- Qabil müəllim, məlum olduğu kimi, ATƏT-in xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində reallaşan qeyri-rəsmi görüşü çərçivəsində, Azərbaycan-Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandiyanın üç həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirdiyi beştərəfli görüşün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm mərhələ olacağı barəsindəki gözləntilər özünü doğrultmadı. Baş vermiş bu nəticəsizlik barədə nə deyərdiniz?
- Bilirsiniz, ilk öncə deyim ki, Ermənistana qarşı həm həmsədr dövlətlərin eləcə də, ATƏT üzvü olan ölkələrin bir Türkiyəni istisna etməklə, münasibətlərindəki loyallıq təcavüzkar ölkənin bu cür hərəkət etməyə vadar edən səbəblərdən biridir. Çünki biz Ermənistana qarşı ciddi təzyiqlər gözləyirik. Eyni zamanda, Ermənistanın indiyə qədər etdiyi hərəkətlərə siyasi qiymət verilməsini gözləyirik. Çünki Ermənistan təcavüzkardır, qonşu dövlətin ərazilərini işğal edib. Qaldı ki, Qazaxıstanın Almatı şəhərində keçirilən görüşün nəticəsizliyinə, bu gözləntiləri qabaqcadan da sezmək mümkün idi. Məsələ Rusiyanın problemlə bağlı yeni təkliflər irəli sürməsi ilə əlaqədardır. O təkliflər də Rusiya prezidenti Dmitri Medvedevin sentyabr ayında Yerevana və Bakıya səfəri zamanı açıqlanacaq. Artıq Almatı görüşü ərəfəsində bu, mətbuata ötürülmüşdü. Ona görə də ermənilər Almatıdakı 3+2 formatındakı danışıqları tamamilə pozan bir mövqe tutdular və yeniləşmiş Madrid prinsipləri əsasında irəli sürülən müddəaların müzakirəsinə baş qoşmadılar. Nəticə etibarilə görüşdə Azərbaycanın təklif etdiyi bir sıra məsələlər, o cümlədən, Kəlbəcər və Laçının, eləcə də digər rayonların qaytarılması ilə bağlı müzakirələr baş tutmadı. Ermənistan tərəfi yalnız bir şeyi təklif edir: Dağlıq Qarabağa status verilsin və bu statusu müəyyən edəcək detallar müzakirə edilsin. İşğalçının ittiham edilməsi əvəzinə, işğal faktının gerçəkləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və buna da 3 həmsədr ölkənin xarici işlər nazirinin heç bir müqavimət göstərməməsi özü ciddi təəssüf doğurur. Necə ola bilir ki, Azərbaycanın 20 faiz torpağını işğal etmiş bir dövlətin xarici işlər naziri uzun illərdir ki, birbaşa işğal faktını təsdiqləyib praktiki reallığa çevirə biləcək təkliflərdən başqa heç bir təklif eşitmək istəmir. Maraqlıdır ki, buna nə ATƏT-in zirvə toplantısında iştirak edən xarici işlər nazirləri, nə də bu görüşü hazırlayan 3 həmsədr dövlətin xarici işlər nazirləri heç bir reaksiya vermir. Nə qədər ki, Ermənistana təzyiq göstərilməyəcək və bu prosesin siyasi anatomiyası açılıb ona siyasi qiymət verilməyəcək, yəni, işğalçı ilə işğala məruz qalan ölkə anlayışları öz yerini, öz təsdiqini tapmayacaq, ermənilər danışıqlar prosesində özünü normal aparmayacaqlar. Ermənistan o qədər həyasızlaşıb ki, danışıqlar prosesində özünü işğalçı kimi deyil, işğala məruz qalan dövlət kimi aparır. Bu səbəbdən də Ermənistanın arxasında dayanan dövlətlər, dünya gücləri məsələyə münasibətdə ikili standartlardan çıxış edir və Ermənistana "yerində otur", "bəsdir bu qədər etdin, daha yetər" kimi kəlmələrini deməkdən çəkinirlər.
