Azərbaycan özünün uğurları ilə bütün dünyada tanınır
- Ağacan müəllim, bu yaxınlarda Milli Məclisin yaz və növbədənkənar sessiyaları öz işini başa vurdu. Necə hesab edirsiniz, parlament bu müddət ərzində qarşıya qoyduğu iş planını hansı səviyyədə yerinə yetirdi?
- Parlament həm yaz, həm də növbədənkənar sessiyaları çərçivəsində qarşıya qoyulmuş vəzifələri yerinə yetirib. Bilirsiniz ki, parlament ali qanunverici orqan olaraq dövlət hakimiyyətində önəmli yer tutur. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafı üçün çoxsaylı vacib qanunlar qəbul edilib. Eyni zamanda, zəruri hallarda bəzi qanunlara müvafiq dəyişikliklər olunub. Təbii ki, bu dəyişikliklərin hamısı qanunlarımızın daha mütərəqqi, daha işlək olmasına xidmət edir. Hesab edirəm ki, Milli Məclisin bu dövrdəki fəaliyyətini uğurlu saymaq olar. Milli Məclisin növbədənkənar sessiyası zamanı hesab edirəm ki, qəbul olunmuş ən mühüm sənədlərdən biri "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər haqqında qanun oldu. Yeri gəlmişkən, qeyd edim ki, dəyişikliklərə əsasən, 2010-cu il dövlət büdcəsi gəlirləri 1, 490 milyon manat artırılaraq 11, 505 milyon manata çatdırıldı. Cari ilin dövlət büdcəsi xərcləri isə 12 275,3 milyon manata çatdırıldı. Bu da 2010-cu ildə təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 9 faiz, 2009-cu ilin faktiki icrasına nisbətən 16,1 faiz çoxdur. Hesab edirəm ki, bu artım nəticəsində yeni investisiya layihələri həyata keçiriləcək, əhalinin sosial rifahının daha da yüksəlməsi istiqamətində addımlar atılacaq. Bundan başqa, bir çox sahələri əhatə edən mühüm qanunlar da millət vəkillərin müzakirəsinə təqdim olunaraq qəbul edilib. Mən bu sessiyalar çərçivəsində həmkarlarımın fəaliyyətini yaxşı qiymətləndirirəm.
- Siz Milli Məclisin İntizam Komitəsinin sədrisiniz. Nəzərə alsaq ki, hazırkı üçüncü çağırış parlamentin 5 illik fəaliyyəti başa çatmaq üzrədir, onda rəhbərlik etdiyiniz komitənin də fəaliyyətinə qiymət vermək mümkündür. Ümumiyyətlə, bu müddət ərzində parlamentdə intizam məsələlərinə nə dərəcədə riayət olunub?
- Heç kəsə sirr deyil ki, müstəqilliyimizin ilk illərində, Milli Məclisdə bu orqanın statusuna, imicinə yaraşmayan olaylar yaşanırdı. Amma sonradan bu hadisələrə, demək olar ki, son qoyuldu. Milli Məclisdə yaradılan qayda - qanun deputatların daha əlverişli şəraitdə və daha keyfiyyətli şəkildə fəaliyyətinə imkan verdi. Bu çağırışda da Milli Məclisdə nizam-intizam məsələlərində hər hansı problem yaşanmadı. Bəzi xırda məsələlər baş vermiş olsa da, bu ümumi işə mənfi təsir göstərmədi. Ötən 5 il ərzində İntizam Komitəsinin yalnız bir iclası keçirilib və bir deputat haqqında ciddi ölçü götürülüb. Bu halı istisna etməklə, deputatlar arasında hansısa qanun, intizam pozuntusu halı baş verməyib. Hərdən bəzi KİV nümayəndələri mənə hansısa deputatların tez-tez iclaslarda iştirak etmədikləri ilə bağlı sual verirlər. Amma bu iddiaların heç bir əsası yoxdur. Çünki millət vəkillərimiz, mütəmadi olaraq, ezamiyyətlərdə, xarici səfərlərdə olurlar. Xüsusilə, beynəlxalq təşkilatların tədbirlərində iştirak edən deputatların fəaliyyətini qeyd etmək istəyirəm. Onlar həmin təşkilatlarda müstəqil dövlətimizi təmsil edir, ölkəmizin maraqlarını müdafiə edirlər. Hətta mən özüm də bəzən olur ki, hansısa beynəlxalq səviyyəli tədbirdə iştirak edirəm və parlamentin iclasında iştirak edə bilmirəm. Hesab edirəm ki, bu halları üzrlü saymaq olar və deputatların iclaslarda iştirakı qənaətbəxşdir. Bir sözlə, sevindirici haldır ki, İntizam Komitəsinin işsiz qalıb. Əgər başqa ölkələrin parlamentlərində baş verən olaylara nəzərə salsaq, onda bizim millət vəkillərinin nə qədər nümunəvi fəaliyyət göstərdiyinin, yüksək siyasi mədəniyyətə malik olduğunun şahidi olarıq.
