PDF Oxu

Müsahibə

  • 9

ABŞ istəsə, erməniləri yerində oturda bilər

ABŞ istəsə, erməniləri yerində oturda bilər

Rusiyanın Ermənistandakı hərbi bazalarının müddətinin uzadılması Cənubi Qafqazda geosiyasi proseslərin yenidən aktuallaşması ilə müşayiət olunmaqdadı. Rusiyanın regionla bağlı atdığı son addımların bölgədə təhlükəsizlik risqlərini artırdığı önə çəkilməklə yanaşı, bunun həm də DQ münaqişəsinin nizamlanması prosesinə də mənfi təsir edəcəyinə dair versiyalar irəli sürülməyə başlayıb. Cənubi Qafqazda hərbi balansın dəyişməsi nə kimi problemlərə yol aça bilər? DQ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqların bundan sonrakı taleyi daha çox hansı ölkədən asılı olacaq?

- Ermənistandakı Rusiya hərbi bazalarının daha 49 il müddətə uzadılması ilə bağlı Rusiya və Ermənistan arasında saziş imzalanması region ölkələri üçün təhlükəsizlik risqlərini artırıb. Artıq Ermənistanın müdafiə naziri bəyanat verib ki, Azərbaycan hərbi əməliyyatlara əl atsa, Rusiya Ermənistanın arxasında dayanacaq.
- Ermənistanda Rusiyanın hərbi bazası onsuz da əvvəldən var idi. İndi də olduğu kimi qalacaq. Bu bazaların Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində iştirakı üçün heç bir əsas yoxdu. İndi ermənilər çox şey deyə bilərlər. Azərbaycan Ermənistana hücum etsəydi, bu halda, Rusiya Ermənistanın sərhədlərini qorumağı öz üzərinə götürə bilər. Sazişdə bunu yazıblarsa belə, bunu gətirib problemin həllinə bağlaya bilməzlər. Azərbaycan işğal olunmuş ərazilərimizin azad olunması üçün müharibə başlasa belə, gedib Ermənistana hücum etmək niyyətində deyil. Bizim məqsədimiz ermənilərin işğal etdiyi öz ərazilərimizi azad etməkdi. Rus qoşunlarının Dağlıq Qarabağa gəlməsinə və orada hansısa əməliyyatlar keçirilsə belə, ona müdaxilə etməyə heç bir hüquqi əsaslar yoxdu.
- Sizcə, bu saziş Rusiyanın yenidən Ermənistanı silahlandırması üçün əsas olmayacaqmı? Məsələn, əvvəllər 102 saylı bazada rus əsgərlərinin sayının 4 - 5 min nəfərə yaxın olduğu bildirilirdisə, artıq rus hərbçilərin sayının 12 min nəfərə çatdırıldığı haqqında məlumatlar yayılıb.
- Bu vaxta qədər orada rus bazası olduğuna görə, onsuz da Rusiya tərəfdən ermənilərə gizlin şəkildə kömək edilirdi. Yəni bu təzə məsələ deyil. Təbii ki, bundan sonra da ermənilərə necə kömək ediblərsə, onu davam etdirəcəklər. Ancaq hərbçilərin sayının artırılması doğru deyil. Bu vaxta qədər də rus bazasında beş min hərbçi var idi. Onun da yarısı ermənilərdən ibarətdir. Hərbçilərin sayının 12 min nəfərə çatdırılması inandırıcı deyil. Sadəcə, belə xəbərləri mətbuatda yaymaqla ola bilsin, Azərbaycana hədə-qorxu gəlmək istəyirlər. Ancaq bu da mümkün deyil. Azərbaycanın artıq öz gücü, hərbi potensialı var.
- Ermənistanla hərbi müttəfiqliyin müddətinin uzadılmasından əvvəl Rusiya Abxaziyada S-300 raket komplekslərinin qurulmasını həyata keçirdi. Belə çıxmırmı ki, Rusiya Qərbin regionla bağlı siyasətində boşluq yaratmasından istifadə edərək Cənubi Qafqazı öz nəzarətinə keçirmək istəyir?
