"Ermənistana qarşı beynəlxalq birliyin təsir mexanizimləri işə salınmalıdır"
- Elman müəllim, "Böyük İyirmiliy"in Kanadada keçirilən toplantısında Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatını neçə şərh edərdiniz? Bu bəyanatın Minsk qrupunun üzvü olan ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsində maraqlı olduqlarını demək olarmı?
- Kanadanın Toronto şəhərində "Böyük İyirmiliy"in toplantısı keçirildi. Bu toplantılar çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri, yəni ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikolya Sarkozi birgə bəyanatla çıxış etdilər. Bu bəyanat Dağlıq Qarabağ probleminin həlli məsələsi ilə bağlı olaraq, onların növbəti mövqeyi idi. Onlar hələ 2008-ci ildə İtaliyada keçirilən "Böyük Səkkizliy"in toplantısında da bu münaqişənin həlli ilə bağlı bəyanatla çıxış etmişdilər. Ondan sonra isə ATƏT-in Minsk qrupunun bu problemin həlli ilə bağlı yenilənmiş Madrid prinsipləri irəli sürülmüşdür. Son bəyanata münasibətdə onu qeyd edə bilərəm ki, bu, olduqca müsbət bir addımdır. Yəni, bu toplantı çərçivəsində üç həmsədr dövlətin məhz prezidentlər səviyyəsində belə bir bəyanat qəbul etmələri təqdirəlayiq haldır. Bizim üçün sözügedən bəyanatın əhəmiyyəti nədədir və niyə biz bunu müsbət bir addım kimi dəyərləndiririk? Fikrimcə, ilk növbədə, bu bəyanatın ən müsbət cəhəti ondan ibarətdir ki, burada üç həmsədr dövlətin prezidentləri səviyyəsində Dağlıq Qarabağ ətrafında işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması məsələsi öz əksini tapıb. Yəni, yeddi rayonun geri qaytarılması məsələsi prezidentlər səviyyəsində irəli sürülüb. Həmin ərazilərin işğal altında olması faktı da qeyd edilir. Onu deyə bilərəm ki, bu, çox mühüm amildir və ərazilərimizin işğal altında olması, işğala məruz qalması faktını həmsədr dövlətlərin prezidentləri, dünyanın ən böyük dövlətlərinin başçıları etiraf etməli və təsdiqləməli olurlar. İkincisi isə, bu bəyanatın gedişində diqqəti cəlb edən mühüm prinsiplərdən biri də onunla bağlıdır ki, hər üç prezidentin təklifi ilə bu münaqişənin həlli ilə bağlı Laçın dəhlizi məsələsi gündəliyə salınıb. Yəni, problemin həlli naminə bu dəhlizin saxlanılması məsələsi qeyd olunur. Həmsədrlər, hələlik, mərhələli planı qəbul etdiklərindən Dağlıq Qarabağın statusu müəyyənləşdirilməsi ilə bağlı sonrakı mərhələni gözləməyin tərəfdarıdırlar. Eyni zamanda, burada Dağlıq Qarabağa müvəqqəti aralıq statusu verilməsi ideyası öz əksini tapıb. Bundan başqa isə, həmsədr dövlətlərin prezidentlərinin bəyanatında məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması və onların təhlükəsizliyinin təminatı ilə bağlı sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı siyasi iradəni ortalığa qoyulması kimi məsələlər öz əksini tapıb.
- Prezidentlərin bəyanatında referendum məsələsi qeyd olunub. Bununla bağlı nə deyə bilərsiniz?
- Bəli, burada referendum məsələsi qeyd olunub. Dağlıq Qarabağın müvvəqəti statusu başa çatdıqdan sonra, Qarabağın yekun statusu ilə bağlı referendum məsələsi irəli sürülüb. Bəyanatın ingilis versiyasında birmənalı şəkildə erməni məsələsi qoyulmayıb. Yəni, erməni əhalisi söhbəti getmir. Rus versiyasında isə orada yaşayan əhalidən söhbət gedir. Orada yaşayan əhalidən, bildiyiniz kimi, etnik təmizləmə nəticəsində ancaq ermənilər qalıb. Bu nöqteyi-nəzərdən ingilis versiyası, təbii ki, əsas və həlledici versiya kimi qəbul olunacaq. Buna görə də, prinsip etibarı ilə bəlli bu bəyanat müsbət bir bəyanat kimi dəyərləndirilə bilər. Eyni zamanda isə, bu, onu göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və onların dövlət başçıları, artıq bu qənaətə gəliblər ki, istənilən halda, onların atəşkəs hesab etdikləri rejim pozula bilər. Nəzərə alsaq ki, onların çox böyük enerji maraqları var, regionda müharibə labüddürsə və iyun ayında baş verən sərhəddəki toqquşmalar bunu göstərdi ki, istənilən halda, müharibə alovlana bilər. Bu isə, son nəticədə həmin böyük dövlətlərin, həmsədr dövlətlərinin regionla bağlı maraqlarının sual altına düşməsinə səbəb ola bilər. Ona görə də fikrimcə, son hadisələr və sərhəddə baş verən bu insident özü həmsədrlər üçün bir siqnal oldu və onları bir qədər daha fəal addımlar atmağa məcbur etdi. Bu kontekstdə Toronto Bəyannaməsinin irəli sürülməsinin motivlərini başa düşmək olar.
