Ermənistanın davranışı Azərbaycanı müharibə yolunu seçməyə məcbur edir
- Elman müəllim, yeniləşmiş Madrid prinsiplərinə Ermənistan hakimiyyəti münasibət bildirmədiyi halda, Dağlıq Qarabağın statusu ilə bağlı yeni təklif irəli sürüb. Ermənistanın bu cür anormal mövqeyini necə izah etmək olar?
- Bu günə qədər Azərbaycan, eləcə də, dünya birliyi Ermənistandan işğal altında saxladığı Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe görməyib. Üstündən təxminən yeddi ay keçməsinə baxmayaraq, yenilənmiş Madrid prinsipləri ilə bağlı hələ də Ermənistan özünün konkret mövqeyini ortaya qoymayıb, vaxtı uzatmaq taktikasına, ənənəvi olaraq, riayət edir. Ermənistan hakimiyyəti bütün görüşlərində məhz Sankt-Peterburqda Rusiyanın irəli sürdüyü təklifləri qeyd edir və hesab edirlər ki, onun əsasında danışıqlar aparılmalıdır. Ermənilər, ilk növbədə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələni önə çəkmək istəyirlər. Əslində, bu yanaşma həm Praqa, həm də Madrid prinsiplərinin tələblərinə ziddir. Münaqişənin həlli ilə bağlı təkliflər ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti tərəfindən irəli sürülüb. Bu formatdan kənar razılaşdırılmamış təkliflər qəbuledilməzdir. Azərbaycan artıq çoxdan Madrid prinsiplərinə öz konstruktiv mövqeyini bildirib, Ermənistan isə Rusiyanın təklif etdiyi variantı qəbul edir. Bunu isə, təbii ki, Azərbaycan qəbul etməyəcək. Ermənistanın davranışı, qeyri-konstruktiv hərəkəti Azərbaycanı müharibə yolunu seçməyə məcbur edir. Sarkisyan qrupu Dağlıq Qarabağ kartı üzərində hakimiyyət əldə edən cinayətkarlardan ibarətdir.
- Ola bilərmi ki, Ermənistanın bu cür təxribatçı təklifi xalq arasında hakimiyyətə olan inamsızlığı aradan qaldırmağa və ölkə daxilində hökm sürən çaxnaşmanı müəyyən mənada ört-basdır etməyə hesablanır?
- Ermənistanda hal-hazırkı durum çox ağırdır. Ölkə daxilində olan problemlər, qarışıq münasibətlər, çətin ki, öz həllini tapsın. Ermənistan hakimiyyəti ölkə daxili iqtisadi-sosial vəziyyətin gərginləşməsi kimi problemləri arxa plana keçirməklə siyasi mahiyyəti önə çəkmək istəyirlər. Hər şeyi siyasətə qurban vermək istəyirlər. Hesab edirlər ki, bu cür təzyiqlərin fonunda Dağlıq Qarabağın taleyi ilə bağlı məsələlərdə çox böyük qətiyyət nümayiş etdirəcəklər. Ermənistan rəhbərliyinin son addımlarının kökündə daxili ictimai fikri sakitləşdirmək və öz hakimiyyətlərini uzun müddət qoruyub saxlamaq məsələsi dayana bilər.
- Yeniləşmiş Madrid prinsiplərini ATƏT-in Minsk Qrupunun həmsədrləri irəli sürüb. Ermənistan tərəfi isə təklifə münasibət bildirmək istəmir. ABŞ, Fransa, Rusiya və digər dünya siyasətinin müəyyənləşməsində rolu olan dövlətlər nəyə görə Ermənistana qarşı hər hansı sanksiya və təsir mexanizmindən istifadə etmirlər?
- Məsələ ondadır ki, Ermənistana təzyiq Rusiyaya təzyiq anlamına gəlib çıxır. Çünki Ermənistan Rusiyanın müttəfiqi, farpostudur. Ermənistana təzyiqlər edilsə də, bu təzyiqlər bir az səthi xarakter daşıyır. Nəzərə alsaq ki, Rusiya ilə ABŞ-ın daha ciddi problemləri mövcuddur. Bu münaqişə ilə bağlı Rusiyayla vəziyyəti gərginləşdirmək istəmirlər. Çalışırlar ki, xoşluqla Rusiyanın mövqeyində müəyyən dəyişikliyə nail olsunlar. Bu gün ABŞ və Fransa üçün Qarabağ probleminin həlli məsələsi həyati əhəmiyyətli deyil. Belə olsaydı, daha ciddi və kəsərli addımlar atardılar. Torpaqlarımızın işğal edilməsində Rusiya qədər ABŞ-ın da rolu az olmayıb. Rusiyanın Ermənistanda hərbi bazası var. Həmin bazanın saxlanması Ermənistanın hesabınadır. ABŞ, Rusiya və Fransa işğalçılıq siyasəti aparan, qonşu dövlətin torpaqlarını işğal edən Ermənistana maliyyə yardımları ayırır. Rusiya Ermənistana milyard dollar məbləğində silah-sursat verir, özünün müasir silahlarla silahlanmış ordusunu Ermənistanda yerləşdirir, onu maddi cəhətdən təmin edir və mənəvi dayaq göstərir. Bütün bunlara baxmayaraq Azərbaycan öz ərazisində fəaliyyət göstərən terrorçuları, qeyri-qanuni silahlı birləşmələri, separatçı qüvvələri ləğv etmək üçün böyük gücə malikdir. Ermənilərin təxribatına baxmayaraq Azərbaycan silahlı qüvvələri hər an ölkəsini müdafiə etməyə, ermənilərə istənilən cavabı verməyə və torpaqlarımızı işğaldan azad etməyə qadirdir.