"Ermənistanın indiki rəhbərləri özlərinin separatizm ideyalarının girovuna çevriliblər"
- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərini necə dəyərləndirirsiniz? Bu səfərdən rəsmi Bakının gözləntiləri nədir?
- ABŞ dövlət katibi Hillari Klintonun ölkələrimiz arasında uzun illər mövcud olan ikitərəfli əməkdaşlıqdan sonra Azərbaycana belə bir səfər etməsi əlbəttə, münasibətlərimizin inkişaf etdirilməsi baxımından mühüm hadisədir. Azərbaycan ABŞ-la uğurlu strateji əməkdaşlıq edir və hətta bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Buna görə də, ABŞ dövlət katibinin Azərbaycana səfəri əslində çoxdan edilməli idi. Yəni bu, bütün əməkdaşlığın məntiqi nəticəsi kimi ortaya çıxmalı idi. Mən bir fikirlə razıyam ki, ABŞ dövlət katibi Azərbaycanda digər ölkələrə nisbətən daha çox vaxt keçirdi. Bunun özü də böyük göstəricidir. Bilirsiniz ki, iki dövlət arasında münasibətlər daim inkişaf edir. Lakin son bir ildə, Amerikanın nüfuzlu "The Wall Street Journal" qəzetinin jurnalisti yazdığı kimi, "təxminən bir il yarım ərzində Birləşmiş Ştatlar bu regiona diqqətini sanki azaldıb". Yəni, indi bu boşluğu doldurmaq, diqqətin azaldığını göstərən amillərin üstünündən xətt çəkmək üçün belə bir səfər edildi və bu səfərdən rəsmi Bakının çox böyük gözləntiləri var. Azərbaycan tərəfi ABŞ-la çox uğurlu əməkdaşlıq edir, amma istəyir ki, əməkdaşlıq qarşılıqlı hörmət prinsipi üzərində, eyni zamanda qarşılıqlı maraqlar üzərində qurulsun. Hər iki tərəflərin maraqları ola bilər və var. Bu baxımdan Azərbaycanın da, Birləşmiş Ştatlarından çox böyük gözləntiləri var. Bunlar əsasən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və digər sahələrdir. Azərbaycan ABŞ-la çox geniş əməkdaşlıq edir və bu əməkdaşlığın nəticələrini dünya dövlətləri də, ABŞ da, Avropa İttifaqına üzv olan ölkələr də görürlər. Amma bizim üçün çox vacib, əsas məsələ var ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü təmin edilməsi şərti ilə həll olunmasıdır. Biz bu istiqamətdə Amerika Birləşmiş Ştatlarından həm dünyanın super dövləti kimi, həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi çox böyük gözləntilərimiz var. Bu nöqteyi-nəzərdən bir sıra proseslərdə ABŞ daha ədalətli, daha qətiyyətli, daha konkret, beynəlxalq hüquq normaları çərçivəsində daha böyük işlər görə bilər. Bizim gözləntilərimiz bundan ibarətdir. İndi bu istiqamətdə prosseslər çox intensivləşib. Bunu eyni zamanda ona görə qeyd edirəm ki, ABŞ-ın "Milli Təhlükəsizlik Strategiyası"nda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret cümlə yer alıb. Artıq bu, böyük bir sənədə, doktirinaya salınıb. Eyni zamanda ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubunda bunun prioritet olması qeyd olunub. Bundan başqa Kanadanın Toronto şəhərində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları bəyanat verdilər. Bu bəyanatda da Ermənistan tərəfinə bir mesaj göndərdilər ki, münaqişəni həll etməyin vaxtı artıq çatıb və ciddi addımlar atmaq lazımdır. Bütün bunları nəzərə alsaq düşünürəm ki, Amerika Birləşmiş Ştatlarından bizim gözləntilərimizin olması məntiqlidir və dövlət katibinin Azərbaycana bu səfəri formal səfər xatirinə yox, bu regiona daha çox diqqət yetirmək, regiondakı problemləri daha ətraflı öyrənmək və onunla bağlı konkret addımlar atmaq məqsədilə edilib. Gözləyək, görək qarşıdan gələn aylar bizə nə göstərəcək.
- Novruz müəllim, ATƏT-in Minsk qrupunun həmsədrlərindən söz düşmüşkən, onların indiki fəaliyyətini necə dəyərləndirirsiniz?
- Həmsədrlərin indiki fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Çünki həmsədrlər müəyyən çətinliklər və problemlər olsa da, konkret sənəd hazırlayıb ortaya qoyublar. Söhbət "Madrid prinsipləri" adlanan sənəddən gedir. Amma bu gün həmsədrlərin fəaliyyətini qənaətbəxş hesab etsəm də, onlardan daha qətiyyətli addımların atılmasını gözləyirəm. Düşünürəm ki, bu üç böyük dövləti təmsil edən həmsədrlər öz ölkələrinin mövqeyini daha konkret ifadə etmək üçün hazırladıqları bu sənədlərlə bağlı Ermənistana güclü təzyiq etməlidirlər. Həm özlərinin, həm də dövlətlərinin rəhbərlərinin təziqlərini ortaya qoyaraq Ermənistanın mövqe bildirməsinə nail olmalıdırlar. Çünki bu sənədi onlar hazırlayıblar. Münaqişənin həllinə dair qəti addımlar atmalıdırlar.
