Mətbuatın yüksək səviyyədə inkişaf etməsi üçün dövlət hər cür şərait yaradıb
- Vüsalə xanım, bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar olaraq tədbirlər keçirilir. Bu tədbirlərdə agentlik olaraq siz necə iştirak edirsiniz?
- İlk öncə, onu qeyd etmək istəyirəm ki, mən Mətbuat Şurasının üzvü kimi dəvət olunduğumuz tədbirlərdə çox fəal iştirak edirəm. İndiyə qədər keçirilən ən müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının keçirdiyi tədbirlər olub, mükafatlandırmalar olub. Yəni, bu və ya digər şəkildə, demək olar ki, hər birində "APA"-nın və yaxud da "APA" qrupuna daxil olan digər "Lent.az"-ın əməkdaşlarından biri mükafatlandırılıb. Yeri gəlmişkən, mən bütün qurumlara təşəkkür edirəm. Bildiyiniz kimi, cənab Prezidentin Milli Mətbuatın 135 illiyi ilə əlaqədar olaraq Sərəncamı olmuşdur ki, bu mərasim dövlət səviyyəsində qeyd olunsun və redaksiyalardan mükafatlandırmaq üçün təşəbbüslər irəli sürülsün. Biz də həmin Sərəncama uyğun olaraq, bir neçə nəfərin mükafatlandırılması üçün namizədliyini və təqdimatını vermişik.
- Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycan mətbuatı hazırda inkişaf mərhələsindədir. Öz sahəm barədə deyə bilərəm ki, Azərbaycanda internet-media özünün çiçəklənmə dövrünü yaşayır. Ölkə mətbuatı öz üzərində dövlət qayğısını hiss edir. Bununla bağlı, KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Bir neçə il bundan qabaq mətbuat orqanlarında yaranan bəzi problemləri aradan qaldırmaq, cəmiyyətlə mətbuat arasında tənzimlənmə mexanizmini həyata keçirmək üçün Mətbuat Şurası yaradıldı. Belə hesab edirəm ki, bu sahədə MŞ-nin kifayət qədər effektli təsiri oldu. Bunun ardından MŞ bu ili "reketçiliyə" qarşı mübarizə ili elan etdi və bununla bağlı aparılan işlərin də özünə görə böyük bir nəticəsi oldu. Ən azından cəmiyyətə biz bu mesajı verə bildik ki, Azərbaycanda medianı sevməyənlər, onun vasitəsi ilə asan qazanc əldə etmək istəyənlərlə yanaşı, Azərbaycanda sağlam media da var və bu media öz problemlərini bilir və buna qarşı mübarizə aparır. Düşünürəm ki, MŞ-nin gördüyü iş kifayət qədər effektli oldu. Bundan başqa, KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Bildiyiniz kimi, Azərbaycan mediasının bu gün ən böyük problemi iqtisadi problemdir. Yəni, media cəmiyyətin digər sahələrinə adekvat inkişaf etmir. Medianın özünü müstəqil biznes sahəsi kimi dolandırması, hələ ki, mümkün deyil. Bununla bağlı, cənab Prezident KİV-ə Dövlət Dəstəyi Fondunu yaratdı. Əlbəttə, hələ ki, biz sözügedən bu fondun effektli işi barədə bir o qədər ağız dolusu danışa bilmərik. Lakin bir neçə ildən sonra milli mətbuatımız bu fondun dəstəyindən kifayət qədər yararlanacaq. Amma mən yenə də ölkə mətbuatının ən böyük problemindən danışmaq istəyirəm. Azərbaycan media qurumları heç bir halda müstəqil biznes qurumuna çevrilmək istəmir. Hələ də bir qrup insan var ki, mediaya ideoloji vasitə kimi baxırlar. Düşünürəm ki, mediaya kapital qoyan və mediadan kapital götürən, media holdinqlər yaradan media oliqarxları yaranmalıdır. Mən bu sözü deməkdən qəti şəkildə qorxmuram. Dünyanın inkişaf etmiş ölkələrində medianın inkişafına nəzər salaq. O ölkələrdə ki, məhz mediadan pul qazanan, media vasitəsilə böyük iş adamına çevrilən insanlar var, o ölkələrdə media inkişaf edib. Həmin insanların öz media qurumları var. Nə zaman ki, biz iqtisadi cəhətdən müstəqil olan, biznes strukturu olan media yarada biləcəyik, o zaman həmin media həm də siyasi cəhətdən müstəqil olacaq, heç bir yerdən asılı olmayacaq və pulu olduğu üçün peşəkarları cəlb edəcək, seçim imkanları artacaq. Bundan sonra, media tirajlı media olacaq. Oxucumuz çox irəli gedib, çox peşəkardır. Amma ona verə biləcəyimiz peşəkar oxucunun haqqı səviyyəsində olmalıdır.
