Müxalifət daxilində ziddiyyətlər heç zaman bitməyəcək
Məlumdur ki, müxalifət düşərgəsində tez-tez qarşıdurmalar, fikir ayrılıqları yaranır və bu qarşıdurmaların ardı-arası kəsilmir. Hər zaman seçki öncəsi yaranmış qarşıdurma vəziyyətləri daha da kəskinləşir. Müxalifət düşərgəsində baş verən qarşıdurmalardan danışarkən müsahibimiz "Azadlıq" partiyasının sədri Əhməd Orucov bunları bildirdi.
- Əhməd bəy, "DUİ" daxilində sizin "KAXCP" əməkdaşları ilə yaranan qarşıdurmanız son həddə çatıb. Bu barədə nə deyə bilərsiz?
- Seçkilərdə iştirak etmək üçün namizəd irəli sürülməsi məsələsində ortada anlaşılmazlıq yaranmışdı. Yaranmış bu problem zamanı isə, elə daxildən kimlərsə bu məsələdən öz məqsədləri üçün istifadə edib, məsələni böyütməyə çalışırdılar.
- Əhməd bəy, namizədlərlə bağlı yaranmış problem hazırda hansı səviyyədədir?
- Bir dairədən bir neçə namizəd var idi. O cümlədən, mənim də namizəd olduğum dairədən namizədlər var idi. Elə bu namizəd məsələsində də bir sıra problemlər yaranmışdı.
- Lakin Müsavatla aparılan mitinq danışıqlarında "DUİ" daxilindən yalnız "KAXCP" müzakirələrə qatılır. Bəs nəyə görə, bu danışıqlar zamanı sizin partiyanız kənarda qalıb?
- Bu məsləhətləşmələrdə hamımız iştirak edirik.
- Sizin Müsavata doğru əl atmağınızı İsa Qəmbərova qarşı əl uzatmağınız kimi dəyərləndirmək olar?
- Bizim Müsavatla ayrı-ayrı zaman kəsiklərində fikri ayrılıqlarımız olub. Fikirlərimiz üst-üstə düşməyib. Ola bilər bundan sonra da belə olsun.
- Bəy, siz narahat deyilsiz ki, "DUİ" dağıla bilər və bu dağılmadan sonra "KAXCP" ilə Müsavat birləşər və "Azadlıq" partiyası təkbaşına fəaliyyət göstərmək məcburiyyətində qalar?
- "Azadlıq" partiyasının təkbaşına fəaliyyətindən narahat deyiləm. Lakin birlikdə seçkilərə qatılmaq zəruriyyətinin olduğuna inanıram. Hansısa partiya öz mənafeyinə görə blokları, birlikləri dağıdırsa, mən buna təəssüf edirəm.
- Əhməd bəy, bu yaxınlarda AXCP (i), Müsavat və "KAXCP"-nin görüşü nəzərdə tutulur. Bu görüşdən sonra, sizcə, "DUİ"-dən kənar hansısa blok yaradılacaq?
- Əgər daha geniş çevrənin bir araya gəlməsi mümkün olsaydı, daha çox çalışmaq lazım gələrdi. Lakin hər zaman hansısa partiyalar bloklar yaratmaq istəyirlərsə və ya yaradıblarsa, onların daxilində fikir ayrılığı əmələ gəlir. Hazırda inandırıcı deyil ki, hansısa blok yarana bilər.
- Bəy, müxalifətin seçkilərə dağınıq və pərakəndə halda getməsi, sizcə, onların məğlubiyyətinə səbəb olan hallar sırasına aid edilə bilərmi?
- Bəli, əlbətdə ki, müxalifətin pərakəndə şəkildə seçkilərdə iştirak etməsi onların məğlubiyyətinin, səs toplaya bilməməsinin əsas səbəblərindən biridir. Müxalifət daxilində bəzi qarşıdurmalar isə cəmiyyətdə onlara qarşı mənfi fikirlər yaradır. Bütün bunlar seçki zamanı öz mənfi təsirini göstərir.