“Pul alırlar, amma sonradan pul aldıqları adamları söyüb, təhqir etməklə məşğul olurlar"
Fazil bəy, qarşıdan gələn parlament seçkiləri ərəfəsi Azərbaycanda ictimai-siyasi vəziyyəti necə şərh edərdiniz?
- Azərbaycanda parlament seçkiləri üçün çox əlverişli şərait yaradılıb. Ən azından siyasi qüvvələr özlərinin müəyyən seçkiyə hazırlıq prosesini normal vəziyyətdə yekunlaşdırırlar və hər biri çalışır ki, ya blok, ya da partiya formasında seçki də iştirak etsinlər. Azərbaycan üçün istənilən partiyanın fürsəti və imkanı var ki, seçkidə iştirak etsin.
- Seçkiyə start verməmişdən bəzi radikal müxalifət funksionerləri "qara piar" kampaniyasından istifadə etməklə və süni ajotaj yaratmaqla diqqət mərkəzinə cevrilməyə calışırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu reallıqdır ki, Azərbaycanda müxalif qüvvələr arasında siyasi mədəniyyət inkişaf etməyib ki, hansısa məqamda doğru, konstruktiv addım atsınlar. Bu, mümkün deyil. Ona görə də bir sıra məsələlərdə bir az düşünməyə ehtiyac var. Bəzi müxalifət partiyaları əllərində olan qəzet səhifələrini snayper tüfənginə çevirərək, daha çox seçki ilə məşğul olmaqdansa, ayrı-ayrı adamların üzərinə hücum etməklə məşğul olurlar.
- Qızğın düşmənçilik ehtirası bəzən radikal müxalifət düşərgəsində o dərəcədə güclü olur ki, sizə və digər opponentlərinə qarşı xoşagəlməz ittihamlar, tənqidlər səsləndirirlər. Onların arxasında müəyyən xarici və daxili qüvvələrin dayandığı ehtimalı varmı?
- Bu ehtimal həm də artıq fakta çevrilib. Ötən günlərdə Sakit Allahverdiyev adlı bir Rusiya vətəndaşı açıqlamasında bildirib ki, "Azadlıq" qəzetinə vəsait ayırır. Məncə, bu, çox ciddi bir açıqlamadır. Həmin vəsait də AXCP (i) sədri Əli Kərimov tərəfindən mənimsənilibdir. Tez-tez Qərbə inteqrasiyadan danışan Əli Kərimov Rusiya Hərbi-Sənaye Kompleksi vasitəsilə maliyyələşir. Bu, o deməkdir ki, onlar özlərinin müəyyən problemlərini gizlətmək üçün belə bir addım atırlar və bu addım da arzuolunan deyil. Bu insanlar ilk növbədə, öz fəaliyyətlərini islah etməlidirlər.
- Sakit Allahverdiyev Əli Kərimova vəsait ayırdığını bəyan etdikdən sonra bu şəxsə qarşı təzyiq və ittiham kampaniyasına start verilib. Bu, müəyyən mənada, təəccüb və maraq doğurmur ki?
- Əlbəttə, fakt açılandan və onlar ifşa olunandan sonra, təbii ki, belə bir addımın atılması gözləniləndir. Bu, birinci dəfə deyil, ənənəvi addımdır. Pul alıblar, amma sonradan pul aldıqları adamları söyüb, təhqir etməklə məşğul olurlar.
- Ara-sıra sizə qarşı da şər-böhtan xarakterli məlumatlar yayırlar. Buna səbəb nədir?
- Təbii ki, paxıllıqdan irəli gəlir. Azərbaycan cəmiyyətində yerimizi, imkanlarımızı və gücümüzü çox dəqiq bilirlər. Ona görə də, əsas rəqib olaraq, kimi görürlərsə onun zəiflədilməsi və susdurulması üçün müəyyən çalışmalara başlayıblar. Amma bu kimi məsələlərdən narahat olmağa dəyməz. Mövqeyimizi müəyyən dərəcədə korrektə etməklə məşğuluq və çalışacağıq ki, bu istiqamətdə də onların nə deməyindən asılı olmayaraq doğru bildiyimiz yolda doğru bildiyimiz addımı ataq.