- Parlamentin Elm və Təhsil Komitəsinin üzvü kimi təhsil sistemində aparılan islahatlar haqqında nə deyə bilərsiniz? Sizcə, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizinin yaradılmasının hansı üstünlükləri var?
- Biz XXI əsrdə yaşayırıq və bəzi məsələlərə konservativ yanaşmaq doğru olmazdı. Daha mütərəqqi, bizi daha çox inkişafa aparacaq ideyalara daim açıq olmalıyıq. Eyni zamanda, təhsil elə bir sahədir ki, daim yeniliklər və inkişaf tələb edir. Biz də təhsilimizi necə inkişaf etdirə bilərik, gənclərimizi necə daha peşəkar, daha intellektual səviyyəyə çatdıra bilərik, bu barədə düşünməliyik. Təbii ki, köhnə sovet təhsil sisteminin müəyyən müsbət tərəfləri var idi. Amma bu gün bütün dünya daha mütərəqqi prinsiplər üzərində öz təhsillərini qururlar. Qaldı ki, fərdi maliyyələşmə sisteminin tətbiqinə, mən xatırlatmaq istərdim ki, bu yaxınlarda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təhsildə fərdi maliyyələşmə məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Mən bu müşavirəni, müzakirə olunan məsələləri, səsləndirilən fikirləri çox yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Azərbaycan hökuməti təhsil siyasətinə, təhsilimizin inkişafına çox böyük əhəmiyyət verir. Bu sahədə böyük Dövlət Proqramları qəbul edilib və mühüm nailiyyətlər qazanılıb. Yüksək biliyə malik bacarıqlı tələbələr dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrdə təhsil alırlar. Həmçinin, bu tələbələrin ölkə daxilində, öz universitetlərimizdə də yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Bir növ dövlət bu tələbələrin təhsil almasını maliyyələşdirir. Amma nisbətən, zəif hazırlıqlı tələbələr öz hesablarına təhsil alırlar. Bunu da təbii qarşılamaq lazımdır. Çünki Azərbaycan dünyaya inteqrasiya edir, eyni zamanda, təhsil sistemimiz də dünya təhsil sisteminə uyğunlaşdırılır. Dünyanın güclü ölkələri, inkişaf etmiş ölkələrinin tətbiq etdiyi və böyük nailiyyətlər əldə etdiyi bir sistemi Azərbaycanda da gerçəkləşdirmək bizə yalnız uğur gətirə bilər. Bu məsələnin tətbiqi həm də rəqabəti artıracaq və rəqabət olan yerdə inkişaf da olur. Ona görə də, hesab edirəm ki, təhsil sistemində fərdi maliyyələşməni tətbiq etmək lazımdır və bunun müsbət nəticələrini gələcəkdə daha yaxşı görmək mümkün olacaq.
