seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, seçkilərə qanunsuz müdaxilələrin yol verilməməsi, azad və ədalətli səsvermənin təşkili, səslərin sayılması, seçki prosesinin izlənməsi, səsvermənin və seçkilərin yekunlarının müəyyən olunması, vaxtında ictimailəşdirilməsi və dərc edilməsi üçün bütün zəruri tədbirlər görülüb və bu proses davam etməkdədir. Seçki hüququnun pozulmasına yönəlmiş istənilən fəaliyyətin qarşısının alınması və pozulmuş hüququn bərpası əsas məqsədlərimizdən biridir.
Sadalanan imkanlar və şərtlər ölkədə mövcud olduğundan qarşıdan gələn seçkilərin daha şəffaf və daha demokratik keçiriləcəyinə inanırıq.
- Natiq müəllim, məlum olduğu kimi, bu günlərdə ATƏT-in Bakı ofisinin bir sıra tövsiyələri olub. Bu tövsiyələrə pulsuz efir vaxtının artırılması, namizədlərin qeydə alınmasının və şikayətlərə baxılmasının sadələşdirilməsi daxildir. Bu tövsiyələrə münasibətiniz necədir?
- Yalnız pulsuz efir vaxtından istifadə edib seçkidə qalib gəlmək meyilləri dünyada nadir hallardandır. Bizim qanunvericilikdə mübarizə aparan tərəflərə pulsuz efir vaxtı və mətbuatda dərc olunmaq imkanları verilir. İctimai Televiziya və Radio Yayımları Şirkəti və müvafiq nəşrlər hüququ olan subyektlərə belə şərait yaradır. Heç kimə sirr deyil ki, mübarizəyə qoşulan tərəfin qalib gəlməsi üçün özünü elektorata tanıtmaq və insanları inandırmaq üçün bəlli bir gücü olmalıdır. Bu gücü müəyyən edən çoxsaylı faktorlardan biri də maliyyə imkanlarıdır. Seçkinin mahiyyəti güclünü və zəifi müəyyən etməkdən ibarətdir. Əslində, qanunvericiliyimiz imkan verir ki, digər təşviqat üsulları ilə yanaşı, çoxsaylı KİV-də ödənişli əsaslarla təşviqat aparılsın. Bunun üçün seçki fondu formalaşdırılmalıdır. O başqa məsələdir ki, lazımi həddə seçki fondu formalşdırmaq bir o qədər də asan deyil. Əslində, fondu formalaşdırmağın özü də dolayısı ilə əksər hallarda seçicinin münasibətini müəyyən edən hallardandır. Çünki ölkəmizdə sürətlə artan iqtisadi imkanlar fonunda belə seçicilərimizin sayı az deyil.
Namizədliyin irəli sürülməsi ilə əlaqədar sadələşməyə gəldikdə isə, qeyd etmək lazımdır ki, bizim qanunvericilikdə namizəd olmaq istəyən hər bir şəxsdən, demək olar ki, bir bildiriş və bir öhdəlik ərizsinin yazılması tələb olunur.
- Bildiyiniz kimi, növbəti parlament seçkilərində namizədlərə təşviqat aparmaqdan ötrü açıq və qapalı yerlər ayrılacaq. Bu yerlərin sayının əvvəlki seçkilərlə müqayisədə artırılması nəzərdə tutulurmu?
- Bilirsiniz, hər bir işdə irəliyə getməyi nəzərə almaq lazımdır. Bu baxımdan da bizim seçkidə geriyə yox, irəliyə getmək tendensiyamız var. Bu il də seçkiqabağı təşviqat üçün ayrılmış qapalı və açıq yerlər yenə qalacaq. Onların sayının artırılması istisna deyil. Seçki dairəsinin ərazisində mümkün yerlərin hamısı ayrılıb.
- MSK-nın son iclasında DSK-ların dislokasiyasında dəyişiklik edildi. Bunun mahiyyəti nədən ibarətdir və dəyişiklik neçə dairəni əhatə etdi? Həmçinin, deputatlığa namizədlərin seçki fondunun yuxarı həddinin artırılması ilə bağlı nə deyə bilərsiniz?
- Bizdə üçpilləli komissiyalar fəaliyyət göstərir, həmin komissiyalar müvafiq ərazilərə aiddir. Azərbaycan dövlətinin ərazisi 125 hissəyə bölünüb. Bu, Milli Məclisdəki kresloların sayını müəyyən edir. Hər bir ərazidə seçki dairəsi yaradılıb. Hər seçki dairəsi üzrə seçicilərin sayı ölkə seçicilərinin sayının 125-ə bölünməsi yolu ilə alınır. Qanunvericilik deyir ki, dairələr hər beş ildə bir dəfə yenidən yaradılmalıdır. Hər beş ildən sonra əhalinin sayında artma, azalma, daxili miqrasiya, kənardan gəlmələr və s. mümkündür. Nəticədə seçki dairələrinin dislokasiyasında dəyişiklik zərurəti yarana bilər. Bu zərurət prezident seçkiləri vaxtı bir o qədər hiss olunmaya bilər. Çünki seçicilər bir nəfəri vahid dairədən prezident seçir. Milli Məclisə keçirilən seçkilər zamanı 125 nəfər seçilir. Bu zaman mümkündür ki, bir deputatı 30 min seçici, başqasını isə 60 min seçici seçsin. Belə olduqda, bərabərlik pozulur. Bu bərabərliyin qorunması üçün dislokasiyada dəyişiklik edilməlidir. Həmçinin, bəzi komissiyaların adlarında, bəzilərinin ərazilərində dəyişiklik edildi. Dəyişikliklərlə bağlı qərar bütün 125 dairənin hamısına aid olsa da faktiki dəyişiklik 15 dairəni belə əhatə etməlidir. Bu hüquqi tələbdir və heç bir siyasi məqsəd daşımır.
Bir məsələyə dövlət ətoxunmaq istərdim ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə edilən dəyişikliyə əsasən, namizədlərə təşviqat və təbliğat üçün ayrılmış vəsaitin ləğv olunması namizədlərin bərabər şəraitdə mübarizə aparmalarına imkan yaradacaq. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları Azərbaycan Beynəlxalq Bankının rayon filiallarında açılmalıdır. Əgər müvafiq rayonda belə bir hesab yoxdursa, hesabın başqa bankda açılmasına baxıla bilər.
Namizədlərin seçki fondunun yuxarı həddi artırılıb. Hər bir namizəd üçün bu məbləğ 500 min manat həddində nəzərdə tutulub. Lakin həmin vəsait namizədin öz şəxsi vəsaiti hesabına formalaşa bilər. Eyni zamanda, siyasi partiyalar və seçki blokları namizədə 150 min manatdan çox olmayaraq maliyyə vəsaiti ayıra bilər. Hər bir vətəndaş namizədin hesabına 3 min manatdan çox olmayaraq, hüquqi şəxslər isə 50 min manatdan çox olmamaqla maliyyə vəsaiti köçürə bilərlər.