Azərbaycan Avropanın ən inkişaf etmiş mərkəzinə çevrilir
-Asəf müəllim, ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin prezidentlərinin Dağlıq Qarabağla bağlı birgə bəyənatını necə şərh edərdiniz?
-Kanadada keçirilən "20-lər"in toplantısında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsi öz əksini tapıb. Minsk Qrupuna daxil olan üç ölkə -Amerika, Rusiya və Fransa prezidentləri bəyanat veriblər. Bəyanatda qeyd olunur ki, Azərbaycan torpaqları işğaldan azad edilməlidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan prinsip etibarı ilə yeniləşmiş Madrid variantı ilə razıdır. Azərbaycan öz mövqeyini açıq-aydın bəyan edir. Ermənistanın mövqeyi isə anlaşılmazdır. İlk dəfə deyil ki, Ermənistan özü üçün müxtəlif mövqelər sərgiləyir. Bu isə ermənilərə heç də xeyir gətirmir. Ərazi bütövlüyünün bərpası olmasa, heç bir halda, Dağlıq Qarabağın statusundan danışmaq olmaz. Ermənilər Azərbaycan torpaqlarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Sonra isə Dağlıq Qarabağın statusu haqqında danışmaq olar.
-Cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən pozulmasına Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebn ciddi narahatlıq keçirdiyini bildirsə də, Ermənistanın atəşkəsi pozmasına ən azı iradlarını belə bildirmədi. Bunu nə ilə izah etmək olar?
-Hər dəfə Madrid prinsipi ortaya atılanda, Ermənistan növbəti təxribatlar edir və deyir ki, bunu Azərbaycan elədi. Amma Azərbaycan güclü, inkişaf etmiş dövlətdir. Güclü ordusu var, təxribat törətməyə heç bir ehtiyacı yoxdur. Bir gün Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaq. Azərbaycan istər sülh, istər müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir. Azərbaycan hələ ki, problemin sülh yolu ilə həllinə tərəfdardır. Bu yol bütün regionun, eləcə də, Ermənistanın xeyirinə ola bilər. Çünki orada vəziyyət getdikcə pisləşir. Ermənistan regionda ən kasıb ölkədir. Serj Sarkisyan hakimiyyəti ölkəni o vəziyyətə gətirəcəkdir ki, axırda daxildə dözülməz proseslər baş verəcəkdir. Müharibənin başlaması region üçün o qədər də yaxşı deyil. Çünki sakit region sakit qonşu deməkdir. Biz istərdik ki, Ermənistan bunu başa düşsün və sülh yolu ilə torpaqlarımızdan çəkilsin. Bu torpaqlar heç vaxt Ermənistanın olmayıb və olmayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın bir qarış torpağının nəinki verilməsi, hətta müzakirə obyekti olması da qeyri-mümkündür. Azərbaycanın işğal olunmuş torpaqları mütləq qaytarılacaqdır.
- Ermənistanın yenilənmiş Madrid prinsipinə münasibət bildirməməsini necə şərh edərdiniz?
- Ermənistanda konkret bir mövqe yoxdur. Ermənistan çabalayır. Deyir ki, yenilənmiş Madrid prinsipi yoxdu. Bəs bu günə qədər bəyan olunan Madrid prinsipi nə idi? Budur, Ermənistanın riyakar və müstəqil olmayan mövqeyi.
- Müharibə başlayarsa, xarici dövlətlərin tutacaqları mövqe necə ola bilər?
- Azərbaycan müharibəni istəmir. Biz gözləyirik ki, regionda olan ölkələr Ermənistana təzyiq etsinlər. Ümumiyyətlə, Ermənistan kimdir? Balaca, kasıb, güclü ordusu olmayan bir dövlətdir. Səssiz-səmirsiz torpaqlarımızdan çəkilməlidir. Heç bir müharibə müsbət nəticə gətirmir. Amma Azərbaycan üçün müharibə işğal olunmuş torpaqlarının geri qaytarılması deməkdir. Bu baxımdan, müharibə Azərbaycana müsbət nəticə gətirəcəkdir. Ermənistanda hakimiyyəti real düşünənlər varsa, bir an təsəvvür etməlidir ki, prinsiplər nə ilə sona yetəcəkdir. Yəqin başlarını götürüb ölkəni tərk edəcək və xaricdə sığınacaq tapıb müxtəlif vasitələrlə əldə etdikləri pulları xərcləyəcəklər. Bu gün Ermənistan ağır sosial, iqtisadi vəziyyətə düşübdür. Onlar düşünürlər ki, hər zamankı kimi onlara başqa dövlətlər tərəfindən böyük yardımlar olunur.
