PDF Oxu

Müsahibə

  • 10

ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil

ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil

- Elşad müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların gedişatını necə qiymətləndirirsiniz?

- Ümumilikdə, ATƏT-in Dağlıq Qarabağ məsələsi ilə bağlı gedişatına qiymət verərkən, ilk növbədə, əldə olunan nəticəyə diqqət yetirmək gərəkdir. Hələ ki, ortalıqda real nəticə yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri daha çox imitasiya ilə məşğuldur. Danışıqların uzun müddət davam etməsinə baxmayaraq, Minsk Qrupu münaqişənin tənzimlənməsi, tərəflərin mövqelərinin yaxınlaşdırılması və konkret bir razılaşmanın imzalanması baxımından əhəmiyyətli nəticəyə nail ola bilməyib. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun fəaliyyəti tamamilə səmərəsizdir. Azərbaycan məsələnin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə, danışıqlar vasitəsilə tənzimlənməsinə səy göstərir. Amma gəlin görək, ATƏT bu münaqişənin tənzimlənməsi istiqamətində əməli bir fəaliyyət göstərirmi? Hesab edirəm ki, ATƏT-in bu istiqamətdə fəaliyyətini qənaətbəxş saymaq mümkün deyil.

- Ümumiyyətlə, Minsk Qrupu danışıqlar prosesində üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilirmi?

- ATƏT-in Minsk Qrupu həmsədrləri bu məsələ ilə bağlı üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilmir və yetirmək də istəmir. Təbii ki, onlar bunu bilərəkdən edirlər. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dan ibarətdir. Qısaca, ayrı-ayrılıqda onların bu istiqamətdə fəaliyyətini təhlil edək. Bu gün Rusiya Ermənistana qarşılıqsız, külli miqdarda hərbi yardım edir. Yəni, münaqişə edən tərəflərdən hər hansı birinə bu və ya digər formada yardım edən hər hansı bir dövlət vasitəçi ola bilməz. ABŞ-ın bu gün işğalçı Ermənistana yardım ayırması azmış kimi, Azərbaycanın işğalda olan ərazilərinə də yardım ayırır ki, orada separatçı rejim daha da gücləndirilsin. Bir sözlə, bu faktlar ondan xəbər verir ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmsədr dövlətlər münaqişənin tənzimlənməsi istiqamətində real addımlar atmaq istəmirlər.

- İşğalçı ölkə kimi, münaqişənin əsas tərəfi Ermənistan olduğu halda, nəyə görə Azərbaycan torpaqlarının azad edilməsi üçün bu ölkəyə ciddi təzyiqlər edilmir?

- Bizi düşündürən və münaqişənin tənzimlənməsini ləngidən məqam da, məhz sizin verdiyiniz suala bu günə kimi cavabın olmamasıdır. Daha doğrusu, cavab var və göz qabağındadır. Yəni, bunu açıq səsləndirmək lazımdır ki, bu gün, sadəcə olaraq, Ermənistana münasibətdə ikili standartlar sərgilənib. Digər tərəfdən, Ermənistanın qeyri-müstəqil, Azərbaycanın isə kifayət qədər müstəqil siyasət yeritməsi də burada öz rolunu oynayır. Yəni, burada müxtəlif amilləri qeyd etmək mükündür. Bu suala istənilən cavab ziddiyyətlidir. Bu gün ABŞ deyir ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyində həlledici halqadır, eyni zamanda, Ermənistana təsir göstərmir. Bu gün, Rusiya Qafqazı möhkəmləndirmək istəyir və bilir ki, Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan söz sahibi Azərbaycandır. Digər tərəfdən də, Ermənistana hərbi yardım göstərir və işğalçı ölkə ilə Azərbaycan arasında olan hərbi balansı bərpa etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bunu qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Yəni, Ermənistan bu gün Azərbaycanla 24 saat müddətində belə müharibə aparmaq iqtidarında deyil.

Digər xəbərlər