Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb
- Sevinc xanım, bildiyiniz kimi, Milli Mətbuatın 135 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Bu tədbirlərdə redaksiya olaraq siz necə iştirak edirsiniz?
- İlk olaraq, onu qeyd edim ki, yarandığı gündən bu günə qədər, təbii ki, biz də Mətbuat Şurasının üzvüyük. Həm də iyulun 22-də "Həftə İçi" qəzetinin 12 yaşı qeyd olunur. Ona görə də, bizim üçün iki qat bayramdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev Milli Mətbuatın 135 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Təbii ki, biz də böyük məmnuniyyətlə sözügedən tədbirlərə qoşulacağıq.
- Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Artıq Azərbaycan mətbuatının 135 illiyini qeyd edirik. Deməli, 135 ildir ki, mətbuatımız fəaliyyət göstərir. Son illər, biz həmişə qeyd edirik ki, bizdə 500-dən çox mətbuat orqanı fəaliyyat göstərir. Bu da, onun göstəricisidir ki, azad mətbuat üçün dövlət səviyyəsində də kifayət qədər imkanlar yaradılıb ki, bu qəzetlər açılsın və fəaliyyət göstərsin. Təbii ki, burada müstəqil mətbuatın da inkişafından söz demək lazımdır ki, ölkəmizdə kifayət qədər müstəqil mətbuat formalaşıbdır. Əlbəttə ki, bu gün yazılı mətbuatımızda kifayət qədər həll olunmamış problemlər var. Ümid edirik ki, mətbuatımızda olan problemlər öz həllini tapacaq.
- Jurnalistlərə fəxri adların, mükafatların verilməsində "reket" jurnalistlərinin yararlanması nə dərəcədə mümkündür?
- Burada söhbət ondan gedir ki, təqdimat olunmalıdır, ən azından jurnalistin 10 il iş stajı olmalıdır və bu iş stajı da əmək kitabçasında göstərilmək şərti ilə həyata keçirilməlidir. Bu baxımdan, hesab edirəm ki, burada "reket" jurnalistlərə yer qalmır. Düşünürəm ki, təqdim olunan layihələr götür-qoy ediləcək və layiq olanlar öz mükafatlarını alacaqlar.
- Dövlət-cəmiyyət-mətbuat əlaqələrinin qurulmasında Mətbuat Şurasının rolunu yetərincə hesab edirsinizmi?
- Biz həmişə Mətbuat Şurasından çox şeylər istəyirik. Amma yeni formalaşmış bir orqandır, kifayət qədər təcrübəli redaktorlarımız təmsil olunur. Mətbuat Şurasının üzvü kimi, deyə bilərəm ki, bu son ildə MŞ, məhz "reket" qəzetlərlə mübarizədə iştirakı ilə yadda qaldı. Amma istərdim ki, MŞ-nin imkanları və fəaliyyətləri daha çox genişlənsin ki, onlar nə isə edə bilsinlər. Düzdü, müxtəlif tədbirlər keçirilir, yəni dövlət qurumlarının mətbuata açıq olması ilə bağlı, necə etmək lazımdır ki, mətbuat xidmətləri qəzetlərə açıq olsun və dövlət orqanlarının mətbuatla iş birliyi yaradılsın. Amma çox təəssüflər olsun ki, sözügedən problemlər hələ də qalmaqdadır. Yəni, jurnalistlər mətbuat xidmətlərinə çıxa bilmirlər, birinci əldən informasiyanı operativ ala bilmirlər və əksər halda dövlət orqanları daha çox televiziyalarla və informasiya agentlikləri ilə işləyirlər. Bir sözlə, qəzetlər arxa planda qalır. Mən çox istərdim ki, Mətbuat Şurası məhz bu məsələlərin həllinə daha çox diqqət ayırsın ki, qəzetlər heç bir televiziyalardan və agentliklərdən geri qalmasın, onlar arasında fərq qoyulmasın.