Radikal "bəy"lər çirkin işlərindən əl çəkmirlər
Müxalifətçi "bəy"lərin çirkin işlərinin ardı-arası kəsilmir. Hər gün yeni-yeni mənasız işlərlə məşğul olurlar. Bu da, onların onsuz da olmayan nüfuzlarına daha da zərbə vurur. BAXCP-nin Ali Məclisinin sədri Mikayıl Rəhimov radikal "bəy"lərin və xüsusən də, AXCP (i) sədri Əli Kərimovun çirkin əməllərindən danışdı.
- KAXCP sədrinin AXCP (i) sədri Əli Kərimov haqqında dedikləri hər kəsə məlumdur. O bildirib ki, Ə.Kərimov AXCP-yə və xüsusən, Əbülfəz Elçibəyə xəyanət edib və partiyanın bugünkü, pis vəziyyətə gəlib çıxmasında Ə.Kərimovun böyük günahları var. Siz bu fikirlərlə nə dərəcədə şəriksiz?
- Mən öz mövqeyimi deyə bilərəm ki, Ə.Kərimov həm Ə.Elçibəyə, həm də bütünlükdə AXCP-yə ciddi, ağır zərbələr vurub və xəyanət edib. Onun haqqında deyilən bütün mənfi fikirlər düzdür və mən bununla razıyam. Ə.Kərimov bundan sonra üzr istəməklə etdikləri səhvləri düzəltmək iqtidarında deyil. Artıq o, səhvlərə, xəyanətə yol verib və partiyanın imicinə zərbə vurub. Ə.Kərimovun etdiyi bu cür mənfi, mənfur hərəkətlər heç kəsin yadından çıxmayacaq.
- Ə.Kərimovun bu hərəkətlərinə görə, üzr istəməməsi bir daha onun etdiyi hərəkətlərə haqq qazandırmaq niyyətində olduğunu sübut edirmi?
- Ə.Kərimov cəsarətsiz, siyasi səriştəsi olmayan bir siyasətçidir. Məlumdur ki, o, üzr istəməklə bağlı hələ qərar verməyib.
- Ə.Kərimovun cəsarətsizliyinə baxmayaraq, onun ətrafında bəzi adamlar qalıb. Bununla bağlı nə deyə bilərsiz?
- Mən onun ətrafında qalan adamları tanımıram. Bizim tanıdıqlarımızın hamısı onun ətrafından uzaqlaşıblar.
- Bəs Ə.Kərimov kimi siyasətçilərin perspektivini necə görürsüz?
- Ə.Kərimovdan danışarkən, perspektivdən danışmağa dəyməz. Onun heç bir perspektivi, siyasi qabiliyyəti yoxdur.
- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı bəzi müxalifət partiyaları mitinqlər keçirmək istəyirlər. Onların bu mitinqləri keçirməsinin arxasında hansısa beynəlxalq qurumların maraqları dayanırmı?
- H.Klintonun səfəri yüksək səviyyədə təşkil olunacaq və Azərbaycanla bəzi məsələlər müzakirə ediləcək. Bu ərəfədə müxalifətin belə addımlar atması təəssüf doğurur. Çünki bu ərəfədə qanunsuz hərəkətlər etmək, icazəsiz mitinqlər keçirmək heç də doğru deyil. Bu cür pozucu aksiyalar keçirməklə, radikallar istəyirlər ki, Azərbaycanın imicinə zərbə vursunlar. Lakin onlar heç nə əldə edə bilməyəcəklər. Qətiyyətli olaraq bu cür mitinqlərin olaraq əleyhinəyəm.
- Mikayıl bəy, ümumiyyətlə, müxalifətin meydan təfəkküründən ayrılmaması nə ilə bağlıdır?
- Bilirsiniz, qanunla insanların toplaşmaq hüququ olduğunu hamımız bilirik. Lakin bəzi müxalifətçilərin son zamanlar təşkil etdikləri mitinqlərin müsbət xarakterli olduğuna, verilən bu qərarların ağıllı olduğuna inanmıram.
- Mikayıl bəy, seçkilərə start verilməmişdən öncə, ölkədəki bəzi siyasi qüvvələr sabitliyi pozmaq üçün fəal işə başlayıb. Bunu təəssüfedici bir hal kimi qəbul etmək olar?
- Azərbaycan dövləti, iqtidarı çox güclüdür və heç kimin gücü çatmaz ki, onu hansısa stabilliyi, sakitliyi pozmaqla zəiflətsin. Düzdü, bəzi qüvvələr istəyir ki, ara qarışdırmaqla məşğul olsun, amma bu, alınmayacaq. Radikalların etdikləri bu hərəkətlər çox təəssüf doğurur. Azərbaycanda siyasi-ictimai sakitliyi pozmağa heç kimin gücü çatmaz.