- Bəzi məlumatlara görə, Toronto Bəyannaməsinə Fransa və ABŞ tərəfi işğal faktını da, yəni Ermənistanın Azərbaycan torpağını işğal etməsi sözünü də salmaq istəyir. Amma Rusiya tərəfi bu məsələyə qarşı çıxıb. Bu, nə dərəcədə realığı əks etdirən məlumatdır?
- Bu, hər kəsə bəllidir ki, Ermənistanın müttəfiqi Rusiyadır. Əgər Rusiya Ermənistanı dəstəkləməsəydi, təbii ki, biz çoxdan torpaqlarımızı geri qaytarmışdıq. Bildiyiniz kimi, ingilis versiyasında qeyd edilir ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlarımızın geri qaytarılması, fikir versəniz, görərsiz ki, geri qaytarılması ifadəsi ona işarədir ki, torpaqlar işğal altındadır və ona görə də geri qaytarılır. Amma rus versiyasında Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqların Azərbaycana verilməsi isə hələ işğal anlamına gəlmir. Bir sözlə, burada geri qaytarılmaq ifadəsi tamamilə başqa bir məzmundur. Hər kəsə çox açıq şəkildə məlumdur ki, regionda Ermənistanın müttəfiqi məhz Rusiyadır və məhz Ermənistan regionda Rusiyanın forpostudur. Ona görə də, ingilis-rus versiyalarındakı bu cür anlaşılmazlıqları başa düşmək olar. Burada ən başlıcası Ermənistanın işğalçı dövlət olması faktı, faktiki olaraq, həmin bəyanatda öz əksini tapmasıdır.
- Yenilənmiş Madrid pirinsipləri məsələsi gündəmdən düşmür və belə bir məqamda da Ermənistan tərəfi də məsələyə münasibət bildirməkdən yayınır. Bu halda, demək olarmı ki, artıq danışıqların davam etdirilməsinin nəticəsi yoxdur?
- Bildiyiniz kimi, bu ilin yanvar ayında Azərbaycan və Ermənistan Soçi görüşündən sonra, iki həftə ərzində Ermənistan yeniləşmiş Madrid prinsipləri ilə bağlı mövqeyini bildirməli idi. Artıq yeddinci aydır ki, Ermənistan bu məsələdə nə hə deyir, nə də yox və bununla bağlı Azərbaycan Prezidenti iyun ayında İstanbulda işgüzar səfərdə olarkən, Azərbaycan jurnalistlərinə müsahibəsində də qeyd etdi ki, "biz Ermənistanın cavabını gözləyirik. Ermənistan isə bu məsələyə nə hə deyir, nə də ki, yox. Biz münaqişəni indiki vəziyyətdə iki sual üzərində düşünürük, bu münaqişəni necə həll etməliyik və hansı zaman kontekstində həll etməliyik. Təbii ki, biz bu münaqişəni dinc yolla və sürətlə həll etmək istəyirik". Bu Prezidentimizin mövqeyidir. Lakin Ermənistan bu mövqe ilə bağlı heç bir münasibət bildirmir və öz mövqeyində dayanıb. Amma iyun ayının 18-də Ermənistan-Azərbaycan sərhədində baş verənlər göstərdi ki, əslində, münaqişə dondurulmayıb, istənilən vaxt alovlana bilər. Bu da, əslində, Ermənistana verilən bir mesajdır. Bu gün Azərbaycanın hərbi büdcəsi 2 mlrd 150 mln təşkil edir ki, bu da Ermənistanın ümumi büdcəsindən artıqdır. Heç şübhəsiz ki, əgər proseslər belə gedərsə, Azərbaycan münaqişənin dinc yolla həlli imkanlarının tükəndiyi qənaətinə gəlib qeyri-dinc yolla - müharibə yolu ilə həll etmək reallığı üzə çıxara bilər. Bu isə nəticə etibarilə Minsk qrupunun fəaliyyətinin artıq fiaskosudur. Məhz Minsk qrupunun həmsədrlərinin irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini Ermənistan ayaq altına atır və tam saymazlıq nümayiş etdirir. Bu, ilk növbədə, onların imicinə böyük zərbədir. Minsk qrupunun həmsədrləri, onların rəhbərləri, prezidentləri, xarici işlər nazirləri səviyyəsində artıq real addımlar atmalıdırlar. Yəni bəyanatdan və sözdən irəli gedən, əməli işə köklənən addımlar atmalıdırlar. Belə olmazsa, münaqişənin müharibə fazasına keçməsi çox realdır.
