PDF Oxu

Müsahibə

  • 14

Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb

Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb

Müsahibimiz "525-ci" qəzetin baş redaktoru Rəşad Məciddir

- Rəşad müəllim, bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar olaraq, tədbirlər keçirilir. Bu tədbirlərdə redaksiya olaraq, siz necə iştirak edirsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illiyi ilə bağlı sərəncamı oldu. O sərəncam əsasında da Mətbuat Şurası, KİV-ə Dövlət Dəstəyi Fondu həm də Prezident Administrasiyası ilə birlikdə bölgələrdə tədbirlər keçirilməyə başlayıblar. Artıq demək olar ki, bir sıra bölgələrdə sözügedən məsələ ilə bağlı tədbirlər keçirilməyə başlanılıb. Eyni zamanda, başqa bir sıra qurumlarla da mətbuatın 135 illiyi ilə bağlı tədbirlər keçirirlər və bununla bağlı müsabiqələr elan edib, jurnalistləri mükafatlandırırlar. Son günlər də təhsil nazirinin, mədəniyyət və turizm nazirinin belə müsabiqələri və müvafiq mövzularda yazan jurnalistlərin mükafatlandırılması mərasimlərində mən də iştirak etmişəm. Fikrimcə, mətbuatın 135 illiyi ilə bağlı bu bayram günləri ərəfəsində Azərbaycan hökumətinin və hökumətin bir sıra strukturlarının, nazirliklərin mətbuata diqqəti və qayğısının göstəricisidir və bununla bağlı olaraq tədbirlər keçirilir.
- Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatı çox şaxəli və geniş spektrə malikdir. Bizim mətbuatımızın bütün qanunvericilik bazası loyaldır. Bir sözlə, bu gün Azərbaycanda heç kəs deyə bilməz ki, hansısa bir qəzet açmağın və qəzet işinə başlamağın bir çətinliyi var. Yəni bu, çox asan bir şəkildə həyata keçirilir. Bizim mətbuatımızın əsas problemi onun iqtisadi vəziyyətinin, iqtisadi durumunun çətin olmasıdır. Bununla bağlı son illər geniş müzakirələr aparılır və hökumətə müəyyən təkliflər təqdim olunubdur ki, bunun da bariz nümunəsi olaraq Azərbaycan Prezidentinin sərəncamı ilə Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Güman edirik ki, getdikcə sözügedən fondun vəsaitləri genişlənəcək və mətbuatın iqtisadi vəziyyətdən çıxmasında bu fondun rolu böyük olacaqdır.
- Jurnalistlərə fəxri adların, mükafatların verilməsindən "reket" jurnalistlərinin yararlanması nə dərəcədə mümkündür?
- Fikrimcə, jurnalistlərin fəxri ad alması müsbət bir amildir. Uzun illər mətbuatda çalışan və vicdanla xidmət edən söz adamları üçün bir stimuldur. Prezidentin bu son sərəncamı əsasında da jurnalistlər mükafatlandırılacaq. Təbii ki, bu mükafatlandırılma da bir neçə pilləlidir. Bir sözlə, hesab edirəm ki, burada artıq bir neçə mərhələli seçim olacaq ki, hansısa bir "reket" jurnalist nümayəndəsinin və mətbuatdan uzaq, qeyri-ciddi şəxslərin mükafatlandırılması məsələsindən təsadüfi şəxslərin yararlanmasından qaçmaq mümkün olacaqdır.
- Dövlət-cəmiyyət-mətbuat əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolunu yetərincə hesab edirsinizmi?
- MŞ artıq yeddi ildir ki, öz fəaliyyətini göstərir. Təbii ki, Mətbuat Şurasının bu müddət ərzində bir çox uğurları da olub. Amma mən hesab edirəm ki, məmur-cəmiyyət-mətbuat münasibətlərinin normallaşmasında, MŞ-nin böyük rolu var. Bildiyiniz kimi, son illərdə Mətbuat Şurası "reket" mətbuata qarşı xeyli mübarizə aparır və hesab edirəm ki, bu da təqdirəlayiq bir haldır. Eyni zamanda, yuxarıda qeyd etdiyim kimi, mətbuatımızın iqtisadi vəziyyətinin ağırlığı ilə bağlı məhz MŞ-də son üç il ərzində müzakirələr aparılandan sonra, Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının tezisləri hazırlandı və bu tezislər də hökumətə təqdim olundu. Sözügedən bu məsələni də MŞ-nin bir uğuru kimi, qiymətləndirirəm. Güman edirəm ki, MŞ-nin iqtisadi cəhətdən vəziyyəti yaxşılaşdıqca, mətbuatımızın da vəziyyəti adekvat olaraq yaxşı olacaqdır.

Digər xəbərlər