- Almatı görüşünün nəticələrinə dair verilən bəyanat, əvvəlki bəyanatlara sadiqliyini qorumaqla münaqişənin həllində bir neçə əsas prinsipin üzərində dayanır: millətlərin öz müqəddəratını təyin etməsi, Helsinki aktına əsaslanma, güc tətbiq etməmə və ərazi bütövlüyünün əsas götürülməsi. Sizcə, həmsədrlərin verdiyi bu bəyanat daha çox nəyə əsaslanır və göstərilən variantlar münaqişənin həlli üçün nə dərəcədə yetərlidir?
- Bəyanatda münaqişənin həlli üçün kifayət qədər əsaslar var. Əvvəla, güc tətbiq etməmək prinsipi Helsinki aktında var. Bu, İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdrilməsinin qarşısını almaq üçün irəliyə sürülmüş yeni bir prinsipdir. Onun ardınca qeyd edilir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməsinə qətiyyən yol vermək olmaz. Millətlərin öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu da Helsinki yekun aktında var. Bu prinsip XIX əsrin sonları, XX əsrin əvvəllərində kommunistlər, sosal-demokratlar tərəfindən ortaya atılmış bir prinsipdir. Bu, o dövrə təsadüf edir ki, millətlərin formalaşması prosesi başa çatır və milli dövlətlərin yaradılması dövrü başlayır. Həmin dövrdə 5 belə imperialist müstəmləkə var idi və bir neçə dövlət az qala bütün dünyanı öz nəzarəti altında saxlayırdı. Bax, o zaman millətlərin öz müqəddəratını təyin etməsi şüarı aktiv idi. Hətta bu, İkinci Dünya müharibəsindən sonrakı dövr üçün, yəni imperializmin müstəmləkə sisteminin dağılma prosesi dövrünə qədər aktual idi. Çünki millətlər müstəmləkə zülmündən azad olaraq öz müstəqilliklərini yaratmaq uğrunda mübarizə aparırdılar. İndi elə proses yoxdur. Erməni xalqının öz müqəddəratını təyin etməsi hüququndan danışırlarsa, onlar çoxdan öz müqəddəratlarını təyin edib və öz dövlətlərini yaradıblar. Azərbaycandakı bir ovuc erməni bura gəlmə bir xalqdır. Onlara öz müqəddəratını təyin etmək prinsipi şamil edilirsə, onda gərək dünyanın hər yerinə səpələnmiş və sayları 200 min olan milli azlıqların hamısına öz müqəddəratını təyinetmə hüququ verilsin. Təsəvvür edin. Məsələn, Gürcüstanın ərazisində abxazlar aborigen bir xalqdır. Onlar həmin ərazilərdə bəlkə də gürcülərdən də əvvəl yaşayırlar. Osetinlər də onun kimi. Nəyə görə bu xalqlar öz müqəddəratını təyin edə bilmir, amma Azərbaycan ərazisinə təxminən 200 il bundan əvvəl gəlmiş, bunun şərəfinə də özlərinə abidə qoymuş bir xalqa öz müqəddəratını təyin etmək hüququ şamil edilsin? Bu, açıq-aşkar ideologiyası bəlli olmayan bir tərəfkeşlikdir. Amma bunun arxasında ermənilərin açıq müdafiə olunması elementləri gizlənir və bu səbəbdən də bunu qəbul etmək çətindir.
- Qabil müəllim, danışıqlarda Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyi gözlənsə də, bu, baş vermədi. Sizcə, Ermənistanın bu mövqeyini davam etdirməsində hansı təsirlərin rolu var - Qərbin, yoxsa Rusiyanın?
