- Həsən bəy Zərdabi və "Əkinçi"dən bu günümüzə nəyi saxlaya bilmişik, nəyisə arxaik hesab etmək olarmı?
- Həsən bəy Zərdabi maaarifçilik yolunu tutmuşdu. Qəzetlərin bir funksiyası da maarifləndirməkdir və bu gün də o proses gedir. 135 il keçməsinə baxmayaraq milləti maarifləndirmək dəbdən düşməyib. Maarifləndirmə hər zaman lazımdır. Xarici mətbuata, məsələn ABŞ və İngiltərə mətbuatına baxdıqda görürük ki, onlar maarifləndirmə xəttindən uzaqlaşıb. Orta məktəblərdə keçirilən sorğular göstərir ki, yaşadığı ştatın mərkəzini belə tanımırlar. Onların biznes marağı daha önə çıxıb. Azərbaycan mətbuatında maarifləndirməyə xüsusi diqqət yetirirlər. İkinci məqam odur ki, dilin təmizlənməsi "Əkinçi" qəzetində başlanıb və bu gün də davam edir. Xalq dilinin ədəbi bədii dilə çatması prosesi indi də gedir.
- Maariflifçilik istiqamətini saxlaya biləcəyikmi, biznes istiqamətinin qalib gələcəyi qorxusu varmı?
- Əlbəttə ki, belə bir qorxu var. Bizneslə məşğul olmaq qəzeti saxlamaq üçün istifadə olunan vasitələrdəndir. Amma dövlətin də öz siyasəti var, dövlət maarifləndirmə siyasətini dəstəkləməlidir. Populyar qəzetlərin, populyar agentliklərin müəyyən səhifələrini pulla alaraq orada yalnız maarifləndirmə yazılarının getməsini təmin etmək olar. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müəyyən mövzularla bağlı müsabiqələr elan edir, qrantlar ayırır. Eynilə Fondun xətti ilə sifarişlər vermək olar ki, iki və yaxud bir səhifədə ancaq maarifləndirmə yazıları çap edilsin. Müxtəlif yollar var.
- Azərbaycan mətbuatında dilin qorunması istiqamətində aparılan işlər sizi qane edirmi?
- Dilin qorunması, dilin sevilməsi "Əkinçi" qəzetinin əsas məqsədlərindən idi. Həmin vaxtdan başlanan bu proses zaman-zaman özünü göstərib. Məlumdur ki, dilimizə ərəb və fars dillərindən daha çox söz keçib və Zərdabidən, Axundovdan başlanan proses keçən ilin 70-ci illərin sonunda ədəbi-bədii dil tam formalaşıb. Alimlərin hesablamalarına görə, hər yüz ildə millətin dili 3-5 faiz təkamülə uğrayır. Bu da normal bir şeydir, yeni texnologiyalar yaradılır, dilə terminlər gəlir. Bu baxımdan həmin dövrün dili ilə indiki dilin fərqli olması başadüşüləndir. Digər tərəfdən dilin formalaşmasında ən önəmli rol dövlətin dil siyasətidir. Dövlət dili Azərbaycan dilidir, dilin saflığının qorunması üçün tələblər var və bu tələblər Azərbaycan mətbuatı tərəfindən də qorunur.
- Mətbuat həyatın güzgüsü ola bilibmi?
- Düşünmürəm ki, mətbuat tamamilə həyatın güzgüsü ola bilib. Buna nail olmaq da mümkün deyil. Müəyyən sahələrdə bunu etmək olar. Problemləri müəyyən qədər də olsa çatdırmaq mümkündür. Ola bilər güzgünün özündə əyrilik olsun. Məsələn, reket qəzetləri cəmiyyətin güzgüsü deyildi, cəmiyyətdən sifariş gəlməmişdi.
- Necə fikirləşirsiniz, mətbuat gününü qeyd etməyə haqqı çatan insanlar çoxdurmu?
- Mər düşünürəm ki, çox deyil. Baxmayaraq ki, üç mindən artıq KİV qeydiyyatdan keçib. Ələnmə prosesi gedir. Bundan sonra da yəqin bu proses gedəcək. Əyri yola düşən gənc qızlara müxbir vəsiqəsi verib rayonlara yola salanlar var. Bu kimi hadisələrdən çıxış edərək deyirəm ki, mətbuatla bağlı olan insanlar azdır.
- Mətbuatın daha önə çıxan problemləri hansılardır?