- Təbii ki, bu maraqlar var. Amma bir məsələ də var ki, tutaq ki, Rusiya sabah Ermənistanda hərbi texnikasını, əsgəri qüvvələrinin sayını artırmaq fikrinə düşdü. Bunu reallaşdırmaq üçün Rusiyanın Ermənistana yolu olmalıdı. Buna yol yoxdu axı. Bu texnikanı nə Azərbaycan öz üzərindən keçirilməsinə yol verə bilər, nə də Gürcüstan. Türkiyə tərəfindən də yol verilən deyil. Qalır bircə variant, o da Xəzər dənizi vasitəsi ilə İrandan keçməklə Ermənistana yol tapmaqdır. Nəzərə alsaq ki, hazırda İran da sanksiya altındadır, İranın da buna razılıq verməsi çətin məsələdir.
- Ermənistanla hərbi əməkdaşlıq sazişinin imzalanmasından əvvəl Rusiya DQ münaqişəsi ilə bağlı nizamlanma prosesində "Sankt-Peterburq" təkliflərini ortaya atmaqla danışıqlarda fasilə yaranmasına əsas yaratdı. Rusiyanın son davranışları Bakı ilə Moskva arasındakı münasibətlərə təsir edəcəkmi?
- Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri gözlənilir. Baxaq görək Rusiya prezidenti hansı təkliflərlə gəlir. Rusiyanın Ermənistanda Azərbaycandan umduğu istəkləri yoxdu. Çünki ermənilərin rusa veriləsi bir şeyləri yoxdu. Özləri dilənçidir. Rusiyanın Azərbaycandan xeyli istəkləri var. İndi Medvedev əliboş gələcəksə, əliboş da gedəcək. Amma burada bir məqama da diqqət yetirmək lazımdı. Əslində, Dmitri Medvedevin səfərinin sentyabrın axırlarında baş tutması nəzərdə tutulurdu. Amma indi səfər sentyabrın əvvəlinə keçirilib. Bildiyim qədər bu, Azərbaycan Prezidentinin ABŞ-a gözlənilən səfəri ilə bağlıdır. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının sessiyasının açılışında iştirakı gözlənilir. Təbii ki, orada Prezidentin ABŞ rəhbərliyi ilə də görüşü olacaq. Ola bilsin ki, Rusiya narahatdır ki, Ermənistanla saziş imzaladıqdan sonra Azərbaycan ABŞ-la başqa məsələləri də müzakirə edə bilər. Ona görə də səfərin vaxtı dəyişib.
- Prezidentlərin Sankt - Peterburq görüşündən sonra DQ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda fasilə yarandı. Danışıqların bundan sonrakı perspektivini necə görürsünüz?
- Ortalıqda konkret məsələlər var. Konkret mövqe də ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərindən ermənilər çıxmağa başlamasa, biz nə Ermənistana yol açasıyıq, nə Rusiyanın bir çox istəklərinə müsbət cavab verəsiyik. Sentyabrda həmsədrlər gələsidir. Ondan sonra qarşıda ATƏT-in Qazaxıstanda sammiti olacaq. Bir məsələ aydındır ki, ortada Minsk Qrupunun konkret şəkildə təklifləri var. Orada məsələlər daha kompleks şəkildə əksini tapıb. Rusiya getdi, Ermənistanda hərbi bazasının qalmasının müddətini uzatdı. Bununla nə dəyşdi ki? Onsuz da bazaların qalması ilə bağlı əvvəlcə imzalanmış müqavilənin vaxtının bitməsinə hələ on il qalmışdı. Ona görə də Rusiyanın gedib yenidən vaxtı uzatması mənasız idi. Amma Qəbələ RLS-nin icarə müddəti bitmək üzrədir. Gələn il ya müqavilənin uzadılması, ya da bağlanması məsələsi gündəlikdə ola bilər. Bu məsələ ilə bağlı qərarın necə verilməsi isə, təbii ki, Rusiyanın davranışlarından asılı olacaq. hər şey qarşılıqlıdı. Doğrudur, biz gedib Rusiyaya meydan oxuyası deyilik. Amma hər bir tərəfdən istəklər var. O istəklərin həyata keçirilməsi də qarşılıqlı olmalıdı. Bunu Rusiyada da çox gözəl anlayırlar. Ola bilər ki, Rusiya Ermənistanla bağlı addımlarını sığortalamaq üçün çalışacaq ki, bir az bizim də könlümüzü alsın. Hətta bizə silah satmağı təklif edə bilər. Yəni həyat davam edir. Hər şey proseslərin gedişindən asılı olacaq. Biz Rusiyanın davranışına uyğun olaraq öz siyasi xəttimizdə də korrektələr edə bilərik. Hər bir halda bizim Ermənistanı üstələmək imkanımız var. O xətlə də davam etməliyik.