- Artıq bütün dünya ölkələrinə də bəllidir ki, Ermənistan çox hiyləgər siyasət aparır. Qərbin mövqeyindən istifadə edir, amma daha çox Rusiyadan yararlanır. Ermənistan faktiki olaraq, Rusiyanın bir quberniyasıdır. Ermənistanda bütün proseslər Kremldən tənzimlənir və bütün təlimatlar da oradan gəlir. İndiki halda da Dağlıq Qarabağın nizamlanmasını bütünlüklə əlinə almış Rusiya prosesin həlli ilə özü məşğul olmaq istəyir. Bu səbəbdən də qeyd etdiyim kimi, sentyabrda Medvedevin Bakıya və Yerevana səfəri zamanı yeni formulanı ortaya atıb, problemin həllinə cəhd edəcəklər. Ermənistan bu cür halaypozanlıq edirsə, sözsüz ki, Rusiyaya arxalanır, eyni zamanda, Fransadan böyük siyasi dəstək alır. Amerikanın da mövqeyi Ermənistanın maraqlarına tam cavab verir. Buna görə də dünyanın bu məsələyə münasibətdə tutduğu mövqe beynəlxalq hüquq normalarına, Helsinki yekun aktının müddəalarına ziddir.
- Bildiyiniz kimi, Ermənistanın eks prezidenti Levon Ter-Petrosyan həm Dağlıq Qarabağ, həm də Ermənistan-Türkiyə sərhədlərinin açılmasında Rusiyanın roluna güvənməyi vacib sayaraq, Qərb üçün Dağlıq Qarabağ münaqişəsinin prioritet olmadığını söyləyibdir. Sizcə, erməni müxalifətçisinin bu şəkildə Qərbin üzərinə getməsi nəyə işarədir?
- Heç də mən Fransanı "bu məsələdə maraqlı deyil" damğası ilə ittihamlamağı düzgün saymıram. Çünki Fransa hətta Rusiya qədər bu məsələdə maraqlıdır. Sadəcə olaraq, proseslərə müdaxilə etmək üçün əlində kifayət qədər mexanizmlər və potensial yoxdur. Fransa da çox istəyir ki, Dağlıq Qarabağ müstəqil olsun və ikinci bir erməni dövləti yaransın. Bu, Fransanın ermənilərlə yaxınlığından və oradakı erməni diasporasının fəal təsirindən irəli gəlir. Ermənilər Amerikada da kifayət qədər böyük qüvvədir. Amma Amerika üçün Qarabağın kimdə olması o qədər də əhəmiyyətli deyil. Bütün bunlara baxmayaraq, tutduğu mövqe düzgün deyil. Yəni, millətlərin öz müqəddəratını təyin etməsi hüququnu Amerika müdafiə edib. Ona görə də Petrosyan Qərbi bir az da qızışdırır ki, daha çox maliyyə yardımına nail olsunlar. Amerika daha nə etməlidir? Bakının başı üzərindən Dağlıq Qarabağdakı separatçı rejimə 10 milyon ABŞ dolları yardım göstərir. Fransadan, Rusiyadan erməni separatçılarına nə qədər xəlvəti pullar, silahlar gəlir. Bunların hamısını hesablayıb ictimai rəyə təqdim edə bilmirik. Bəlkə erməninin nəyisə var, nəsə istehsal edir? Xarici dəstək olmasa Ermənistan bir gündə çökər. O cümlədən, Petrosyan hazırda müxalifətçi olsa da erməni təbiətini qoruyub saxlayır.
- Qabil müəllim, məlum olduğu kimi, Ermənistan tərəfi yenilənmiş Madrid sənədinə qarşıdır. Azərbaycan tərəfi isə bu sənədlə razıdır. Həmin sənədə uyğun olaraq bəzi rayonlardan sonra Kəlbəcər və Laçının 5 il müddətində qaytarılması təklifi də tərəfimizdən razılaşdırılıb. Ermənilər isə, yenə də bu təklifdən qaçırlar. Ümumiyyətlə, yenilənmiş Madrid sənədi formatında münaqişənin həllinin bizim üçün bəhrəsi nə olar? Ermənistanın məsələyə bu formada yanaşmasına səbəb nədir?