Azərbaycanın güclü döyüşən ordusu var. O ordu ki, hər an günahsız Azərbaycan qadınına, körpəsinə, qocasına, cavanına işgəncələr zülm edən, dəhşətli qətliamlar törədən, alçaq, qaniçən, azğın düşməni yerlə yeksan edən və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanın güclü iqtisadiyyatı var. Bu iqtisadi inkişaf Azərbaycanı dünyanın ən inkişaf etmiş mərkəzinə çevirib.
Allah-Taala bütün faciələri dəf etmək üçün Azərbaycana lider göndərib. Ulu öndər, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi, separatçı qüvvələri yerbəyer elədi, insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı, insanlar küçədə azad və sərbəst gəzməyə başladılar. Dövlətin konstitusiyası və dövlət dili qəbul olundu, Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycan bayrağı əbədi bir bayrağa çevrildi, Azərbaycan dili tribuna dilinə, yazı vasitələri isə rəsmi ünsiyyət vasitələrinə çevrildi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar. Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev xarici görüşlərində Azərbaycanın xəritəsini divardan asdı, Dağlıq Qarabağ problemindən danışdı. Görüşlərinin hər birində bir tarixçi - müəllim kimi əlində tutduğu xəritədə göstərdi ki, Dağlıq Qarabağ haradır, tarixən hansı dövlətə məxsus olubdur, separatçı qüvvələr hansı işğalçı vəhşiliklər törədib, qətliamlar həyata keçiribdir? Ulu öndər Heydər Əliyev qurtuluşla bağlı bəzi qüvvələrə dərs veribdir. O, elə bir etalon yaratdı ki, xalqa, dövlətə, məmləkətə xidmətin nə demək olduğu dərhal aydınlaşdı. Bununla da ümummilli lider Heydər Əliyev özünə əbədi bir həyat qazandı. Bu mənada 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsidir. Bu səhifə getdikcə daha da dəyərli olacaqdır. Ona görə dəyərli olacaqdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinə sınaq tarixi kimi daxil oldu. Əgər ulu öndər Heydər Əliyev tərəddüd etsəydi, xalqının, vətəninin taleyinə biganə qalsaydı, Azərbaycan dövlətinin azadlığı, suverenliyi, müstəqilliyi hökmən təhlükə altında qalardı. Ulu öndər Heydər Əliyev həmin sınaqdan üzü ağ çıxdı və xalqını da üzü ağ çıxartdı.
Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabətə girir, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, dövlətlər və münasibətlər sistemi qurulur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini, sürətlə inkişaf etdiyini söyləyirlər.
Bu gün bu dəsti-xətti, siyasəti ulu öndərin layiqli davamçısı və siyasi varisi cənab Prezident İlham Əliyev davam etdirir. Artıq regionların inkişafı ilə bağlı layihələr var. Regionların tez bir müddətdə nə qədər inkişaf etdiyi göz önündədir.
Azərbaycan günü-gündən dəyişir, gözəlləşir və Azərbaycan iqtisadiyyatı daha da inkişaf etdikcə, Azərbaycanda bir nəfər də olsun kasıb insan olmayacaq. Azərbaycan bir müddətdən sonra elə bir dövlətə çevriləcəkdir ki, burada yaşayan insanlar Azərbaycanın vətəndaşı olmağından qürur hissi keçirəcək və fəxrlə "Mən azərbaycanlıyam" kəlməsini söyləyəcəkdir. Bunu həyata keçirəcək Prezidentimiz cənab İlham Əliyev var. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi xəttini bu gün də layiqincə davam etdirir. Bu siyasi xətt Azərbaycan üçün həmişə uğur gətirəcəkdir. Gənclər isə Qurtuluş gününü dərindən öyrənməlidirlər.
Biz inanırıq və ümid edirik ki, cənab Prezidentimiz İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcək, bütün məcburi köçkünlər isə öz doğma yurd-yuvalarına dönəcəklər.