- Münaqişənin həllinə dair təkliflərin yenidən hazırlanması və ya Madrid təkliflərinin başqa təkliflərlə əvəz edilməsi kimi məsələlər gündəmə gələ bilərmi?
- Bizə heç kim öz təkliflərini sırımaq imkanında deyil. Nə güclə, nə də hansısa asılılığımızdan istifadə etməklə. Azərbaycana qarşı belə imkanlar yoxdur. Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır. Ermənistan isə asılı vəziyyətdədir. Minsk Qrupu Ermənistanın xoşuna gəlməyən təkliflər irəli sürərsə, erməni nə edəcək bu ölkələrə? Doğrudur, indiki vəziyyətdə hər şey Rusiyadan asılıdır. Əgər görsək ki, Rusiya Ermənistana təzyiq edir, onda bizim Rusiyaya bir münasibətimiz olacaq. Görsək ki, Rusiya Ermənistanı yenə də dəstəkləyir, onda da başqa münasibət olacaq. Azərbaycanın imkanları genişdir. Bizim Rusiyaya meydan oxumaq fikrimiz yoxdur. Amma Rusiya da əbədi deyil. Hər ölkənin öz maraqları, öz istəkləri var. Onların təmin olunması da qarşılıqlı şəkildədir. Bizim istəklərimiz təmin olunmasa, bu halda, öz siyasətimizi Rusiyanın xoşuna gəlməyən şəkildə də apara bilərik. Məsələn, Rusiyanın Gürcüstanla münasibətləri pisdir. Biz Gürcüstanla daha da yaxınlaşıb, Ermənistanı sıxışdıra bilərik. Belarusla münasibətləri pisdir, biz Belarusla münasibətlərimizi yaxınaşdırıb o tərəfdən öz mövqeyimizi göstərə bilərik. Yəni Azərbaycanın da əlində müəyyən imkanlar var.
- Rusiya və Ermənistan arasında saziş imzalanmasından sonra Azərbaycanda da türk hərbi bazalarının yerləşdiriməsinin mümkünlüyünə dair fikirlər səsləndirilir. Bu, nə qədər real görünən məsələdir?
- Rusiya və Türkiyə arasında 1921-ci ildə imzalanmış müqaviləyə əsasən Naxçıvan və Acarıstan istisna olmaqla, qalan ərazilərə nəzarət Rusiyaya keçmişdir. İnanmıram ki, Türkiyə indi Acarıstana gəlmək fikrində olsun. Ancaq Naxçıvanla bağlı öhdəliklər qüvvədədir və bu öhdəliklər Türkiyəyə belə bir addım atmağa imkan verir. Ancaq inanmıram ki, bu, ciddi müzakirə predmetidir. Zərurət yaranarsa, yalnız bu halda hansısa addım atıla bilər.
- Rusiyanın Azərbaycana S-300 raket kompleksinin satmağı təklif etdiyinə dair xəbərlər yayılır. Bu reallığa nə qədər yaxın sayıla bilər?
- Kifayət qədər inandırıcıdır. İstisna etmirəm ki, Rusiya Qarabağ münaqişəsinin həllinə kömək etməsə də, belə bir təklif irəli sürə bilər. Mənim şəxsi düşüncəm belədir ki, əgər doğurdan da, həmin silahdan almağa imkan varsa, həmin silahları ya Amerikadan almaq olar, ya da Macarıstandan. 4-5 komplekt də Bolqarıstanda var və bu ölkə indi həmin silahları satmağa hazırdı. Məncə, onlardan alsaq daha yaxşı olar, nəinki Rusiyadan. Amma təbii ki, bu, mənim mülahizəmdir.

Digər xəbərlər