- Əməli addımlar dedikdə, konkret hansı detallar nəzərdə tutulur?
- İlk növbədə, Ermənistana qarşı nəzərdə tutulmuş, beynəlxalq birliyin təsir mexanizmləri işə salınmalıdır. Bunları isə işə salmaq istəmirlər. Beynəlxalq hüquqda belə bir hal var ki, qeyri-konstruktiv ölkələrə qarşı "sülhə məcburetmə" prinsipi həyata keçirilir. Yəni onları sülhə məcbur edirlər. Ermənistanın yeritdiyi bu siyasi xətt regionun təhlükəsizliyi üçün təhdiddir. Amma bu təhlükə təkcə Cənubi Qafqaz regionunu əhatə etmir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri qlobal layihələrdir. Burada Avropa ölkələrinin və ABŞ-ın marağı var. Yəni ona başa salmaq olar ki, yeritdiyi anti-Azərbaycan siyasəti nəticədə anti-qərb siyasətinə çevrilir. Bu yolla onu sülhə məcbur etmək olar. Erməni diplomatlarını persona non qrata adlandırıb, geri qaytarmaq olar ki, Ermənistan dövlətinin yeritdiyi siyasət təkcə regionda deyil, bütövlükdə, dünyada sülh və təhlükəsizlik üçün problemlər yaradır. Müasir qlobal dünyada bir regionda baş verən konflikt digər regionlara təsir edə bilər. Bu məntiqlə istəsələr Ermənistana qarşı real təsir mexanizmlərini işə sala bilərlər. Hal-hazırda isə bu təsir mexanizmlərin işə salınmamasının bir sıra səbəbləri var. Belə ki, bu təsir mexanizmlərini işə sala biləcək dövlətlərin Rusiya ilə bağlı konkret maraqları var və həmin maraqlar çərçivəsində onlar bir sıra proseslərə göz yuma bilirlər. İşğalçı dövlətin arxasında Rusiyanın dayandığı reallığından çıxış edib, Ermənistanla davranışlarında indi müşahidə etdiyimiz addımları atırlar.
- Müharibənin başlayacağı təqdirdə, burada maraqlı olan dövlətlərin mövqeyi, sizcə, necə olacaq?
- Müharibənin başlanılmasını, əlbəttə ki, heç kəs istəmir, xüsusilə də, Azərbaycan. Lakin Azərbaycanın müharibə etməyə vadar edən amillər var. Azərbaycan sülh siyasəti yürüdür. Bunun nəticəsidir ki, torpaqlarımızın 17-18 ildir işğal altında olmasına baxmayaraq, hələ də yüksək təmkin nümayiş etdiririk. Amma gəlin baxaq görək həmsədr və yaxud digər dövlətlərin hansı öz torpaqlarının işğal altında qalması faktına hüdudsuz və sonsuz olaraq dözə bilər. Heç bir dövlət, yəqin ki, bunu etməz. Belə bir vəziyyətdə özləri hansı addımları atacaqlarsa, Azərbaycanın da bu addımları atmasına təəccüblənməsinlər. Məsələ orasındadır ki, hər bir dövlətin öz maraqları var və bu gün digər dövlətlərin Cənubi Qafqazla maraqları ondan ibarətdir ki, burada atəşkəs olsun, konflikt dinc yolla həll olunsun, onların neft və qazla bağlı maraqlarında təhlükə yaranmasın. Əgər Azərbaycan müharibəyə başlamaq haqqında yüksək siyasi qərar qəbul etsə, bu barədə digər dövlətləri də məlumatlandıracaq, bütün məsuliyyətin Ermənistanın üzərinə düşəcəyəni bəyan edəcək. BMT-nin nizamnaməsinin 51-ci maddəsindən çıxış edərək, özünün müdafiə hüququnu təmin edəcək. Yəni müharibə başlayacağı təqdirdə belə, hər şey beynəlxalq normalara uyğun qurulacaq. İlk olaraq diplomatik sahədə atılacaq addımlar Azərbaycanın müharibəyə başlaması ideyasına tərəfdaşlar qazandırmaq məqsədi daşıyacaq.