- Ağacan müəllim, siz Azərbaycanda idman sahəsində də ən tanınmış mütəxəssislərindən birisiniz. Bir peşəkar idmançı kimi ölkəmizdə idmanın hazırkı vəziyyəti, bu sahənin inkişafı üçün görülən işlər barədə nə deyə bilərsiniz?
- Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda idmanın da inkişafı, yenidən dirçəlişi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ilk görüşlərindən birini məhz idmançılarımızla keçirdi. 1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında bütün idmançıları, idmansevərləri bir araya gətirən Ulu Öndər bu gündən sonra idmana qayğını öz üzərinə götürdüyünü bəyan etdi. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra idmanda böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya oyunlarında çıxış etdilər. Həmin yarışlarda iştirak edən idmançılarımızı Ulu Öndər Özü yola saldı və qayıdarkən, onları qəbul etdi. Ümummilli Liderimiz idmançılarımızın sosial problemlərinin həllinə daim qayğı ilə yanaşırdı, onların əməyini yüksək qiymətləndirirdi. Sevindirici haldır ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev də idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Dövlət başçısı idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi - texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək, bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. İlk olimpiya kompleksi 2001-ci ildə Bakıda istifadəyə verildikdən sonra, Maştağada ikinci kompleks tikildi. Getdikcə bu komplekslərin sayı da artdı və regionlarda da böyük komplekslər tikilməyə başlandı. Bu gün ölkəmizin müxtəlif regionlarında 25-dən çox olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində idmançıların orada yaşaması üçün şərait də var. Məhz maddi - texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni - yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Bilirsiniz ki, bu ilin aprel ayında Bakıda boks üzrə gənclər arasında dünya çempionatı keçirildi. Bu yarışda medal alan boksçular ilk dəfə bu il Sinqapurda keçiriləcək olimpiya oyunlarına medal qazandılar. Çempionatda 96 ölkədən 466 boksçu iştirak edirdi ki, bu da rekord göstərici idi. Həmin yarışda Azərbaycan boksçuları 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci oldular. Bu, Azərbaycanda boksun parlaq gələcəyindən xəbər verir. Bu inkişaf təkcə boksa aid deyil. Azərbaycanda idmanın bütün sahələrində böyük inkişaf var. Bu, olimpiadalarda əldə etdiyimiz medalların sayında da özünü göstərir. Hər dəfə olimiya oyunlarında iştirak etdiyimiz idman növlərinin sayı artır. Biz 1996-cı ildə Atlantada 1, 2000-ci ildə Sidneydə 3, 2004-cü ildə Afinada 5, 2008-ci ildə Pekində isə 7 medal qazandıq. Fikrimcə, qazanılan medalların hər dəfə artması bir qanunauyğunluqdur. Bu mənada, hesab edirəm ki, növbəti olimpiya oyunlarında ölkəmizin qazandığı medalların sayı daha çox olacaq.
- Azərbaycanın əldə etdiyi bu nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır? Onların Azərbaycanın idman ölkəsi kimi inkişafı ilə bağlı fikirləri nədən ibarətdir?
- Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Masallıda açılan Olimpiya kompleksində iştirak edən Avropa Olimpiya Komitəsinin rəhbəri qeyd etdi ki, Azərbaycan, doğrudan da, Avropanın idman mərkəzlərindən birinə çevrilib. Bu fikir ölkəmizdə idmanın inkişafına dövlət dəstəyi və qayğısı, idmanın inkişafı ilə bağlı verilmiş ən yüksək qiymətdir. Eləcə də, dünya idman ictimaiyyəti də bu fikirdədir. Bu gün Azərbaycan bütün beynəlxalq yarışlara ev sahibliyi etmək iqtidarındadır və bunu ölkəmizdə baş tutan idman yarışlarının yüksək səviyyədə təşkil olunması da sübut edir.