Azərbaycanda mükəmməl seçki təcrübəsi formalaşıb
- Natiq müəllim, payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı MSK-da texniki və digər məsələlərin həlli istiqamətində hansı tədbirlər həyata keçirilib?
- Payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı çoxsaylı işlər görülməkdədir. Hər il olduğu kimi, bu il də ölkə üzrə seçicilərin siyahısı yenidən tərtib olunub. Faktiki olaraq, vətəndaşlarımızın qarşıdan gələn parlament seçkilərində siyahılara daxil edilmə işi ilk mərhələdə başa çatıb. Artıq seçicilərimizin imkanı var ki, özləri və yaxınları haqqında internet vasitəsi ilə MSK-dan məlumat əldə edə bilsinlər. Məhz bu siyahılarda vətəndaşlar tərəfindən hər hansı həqiqətin dəqiqləşdirilməsi də həyata keçirilə bilər. Bunun üçün vətəndaşlar müvafiq məntəqə və dairə seçki komissiyalarına müraciət edərək, öz huquqlarını qorumağa nail ola bilərlər. MSK-nın bu məsələ ilə bağlı informasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə seçicilərimizə müəyyən məsələlərdə məsləhətlər verilir. Seçkilərin demokratikliyi seçici siyahılarından keçdiyi üçün MSK bu işə böyük önəm verib. Eyni zamanda, payızda keçiriləcək parlament seçkiləri ərəfəsində, yəni, səsvermə gününə 35 gün qalmış yenidən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçiriləcək. Əgər bu və ya digər səbəblərdən kimlərsə seçici siyahısına düşə bilməyiblərsə, burada da heç bir narahatlıq üçün əsas yoxdur. Çünki seçicilər səsvermə günü də daxil olmaqla, seçici siyahılarına daxil ediləcəklər. Bu isə onların seçici hüquqlarının qanunla tınınmasından sonra mümkün olacaq. Ona görə də, vətəndaşlarımız bugünkü imkanlardan istifadə edərək, seçici siyahıları ilə bağlı müraciətlər edə bilərlər.
- Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşlarının seçki siyahısı da MSK tərəfindənmi hazırlanıb?
- İşğal altında olan ərazilərimizdə yaşayan vətəndaşlarımızla bağlı artıq MSK müəyyən təkliflərlə çıxış edib. MSK tərəfindən Dağlıq Qarabağda yaşayan vətəndaşlarımızın seçki siyahılarına daxil edilməsi, onların seçkilərə qatılması ilə bağlı müsbət mövqedə olduğumuzu nümayiş etdirmişik. Hətta beynəlxalq qrumlara bu məsələ ilə bağlı müraciətlər də edilib. Amma çox təəssüflər olsun ki, beynəlxalq qurumlar da, bu istiqamətdə bizə heç bir köməklik göstərə bilməyib. Bunun obyektiv səbəbi isə ondan ibarətdir ki, ölkəmizin ayrılmaz hissəsi olan həmin ərazilər erməni qəsbkarlarının işğalı altındadır. Orada isə tamamilə xaotik bir vəziyyət hökm sürür. Bu baxımdan da, işğal altında olan Dağlıq Qarabağda və onun ətrafında olan Azərbaycan ərazilərində seçkilərin keçirilməsi də asan məsələ deyil. Bu gün Azərbaycanın tarixi torpaqları olan həmin ərazilərdə seçkilərin keçirilməsi mümkün olmasa da, yaxın gələcəkdə biz həmin tarixi ərazilərimizdə seçkilərin keçirilməsinə nail olacağıq. Burada digər məqam ondan ibarətdir ki, həmin ərazilərdən qaçqın və məcburi köçkünə çevrilmiş seçicilərimiz də müvafiq dairələr üzrə seçki siyahılarına daxil edilərək, onların seçkidə iştirakı təmin edilir. Eyni zamanda, bu qrupa aid olan seçicilərimizin passiv seçki hüququ da tanınacaqdır. Təəssüflər olsun ki, bələdiyyə seçkilərində qaçqın və məcburi köçkün vətəndaşlarımızın aktiv və passiv seçki hüquqları məhz Ermənistan tərəfindən pozulduğuna görə, bərpa edilməsi mümkün olmamışdır. Artıq bu ilin payızında keçiriləcək parlament seçkilərində və digər seçkilərdə vətəndaşlarımızın hüquqlarının bərpa edilməsi üçün imkanlar yaranıb.
