PDF Oxu

Müsahibə

  • 9

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib
- Cənubi Qafqaz regionunda geosiyasi proseslərdə dinamikanın artması  DQ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətə nə kimi təsir edə bilər?  Ermənistanın müdafiə naziri bu günlərdə bəyan etdi ki, müharibə başlansa Rusiya Ermənistanı müdafiə edəcək.
- Regionda qəribə mənzərə yaranmağına çoxdan yaranıb. Rusiya gəlib Azərbaycan torpaqlarını işğal edib, adını da qoyublar ki, bu Ermənistanın işğalıdır. Amma biz hələ də Rusiyanın bu problemin həllində ədalətli mövqe tutacağına ümid edirik. Rusiyanın mahiyyəti dəyişməyib. Əzəl başdan hansı siyasət aparırdısa, indi də o siyasətini davam etdirir. Rusiyanın 102 saylı diviziyası indiyə qədər də Ermənistanda dayanırdı. Bundan sonra bir 50 il də dayanacaq. Əgər Rusiya bundan sonra 150 il qalsa, Ermənistanda da 150 il qalacaq. Ermənistan nə vaxt Rusiyadan ayrı olub ki? Əslində, o müqavilənin müddətinin uzadılmasına ehtiyac yox idi. Ermənistan onsuz da Rusiyanın quberniyasıdı. Ona görə də indi bu müqavilə ətrafında yaradılan hay-küy, Ermənistanın bundan istifadə etmək cəhdləri hamısı şoudu. Rusiya bu addımları atmaqla yalnız onu nümayiş etdirir ki, region bizim maraq dairəmizdədi. Çünki Rusiyada hiss edirlər ki, ABŞ prezidenti Barak Obama öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilmir. Nə İraqda müharibəni qurtara bilmir, nə də  Əfqanıstanda bir iş görə bilmir ki, bu ölkəni ram etsin. Rusiya və Amerika bir-birinin qədimi düşmənləridir və raketlərini də bir - birinə tuşlayıblar. Amma bu gün Amerika Rusiyaya imkan yaradır ki, regionda əl-qol atsın. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etdi. Amerika hələ də susur. Bilmək olmaz ki, Rusiya Qarabağda nə oyun çıxarmaq istəyir. Atəşkəs xətti bizim paytaxtımızdan cəmisi 360 kilometrliyindən keçir. Ancaq biz hələ də Rusiyadan ədalətli yanaşma gözləyirik. Məsələ bundadır ki, yaranmış vəziyyət bizim üçün də xoşagələn deyil. Azərbaycan özünə müttəfiq axtarmalıdır. Azərbaycanın Türkiyə ilə, ABŞ - la münasibətlərində ziddiyyətlər salmağa çalışırlar. Ermənistanın Rusiya ilə heç bir ziddiyyəti yoxdu. Ermənistan birdəfəlik Rusiyanın koloniyasına çevrilib.
- Yaxın vaxtlarda Rusiya prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Rusiya tərəfindən münaqişənin həllinə dair hansısa yeni münasibət gözlənilə bilərmi?
- Kimsə gözləyir ki, Medvedev bura gələndə niyə gedib Ermənistanda hərbi bazaların müddətinin uzadılması haqqında saziş imzalaması haqqında bizə nəsə hesabat verəcək sadəlövhlük edir. Mən Rusiyadan heç münaqişənin həllinə dair də yeni bir mövqe gözləmirəm. Rusiya mövqeyini Sankt-Peterburqda ortaya qoydu. Bunun da nə təkliflər olduğunu Lavrov dedi. 
- Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlıq müqaviləsinin bitməsinə on il qalmışdı. Rusiyanı nə vadar etdi ki, müqaviləni vaxtının bitməsinə on il qalmış təzələdi. Bir halda ki, Qərbin bu ölkəyə təsiri yoxdu.
- Rusiya narahatdır. Rusiya Ermənistanda prezidentdən, müdafiə nazirindən tutmuş, bütün rəhbərləri özü təyin edibdi. Amma Rusiya erməniləri yaxşı tanıyır. Rusiyada bilirlər ki, ermənilər xain millətdir. Çünki ermənilər vaxtilə çar Rusiyasına xəyanət etdilər, keçdilər bolşeviklərin tərəfinə. Bolşeviklər çalxalananda Rusiyada keçdilər demokratların tərəfinə Yeltsinin yanında özlərinə yer tutdular. Yeltsindən sonra Putin gəldi, ermənilər hamısı putinçi olub indi. O mənada deyirəm ki, ruslar erməniləri yaxşı tanıyır. Rusiyada bilirlər ki, əgər sabah Rusiyanın ayağı büdrəsə, Rusiyaya qarşı birinci çıxan ermənilər olacaq. Hay-küy salacaqlar ki, "Ay aman, bizi ruslar işğal edib, xilas edin". Rusiya bir dövlət kimi artıq zəifləyib, hər kəsə aydındır ki, proseslər Rusiyanın dağılmasına doğru gedir. Ona