- Bəlkə İsa Qəmbərovla Əli Kərimovun sizdən nəsə umacaqları var?
- Onlar öz mövqelərinin doğru olduğunu söyləyirlər. Biz isə, deyirik ki, sizinlə vaxtilə bir mövqedə olmuşuq və onun qaydalarını, prinsiplərini özünüz pozmusunuz. Bu gün bunu fərqli etmək artıq mümkün deyil.
- Deməli, onlar "bizimlə olanlar dost, olmayanlar düşməndir" prinsipi ilə fəaliyyət göstərirlər?
- Bəli belədir və ona görə də onların siyasəti doğru deyil.
- Müsavat "DUİ" ilə də "vahid namizəd" məsələsini dəqiqləşdirilməsinə səy göstərir. AXCP (i) ilə də eyni əməkdaşlıq əlaqələri qurur. Bu, müəyyən mənada, ikibaşlı oyuna bənzəmir ki?
- Yox, bu, əslində, elə bir ciddi məsələ deyil. Ümumiyyətlə, AXCP (i) və Müsavat artıq Azərbaycan cəmiyyətinə təsiredici gücə malik olduğu qənaətində deyiləm və hesab edirəm ki, onlarda ciddi problemlər var və bu qüvvə siyasi proseslərdə gərəksiz qruplara çevriliblər.
- "Ədalət", BAXCP və BQP-nin yaratmaq istədikləri seçki bloku vahid namizəd məsələsində ortaq mövqeyə gələ biləcəkmi?
- Vahid namizəd məsələsində ortaq mövqeyə gəlinib, amma blokun genişləndirilməsi istiqamətində də müəyyən təkliflər var. Bu yöndə danışıqlar gedir. Ona görə də bir qədər gözləyirik ki, daha geniş bir formatda blok variantını həyata keçirib, müəyyən nəticə əldə edək.
- Həmin o bloka hansı partiyaların qoşulması ehtimal olunur?
- Dəqiq bilmirəm, ancaq müraciətlər var. Bu müraciətlər əsasında qərar verəcəyik. Bu məsələ tam rəsmiləşmədiyinə görə, qəti bir söz deməyi erkən hesab edirəm.
- Müsavat qəzetlərinin yazdığına görə yaratmaq istədiyiniz blok hakimiyyət tərəfindən yaradılan sifarişli bir blokdur. Bu, nə dərəcədə realdır?
-Bu məsələ barəsində bizdən də soruşdular. Cavablarımız əsaslı oldu. Amma qəzet vermədi. Çünki obyektiv informasiyaları qəzet vermir. Özümüz bir gücük və bu gücün daha çox cəmiyyətə təsir etməsi üçün çalışırıq.
-Seçki üzrə ekspert Məhərrəm Zülfüqarlı verdiyi açıqlamada iddia edir ki, Milli Demokratiya İnstitutu seçki ərəfəsi müxalifətin birliyinə nail olmaq üçün səy göstərir. Məsələn, AXCP (i), Müsavat və "DUİ"-yə bu yöndə təkliflər olunub . Həmin institut tərəfindən partiyanıza və əməkdaşlıq etdiyiniz partiyalara təklif olunubmu?
- Yox. Belə bir təklif olunmayıb. Çünki xarici qüvvələrin maraqlarını təmsil etmək fikrində deyilik. Sadəcə olaraq,əməkdaşlıq edirik. Azərbaycana bağlı partiyayıq. Bu sual Azərbaycana bağlı olmayan partiyalara aiddir.
- Məhərrəm Zülfüqarlı konkret misal da göstərir ki, 2000-ci il parlament seçkiləri ərəfəsi Polşada ADP, Müsavat, AXCP (i) və AMİP birgə seçkilərə getmək haqqında niyyət protokolu imzalamışdır. Siz də o zaman AXCP (i)-də olmuşdunuz. Doğrudanmı belə bir niyyət protokolu olub və sonradan bu protokol reallığını tapmayıb.
- Bəli. Belə fikirlər olub. Amma bu, reallaşmayıb. Bunun da səbəbi odur ki, bu qüvvələr arasında daxili narazılıq gərgin olub. Hətta xaricdən verilən göstəriş də gərginliyi aradan qaldıra bilməyib.