PDF Oxu

Müsahibə

  • 9

“Hərbi yol bizim üçün qaçılmaz yoldur"

“Hərbi yol bizim üçün qaçılmaz yoldur"
- Fazil müəllim, bildiyiniz kimi, bu günlərdə Haaqa Beynəlxalq Məhkəməsi 2008-ci ildə Kosovonun müstəqillik əldə etməsi haqda qərar qəbul etmişdir. Bundan ruhlanan ermənilər eyni məsələnin Dağlıq Qarabağda da tətbiq olunmasının vacibliyini bildirirlər. Onların anormal iddialarının reallaşması nə dərəcədə mümkündür?
- Kosovo məsələsi heç kimin gözləmədiyi bir nəticə ilə yekunlaşdı. Bu, o deməkdir ki, bəzi ölkələr separatizmi dəstəkləməkdə maraqlıdırlar. Onsuz da Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına mənasız cəhdlər göstərilir. Məsələdə Azərbaycan cəmiyyəti necə müqavimət göstərəcəksə, məsələnin həlli də bundan asılı olacaq. Azərbaycanın hələ ki, müqavimət göstərmək imkanları var. Xüsusilə xarici diplomatiyada bu məsələyə xüsusi diqqət yetirilir. Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi də açıqlamasında göstərdi ki, bu, münaqişə vəziyyətində olan digər bölgələr, xüsusilə, Dağlıq Qarabağ Cənubi Osetiya və Abxaziya üçün örnək və yaxud presedent ola bilməz.
- P.Semnebi səfəri zamanı onu da bəyan edib ki, Dağlıq Qarabağda hər hansı bir referendumun keçirilməsi hələ mümkün deyil. Yalnız müəyyən proseduralar yerinə yetiriləndən, müəyyən vaxt keçdikdən sonra referendumun keçirilməsi müzakirə oluna bilər.
- Bu referendumun keçirilməsi Azərbaycanın Konstitusiyasına ziddir. Ancaq o, Azərbaycanın bütün ərazisində keçirilə bilər. Onlar isə iddia edirlər ki, qaçqınlar qayıtdıqdan sonra Qarabağ ərazisində referendum keçirilsin. Azərbaycanın belə bir imkanı yoxdur ki, pasportsuz əlavə olaraq buraya əhali doldursun. Buraya ancaq keçmişdə burada yaşamış şəxslər köçürülə bilər. Onların da bir qismi vəfat edib, bir qismi başqa ölkələrə gedib. Bəziləri isə heç ümumiyyətlə qayıtmaq istəməyəcək. Ona görə də bütün hallarda bunun referendum ilə əlaqələndirilməsinin də bir məntiqi izahı yoxdur. Bütün hallarda Azərbaycandan torpaq qoparılmasından söhbət gedir və biz buna imkan verməməliyik.
- İddia olunur ki, Ermənistan tərəfi "5+2" formatında məsələnin həllinə müəyyən qədər maraqlı olduqlarını bildiriblər. Bu nə qədər səmimi və reallığı əks etdirən mövqe ola bilər?
- İndi erməni hakimiyyətinin, əslində, məsələdə müstəqil mövqeyi olmadığına görə onların nə söyləməsi də önəmli deyil. Onların nə söylədiyinin fərqinə varmaq lazım deyil. Rusiyanın nə söylədiyinin fərqinə varmaq lazımdır. Hətta mənə belə gəlir ki, bizim bəxtimiz onda gətirməyib ki, Rusiya məsələnin həllində maraqlı deyil. Maraqlı olmadığına görə Ermənistan hakimiyyəti vasitəsilə hər dəfə bir əngəl törətməyə başlayır. Halbuki Rusiya maraqlı olsaydı, münaqişənin yenilənmiş Madrid prinsipləri əsasında həllində fəallıq göstərərdi. Rusiya bu fəallığı da göstərmir. Baxmayaraq ki, bu məsələ ermənilərin xeyirinədir. Amma Rusiya heç məsələnin ermənilərin xeyirinə yekunlaşmasının də tərəfdarı deyil. Rusiya bölgədə münaqişənin qalmasına maraqlıdır. Çünki münaqişə həll olunduqdan sonra Rusiyanın ayrıca bir mandatla bölgədə qalmasının nə mənası qalır? Bu baxımdan, biz təhlükənin qalmasını nəzərə almalıyıq. Ermənistan rəhbərliyinin isə hansısa format irəli sürməsi çox da əhəmiyyət daşımır. Çünki Ermənistan rəhbərliyi ancaq məsələni uzatmaqla, yayındırmaqla məşğul olur. Bu da açıq-aşkar son gedişdən görünür.
- Ermənistan rəhbərliyi danışıqların Madrid prinsipləri əsasında deyil, Sankt-Peterburq təklifləri əsasında aparılmasının tərəfdarı olduqlarını bildirirlər. Bunun da arxasında rəsmi Moskvanın dayandığını demək olarmı?
- Ermənistan tərəfindən Madrid prinsipləri ilə bağlı əvvəlki mövqeyi indikindən fərqlənir. Əvvəllər bu prinsip əsasında müəyyən razılığın olmasını söyləyirdilərsə, yaxud da Laçın və Kəlbəcərlə bağlı söhbət ortaya qoyulurdusa, Ermənistan buna müəyyən dərəcədə danışıqların predmeti olaraq normal yanaşırdı. Amma müəyyən bir yekunlaşma ortaya çıxan kimi Ermənistan deyir ki, biz bu iki rayonla bağlı söhbət aparmamışıq. Ona görə də Ermənistanın məsələyə yanaşması sırf Rusiya vasitəsilə problemdən yayınmaqdır. Problemin həllinə Ermənistan risk etmir. Çünki bu risk Ermənistanda hakimiyyət bahasına başa gələ bilər. Qarabağ məsələsinin həllində hər hansı bir şəkildə obyektiv mövqedən çəkilmək, müəyyən dərəcədə məsələnin həlli istiqamətində 5-10 il qeyri-müəyyənliyin qalması hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər, istənilən vaxt cəmiyyətdə hakimiyyətin erməni maraqlarını satdığı barədə təbliğat gücləndikcə hakimiyyətin onsuz da zəifləmiş dayaqları daha da ciddi şəkildə çökə bilər. Ona görə də bu cür hallarda yeni formatlar ortaya atmaq məsələnin həllinə kömək eləmir, əksinə, yayındırmaq məqsədi güdür. Azərbaycan da bunu yaxşı başa düşür. Ona görə də prinsipial mövqe ortaya qoyub siyasi kursumuzu davam etdirmək lazımdır.

Digər xəbərlər