PDF Oxu

Müsahibə

  • 16

"Jurnalistika fakültələrində qabiliyyət imtahanları yenidən bərpa olunmalıdır"

"Jurnalistika fakültələrində qabiliyyət imtahanları yenidən bərpa olunmalıdır"
- Adları mətbuatın "qara siyahı"sından çıxarılan mətbu orqanların bəziləri haqqında Mətbuat Şurasına şikayətlər daxil olub. Bu onların çətin islah olunduğunu deməyə əsas verirmi?
- Son olaraq mətbuatın "qara siyahı"sından 26 mətbu orqan çıxarılıb. Azərbaycan Mətbuat Şurası Milli Mətbuatın yaranmasının 135 illik yubileyi münasibətilə belə bir addım atdı. Mətbuat Şurası İdarə Heyətinin müvafiq qərarı ilə Şuranın "qara siyahı"sından çıxarılan nəşrlərin bəziləri barədə quruma şikayətlər daxil olub. Bu, etimaddan sui-istifadədir və belələrinin yenidən siyahıya qaytarılmasını şərtləndirir. Həmin qəzetlərin bir qismi çıxmayan, bir qismim isə səhvini başa düşən qəzetlərdir. Mətbu orqanların "qara siyahı"dan çıxarılma və siyahıya salınma ilə bağlı təlimat var. Mətbuat Şurasına həmin mətbu orqanların fəaliyyəti ilə bağlı şikayətlər yenidən daxil olarsa, onların yenidən "qara siyahı"ya salınması məsələsi müzakirə oluna bilər. Adı yenidən "qara siyahı"ya düşən mətbu orqanın isə uzun müddət bu siyahıdan çıxması çətin olacaq. Ümid edirəm ki, adları "qara siyahı"dan çıxarılan mətbu orqanlar onlara verilən bu etimadı itirməyəcəklər. Bəzi məqamlarla bağlı şikayət zəngləri olub. Amma peşə davranışı qaydalarının pozulması ilə bağlı əsaslı şikayətlər olmayıb. Olsa, təbii ki, cavabsız qalmayacaq.
- Qarşıdan parlament seçkiləri gəlir. Seçki prosesindən yazan jurnalistlərin peşəkarlığı sizi qane edirmi?
- Dünyanın bütün ölkələrində seçki öncəsi mətbuatda çılğınlıq olur, o cümlədən Azərbaycanda. Mətbuat vasitələrinin sayı, tirajlar artır. Mətbuatdan təbliğat və "qara piar" kampaniyası üçün istifadə olunur. Monitorinqlərimiz də göstərir ki, iyun ayından başlayaraq mətbuatda "qara piar" kampaniyası ilə bağlı materiallar artmaqdadır. Sözsüz ki, bu hal Şuranı narahat etməyə bilməz. Mətbuat Şurası var-gücünü ortaya qoymalıdır ki, mətbuatdakı vəziyyət 2003, 2005-ci ildəki vəziyyətə oxşamasın, mətbuat seçki prosesində üzərinə düşən missiyanı lazımınca yerinə yetirə bilsin. Son illər dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğının əsas vəzifələrindən biri də jurnalistlərin peşəkarlığının artırılmasıdır. Mətbuat Şurası müxtəlif illərdə seçkilərdən yazan jurnalistlər üçün kurslar keçirib. Azərbaycan jurnalistikası indi elə bir səviyyədədir ki, seçkilərlə bağlı yazan jurnalistlər üçün kursların keçirilməsinə ehtiyac yoxdur. Bununla bağlı monitorinqlərimiz davam edəcək və jurnalistlərin informasiya alması vəziyyətini izləyəcəyik. Hər hansı bir qanun pozuntusu olarsa, öz münasibətimizi bildirəcəyik. Azərbaycan jurnalistikası əvvəlki illərə nisbətən daha peşəkardır, o cümlədən seçkidən yazan jurnalistlər də bu kateqoriyaya aiddir. Ola bilər ki, seçkilərdə "qara piar"ın qarşısının alınması üçün kütləvi informasiya vasitələri və jurnalist təşkilatları tərəfindən bir məramnamə qəbul edək.
- Ümumilikdə jurnalistlərin ayrı-ayrı sahələr üzrə ixtisaslaşma səviyyəsini artırmağı qısamüddətli kursların öhdəsinə buraxmaq olar, yoxsa problemin kökü təhsil sistemindədir?