- Jurnalistlərə fəxri adların, mükafatların verilməsindən "reket" jurnalistlərinin yararlanması nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, bu, mümkün olmayacaq. Çünki namizədləri baş redaktorlarla yanaşı, həm də MŞ təqdim edib. Düşünürəm ki, Prezident Administrasiyasında ictimai-siyasi şöbə kifayət qədər bu sahəni yaxşı bilir və media qurumlarını tanıyırlar. Hesab edirəm ki, bu seçim son dərəcə ədalətli olacaq. Eyni zamanda, Mətbuat Şurasının açıqladığı "reket" qəzetlərin siyahısı mövcuddur. Yəni, hesab edirəm ki, bu problemlə qarşılaşmayacağıq.
- Dövlət-cəmiyyət-mətbuat əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolunu yetərincə hesab edirsinizmi?
- Mətbuat Şurasının üzvü olduğumdan, hesab etmirəm ki, MŞ bütün missiyalarını artıq yerinə yetirib. Əgər belə olsaydı, ona heç ehtiyac olmazdı. Amma cəmiyyətlə media arasında əlaqələrin tənzimlənməsində MŞ nə edə bilərdisə, bəlkə də ondan artığını edib. Hər halda, Mətbuat Şurası əlindən gələni edib. Belə bir misalı çəkmək olar ki, 1990-ci illərdə, eləcə də, 2000-ci illərin əvvəllərində mətbuat orqanlarının məhkəmələrə verilməsi halları həddən artıq çox idi. Artıq bu, adət halını almışdı. Mətbuat Şurası yaranandan sonra, müraciətlərin böyük bir hissəsi, demək olar ki, 90 faizi MŞ-yə ünvanlandı. MŞ bununla bağlı, belə bir tədbir həyata keçirdi ki, artıq problemlər məhkəmələr vasitəsilə deyil, masa arxasında həll olunmağa başladı. Bu, Mətbuat Şurasının Azərbaycan mətbuatına verdiyi ən böyük töhfədir. Digər tərəfdən, MŞ dediyim kimi, "reketçiliyə" qarşı mübarizə ili elan etdi və bununla bağlı, MŞ-nin İdarə Heyətinin bütün üzvlərinə qarşı həmin "reket" mətbuatlar ailə həyatından tutmuş, ən müxtəlif məsələlərə qədər ən ağlagəlməz şəkildə böhtanlar irəli sürdülər. Amma buna baxmayaraq, MŞ öz işini davam etdirir. Ola bilər ki, biz həmin "media qurumları" ilə bacarmırıq. Amma Azərbaycanda Mətbuat Şurası bununla cəmiyyətə mesaj verdi ki, Azərbaycanda mediaya qara yaxmaq istəyən insanlar bütün Azərbaycan mediasını "reket" adlandıra bilməzlər. MŞ etiraf etdi ki, mətbuatımızda belə bir problem var və həmin problemin aradan qalxması üçün buna qarşı mübarizə aparır. Bu işdə MŞ-yə daxil olmayan media qurumları da ona kömək edirlər və bununla da, cəmiyyətdə belə bir təsəvvür yaradıldı ki, Azərbaycanda qeyri-ciddi "reket" mətbuatla yanaşı, çox ciddi mətbuat da fəaliyyat göstərir. Bir sözlə, insanlara çatdırıldı ki, "reket" mətbuatın şantajları qarşısında aciz qalmaq yox, bununla bağlı Mətbuat Şurasına müraciət etmək lazımdır. Bütün bunlar, onu deməyə əsas verir ki, bu gün Mətbuat Şurası öz işini çox yüksək səviyyədə qurub və qarşıda duran problemlərin həllində də fəal rol oynayacaq.