PDF Oxu

Müsahibə

  • 11

Münaqişənin həlli ilə bağlı məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılması gündəlikdədir

Münaqişənin həlli ilə bağlı məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılması gündəlikdədir
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prezidentlərin Sankt-Peterburq görüşündən sonra ermənilərin ortaya yeni təkliflər olmasına dair məsələ atması prosesdə fasilə yaratdı. Sizcə, bundan sonra sülh danışıqlarının taleyi necə olacaq?
- Bu məsələ Azərbaycan üçün vacib olduğundan, hər zaman Azərbaycan Prezidentinin diqqətindədir. Azərbaycan Prezidenti bu problemin həllinə çox vaxt ayırır. Bütün vacib görüşlərində, bəyanatlarında bu məsələ ətrafında fikir mübadiləsi aparır və mövqeyini bildirir. Elə bu günlərdə Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı da Azərbaycan Prezidenti bununla bağlı qəti mövqeyini bildirdi. O, qeyd etdi ki, bu gün biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı gedən danışıqların son mərhələsindəyik. Doğrudan da, artıq 5-6 ildir ki, danışıqlar gedir, buna çoxlu səylər qoyulub. Yaxşı-pis ATƏT-in Minsk Qrupu həmsədrləri də çalışıblar. Eyni zamanda, bu istiqamətdə həmsədr ölkələrin xarici işlər nazirləri, prezidentləri də müəyyən səylər göstəriblər. Həmçinin, Azərbaycan Prezidenti də öz tərəfindən bütün lazımi səyləri göstərib və bütün bu səylərin nəticəsi kimi Madrid təklifləri ortaya çıxıb. Madrid təklifləri bizim hazırladığımız təkliflər deyil. Həmsədr ölkələrin və onların ATƏT-in Minsk Qrupundakı nümayəndələrinin hazırladığı təkliflərdir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatların da mövqeyi olub, həmsədr dövlətlərin prezidentlərinin də bir sıra bəyanatları olub. Bunların hamısı onu göstərir ki, son zamanlar bu məsələyə diqqət həddən artıq artmış və danışıqların indiki mərhələsi beynəlxalq birlik və təşkilatlar tərəfindən dəstək tapır. Bizim özümüzün də ümidlərimiz böyük idi ki, son danışıqlar zamanı bu istiqamətdə mühüm addımlar atıla bilər. Təəssüflər olsun ki, Sankt-Peterburqda olan görüş zamanı Ermənistanın prezidenti bu məsələ ilə bağlı, belə çıxır ki, yeni bir mövqe ortaya qoydu. Bunun da əsas bir səbəbi var. Bunu biz anlamalıyıq. Ən birinci və əsas səbəb odur ki, Ermənistanın indiki rəhbərləri separatçı rəhbərlərdir və avantürist siyasət irəli sürürlər. Onların siyasətlərinin də əsas canı hakimiyyətdə qalmalarını təmin etməkdi. Ona görə müəyyən qarşılıqlı razılaşmalar əsasında Madrid təklifləri əsasında münaqişənin həllinə ötən ilinin dekabrından bununla bağlı mövqe bildirəcəyinə söz vermiş Ermənistan prezidenti birdən-birə belə başa düşdü ki, ictimaiyyət və ya xalq onun hakimiyyətini arxivə göndərə bilər. Ona görə də onların yenidən müxtəlif təklifləri ortaya atması, sadəcə olaraq, danışıqların yenidən uzadılmasına və yaxud da onun həllinə mane olan bir addımdı. İndi münaqişə ətrafındakı vəziyyət barədə danışanda hamı bilir ki, bu illər ərzində prosesin irəli aparılması üçün müəyyən addımlar atılıb. Ona görə də danışıqlar prosesi daha uzadıla bilməz. Xüsusilə də Ermənistan tərəfi bunu uzada bilməz. Düşünürəm ki, sentyabr ayında həmsədrlərin bura planlaşdırılan səfəri zamanı geniş müzakirələr aparılacaq. Bu müzakirələrdən sonra konkret bilincək ki, hansı addımları atmaq lazımdır.
