ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil
- Musa müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gedişatını necə qiymətləndirirsiniz?
- Ermənistanın təcavüzü nəticəsində yaranmış, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirirəm.
- Ümumiyyətlə, Minsk Qrupu danışıqlar prosesində üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilirmi?
- ATƏT-in Minsk Qrupunun həmsədrləri üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilmirlər. Hesab edirəm ki, Minsk Qrupu 1992-ci ildə yaradılandan bugünkü günə qədər, həmçinin, həmsədrlik institutu yaradılandan sonra da həmin ölkələr qətiyyən öz üzərlərinə düşən vəzifəni, yəni onlara verilmiş mandatı yerinə yetirə bilmirlər. Burada elə ölkələr var ki, onlar Ermənistana çox isti münasibət bəsləyir və verilmiş mandata zidd olaraq, Ermənistana hərbi yardımlar edirlər. Bir sözlə, onun ərazisində hərbi baza saxlayırlar və hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz işlərinin öhdəsindən layiqincə gələ bilmirlər.
- Ermənistan rəhbərliyi tərəflərin konstruktiv anlaşmaya yaxın olduğu məqamlarda dəfələrlə müxtəlif bəhanələrlə konkret razılığa gəlməkdən yayınıb. Bu, nə ilə əlaqədardır və burada Rusiyanın təsiri nə dərəcədə rol oynayır?
- Bildiyiniz kimi, Ermənistan həmişə son məqamlarda boyun qaçırır və müxtəlif bəhanələrlə görüşlərdən, təkliflərdən imtina edir. Təbii ki, burada məqsəd aydındır ki, Ermənistan danışıqların vaxtını uzadır və vaxtı uzatmaqla da işğalı uzadır. Beləliklə də, bu münaqişəni unutdurmağa çalışır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanda daxili siyasi hakimiyyət məsələsinə təsir etmək amillinə çevrilib. Eyni zamanda, burada Rusiyanın təsiri danılmazdır. Çünki Ermənistan qətiyyən müstəqil deyil, daxili, eyni zamanda xarici siyasəti də Rusiyadan asılıdır. Bir sözlə, birmənalı şəkildə söyləmək olar ki, bizim ərazilərimizi Rusiyanın köməyi ilə Ermənistan işğal edib. Ermənistan təkbaşına heç bir zaman Azərbaycan ərazilərini işğal edə bilməzdi. Bir sözlə, burada Rusiya işarəni necə qoyursa, Ermənistan da həmin işarəyə uyğun olaraq addım atır.
- Elə isə işğalçı ölkə kimi münaqişənin əsas tərəfi Ermənistan olduğu halda, nəyə görə Azərbaycan torpaqlarının azad edilməsi üçün bu ölkəyə ciddi təzyiqlər edilmir?
- Ermənistanın Azərbaycanın torpaqlarının işğal etdiyi faktını heç kəs dana bilməz. Azərbaycanlıların öz tarixi torpaqlarından- Dağlıq Qarabağ və ətraf torpaqlardan məcburi köçkünə çevrilmələri faktını da, təbii ki, kimsə inkar edə bilməz. Amma o da faktdır ki, belə bir şəraitinidə Ermənistana təzyiqlər edilmir və güzəştlərdən danışılır. Bu isə ikili standartlardan və bəzən də çoxlu standartların olmasından xəbər verir. Hesab edirəm ki, burada çoxlu amillərin təsiri var. Bu amillər içərisində erməni təəssübkeşliyi və digər amillərin təsiri danılmazdır.