- Şəmsəddin müəllim, bildiyimiz kimi, 2009-2010-cu tədris ili yeni qəbul olunmuş "Təhsil haqqında" qanunun əsasında həyata keçirildi. Bu baxımdan, tədris ilində hansı yeniliklər baş verdi?
- Məlum olduğu kimi, uzun müzakirələrdən sonra "Təhsil haqqında" Azərbaycan Respublikasının 833-IIIQ saylı Qanunu 2009-cu ilin 19 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 saylı Fərmanı ilə təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, 2009-2010-cu tədris ili milli təhsil sistemimizin təkmilləşdirilməsi və yenidən qurulması baxımından əlamətdar olmuşdur. Birmənalı şəkildə deyə bilərik ki, yeni təhsil qanunu məktəbəqədər təhsil müəssisələrindən başlamış universitetlərə qədər bütün təhsil müəssisələrinin həyatında mütərəqqi dəyişikliklərin baş verməsini şərtləndirmişdir. Xüsusu vurğulamaq lazımdır ki, təhsilin bütün pillərini və səviyyələrini əhatə edən bu dəyişikliklər həm forma, həm də məzmun baxımından yeniliklərin olması ilə xarakterizə olunur. Hər şeydən öncə, yeni təhsil qanunu təhsil sistemində baş verən bütün proseslərin tənzimlənməsi üçün vahid qanunvericilik bazasının yaradılması və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin hüquqi statusunun dəqiq müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən də, təməl prinsipləri keyfiyyətli təhsilin təmin edilməsi və milli təhsilin dünya və Avropa təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi olan yeni təhsil qanunu bütövlükdə təhsilimizin keyfiyyətinin yüksəldilməsi və onun Avropa və dünya standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərindən mühüm rol oynamışdır. Yeni qanunun qüvvəyə minməsi ali təhsilimizin Boloniya prosesinə qoşulmasının sürətləndirilməsi və ali təhsil müəssisələrimizin bu prosesin tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin artmasına səbəb olmuşdur. Ümumiyyətlə, 2009-2010-cu tədris ili ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin genişlənməsi, orta məktəblərdə test üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması və s. yeniliklər ilə xarakterizə oluna bilər. Təhsil qanununun icrasının təmin edilməsi məqsədilə, Nazirlər Kabineti tərəfindən "Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında, "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında, "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında, "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi hasqqında, "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında, "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nın təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir və bu istiqamətdə işlər davam etdirilir.
- Ötən ay Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirildi. Bu müşavirə haqqında nə deyə bilərsiniz? Bu yöndə sizin nə kimi təklifləriniz var?
- İlk öncə vurğulamaq lazımdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə müşavirə vaxtında keçirilmiş çox faydalı bir müzakirə kimi qiymətləndirilmişdir. Sizin də qeyd etdiyiniz kimi, müşavirədə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçidi, bununla əlaqədar yarana biləcək problemlər və görülməli olan işlər müzakirə olunmuşdur. Məlumunuz olduğu kimi, təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və əslində, tamamilə yenidən qurulması "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsində nəzərdə tutulmuşdur. Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsilalana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir. Başqa sözlə, maliyyələşdirmə əvvəlcədən aparılmır və təhsilalanın arxasınca onun seçdiyi təhsil müəssisəsinə gedir. Bu ildən başlayaraq sözügedən mexanizmin, hələlik, ali təhsil müəssisələrində tətbiqinə başlanacaqdır. Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrıseçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Fikrimizcə, yeni maliyyələşdirmə mexanizmi "Təhsil haqqında" Qanunun tələblərinə tam uyğun olmalıdır. Hesab edirəm ki, universitetlər ixtisaslar üzrə qəbul planlarını müəyyən edərkən dövlət sifarişi və ödənişli təhsil üzrə yerləri ayırmamalıdırlar. Universitetlər, ümumiyyətlə, hər bir ixtisas üzrə nə qədər mütəxəssis hazırlanmasının mümkünlüyünə dair potensial imkanlarını bildirməlidirlər. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaqdır. Məhz belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaqdır və əvvəldə də qeyd etdiyimiz kimi, dövlət və özəl ali məktəbləri arasında sağlam rəqabət mühiti yaradılacaqdır. Təkliflərimizə gəlincə, məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, bir qrup vətəndaşlar ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsindən azad olunmuşlar. Yeni maliyyələşdirmə mexanizminin tətbiqi zamanı qeyd olunan vətəndaşların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məqsədəuyğun olardı. Məlumat üçün bildirim ki, İqtisad Universitetində bu kateqoriyadan olan 1300-dən çox tələbə vardır. Bu tələbələrin ödəməli olduğu təhsil haqqının kifayət qədər yüksək məbləğ olduğunu təsəvvür etmək mümkündür. Digər bir məsələ kimi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyən edilməsi narahatlıq doğurur. Hesab edirəm ki, bu məbləğin təxminən iki dəfə artırılmasına ehtiyac vardır. Bu məsələ tərəfimizdən sözügedən müşavirədə də qaldırılmışdır. Xüsusilə, magistratura təhsilinin lazımi səviyyədə həyata keçirilməsi üçün daha çox vəsaitə ehtiyac olduğu nəzərə alınmalıdır. Bundan başqa, Elm Fonduna ayrılmış dövlət büdcə vəsaitlərinin xərclənməməsi və bu vəsaitlərin növbəti illər üçün həmin fondun saxlanılması xərclərinə daxil edilməsinin zəruriliyi xüsusi qeyd edilməlidir. Eyni zamanda, 2009-cu ildə doktoranturaya qəbul prosesinin aparılmamısından narahatçılığımızı bir daha bildiririk və 2010-cu ildə aparılacaq qəbul zamanı 2009-cu ilin qəbul planının da nəzərə alınmasının məqəsədəuyğun olmasını vurğulamaq istəyirik.
