Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyulur
Son dövrlər ölkəmizdə mətbuatın inkişafına diqqət və qayğı artmaqdadır. Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə, onların inkişafına münbit şərait yaradılıb. Bu sahədə çalışan, zəhmət çəkən insanların xidmətləri qiymətləndirilir, fəaliyyətlərində fərqlənən jurnalistlərə, qələm sahiblərinə dövlət tərəfindən fəxri adlar, mükafatlar verilir. Qarşıdan isə Azərbaycan Milli Mətbuatının yaradılmasının 135-ci ildönümü gəlir. Prezidentin Sərəncamı əsasında bu bayram ölkəmizin hər yerində qeyd olunacaq.
Bütün bunlarla bağlı suallara Mətbuat Şurasının sədri Əflatun Amaşov ətraflı cavab verir.
- Əflatun müəllim, mətbuatın ildönümü ilə bağlı qəzetlərə, ayrı-ayrı jurnalistlərə mükafatların verilməsi nəzərdə tutulubmu və yaxud bununla bağlı hər hansı bir iş görülürmü?
- Hazırda bu məsələ müzakirə olunur. Mətbuat Şurası Milli Mətbuat Günü ilə bağlı tədbirə başlayıb. Artıq Yevlax və Zərdab rayonunda Milli Mətbuatın 135 illiyinə həsr olunan geniş tədbir keçirilib. Bu tip tədbirlərin Azərbaycanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.
- Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq jurnalistlərə fəxri adların, mükafatların və təqaüdlərin verilməsi hansı formada həyata keçiriləcək?
- Birmənalı qaydada deyə bilərəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq jurnalistlərə fəxri adlar, mükafatlar veriləcək. Qəzetlər də müəyyən məbləğdə yardımlar alacaqlar. Nəzərə almaq lazımdır ki, Milli Mətbuatın 130 illiyi münasibətilə 150-dən artıq jurnalist mükafatlara layiq görülmüşdür. Bu il bu siyahının daha geniş olacağı gözlənilir.
- Mətbuatda yayılan məlumatlara istinadən, demək olar ki, Mətbuat Şurası olaraq "reket jurnalistika" ilə məşğul olan qəzetlərə heç bir yardım edilməyəcək. Bütün bunlar mətbuatdakı mənfi halların qarşısını ala biləcəkmi?
- Təəssüf ki, ölkəmizdə "reket jurnalistika" ilə məşğul olan qəzetlər var. Onlar nəzərəçarpacaq dərəcədədir. Lakin onları jurnalist adlandırmaq olmaz. Onlar mətbuatın qarayarasıdır, ləkəsidir. Başqa sahələrdə uğur qazana bilməyən insanlar özlərinin mənafeyinə xidmət edən qəzetlər açırlar, insanları şantaj edirlər. Bununla da, həm jurnalistika qaydalarının prinsiplərini pozurlar, həm də qanunun müəyyən tələblərini pozurlar. Mətbuat Şurası öz fəaliyyəti ilə bağlı, mətbuat-vətəndaş problemini araşdırmaqla bağlı iş aparır, bu istiqamətdə mənfi hallara qarşı mübarizə aparır. Bunula bağlı şura tərəfindən komissiya yaradılıb. Bununla da, bu sahənin daxildən təmizlənməsini qarşımıza məqsəd qoymuşuq. Bu vaxta qədər 100-ə yaxın qəzet şuranın qara siyahısına "reket qəzet" kimi salınıb. Mən düşünürəm ki, müəyyən mənada, Mətbuat Şurasına həm hüquq-mühafizə orqanları, həm bu sahədə çalışan insanlardan, eyni zamanda, cəmiyyətdən köməkliklər edilsə, biz bu problemləri tez bir müddətdə aradan qaldıra bilərik.
- Əflatun müəllim, "reket jurnalistikası" ilə bağlı kriteriyaları bəlkə bir daha müəyyənləşdirəsiniz?
- "Reket jurnalistikası"nın mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı insanlar özləri üçün qəzet çıxarır, şəxsi mənafeləri naminə ayrı-ayrı məmurları təhqir, şantaj edirlər. Bu yolla onlardan pul alır və yaxud da digər vəsaitlər əldə edirlər. Məhz Mətbuat Şurası bu sayaq qəzetlərə qarşı mübarizə aparır. Həmin qəzetlər "reket" qəzetlər adlandırılır. Onların fəaliyyətində jurnalistika ilə bağlılıq yoxdur. Qəzetlər ayrı-ayrı şəxslər haqqında yoxlanmamış məlumatlar, informasiyalar verirsə, bütün bunlar araşdırılır və əgər yazılanlar öz təsdiqini tapmırsa, yəni doğru deyilsə, həmin qəzet haqqında ictimaiyyətə açıqlamalar verilir. Bütün bunlar da həmin qəzetlər haqqında, imicləri barədə ictimaiyyət arasında müəyyən fikirlər formalaşdırır. Onda hər kəs bilir ki, hansı qəzetləri oxumaq lazımdır və hansı qəzetlər peşə-davranış qaydalarına daha üstünlük verir.
- "Yeni Müsavat", "Azadlıq" qəzetlərinin elə bir səhifəsi yoxdur ki, orada məmurlar ittiham olunmasın. Onlar niyə "qara siyahıya" salınmır və yaxud "reket" adlandırılmır?
- Adını çəkdiyiniz qəzetlərlə bağlı bizə şikayət daxil olub. Ancaq o şikayətlər peşə-davranış qaydaları ilə bağlı olub. Müstəqil Azərbaycan mətbuatı hələ gəncdir. İqtisadi baxımdan o qədər də güclü deyil. Dövlətimizin də gördüyü bütün bu tədbirlər, Mətbuat Şurasının da gördüyü işlər Azərbaycan mətbuatının inkişaf etməsinə, formalaşmasına, maddi bazasının möhkəmlənməsinə, bu sahədə çalışan insanların həyat şəraitinin yüksək olmasına yönəlib.