"Aktrisa" filminin çəkilişləri başa çatıb
Rejissoru Rövşən İshaq, ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İshaq və Vüqar Əmirov olan "Aktrisa" filminin çəkilişləri başa çatıb. Film üzərində tamamlanma işləri dekabrda yekunlaşacaq. İlqar Fəhminin eyniadlı povesti əsasında çəkilən ekran əsərinin operatoru Rövşən Cavanşiroğlu, bəstəkarları Nazim Əhmədov və Vasif Arifoğludur. Çəkilişləri Bilgəhdə, Bakının küçələrində və Gəncədə aparılıb. Bir vəkilin başına gələn hadisələrdən bəhs olunan "Vəkil hekayətləri" filmi də tamamlanıb. Ekran əsərinin üzərində son işlər isə noyabrda bitəcək. Filmin rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Səidə Vəliyeva və Ramiz Fətəliyev, bəstəkarı Rəşad Həşimovdur. Eyni prosesdə olan "İlahi heyvan" filmi Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Rejissoru və ssenari müəllifi Yavər Rzayev olan ekran əsərinin çəkilişləri Quba rayonunun Xınalıq, Qalaxudat kəndlərində və Yardımlı rayonunda aparılıb.