- Akademik Ramiz Mehdiyev dinamik inkişaf edən ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu bildirib və bəzi problemlər ali məktəb rəhbərlərinin diqqətinə çatdırıb. Bu problemlərdən çıxış yolu nədir, hansı addımlar atılmalıdır?
- Bəli, tamamilə düz buyurdunuz ki, müşavirədə ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı olduğu xüsusi vurğulanmış və bu sahədə mövcud olan problemlər ətrafında müzakirələr aparılmışdır. Əsas məqsədin ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsindən, bütövlükdə, tədris prosesinin şəffaflığının artırılmasından, neqativlərin aradan qaldırılmasından və hazırlanan mütəxəssislərin müasir bazar iqtisadiyyatının və əmək bazarının tələblərinə cavab verməsindən ibarət olması diqqətə çatdırılmışdır. Ali təhsilin magistratura səviyyəsində təhsilin təşkili və onun modernləşdirilməsi əsas müzakirə mövzularından biri olmuşdur. Hazırda magistraturanın bakalavriata sanki bir əlavə kimi fəaliyyət göstərməsinin yolverilməz olduğu bildirilmiş, magistratura təhsili üçün yeni standartların və tədris proqramlarının hazırlanmasının vacibliyi xüsusi vurğulanmışdır. Konkret olaraq bir sıra ali məktəblərdə magistr hazırlığının səviyyəsinin çox aşağı olması bildirilmiş və bunun tez bir zamanda aradan qaldırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilmişdir. Yeri gəlmişkən, təhsil qanununda magistratura təhsilinin təşkilinə dair ümumi tələblər və beləliklə də, onun harada təşkil edilməsinin mümkünlüyü qəti müəyyən olunmuşdur. Hesab edirəm ki, Boloniya prosesinə keçidin başa çatdırılması bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müvafiq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsini, milli iqtisadiyyatın yüksək ixtisaslı kadrlara olan ehtiyacının tam ödənilməsini və ali təhsilimizin Avropa ali təhsil məkanına səmərəli inteqrasiyasının təmin edilməsini şərtləndirəcəkdir.
- Elm və ali təhsil haqqında qanunların hazırlanması ilə bağlı yeniliklər nədən ibarətdir? Bu qanunların qəbulu sadalanan problemlərin həllinə nə dərəcədə kömək edə bilər?
- Məlumunuz olduğu kimi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu çərçivə qanunu olduğu üçün təhsilin ayrı-ayrı pillələri və səviyyələri üzrə bir sıra sahəvi qanunların da qəbul edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, "Təhsil haqqında" Qanunun qəbulundan dərhal sonra "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələrinin hazırlanması məqsədilə Milli Məclisin Elm və Təhsil Komitəsinin nəzdində müvafiq İşçi Qrupları yaradılmışdır. Hazırda hər iki qanunun ilkin layihəsi hazırdır və onların Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan "Elm haqqında" qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcəkdir. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilmişdir. Elmin nəticəliliyinin yüksəldilməsi, Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər. "Ali təhsil haqqında" qanun layihəsi də, öz növbəsində, sahəvi qanun olmaqla ali təhsil sferasında olan münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaqdır. Qanun layihəsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi prinsiplərdən çıxış etməklə ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində (bakalavriat, magistratura və doktorantura) tədrisin təşkili və səviyyələr arasında üzvi bağlılığın təmin olunması mexanizmini, ali təhsil müəssisələrinin hüquqi statusunu, ali təhsilin yeni maliyyələşdirmə sistemini, ali təhsil müəssisələrində elmlə tədrisin effektiv vəhdətinin bərqərar olunmasını müəyyən edir. Ali təhsilimizin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərimizin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir.