PDF Oxu

Müsahibə

  • 8

Azərbaycan mətbuatı inkişaf etməkdədir

Azərbaycan mətbuatı inkişaf etməkdədir
- Natiq müəllim, bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Bu tədbirlərdə redaksiya olaraq siz necə iştirak edirsiniz?
- Mətbuatın 135 illiyi ilə bağlı regionlarda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının keçirdiyi tədbirlərdə biz iştirak etməmişik. Çünki biz rəsmi şəkildə keçirilən tədbirlərə dəvət olunmamışıq. Ancaq özümüz milli mətbuatın 135 illiyi ilə bağlı, yəni bizim peşə bayramımız olduğuna görə, jurnalistikanın müxtəlif problemləri və ölkəmizdə jurnalistikanın inkişafı üçün yaranmış şəraitlə bağlı olaraq, özümüz silsilə məqalələr yazırıq və müsahibələr götürürük.
- Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatının hazırkı durumunu çox nikbin qiymətləndiririk. Bunun üçün də bizim əlimizdə bir sıra əsaslarımız var. Birincisi, Azərbaycanda dövlət, demokratik və azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıbdır. Qısa müddət ərzində yaradılmış KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu neçə-neçə müsabiqələr keçirib və qəzetlərdə qrant müsabiqələri elan edərək, onların fəaliyyətini dəstəkləyib. Bu, bizim inkişafımız üçün çox yaxşı bir stimuldur. Digər tərəfdən isə, Mətbuat Şurası "reket" jurnalistikaya qarşı mübarizə apararaq, bu sahədə olan neqativ halları aradan qaldırır. Bir sözlə, Azərbaycan mətbuatının hazırkı durumu çox yüksək səviyyədə inkişaf etməkdədir.
- Jurnalistlərə fəxri adların, mükafatların verilməsində "reket" jurnalistlərinin yararlanması nə dərəcədə mümkündür?
- Hesab etmirəm ki, jurnalistlərə fəxri adlar veriləndə, orada "reket" jurnalistlərin adları olacaqdır. Çünki rəsmi məlumata görə, 400-ə yaxın və yaxud 400-dən çox adam Prezident Administrasiyasına müraciət edibdir. Bir sözlə, altında Prezidentin imzası olan sərəncamda, inanmıram ki, hansısa bir təsadüfi adamın adı yer alsın.
- Dövlət-cəmiyyət-mətbuat əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolunu yetərli hesab edirsinizmi?
- Bildiyiniz kimi, Mətbuat Şurasının birinci qurultayında qəbul etdiyi nizamnaməsində açıq şəkildə göstərilibdir ki, şura mətbuatla cəmiyyət arasında münasibətləri tənzimləyən bir qurumdur. Yəni, sözügedən qurumun fəaliyyətinin müsbət cəhəti ondan ibarətdir ki, bir çox qəzetlərin məhkəmə proseslərinə, məhkəmə çəkişmələrinə qədər olan münaqişələri həll edir. Burada onun müvafiq komissiyasına hüquqları qəzetlər tərəfindən tapdalanmış və haqqında düzgün informasiya getməyən vətəndaşlar tərəfindən müraciətlər olunur. Həmin komissiya da bunu araşdırır və məhkəməyə qədər bu məsələ həll olunur. Bu baxımdan, Mətbuat Şurasının bu missiyası çox münasib bir missiyadır. Bir sözlə, arzu edirik ki, Mətbuat Şurasının səlahiyyətləri daha da genişlənsin və o, səmərəli fəaliyyət göstərə bilsin. Ancaq elə məsələlər də var ki, o, Mətbuat Şurasının gücü daxilində deyil. Bildiyiniz kimi, şura ictimai qurumdur və onun verdiyi qərarlar da tövsiyə xarakteri daşıyır. Bildiyiniz kimi, mətbuatda hər dəfə "qara siyahı" elan edilir və orada göstərilir ki, bu, "reket" qəzetlərdir. Lakin Mətbuat Şurası onları cəzalandıra bilmir, sadəcə olaraq, cəmiyyəti bu barədə məlumatlandırır. Yəni, bu baxımdan, şuranın fəaliyyəti müsbət haldır.
- Jurnalistlərin sosial qayğılarının həlli istiqamətində görülən işlər barəsində nə deyə bilərsiniz?
- Jurnalistlərin sosial qayğıları vacib bir məsələdir. Bildiyiniz kimi, jurnalistlərin də bir sıra problemləri var. Hansı ki, o problemlər həm jurnalistikanın özündən, həm də cəmiyyətdən irəli gəlir. Yəni, sözügedən bu məsələnin də ancaq dövlətin həll etməyini gözləyirik. Ona görə dövlətdən kömək gözləyirik ki, bu ölkənin vətəndaşlarıyıq və inkişaf edən ölkəmizdə onun bütün nailiyyətlərini biz qəzetlərdə tərənnüm edirik. Bizim fəaliyyətimiz buna hesablanıbdır. Yəni, ictimai rəyə düzgün informasiya çatdırmaq, dövlətin gördüyü işlər və yeniliklərlə bağlı obyektiv məlumat çatdırmağa hesablanıb. Bu baxımdan, jurnalistlərin sosial qayğıları da dövlət siyasəti səviyyəsində tənzimlənsə, daha yaxşı olar. Məsələn, burada elə məsələlər var ki, bu, dövlətin siyasətindən asılı deyil, ancaq cəmiyyətin yaratdığı problemdir. Digər məsələ bankların jurnalistlərə kredit verməməsi məsələsidir. Bir sözlə, banklar jurnalistlərə etimad göstərmir, ancaq bütün bankların fəaliyyətini və onların ictimaiyyətlə əlaqələndirilməsini jurnalistlər həyata keçirir. Belə olan təqdirdə, niyə görə jurnalistlərə etimad göstərmirlər? Yəni, bu, bizim üçün ciddi problemlərdən biridir. Digər problem isə jurnalistlərin mənzil, məişət şəraiti ilə bağlı olan məsələlərdir. Hər kəsə açıq şəkildə məlumdur ki, indiki bizim maaşımız və qonorarımızdan hər hansı bir mənzil əldə etmək qeyri-mümkündür. Yəni, sözügedən istiqamətdə dövlət hansısa addımlar atmalıdır. Fikrimcə, dövlət müəyyən kreditlərin verilməsində və yaxud başqa vasitələrlə bu problemi həll etməyə çalışır.

Digər xəbərlər