- Dünyanın hər yerində problemlər var. Xarici ölkələrin ən reytinqli, varlı qəzetləri belə problemlərdən qaça bilmir. Azərbaycan mətbuatında jurnalistlərin sosial problemləri həll olunmayıb, maaşları azdır. Mətbuatın reklam, kadr problemi var. Amma zaman keçdikcə, bunlar həllini tapacaq. Deyək ki, 1998-ci ilə kimi senzura var idisə, həmin il aradan qaldırıldı. Əvvəllər anarxiya yazıları çap olunurdusa, indi daha ağıllı, təfəkkürlü yazılara rast gəlinir. Mətbuatın bütövlükdə 450 min manata qədər nəşriyyata borcu var idi. Dövlət tərəfindən bu borc əvvəlcə donduruldu, daha sonra silindi. Problemlər bu gündə var. Amma bu gün problemlərin həll edilməsi istiqamətində müəyyən addımlar atılır. Mətbuata birdəfəlik yardımlar ayrılır, qrant müsabiqələrində iştirak etmək üçün şərait yaradılır. Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra qurumlarla layihələr həyata keçirir, bundan həm redaksiyalar, həm də jurnalistlər faydalanır.
- Mətbuatda reklam bazarının canlandırılması üçün hansı təkliflər verərdiniz?
- Hal-hazırda mətbuatda tanınmış insanlar barmaqla sayıla biləcək qədərdir, elə iş adamları da. Reklamlar da bir çox hallarda tanışlıq əlaqələri əsasında yerləşdirilir. Bazarı inzibati metodlarla da canlandırmaq mümkün deyil. Nəsə başqa bir yol düşünmək lazımdır. 1998-ci ilə kimi bu sahədə vəziyyət yaxşı idi. Digər bir məqam ondan ibarətdir ki, xarici şirkətlər, iş adamları Azərbaycan qəzetlərinə reklam vermirlər. Məsələn, türk iş adamları ancaq öz qəzetlərinə reklam verirlər. Çıxış yolunu isə qəzetin populyarlığının artırılmasında görürəm. Oxucu problemi var və belə olan halda isə iş adamları da mətbuata reklam verməkdən çəkinirlər.
- Bəs, oxucu problemi həllini nə zaman tapacaq?
- Oxucu problemi isə o zaman həllini tapacaq ki, insanlar öz həyatlarını orada görəcəklər. "Sürücülük haqqında qanun" qəbul edildi. Sürücülərin heç biri o qanunu oxumadı. Qanunu şifahi olaraq bir-birinə ötürdülər. İstəyəndə qanunda əksini tapan qaydaları da pozacaq. Bədbəxtliyimiz ondadır ki, ancaq şayiələrlə oturub dururlar. İnsanlar qəzet alıb oxumurlar. İnsanlar bilmir ki, əhəmiyyət vermədiyi kiçik bir hadisə az sonra hansısa şəkildə onun həyatına da təsir edəcək. İslandiyada baş verən vulkan püskürməsi bizlərə adi göründü, amma milyonlarla insan səfərini təxirə saldı. "Nə olsun" məsələsinə görə də oxucu problemimiz var. Odur ki. Hələ dözməliyik.
- Jurnalistlərin ixtisaslaşması problemini həll etmək üçün nə etmək lazımdır?
- Bu problemi həll etmək üçün ilk növbədə jurnalistika fakültələri ixtisaslaşmış jurnalistlər buraxmalıdır. Aydındır ki, jurnalistika fakültəsində təhsil alan şəxs iqtisadiyyat fakültəsində təhsil alan şəxsdən iqtisadi məsələləri daha az biləcək. Məcburuq ki, mətbuata iqtisadiyyat, səhiyyə, politologiya və yaxud da digər sahələrdə təhsil alan insanları cəlb edək. Məsələni başqa bir formada da həll etmək olar. Deyək ki, jurnalstin iqtisadiyyatdan yazmağa meyli var, onun ən azı iqtisadiyyat sahəsində orta səviyyədə biliyə sahib olması üçün iki illik praktikaya da göndərmək olar. Sovetlərdən qalma jurnalsitika fakültələrimiz var və buna görə də mətbuatda ixtisaslaşma həllini gözləyən problemlərdəndir.
- Reket mətbuatına qarşı daha səmərəli mübarizə aparmaq üçün Mətbuat Şurasının səlahiyyətlərini artırmaq mümkündürmü?
- Mən Şura yaradılmamışdan əvvəl yaradılan işçi qrupunda olarkən də təklif səsləndirmişdim ki, Şuraya geniş səlahiyyətlər verilməlidir. Hərhalda Şura geniş səlahiyyətlərə malik olmadığı halda reket qəzetlərini ictimai qınağa çevirə bilibsə, bunu alqışlamaq lazımdır. Mübarizənin inzibati metodlarla aparılması isə dünya praktikasına uyğun gəlmir. Yada salaq ki, 4-5 il bundan əvvəl dövlət tədbirlərində reket qəzetlərinin əlindən tərpənmək olmurdu. Bu gün onların çoxu sıradan çıxıb. Təbii ki, bu Mətbuat Şurasının xidmətidir.
"SƏS" qəzetinin kollektivi, başda qəzetin Baş redaktoru Bəhruz Quliyev olmaqla Yunus Oğuzu 50 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzu edir.