Yeni Azərbaycan Partiyası ən güclü partiyadır
- Bahar xanım, növbəti parlament seçkilərinə rəsmi start verilməsinə 10 gündən az vaxt qalsa da, bütövlükdə, cəmiyyətdə bir canlanma, fəallıq hissi olunur. Bununla bağlı nə deyə bilərsiniz?
- İndi hər kəs daha artıq dərəcədə vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu dərk edir. Əvvəllər hər kəs hər şeylə məşğul olmaq istəyirdi. Ancaq son illər insanlar öz vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu, harada başlayıb, harda bitdiyini yaxşı bilir və buna uyğun hərəkət etməyə də çalışır. Bu, daha yaxşıdır, bu, getdikcə daha artıq qanunların bərqərar və hər kəsin öz fəaliyyətini qanunlar çərçivəsində qurmalı olduğu qənaətinin möhkəmlənməsinin göstəricisidir. Həm də bir təcrübədir. Əvvəllər bir həyəcan, hay-küy, ziddiyyət, seçkilərə hazırlıqdan daha çox hansısa problemləri ortaya atmaq, onları qabartmaq və onların ətrafında ajiotaj, siyasi şoular yaratmaq dəbdə idisə, indi hər kəs soyuq ağılla başa düşməyə şalışır ki, bütün bunlar səmərəsizdir. Yəni, hər kəs öz partiyasının daxilində, öz təşkilatı çərçivəsində, özünün namizədliyini verəcəyi dairədə işini aparır və aparmalıdır. Vaxtilə bu insanlar işləməkdən daha çox mətbuatla ünsiyyətə üstünlük veriblər, partiyalar daha çox brifinqlər keçiriblər, daha çox kütləvi aksiyalar, tədbirlər keçirməyə meyilli olublar. Amma indi hər kəs bilir ki, həmin tədbirlərə, mitinqlərə gələn insanlar onlara - namizədliyini irəli sürən şəxslərə səs vermirlər, konkret dairədə konkret şəxsə konkret seçicilər səs verirlər və verəcəklər. Ona görə hər kəs işini bu istiqamətdə qurmağa çalışmalı, təşkilati şəbəkəsini qaydaya salmalı, qanunların öyrənilməsi işini təşkil etməli, maddi, insani resurslarını səfərbər etməli, müşahidəçilərini hazırlamalı, onları maarifləndirməli, seçki komissiyalarında işləyəcək nümayəndələrini təlimatlandırmalıdır və sair. Bunlar eyni, zamanda, həm seçkidə iştirak edəcək şəxslərə, qüvvələrə aiddir, həm də seçki orqanlarına. İndi baxsanız, görərsiniz ki, seçki orqanları özü son illər öz işlərini necə təkmil şəkildə qurmağa çalışırlar və buna da nail olurlar. Amma əvvəllər onların da işində müəyyən qədər çatışmazlıqlar, nöqsanlar, həyəcan var idi. Bu gün isə belə deyil, bu gün artıq bu işlə daimi, uzunmüddətli məşğul olan qurumlar var və burada artıq təcrübə, neçə illik səriştə, bilik əldə etmiş insanlar var, fəaliyyət göstərirlər. Bu insanlar heç bir hay-küyə yol vermədən proseslərə uyğun olaraq öz işlərini görürlər. Axı bunun nəyi pisdir ki? Başqa ölkələrdə seçkilər keçirilən zamanı şəxsən bir neçə dəfə orada olmuşuq, müşahidə aparmışıq.
- Son günlər Yeni Azərbaycan Partiyasının növbəti seçkilərdə irəli sürəcəyi namizədləri məsələsi ətrafında ictimai-siyasi dairələrdə ciddi müzakirələr aparılır. Bu baxımdan, sizin bu siyahılar məsələsinə, ümumiyyətlə, YAP-ın növbəti seçkilərdə irəli sürəcəyi namizədlər məsələsinə münasibətinizi bilmək istərdik.
- Elə bunun özü seçkiyə olan marağın göstəricisidir. Elə buradan açıq-aydın görünür ki, Azərbaycanda seçkiyə maraq heç də siz deyən kimi az deyil və fikirlərin "YAP-ın namizədləri nə vaxt bəyan olunacaq?", "YAP-ın namizədləri kimlərdən ibarət olacaq?" və sair üzərində cəmləşməsi onu göstərir ki, hakim partiya, onun apardığı siyasət, onun irəli sürəcəyi namizədlər bütövlükdə seçki mühitinə ciddi təsir edən məqamlardandır. Hər kəs bu siyahını və bu siyahıda kimlərin təmsil olunacağını bilmək istəyirsə, çox güman ki, öz planlarını da ona uyğun şəkildə qurmağa çalışır, çalışacaq. Bu da, təbiidir. Çünki YAP ən güclü partiyadır, onun namizədləri çox güclü, nüfuzlu, tanınmış insanlar olacaq. Çünki YAP qanunun bütün hərfinə, vergülünə və nöqtəsinə əməl edən partiyadır, vaxtından əvvəl hansısa debatlar, diskussiyalar açmaqdansa, zamanında öz namizədlərini elan etməyi məqsədəuyğun bilir və elan edəcək.
- YAP-ın budəfəki seçkilərdə bütün seçki dairələrindən namizədlər irəli sürəcəyi bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Hər halda, yenə də, ümumilikdə, namizədlərin irəli sürülməsi gününü gözləməyi tövsiyə edərdim. Tövsiyə edərdim ki, hansısa ehtimala söykənən bir fikir söyləməyək. Amma bu, bir faktdır ki, YAP təkcə özünün irəli sürdüyü namizədlərə deyil, cəmiyyətdə çox böyük nüfuz sahibi olan insanlara, görkəmli ziyalılarımıza, bitərəf şəxslərə, yaxud hakim partiyaya uyğun mövqedə dayanan digər siyasi təşkilatların namizədlərinə də bəzi hallarda daha çox üstünlük verir. Çox güman ki, belə hallar indi də olacaq. Yenə də belə insanlar ortada olacaq. Bizim məqsədimiz Azərbaycan xalqının iradəsini ifadə etmək qabiliyyətinə, o cümlədən, ciddi nüfuza malik və öz dairəsində ciddi səs ala biləcək insanların Milli Məclisdə gəlib əyləşməsidir. Bunlar bizim partiyanın üzvü ola da bilər, bəzi hallarda olmaya da bilər. Ona görə çox yəqin bu seçkilərdə də belə hallar olacaq.
- Hazırda parlamentdə təmsil olunmuş millət vəkillərinin budəfəki seçkilərdə də YAP-ın namizədlər siyahısına salınması nə dərəcə də realdır?
- Bu haqda da indidən qəti bir fikir söyləyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, 125 dairədən də bizim dəstəklədiyimiz, müdafiə etdiyimiz şəxslər olacaq. Bunlar həm YAP-ın üzvləri, həm də bayaq yuxarıda qeyd etdiyim kriteriyadan olan insanlar olacaqlar. Amma qərarı mən vermirəm ki, qərarı seçicilər verir. Yəni, bizim dəstəklədiyimiz adamların indidən neçə faizinin seçiləcəyini söyləyə bilmərəm. Lakin yüz faiz onu söyləyə bilərəm ki, biz dəstəklədiyimiz insanların seçilməsi üçün lazım olan bütün hərəkətləri - seçki hərəkətlərini etməyə çalışacağıq, edəcəyik.