- Sözsüz ki, Ermənistan öz xeyirinə olmayan təkliflərdən həmişə yan qaçıb. Eyni ilə də irəli sürülən təklifdən. Çünki yeniləşmiş Madrid prinsiplərində nəzərdə tutulmuş müddəalar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə imkan vermir. Amma Azərbaycanın siyasi rəhbərliyi bu müddəalara razı olmaqla işğal olunmuş əraziləri sülh, danışıqlar yolu ilə qaytarmağa cəhd edirlər. Ona görə də işğal altında olan kənar 5 rayon qaytarılandan sonra Azərbaycanın davranışları tamamilə dəyişə bilər. Hər halda, ərazimizin strateji cəhətdən əhəmiyyətli olan bir hissəsini özümüzə qaytarmaq istəyirik. Yeri gəlsə, bunu, hətta müharibə ilə qaytaracağımızı bəyan etməklə, bunun bizim üçün çox əhəmiyyətli olduğunu nümayiş etdirmək istəyirik. Ona görə də Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul etməyə məcburdur və diplomatik gedişlər edir. Mən bunu bütövlükdə sülhyaratma prosesini irəliyə aparmaq məqsədilə atılmış addım kimi dəyərləndirirəm.
- Almatı görüşündə ötən danışıqlar ərəfəsində verilən bəyanatları xatırladan həmsədrlər, budəfəki sənədlə münaqişənin sülh yolu ilə həlli şərtini sanki qüvvətləndirdi. Sizcə, məqsəd nədir?
- Bilirsiniz, danışıqlar ərəfəsində verilən bəyanatları xatırladan həmsədrlər yenə də demək istəyirlər ki, silahlanma, hərbi büdcəni artırma, Ermənistana qarşı müharibə fikrində olma, Ermənistanı müharibə ilə təhdid etmə, torpaqlarını güc yolu ilə qaytarmağa cəhd etmə və sairə. Bir sözlə, Azərbaycanın əl-qolunu bağlamaq istəyirlər. Bu bəyanatı qəbul edən şəxslər bir dəfə də olsun Ermənistana tutduğu qeyri-konstruktiv mövqeyinə görə iradlarını bildiriblərmi? Bir dəfə də olsun hadisənin təfərrüatına diqqət yetirib onun haqqında səriştəli rəy bildiriblərmi? Xeyr. Ümumi sözlər, ümumi ritorika: "hər şey sülh yolu ilə həll edilsin". "Tos-tos" deməklə donuz darıdan çıxmır axı! Erməni nə Dağlıq Qarabağı, nə ondan kənarda olan işğal etdiyi torpaqları qaytarmaq istəmir. Dediyim ki, heç kəs də ona "işğalçısan, işğal etdiyin torpaqları qaytar" demir. Amma kamfulyajlı bəynatlarla sülh yaratmaq istəyirlər. Bu, çox riyakar və gerçəkliyə töhfə verməyən bir siyasətdir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. İndiyə qədər baş verən proseslərə düzgün siyasi qiymət verib, onun nəticəsində də tərəflərin günahını müəyyənləşdirmək lazımdır. Bütün bunlar da sülhyaratma prosesinin əsasında dayanmalıdır.
- Digər bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Bəllidir ki, Rusiya hər vəchlə danışıqlar prosesinin daxilinə nüfuz edir. Bəs Türkiyənin rolu nə yerdədir?
- Rusiya prosesin içindədir, Türkiyəni isə prosesə yaxın buraxmırlar. Amma Türkiyə prosesə təsir götərməyə çalışır. Ən azı sərhədləri açmaması prosesə təsirin bir formasıdır. ATƏT-in xarici işlər nazirlərinin görüşündə isə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan xarici işlər naziri ilə görüşdü və güman edirəm ki, lazımi tövsiyələrdə bulundu. Amma bütövlükdə hər şey Rusiyanın əlindədir, ona görə də bu məsələdə Rusiya ilə Türkiyənin mövqeyini eyniləşdirmək olmaz. Türkiyə proseslərə son dövrlərdə daxil olub və hər dəfə də müqavimətə rast gəlib.
- Siz elə fikirləşmirsiniz ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən aktivləşib?
- Heç də belə deməzdim. Bu, ötəri bir məsələdir. Türkiyə sərhədlərini Dağlıq Qarabağ problemi müəyyən bir mərhələyə gəlməyincə açmayacaq.