- Sentyabrda BMT Baş Assambleyasının 65-ci sessiyası da öz işinə başlayacaq və sessiyanın gündəliyində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"lə bağlı məsələ də var. Ötən il Azərbaycan müvəqqəti olaraq müzakirələri təxirə saldı. Danışıqlar ətrafındakı hazırkı vəziyyətdən baxanda bu sessiya çərçivəsində müzakirələrin keçirilməsi ehtimalı daha real görünmürmü?
- Həm beynəlxalq birlik, həm də bir sıra təşkilatların nümayəndələri ki, var onlar müəyyən dairələrin təsiri altında, əslində, Azərbaycanın bu məsələni BMT-də və onun Baş Assambleyasında müzakirəyə çıxarmasının əleyhinə çıxış edirlər. Daha doğrusu, əleyhinə deyil, daha çox tövsiyə edirlər ki, bunu etmək lazım deyil. Bu müzakirələr danışıqlara mane ola bilər və s. Buna baxmayaraq, bu məsələ bizim gündəliyimizdədir. Həm də BMT-nin Baş Assambleyasının gündəliyindədir. BMT Baş Assambleyasından başqa biz bu məsələni vaxtaşırı olaraq digər mühüm və universal beynəlxalq təşkilatlarda da müzakirəyə çıxararaq bu məsələdə beynəlxalq birliyin dəstəyini qazanmağa çalışırıq. Yəni ki, bu məsələ bizim gündəliyimizdən çıxmayıb və prinsip etibari ilə, ola bilsin ki, biz bu məsələnin üzərində daha fəal iş aparacağıq.
- Türkiyənin DQ münaqişəsinin nizamlanması prosesiilə bağlı aktivliyi son illər artıb və BMT Baş Assambleyasındakı müzakirələr həm də Türkiyənin BMT TŞ-də ikiillik sədrliyi vaxtına düşür. Sizcə, bunun müzakirələrə nə kimi təsiri ola bilər? Yəni Ermənistana qarşı hansısa sərt qərarların qəbulu və ya digər addımların atılması formasında...
- Bununla bağlı sizin Türkiyənin mövqeyi nöqteyi-nəzərdən dediklərinizlə tamamilə razıyam. Son bir neçə ildə, xüsusilə də bir-iki ildə beynəlxalq birliyin müəyyən addımları var idi ki, onların qarşısını Azərbaycan və Türkiyə arasında möhkəm fundamenti olan dostluq və qardaşlıq münasibətləri aldı. Düşünürəm ki, Azərbaycan -Türkiyə münasibətləri elə bu istiqamətdə də davam edəcək. Çünki elə bu illər ərzində bu münasibətlər çox böyük imtahanlardan, çox böyük sınaqlardan uğurla çıxdı. Baxmayaraq ki, müəyyən təzyiqlər var idi və bunlarda müəyyən mənada Ermənistanın maraqlarına daha çox xidmət edirdi. Bu nöqteyi-nəzərdən əminliklə deyə bilərəm ki, Türkiyə prezidentinin fəaliyyəti bu məsələ ilə bağlı çox güclüdür. Eyni zamanda, burada Azərbaycana çox güclü dəstək göstərilir. Təbii ki, BMT Baş Assambleyasında biz bu məsələni qaldıran zaman Türkiyənin orada olması böyük bir dəstəkdi. Eyni zamanda, Türkiyənin qeyri-daimi üzvü olması da, şübhəsiz ki, bizim üçün bir köməkdi. Ancaq orada başqa qurumlar da var ki, belə məsələlər qalxanda bir sıra böyük dövlətlər buna qarşı çıxırlar. Belə məsələləri gündəliyə çıxarmağı tövsiyə etmirlər. Bununla belə biz istəyimizə nail oluruq. Düşünürəm ki, bu dəfə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıya bilər.
