"Parlamentin son beşillik fəaliyyətinə 4-lə 5 arasında qiymət verərdim"
- Hadi müəllim, artıq ay yarımdır ki, istirahət - məzuniyyət dövrü başlayıb. Bir komitə sədri olaraq, necə hesab edirsiniz, insanlar öz istirahət - məzuniyyət dövrlərini necə təşkil etməlidirlər? Şəxsən siz özünüz bu məzuniyyət müddətinizi necə təşkil etmək fikrindəsiniz?
- Əslində, istirahətin təşkili fərdi olmalıdır. Hər kəs öz istirahətini nə cür təşkil edər, özü bilər. Amma bütövlükdə dünyada qəbul olunmuş istirahət formaları var. Ümumi işdən ayrılmaq, dəniz kənarına getmək, meşədə gəzmək, daha çox hərəkətdə, dinamikada olmaq, bu, istirahətin bir qoludur. Digər bir qolu odur ki, müalicə olunmaq, o birisi qolu odur ki, şəhərləri gəzmək, turist kimi təbiət mənzərəsinə baxmaq, görmək. Bütövlükdə, belə düşünürəm ki, insanlar işdən ayrılmaq üçün müəyyən qədər işin formasını dəyişməlidirlər. İstirahəti elə tapmalıdırlar ki, iş həmin iş olmasın, başqa iş olsun. Adamlar var ki, məsələn, ağac becərməklə, torpaqda eşələnməklə istirahət edirlər. Şəxsən mən Lənkərana gedəcəyəm, doğma yurdumda, anamın yanında olacağam, doğmalarımla, seçicilərimlə görüşəcəyəm, Lənkəranın havası ilə nəfəs alacağam, - bu, özü də istirahətdi, - eyni zamanda, Azərbaycanın ən gözəl istirahət guşələrindən olan "Palıdlı sahil"də dincələcəyəm, velosiped sürəcəyəm, at çapacağam. Mənim üçün əsil istirahət anamın yanında, meşədə, dənizdə olmaqdır. Belə istirahət mənim üçün məqbul istirahətdir. Əlbəttə, düşəndə bir az ərzaq dietası da etmək olar. Eyni zamanda, xaricə gedib bir az ailəmi, nəvəmi gəzdirəcəyəm. Nəvələrimlə bir yerdə oynamaq, nəvələrimlə bir yerdə çimmək, bu da mənim üçün böyük istirahətdir.
- Hadi müəllim, necə hesab edirsiniz, insanların aldıqları məvacib və məzuniyyət dövrü onlara öz məzuniyyətlərini səmərəli keçirmək üçün tam imkan verirmi?
- Deyərdim ki, tam imkan verir. Adamlar ilboyu pul yığar, müəyyən qədər vəsait toplayar və məzuniyyətə gedərdilər. Bu, illərlə qəbul olunmuş norma idi. İndi bu dəqiqə hətta turist əmanətləri var. Kredit götürürlər və onu turist putyovkası ilə bir il ərzində ödəyirlər. Formalar var, əlbəttə, ortada gərək istirahət etmək istəyi ola. Yenə qayıdıram ona ki, biz istirahət, "wookend", həftəsonu mədəniyyətini inkişaf etdirməliyik. Yaponiya ən az müddətlərdə istirahət edən ölkədi. Amma burada tez-tez istirahət edirlər. Ayda bir dəfə. Məsələn, bir-iki gün yaxşı istirahət edirlər. Yarım ildə 7 gün - 7 gün istirahət edirlər. Məsələn, Azərbaycanda bu gün istirahət üçün gözəl guşələr çoxdur. Lənkəranda da belə guşələr var və onlar getdikcə inkişaf edirlər.
- Yeri gəlmişkən, Azərbaycanda məzuniyyət müddətlərinin artırılması yönündə növbəti addımlar atıla bilərmi? Ümumiyyətlə, məzuniyyət günləri nə qədərdir?
- Ola bilər, bu, ististna deyil. Qaldı ki, məzuniyyət günü- ən aşağı məzuniyyətimiz 18 gündür. 18 gündən başlayaraq bizim məzuniyyətlərimiz davam edir. Bəzi ölkələrdə 36 gün məzuniyyət olur. Aşağı məzuniyyət vaxtı isə 24 gündür. Dünyada belə normalar var. Azərbaycanda bugünkü normalar məqbul normalardır.
- Hadi müəllim, qarşıdan növbəti parlament seçkiləri gəlir. Səhv etmiriksə, siz də artıq 15 ildir, yəni, üç çağırışdır parlamentdə təmsil olunursunuz. Belə olan təqdirdə, Hadi Rəcəbli kimi, ötən illər ərzində üzərinizə düşən vəzifənin, missiyanın öhdəsindən tam gələ bilibsinizmi?
- Bəli, birinci növbədə minnətdaram prezidentimə, minnətdaram təmsil olunduğum partiyaya, namizədliyimi irəli sürən insanlara ki, mənə etibar ediblər. Mən də çalışmışam ki, bu etibara sədaqətlə xidmət edim. Bu etibar daxilində qanunyaradıcılığında fəal iştirak etmişəm, deputat kimi mətbuatla işləmişəm, xalqla ünsiyyətdə olmuşam. Çalışmışam ki, xalqın karına çatım, deputat vəzifəsinə uyğun missiyanı yerinə yetirim. Nə cür alınıb, bunu xalq bilir, mətbuat bilir, kənardan görünür. Ona görə bütövlükdə düşünürəm ki, öhdəmə qoyulan vəzifəni başa düşdüyüm qədər yerinə yetirmişəm. Bunun yaxşı-pisini partiyam və seçicilərim deyə bilər. Bir daha qeyd edirəm, hər şey kənardan aydın görünür. Bu yaxınlarda mənə növbəti ödül verdilər. Bu, mənim üçün böyük şərəfdir, jurnalistlərin müəyyənləşdirdiyi yaxşı siyasətçi kimi. Sevinirəm ki, bu müddət ərzində BMT-nin sosial sahədə 53 siyasətçidən biri qəbul olunmuşam. Bu, YUNİSEF-in sənədlərində də dərc olunub. Bu, siyasətçi kimi mənim üçün böyük şərəfdi. Siyasi elmlər doktoru adını bu müddətdə almışam. Düşünürəm ki, bunlar gördüyüm işlərin, eyni zamanda, elmi-nəzəri fikirlərimin praktikaya tətbiqinin nəticəsidir. Dərs demişəm, tələbələrim var. Bunların hamısı, düşünürəm ki, bu deputatlıq müddətində missiyamın yerinə yetirilməsindən xəbər verir.
- Üçüncü çağırış parlament artıq öz fəaliyyət müddətini başa vurmaq üzrədir. Bu baxımdan, parlamentin və özünüzün fəaliyyətinizə neçə qiymət verərdiniz?
- Parlamentə 4-lə 5 arasında qiymət verərdim. Düşünürəm ki, parlament bütövlükdə yaxşı işləyib. 5 ideal qiymətdir. Mən düşünürəm, parlament yaxşı işləyib, qarşıya qoyulan vəzifələr yerinə yetirilib. Amma hər şeyə yaxşı desək ağ olar, çünki problemlər də var, bunlar da yavaş-yavaş yerinə yetirilir. Özümə də elə o qiyməti verərdim.