- Bu məsələ Azərbaycan mətbuatı üçün çox ciddi problemdir. Bu məsələ müzakirə edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Mətbuat Şurasında olarkən bu məsələ bir daha müzakirə olundu. Hesab edirəm ki, təhsilin bu sahəsi yenidən qurulmalıdır. Ali məktəblərim jurnalistika fakültələrində qabiliyyət imtahanları yenidən bərpa olunmalıdır. Azərbaycan jurnalistləri ixtisaslaşma səviyyəsini artırmaq üçün xarici ölkələrdə də təhsil almalıdır. İndiyə kimi bu məsələnin həllində lazımı addımlar ata bilməmişik. Bəlkə də bu jurnalistikanın maddi problemləri ilə bağlıdır. Ali Jurnalistika Məktəbinin yaradılması ilə bağlı razılığa gəlinib. Bu məktəbdə diqqət daha çox jurnalistlərin ixtisaslaşmasına yönəldiləcək.
- Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının tərkibinin genişləndirilməsi nəzərdə tutulub. Buna zərurət haradan yaranıb?
- "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının üzvləri Şuranın İdarə Heyətinin üzvləridir. İndi belə qərara gəlinib ki, bəzi məqamların araşdırılmasına ehtiyac var. İdarə Heyəti üzvlərinin isə vaxtları az olduğundan bir sıra məsələlərin araşdırılması imkanı yoxdur. İstəyirik ki, kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin gücündən istifadə edək. İlk vaxtlar ayrı-ayrı jurnalistlərin gücündən istifadə olunacaq, daha sonra Komissiyanın nəzdində müxtəlif sahələri əhatə edən jurnalistlərin iştirak etdiyi bir qrup yaradılacaq. Həmin jurnalistlər müxtəlif sahələr üzrə Mətbuat Şurasının araşdırmalarına yardım edəcəklər.
- "Qara piar"ın geniş yayılmasını mətbuatın maddi imkanlarının aşağı olması ilə əlaqələndirənlərin fikirləri ilə razısınızmı?
- Maddi imkanların aşağı olması mətbuatda "qara piar" olmasına rəvac verən amillərdən yalnız biridir. "Qara piar"ın geniş yayılmasının əsas səbəbi Azərbaycan mətbuatının hələ də siyasiyönümlü olmasıdır, siyasi məqsədlərə xidmət etməsidir. Mətbuat seçki kampaniyası zamanı tərəflərin ideologiyasını həyata keçirən vasitəyə çevrilir.
- "Diffamasiya haqqında qanun"un qəbulu ilə bağlı işlər hansı mərhələdədir?
- Biz ATƏT-lə iki istiqamətdə iş görürük, peşə davranış qaydalarının təkmilləşdirilməsi və "Diffamasiya haqqında qanun". İlk olaraq peşə davranış qaydalarını təkmilləşdirməliyik, daha sonra isə sözügedən qanunun qəbulunu sürətləndirməliyik. Hələ ki, proses davam edir. Fəaliyyətimizin ikinci mərhələsində, payızda Milli Məslisdə deputat qrupu ilə görüşəcəyik. Müxtəlif formatlı görüşlər keçiriləcək. Bütün bu görüşlərin məqsədi "Diffamasiya haqqında qanun"un qəbulunu sürətləndirmək olacaq.
- "KİV haqqında qanun"a edilən əlavə və dəyişikliklər "Diffamasiya haqqında qanun"la ziddiyyət yaratmır ki?
- "KİV haqqında qanun"a edilən əlavə və dəyişikliklər peşə davranışı qaydalarına düzəlişləri tələb edir. KİV haqqında qanun"a edilən əlavə və dəyişikliklər "Diffamasiya haqqında qanun"la ziddiyyət yaratmır. Burada bir sərhəd olmalıdır ki, jurnalist kimin şəklini çəkə bilər. Əgər bir şəxs insanlar tərəfindən seçilibsə, vəzifəlidirsə, jurnalist onun həyatına nə dərəcədə müdaxilə edə bilər. Bunların hamısı qanunla tənzimlənməlidir. Peşə davranışı qaydalarına düzəlişlərdə də məhz bu məqamlar nəzərə alınacaq. Hansı məqamda şəkil çəkmək olar, hansında yox? Kimlərin şəklini çəkmək olar, kimlərin yox? Kimlərin şəklini harada çəkmək olar? Bunlar çox incə məqamlar. Xarici ölkələrin mətbuatında da dəfələrlə bu məsələlərlə bağlı qarşıdurma yaranıb. Sərhədi müəyyənləşdirmək kifayət qədər çətin məqamdır. Həmin məqamlar yəqin ki, peşə davranışı qaydalarında əksini tapacaq.

Digər xəbərlər