- Türkiyə prezidenti Abdullah Gülün Bakı səfəri zamanı bir sıra mesaj xarakterli bəyanatlar səsləndirildi. Gələn ay Türkiyədə Türkdilli Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək. Sizcə, son vaxtlar türkdilli dövlətlərin aktivliyinin artması, tək Türkiyə və Azərbaycan deyil, Qazaxıstanın da proseslərdə fəallaşmasına reaksiyalar necə ola bilər? Türkdilli dövlətlərin mövqe nümayişi münaqişənin nizamlanması prosesinə hansısa şəkildə təsir edə bilərmi?
- Bununla bağlı bir məsələni də vurğulamaq lazımdır ki, son illər ərzində qazandığı nailiyyətlər, Azərbaycanın özünün mövqeyinin güclənməsi müəyyən mənada onun özünün münaqişə ilə bağlı mövqeyini də gücləndirir. Bu isə Ermənistanda çox böyük narahatçılıq yaradır. Digər tərəfdən isə, sizin dediyiniz kimi, əlbəttə, məntiqi bir çağırışdır. Həm Türkiyə Respublikası, həm başqa türkdilli dövlətlər, onların içərisində də bu gün ATƏT-də çox mühüm yer tutan Qazaxıstan Respublikasının da mövqeyi mühüm əhəmiyyət daşıyır. Əlbəttə, biz arzu edərdik ki, bu istiqamətdə başqa türkdilli dövlətlərin də mövqeyi çox güclü və möhkəm olsun. Onların güclü mövqeyi sayəsində, şübhəsiz ki, münaqişənin həlli istiqamətində daha yaxşı uğurlar qazanmaq olar. Amma bir məsələ də var ki, burada heç də hər şey bu ölkələrin vəziyyətindən asılı deyil. Burada üç dövlət var ki, ABŞ, Rusiya və Fransa danışıqlarda vasitəçi kimi birbaşa iştirak edirlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də onların mövqeyi çox güclü olduğu üçün bu münaqişənin həllində əsas məsələ onlardan asılı olacaq. Bununla yanaşı, eyni zamanda, Qazaxıstanın da, Türkiyənin də əgər türkdilli dövlətlər də öz dəstəklərini daha da gücləndirsələr, onların mövqeyi də müəyyən rol oynaya bilər.
- Rusiyanın Abxaziya ərazisində S-300 raket kompleksini yerləşdirməsinin Cənubi Qafqaz regionu üçün yeni təhlükəsizlik risqləri yaratdığı bildirilir. Azərbaycanın bununla bağlı mövqeyi necədir?
- Təkcə bu məsələ deyil. Bununla yanaşı, Ermənistanda da bununla bağlı müzakirələr gedir. Onlarda S-300 raket kompleksi ilə bağlı deyil, hərbi əməkdaşlıqla bağlı olan məsələlərdir. Ümumiyyətlə, mən deyə bilərəm ki, bu, başqa dövlətlərin öz işidi. Onların həyata keçirdikləri siyasətlərinin tərkib hissəsidir. Bu, bizim üçün elə böyük narahatçılıq yaratmır. Ona görə ki, Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan regionda yalnız sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın inkişafı üçün rol oynamağa çalışır və bu istiqamətdə bütün lazımi addımlar atır. Heç bir başqa dövlətin bir qarış torpağına belə iddiası yoxdu. Azərbaycanın əsas istəyi işğal olunmuş ərazilərinin azad olunması, öz ərazi bütövlüyünün təmin olunmasıdır. Buna görə də biz düşünürük ki, bizim başqa ölkələrlə elə bir problemimiz olmayacaq. Bu məsələ regionun başqa dövlətlərini, dünya dövlətlərini narahat edə bilər. Ona görə də, qoyun, onlar bu məsələ ilə məşğul olsunlar. Hələlik, heç dəqiq də deyil ki, bu məsələ baş verib, ya yox, bununla belə yenə də o fikri vurğulamaq istəyirəm ki, bununla bağlı bizim üçün heç bir narahatçılıq yoxdur.

Digər xəbərlər