Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin minimum əmək haqqının artırılması haqqında Sərəncamı bütün ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Çünki bu Sərəncamın verilməsi əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına təsir edən ən vacib amildir.
Belə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ölkə rəhbərinin verdiyi sərəncama əsasən minimum əmək haqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Məsələ ilə bağlı Milli Məclisin Sosial -siyasət daimi Komitəsinin sədri Hadı Rəcəbli "Səs" qəzetinə verdiyi açıqlamasında bu və ya digər məsələlərlə bağlı fikirlərini bildirdi.
Son günlər istehlak bazarında süni şəkildə yaradılan qiymət artımları həm əhalini, həm də hökuməti narahat edir. Qiymət artımının bir qisminin dünyada baş verən proseslərdən irəli gəldiyi bildirilsə də, bu sahədə daxili amillər də az rol oynamır. Bir sıra işbazlar əmtəələrin qiymətini süni olaraq artırdığından inflyasiya tempi yüksələ bilər. Son 1 ayda ticarət sektorunda bir sıra məhsulların, əsasən də, ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım baş verib. Bunlar isə əhalinin həyat şəraitinə təsir göstərir. Bu səbəbdən də hökumət bu sahədə tənzimləyici tədbirlər görməyə başlayıb və artıq bəzi fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. İqtisadi İnkaşiaf Nazirliyi isə bu halın qarşısını almaq üçün istehlak bazarındakı vəziyyətə nəzarəti gücləndirib.
- Hadi müəllim, son vaxtlar istehlak bazarında baş verən qiymət artımları narahatlıq yaradır. Bu məsələnin parlamentdə müzakirəsi gözlənilirmi?
- Biz yalnız sosial sifarişlərlə bağlı məsələləri Milli Məclisin gündəliyinə çıxarırıq. Xalqı narahat edən, düşündürən məsələlər bu komissiyaya təqdim edilir. Müzakirələrdən sonra bu və ya digər predmeti ümumi iclasa çıxarırıq. Təbii ki, qiymət siyasəti də birbaşa əhalinin gəlirlərinə təsir edən başlıca amil olmaqla sosial məsələdir. Lazım gələrsə parlamentdə bu məsələ də ümumi müzakirəyə çıxarıla bilər.
- Ümumiyyətlə, gündəlik tələbat mallarının qiymətlərinin bəzi işbazlar tərəfindən istehlak mallarının qiymətlərinin süni şəkildə artırılmasına parlamentin münasibət bildirməyinə nə dərəcədə zərurət var?
- Bilirsiniz, dövlətin öz qiymət siyasəti var. Bu proses qanunvericilik yox, aidiyyəti icra orqanlarının səlahiyyətində olan məsələdir. Digər tərəfdən bahalaşmanın əsas mənbəyi dünyada baş verən proseslərdir. Məsələ ondadır ki, bu prosesləri qarışıq salan bəziləri, çox təəssüf ki, bahalaşmadan spekulyasiya edirlər. Reallıqda baş verən bahalaşma bəzi süni meyillər nəzərə alınmasa, təbii qarşılanmalıdır. Qiymət tələb və təklifin nisbəti əsasında formalaşır. Əhalinin indiki tələbatı 10 il bundakından qat-qat çoxdur. Eləcə də gəlirlər də əsaslı şəkildə artıb. Ona görə də qiymət artımları gözləniləndir.
- Sizin fikrinizcə, əhalinin mövcud gəlirləri qiymət artımını nə dərəcədə qarşılaya bilir?
- Hesab edirəm ki, əhalinin gəlirlərinin artımı fonunda bahalaşma aşağı səviyyədədir. Gələn ildən büdcədən maliyyələşən müxtəlif təşklatlarda çalışanlardan tutmuş, işləyən-işləməyən pensiyaçılara qədər hamısının gəlirləri artırılacaq. Bu gün gəlirlərlə yanaşı, bahalaşma da davam edir. Başa düşürük ki, əmək haqlarının artımı hələ əhalinin real gəlirlərinin artımı demək deyildir. Elə etmək lazımdır ki, təkcə əmək haqqı yox, real gəlirlər yüksəlsin. Ona görə də bu məsələdə optimal həll yolu axtarılır. Biz qanunvericilik orqanı olaraq hökumətlə birlikdə əhalinin real gəlirlərinin artırılması üçün yeni mexanizm işləyirik. Burada əsas məqsəd əmək haqlarının artırılması, başqa sözlə, onların bazara uyğunlaşdırılması istiqamətində addımların atılmasıdır. Eyni zamanda, bu artım ölkə iqtisadiyyatını arzuolunmaz tendensiyalarla qarşı-qarşıya qoymayacaq. Əmək haqları və pensiyaların kortəbii artımı ilə bazara pul kütləsi daha çox daxil olur. Sonda bu da inflyasiyanın artımına gətirib çıxarır. Bu baxımdan da hər şeyi dəqiq və diqqətlə həyata keçirmək lazımdır.
- Sosial həyatımızda baş verən proseslərdən bir çoxunun qanunvericilikdəki boşluqlardan qaynaqlandığı bildirilir. Belə olan halda, rəhbərlik etdiyiniz komissiyanın fəaliyyətində sizi qane edən və etməyən nədən ibarətdir?
- Sosial siyasət komitəsi yalnız xalqın rifahı naminə çalışır. İndiyə qədər belə olub. Bundan sonra da bu cür fəaliyyət göstərəcək. Hazırda sosial siyasət komitəsinin gündəliyində bir neçə layihə mövcuddur. Ən maraqlı layihələrdən biri uşaq və gənclər idmanı haqqında qanun layihəsidir. Alkoqollu içkilərə, siqaretə qarşı paralel mübarizənin aparılması, eləcə də, sağlamlığın qorunması üçün idman proqramlarının əsaslı təşkili təşəbbüsü ilə çıxış edirik. Məgər bunları əhalinin sosial güzəranının yaxşılaşması yolunda sosial siyasət daimi komitəsinin fəaliyyəti kimi dəyərləndirmək olmaz?