görə də Rusiya bəribaşdan işini ehtiyatlı tutaraq müqavilənin bitməsinə on il qalmış Ermənistanla uzunmüddətli başqa bir müqavilə imzaladı. Çünki Rusiyanın regionda Ermənistandan başqa, güvəndiyi ikinci yer yoxdu. Azərbaycanlılara inanmırlar, çünki türkdürlər. Burada Türkiyə də var. Mərkəzi Asiyadakılara inanmırlar, çünki 1958-ci ilə qədər basmaçlar əlində silah rus əsgərinə atəş açıblar. Ona görə Ermənistanı ediblər özlərinin regionda guya ki, əsas strateji müttəfiqi. Ermənistandan da öz məqsədləri üçün harda necə lazımdı elə də istifadə edirlər. Üstəlik, onu da nəzərə almaq lazımdı ki, ermənilər xristiandır və xristian dünyasında da ermənilərə simpatiya yaratmağa çalışırlar. Ermənilər barəsində belə bir obraz yaradılıb ki, guya bu yazıq millətdir. Amma bu milləti kim yazıq edib, bilmirlər. Əslində erməniləri elə ruslar yazıq ediblər. Bütün dünyadan erməniləri süpürüb gətirib Azərbaycan torpaqlarında yerləşdiriblər. Azərbaycan torpaqlarından azərbaycanlıları deportasiya edərək ermənilərə dövlət yaradıblar. Birincisi, çarlar vaxtı. İkincisi,Stalinin vaxtında - 1948-ci ildə yarım milyon azərbaycanlılar sürgün edildi, onların yerində xaricdə qalan ermənilər yerləşdirildi. Ondan sonra Stalin pis oldu, "dobrıy" Qorboçov gəldi. Bu da 1988-89-cu illərdə Ermənistanda qalan azərbaycanlıları tamamilə çıxartdı. Boris Yeltsin də gəldi və 20 faiz torpağımızı işğal etdirdi. Onun işğalını da Putin möhkəmləndirdi. Bu gün də DQ məsələsi ətrafında vəziyyət dəyişməz olaraq qalır. Rusiyanın DQ siyasətinin mahiyyəti hər kəsə aydındı. On səkkiz ildi ki, Rusiya bu siyasətini davam etdirir. Problemin həllinə imkan vermir.
- Rusiyanın Cənubi Qafqazla bağlı siyasətini aktivləşdirməsi bir növ Qərbin buradakı mövqelərinin zəifləməsindən sui-istifadə etməsi deyilmi?
- Rusiya hər zaman əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Çünki həmişə əlinə düşən imkandan istifadə edib, bir yeri işğal etməyə çalışır və sonuncu dəqiqəsinə qədər də bu siyasəti davam etdirəcək. Bu, Rusiyanın dəyişməz siyasətidir. Rusiya bizim yaxın qonşumuzdur. Amma biz həmişə bu ölkədən gələn təhlükələr qarşısındayıq. Bunu da bilməyimiz lazımdır. Qaldı Amerikanın mövqeyinə, Amerika üçün Azərbaycanın probleminin həlli prioritet deyil. Amerikada heç Rusiyadan region ölkələrinə gələn təhlükələr də nəzərə alınmır. Onların siyasəti belədir ki, bölgədə maraqlarını lap beş ildən sonra da Rusiyanı sıxışdırıb təmin edə bilərlər. Çünki Amerika dünyada ən güclü iqtisadiyyata malikdir və həmişə də qalibdir. Bizim Amerikadan da nəsə gözləməyimiz yersizdir. Biz nə Amerikaya, nə də Rusiyaya diqtə edə bilmərik. Sadəcə, işimizi elə qurmalıyıq ki, sonda nəticə bizim xeyirimizə olsun. 
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov DQ münaqişəsinin həlli ilə bağlı açıqlamasından belə anlaşıldı ki, Rusiya razılaşdırılmayan əsas məsələləri kənara qoymaqla tərəflərin  saziş imzalamasını istəyir. Bu, elə problemin həllinin rəsmi şəkildə dondurulması demək deyilmi?
- Bilirsinizmi, mən artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupundan, onların irəli sürdüyü Madrid təkliflərindən, Rusiyanın ortaya atdığı Sankt-Peterburq təkliflərindən danışmağı mənasız sayıram. Çünki bu vaxta qədər nə Minsk Qrupunun işinin bir nəticəsi olub, nə də ortaya hansı təklifin qoyulmasından asılı olmayaraq, Rusiya və Ermənistanın mövqeyi dəyişməyib. On səkkiz ildir bizim başımızı belə mənasız təkliflərlə yorurlar. Ona görə də, hesab edirəm ki, Lavrovun dediyi təkliflərin heç bir perspektivi yoxdur. Ümumiyyətlə, bu problemin həllini tapması üçün Rusiyanın mövqeyi dəyişməlidir. Yaxın perspektivdə isə belə bir dəyişiklik gözlənilmir. Çünki DQ münaqişəsinin həlli Rusiyanın marağında deyil. Ona görə də, nəsə gözləməyə dəyməz.

Digər xəbərlər