PDF Oxu

Müsahibə

  • 5

YAP parlament seçkilərinin favoriti olacaq

YAP parlament seçkilərinin favoriti olacaq
- Əkrəm müəllim, 2010-cu il 6 ayın yekunları ilə bağlı həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar torpaqlarımızın geri qaytarılmasına təsir edə bilərmi?
- Son illər ölkəmizdə çox böyük islahatlar həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi altında bütün sahələrdə proqramlar qəbul olunub və bu proqramlar əsasında Bakı şəhərinin infrastrukturunun yenidən qurulması, yeni yollar, körpülər salınması, turizmin inkişafı, qeyri-neft sektoruna aid olan sahələr, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün çox böyük islahatlar həyata keçirilir. Sözsüz ki, bu işlər davam etdiriləcək və eyni zamanda, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların intensivləşməsi tezliklə bu münaqişənin həll olunmasına böyük bir təkan olacaqdır. Madrid prinsipləri üzərində danışıqlar davam etdirilir. Eyni zamanda, cənab İlham Əliyevin xarici ölkələrə səfərləri və bu səfərlər zamanı Ermənistan rəhbərləri ilə görüşləri Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin konstruktiv mövqeyini nümayiş etdirir.
- Necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolundanmı keçir?
- Hələ sülh danışıqları yönündə imkanımız tükənməyib. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, sülh danışıqları bir nəticə verməsə, müharibə yolunu seçəcəyik. Müharibə heç bir tərəfə xeyir gətirmir. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe region ölkələri üçün təhlükə mənbəyi olaraq qalır. Regionda yenidən müharibənin başlaması Cənubi Qafqazda olan region ölkələrinin marağına daxil deyil. Biz müharibəyə qədər olan bütün vasitələrdən istifadə edib problemin həllinə çalışacağıq. Azərbaycanın güclü, fəxr olunacaq, böyük bir ordusu var. Hərbi əməliyyatların başlanacağı təqdirdə, igid və mərd Azərbaycan əsgəri çox qısa vaxt ərzində öz əsgəri borcunu şərəflə yerinə yetirəcəkdir. Günü-gündən güclənib, inkişaf edən Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böyük inkişafa nail olub.
Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı əzəmətli, müstəqil, suveren Azərbaycan dövləti hər zaman, hər yerdə öz sözünü deyib, deyir və deyəcəkdir.
Azərbaycan öz ərazisini erməni cinayətkarları və qaniçənlərindən mütləq təmizləyəcəkdir.
Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin böyük iradəsi, uzaqgörənliyi, yürütdüyü düzgün daxili və xarici siyasət sayəsində uğurla gələcəyə doğru addımlayır. Hər bir azərbaycanlı bununla fəxr edir və qürur duyur.
- Azərbaycanda seçki ənənəsi demokratik mühitin prinsipinə nə dərəcədə uyğundur?
- Azərbaycanda artıq seçki ənənəsi formalaşıb. Hər seçkidə də yeni-yeni texnologiyalar tətbiq olunur və seçki mühiti daha da təkmilləşir. Düşünürəm ki, builki parlament seçkiləri əvvəlkindən həm yeni üsulların tətbiqi baxımından, həm də daha geniş təbəqənin iştirakına şərait yaradacaq.
- Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə necə hazırlaşır?
- Cəmiyyədə olan partiyalar, siyasi qüvvələr bir neçə ay öncədən öz seçki platformalarını açıqlayıb. Ölkəmizdə ən böyük partiya olan YAP seçki proseslərinə qoşulub. YAP hər zaman, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərinə də hazırdır. İnanıram ki, YAP prezident, bələdiyyə seçkilərində olduğu kimi, builki parlament seçkilərində də qələbə qazanacaq. Hər zaman YAP mütərəqqi fikirləri ilə, müəyyən proseslərə yeniliklər gətirmək baxımından öndə gedən bir partiyadır. YAP son bələdiyyə seçkilərində bütün dairələrdə say baxımından öz namizədlərini irəli sürmüşdü, gənclərə və qadınlara daha çox üstünlük vermişdi.
Parlament seçkilərində YAP 125 dairənin hər birindən öz layiqli namizədlərini irəli sürəcək, noyabr ayında isə YAP-ın qələbə qazanmasının şahidi olacağıq.
- Parlament seçkilərində YAP-ın seçki taktikasında dəyişiklik gözlənilirmi?
- Bu istiqamətdə partiyanın rəhbər orqanlarında müzakirələr aparılır. Düşünürəm ki, hər zaman olduğu kimi, YAP vahid bir seçki platformasından, seçki təbliğatından istifadə edəcək. Seçki təbliğatı başlayanda bunun şahidi olacağıq.
- Radikal müxalifət proporsional seçki sisteminin bərpa edilməsini arzu edir. Onların bu arzuları nə dərəcə də reallığa çevrilə bilər?
- Onlar seçki prosesinə dair məsələlərə dair dəyişikliklərə radikal mövqedən yanaşırlar. Hər halda, mən çox istərdim ki, zaman keçdikcə bu yanaşmada müəyyən dəyişiklik olsun. Keçən parlament sessiyasında seçki qanunvericiliyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi, Seçki Məcəlləsinə müxtəlif dəyişikliklər edildi. Son illərdə bu məsələyə həm qanunverici orqan tərəfindən, həm də dövlət tərəfindən aydınlıq gətirilib. Radikal müxalifət hər zaman çalışır ki, müəyyən proseslərə kölgə salsın. Azərbaycanda gedən inkişafı, rəngarəng mexanizmi, texnologiyaları qavramaq istəmirlər. Seçki prosesinə dəyişiklik edilməsi artıq gecdir.
- Parlament seçkilərinin favoriti hansı partiya olacaq?
- Hər zaman olduğu kimi, favorit partiya Yeni Azərbaycan Partiyasıdır. YAP öz uğurlu işi, əməlləri ilə builki parlament seçkilərində də bunu bir daha sübut edəcək. Seçicilər inandıqları millət, dövlət üçün bir vətəndaş məsuliyyəti yaşayan namizədlərə səs verəcək. Bu gün kənardan hər hansı bir qüvvənin cəmiyyətin istəyinə müdaxiləsi mümkün deyil. Azərbaycan xalqı bugünkü inkişafından çox razıdır. Güclü siyasi təşkilat olan YAP Azərbaycan xalqının istək və arzularının yeganə təminatçısıdır. YAP ümumxalq partiyadır, xalqın istək və arzularından yaranıb. YAP xalqı gələcəyə aparan siyasi bir qüvvədir. İdeya və ideologiya, dayaq baxımından bütün mənalarda YAP güclü partiyadır.

Digər xəbərlər