- Rəsmi Bakı yenilənmiş "Madrid prinsipləri"ni bəzi istisnalarla qəbul edib. Lakin Ermənistan bu sənədin qəbulu üçün iki həftə vaxt istəmişdi. Artıq aylar keçib rəsmi İrəvan bu təkliflərə münasibət bildirmir. Münasibət bildirməməyin arxasında nə gizlənir?
- Ermənistan tərəfinin münasibət bildirməməyinin çox səbəbləri var. Onların hər biri haqqında danışmaq olar. Amma məsələ burasındadır ki, ilk növbədə Ermənistanın indiki rəhbərləri separatçı qüvvələrdir. Yəni onlar separatizm müstəvisində hakimiyyətə gəliblər və indiyə qədər də bir ölkəyə rəhbərlik edirlər və bundan sonra da bu müstəvidə öz hakimiyyətlərini saxlamaq istəyirlər. Onlar özlərinin separatizm ideyalarının qurbanına və girovuna çevriliblər. Bunula da öz xalqlarına və ölkələrinə çox ağır, deyərdim ki, sağalmayacaq bir yara vururlar. Bunu hələ gələcək göstərəcək. Çünki bu qısa zaman kəsiyində dövlətin içəridən parçalanmasına və nəticədə xaosa gətirib çıxaracaq. Digər tərəfdən qeyd etmək istəyirəm ki, nədən ibarət olmasından asılı olmayaraq həmsədr dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ, Avropa İttifaqı daha qətiyyətli mövqe göstərərək Ermənistana təziq etməlidirlər. Balaca dövlət - Ermənistan Azərbaycanın 20 faiz ərazisini 20 ildən artıq bir müddətdə işğal edib və hazırda da işğal altında saxlayır. Düşünürəm ki, məsələnin uzanmasının əsas səbələrindən biri odur ki, dünyanın nüfuzlu dövlətləri, ABŞ, Avropa İttifaqı və ümumiyyətlə, beynəlxalq təşkilatlar işğalçı Ermənistana güclü təzyiq göstərmirlər. Onlar ədalətin bərpa olunması üçün rəsmi İrəvandan mövqe tələb etməlidirlər. Ermənistan ordusu Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, Dağlıq Qarabağı 20 ildir darmadağın edir. Amma bununla bağlı işğalçı dövlətə heç kim heç nə demir. Bu düzgün deyil. Ümumiyyətlə, dünya birliyindən, Avropadan ədalət naminə, beynəlxalq hüquq naminə ədalətli mövqe gözləyirik. Biz ABŞ-dan, Rusiya Federasiyasından, Fransadan, beynəlxalq təşkilatlardan yalnız bunu istəyirik. Bizim başqa heç bir tələbimiz, iddiamız yoxdur. Ədalətli mövqe nümayiş etdirilsin. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və tanıyır. Amma bu hələlik azdır və Ermənistana təziq göstərmək lazımdır. Bu təziq olmadığı üçün Ermənistan özünü arxayın hesab edir və sanki o tərəfin dəstəyinə söykənərək danışıqlar prossesini məqsədli şəkildə uzadır.
- ABŞ Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstərmək barədə qərar qəbul edib. Vaşinqton həmçinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimə də maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyona çatdırıb. Separatçı quruma maliyyə vəsaiti ayırmaq sizcə, nə dərəcədə düzgündür?
- Biz bununla bağlı mövqeyimizi daim bildirmişik. ABŞ-la Azərbaycan arasında çox gözəl, uğurlu əməkdaşlıq olsa da, artıq tərəfdaşlıq səviyyəsinə yüksəlsə də, çox təəssüf ki, Qərb Ermənistanı dəstəkləməkdə davam edir. Əlbəttə, biz bundan narazıyıq. Ədalətli mövqe deyəndə biz məhz belə məsələləri nəzərdə tuturuq. Mən düşünürəm ki, ABŞ dövlət katibinin Azərbaycana səfərindən sonra bu sahədə bəlkə də müəyyən dəyişiklik olacaq. Belə ki, Hillari Klinton Azərbaycana gəldi, gördü, Azərbaycanın indki durumun və inkişafının şahidi oldu. Düşünürəm ki, aparılan danışıqlar gələcək münasibətlərimizdə stimul rolunu oynayacaq, xoşagəlməz məqamların aradan qaldırılmasına yəqin ki, kömək edəcək.