Onu da əlavə edim ki, MSK-nın çoxsaylı normativ hüquqi aktları mövcuddur ki, onların da sayı artıq 100-ə çatıb. Bu aktlar təqribən 40 topluda cəmləşdirilib. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər artıq MSK-nın təlimat və qaydalarında öz əksini tapıb. Artıq MSK tərəfindən qarşıdan gələn parlament seçkilərini tənzimləmək üçün Seçki Məcəlləsinin tətbiqində çoxsaylı təlimat, qayda və izahlar qəbul edilib. Hazırda bu məsələlərin toplu halına salınaraq, aşağı seçki komissiyalarına çatdırılması işi gedir. Onu da qeyd edim ki, hər seçkidə olduğu kimi, payızda keçiriləcək parlament seçkilərində də siyasi partiya və blokların namizədlərinin irəli sürülməsi üçün işlər də, artıq əhəmiyyətli dərəcədə asanlaşıb. Yəni, seçkilərdə namizədlərin irəli sürülməsi, qeydiyyatı, imza vərəqələri və digər sənədlərin nümunələri hazırlanıb. Eyni zamanda, bu sənədlər istifadə üçün yararlı vəziyyətə salınıb və artıq komissiyalara çatdırılmaqdadır.
- MSK dairə seçki komissiyalarında monitorinqlər keçirir və vətəndaşlar arasında maarifləndirmə işi aparır. Ümumiyyətlə, bu işlərin nəticəsi barəsində nə deyə bilərsiniz?
- Monitorinq MSK-nın fəaliyyətində vacib bir istiqamətdir. Çünki burada başlıca məqsəd aşağı seçki komissiyalarının keyfiyyətli fəaliyyətinə nail olmaqdan ibarətdir. Ona görə də, MSK tərəfindən aşağı seçki komissiyalarının işi üçün münbit şərait yaradılır və sonradan da, onların fəaliyyəti yoxlanılır. Bu baxımdan da, MSK tərəfindən keçirilən monitorinqlərin parlament seçkilərində nəticəsini görmək mümkün olacaq. Qeyd edim ki, monitorinqlər ölkə üzrə aparılır, komissiya üzvlərinin rəhbərliyi ilə qruplar yaradılır. Bu qruplar, əsasən, komissiyanın fəaliyyətini yoxlayır. Eyni zamanda, dairələrin yerləşdikləri binalardakı vəziyyət, texniki təminatın səviyyəsi, onun saxlanma durumu da monitorinq qrupu tərəfindən nəzərdən keçirilir. Əlavə edim ki, payızda keçiriləcək parlament seçkilərinə qədər bu işlər yekunlaşacaq. Burada da, başlıca məqsəd yerlərdə seçkiləri təşkil edən şəxslərin keyfiyyətli fəaliyyətinə nail olmaqdan ibarətdir. Digər bir tərəfdən isə MSK tərəfindən həyata keçirilən maarifləndirmə işi cənab Prezident İlham Əliyevin Sərəncamından irəli gələn öhdəlikdir. Hər il olduğu kimi, bu ildə dairə və məntəqə seçki komissiyasının üzv və sədrləri üçün maarifləndirmə proqramı həyata keçiriləcək. Eyni zamanda, bu işə digər orqanların nümayəndələri də cəlb olunacaqdır. Ümumilikdə isə, seçkiyə aidiyyatı olan bütün qurumları bu prosesə cəlb edib seçki ilə bağlı maarifləndirmə işləri həyata keçiriləcək. Burada da, həm komissiya üzvlərinin maarifləndirilməsi, həm də, digər orqanların bu prosesdə iştirakı təmin ediləcək. Onu da, əlavə edim ki, MSK tərəfindən görülən işlər təkcə seminarlarla yekunlaşmır. Bu işlərlə yanaşı, treninqlər və maarifləndirmə işləri də geniş anlamda həyata keçirilir.
- Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər payızda keçiriləcək parlament seçkilərinin daha azad və demokratik keçirilməsində hansı yeni imkanlar yaradacaq?
- Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər müddətin qısaldılması və maliyyə məsələsi ilə bağlıdır. Bu dəyişikliklər bu günə qədər mövcud olan seçki təcrübəsinin təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi kimi xarakterizə olunur. Seçki qanununda edilən dəyişikliklər Azərbaycanda demokratik, ədalətli seçkilərin keçirilməsinə müsbət töhfə vermiş olacaq. Eyni zamanda, bu dəyişikliklər seçki təşkilatçılarının, seçkidə iştirak edən subyektlərin öz hüquqlarının lazımi qaydada həyata keçirilməsinə yardım göstərəcək. Bununla yanaşı, seçki subyektləri müəyyən müddət daxilində öz hüquqlarını həyata keçirmək imkanına tam malik olacaqlar. Ümid edirəm ki, bu seçkilər də, ölkəmizdə bundan öncə keçirilmiş seçkilər kimi daha ədalətli və daha şəffaf tərzdə keçiriləcəkdir.
- Seçki Məcəlləsinə Venessiya Komissiyasının tövsiyələrinə uyğun dəyişikliklər edilsə də, radikal müxalifət partiyaları yenə də bu hala qarşı qeyri-normal münasibət bəsləyirlər. Onların bu cür yanaşmalarını necə qiymətləndirirsiniz?
- Pozucu və dağıdıcı mövqe tutan qüvvələr, hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da də vardır. Onların yanaşmaları isə, həmişə olduğu kimi, bu dəfə də anormaldır. Çünki onlar istənilən məsələyə həmişə öz maraqları çərçivəsində yanaşdıqları üçün elə problemin kökündə də məhz bu amil dayanır.
Qeyd edim ki, seçki ilə bağlı dünyada böyük təcrübə mövcuddur. Bu gün inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda, orada da, seçki ilə bağlı təbliğat məsələsində daha qısa müddətin olduğunu müşahidə etmək olur. Onu da əlavə edim ki, bu gün yaxşı olmayan qununun əsasında mükəmməl seçki keçirmək olar və əksinə, yaxşı qanun əsasında qeyri-mükəmməl seçki keçirmək mümkündür. Ona görə də, seçkidə iştirak edəcək bütün subyektlər qanunda bu və ya digər qüsur axtarmaqdansa, seçkilərə normal hazırlaşıb elektoratla işləmək istiqamətində fəaliyyət göstərsələr, daha uğurlu nəticələr əldə edə bilərlər. Yəni, seçkiyə sərf edilməli vaxtı qanunun müzakirəsinə həsr etməyin heç bir əhəmiyyəti yoxdur. Bütün dünyada olduğu kimi, seçilmək və hər hansı bir mövqe tutmaq istəyən siyasi partiya seçici ilə işləməlidir. Onun nəzərə məsələlərin müzakirəsinə vaxt ayırması isə məqbul hal hesab edilmir. Ümumiyyətlə isə, seçicilərin etimadını qazanmaq tək seçki vaxtı olmur. Hər bir siyasi partiya, hər bir maraqlı şəxs, hər bir namizəd bilməlidir ki, seçki dövrü qalib gəlmək istəyi, təbii olsa da, seçkinin qalibi seçkiyə qədər olan fəaliyyətlə müəyyənləşir.
- Müxalifətin iddialarına görə, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər MSK-ya namizədlərin fəaliyyətini məhdudlaşdırmaq üçün yeni imkanlar yaradır. Onların məntiqsiz iddialarının arxasında xarici maraqlı qüvvələrin göstərişinin dayandığını söyləmək olarmı?
- Bir daha vurğulayıram ki, MSK-nın fəaliyyəti tam demokratikdir. Eyni zamanda, ölkədə seçki ilə bağlı siyasi iradə mövcuddur. Artıq hər kəs bilir ki, Azərbaycanda demokratik seçki ənənələri formalaşıb. Bununla yanaşı ölkədə formalaşmış elektorat mövcuddur. Məhz bu elektoratın hadisələrə münasibəti də məlumdur. Sadəcə olaraq, formalaşmış bu elektoratla işləmək lazımdır. Kimlərinsə, fəaliyyətinin MSK tərəfindən məhdudlaşdırılması məsələsinə gəlincə isə, qeyd etdimiz kimi, mövcud olan beynəlxalq təcrübədə daha qısaldılmış müddətlər və zəif tənzimlənmiş münasibətlər vardır. Ona görə də, bu istiqamətdə səslənən fikirlərin heç bir əhəmiyyəti yoxdur. Çünki ilk növbədə, beynəlxalq təcrübə bunu istisna edir. MSK-nın fəaliyyətinə gəlincə isə, heç kəsin hüququnun məhdudlaşdırılması üçün burada hər hansı bir iş görülməyib. Düşünürəm ki, seçkilərdə iştirak, seçicilərin rəğbətini qazanmaq, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da mövcuddur.