- Aydın müəllim, bu gün bizim cəmiyyətdə siyasi partiyaların, təşkilatların və sair qurumların az qala dəblə yanaşdığı "siyasi fəaliyyət" anlayışı özünü nə dərəcədə doğrulda bilib?
- Bilirsiniz, siyasətin rentabelliyi deyilən bir anlayış var. Çox təəssüf ki, Azərbaycanda bu kateqoriya çərçivəsində siyasətdə məhsuldarlığın olması üçün lazımi qədər şərtlər yoxdur. Hər bir göstəricini də siyasətdə rentabellik saymıram. Çox dərinə gedib təhlil etmək istəmirəm. Amma bu gün kimlərsə hansısa siyasi postu tutursa və ya kimlərsə deputat mandatını alıb parlamentdə oturursa, bu o demək deyil ki, onun siyasəti rentabelli olduğuna görə, bu nəticələri əldə edib. Siyasi fəaliyyətdə rentabelliyin kriteriyaları tamamilə başqadır. Tam cəsarətlə deyə bilərəm ki, ümumiyyətlə, son 10-15 ildə Azərbaycan siyasətində rentabellilik nümayiş etdirən şəxslərin sayı barmaqla sayılan qədərdir. Onlardan birincisi, ulu öndər Heydər Əliyevdirsə, ikincisi ölkə Prezidenti İlham Əliyevdir. Bu siyahını genişləndirmək obyektiv səbəblərdən mümkün deyil. Siyasətdə real nəticələr olmalıdır. Ya ölkədə gedən siyasi prosesləri nəzərəçarpacaq dərəcədə dəyişdirilməli, ya hakimiyyət dəyişməli, ya kimsə hakimiyyətdən getməli, ya uzun müddət hakimiyyəti əldə saxlamalıdır. Siyasətin real nəticələri bunlardır. Təəssüf ki, bu və digər nəticələri ortaya qoya biləcək şəxsiyyətlər Azərbaycanda çox məhdud saydadır.
- Aydın müəllim, siyasi düşərgədə bir çoxlarının səbirsizliklə gözlədiyi "siyasi dəyişilmə" prosesi ənənəvi müxalifət partiyalarının bir-birinə olan münasibətlərindəki qeyri-müəyyənlikdə və ya ambisiyaların yumşalmasında öz təsirini göstərməyə ümid verirmi?
- Bu gün, əslində, müxalifət düşərgəsində qeyri-adi heç nə baş vermir. Baş verənlər ənənəvi situasiyanın təzədən təzahür olunmasıdır. Müxalifət düşərgəsində baş verənlər müxalifət üçün xarakterik olan hadisələrdir. Diqqət edirsinizsə hər prezident, parlament seçkiləri ərəfəsində müxalifətdə yüngülvari tərpənişlər başlayır. Amma bu tərpənişlərin hədəfləri kənarda yox, düşərgənin içərisində birinin digərinin ittihamları üzərində qurulur. Bu da ondan ibarətdir ki, ambisiyalar çox böyükdür. Parlament seçkilərində konkret kresloların taleyindən söhbət gedir. Ola bilər ki, siyasi partiyaların hər biri ölkədə gedən proseslərin dəyişməsinin mümkünsüzlüyünü anlayır. Onu da anlayırlar ki, nəinki təklikdə, hətta hamısı birləşsələr də, ölkədəki vəziyyətdə dəyişiklik yaratmaq gücündə deyillər. Ona görə də gündəmdə qalmaq, özlərini təsdiq etmək üçün bir növ başqalarını hədəfə götürüb, uğursuzluqlarını məhz başqalarının adı ilə bağlamaq taktikası ilə işləməyə başlayıblar. Son 10 ildə vəziyyət bu cür gedir və təəssüf ki, bu gün də belədir.Çoxlarının Azərbaycan müxalifətində qalmağa haqqı yoxdur.
- Müxalifət düşərgəsində ambisiyaların bir mərkəzə gətirilməsi üçün hansı addımlar atılmalıdır?
- Müxalifət düşərgəsində ambisiyalar güclüdür. Ambisiyalar hakmiyyət komandasında da var. Amma hakimiyyət komandasında bunun vahid başı-başçısı var və ambisiyalar idarə olunur. Ona görə də bu ambisiyalar əsas məqsədin həyata keçirilməsinə maneə yaradacaq səviyyəyə çatmasına imkan vermir. Amma müxalifət düşərgəsində vahid ambisiyaların olmaması bir tərəfə, heç olmasa, bunun bir mərkəzdən idarə olunması da yoxdur. Hər bir ambisiyanın konkret sahibi, özünün aparıcı qüvvəsi var və ona görə də bunları bir yerə yığmaq mümkün deyil. Əlbəttə, çox detalları açıqlamaq istəməzdim. Bunu açıqlaya biləcək daha mötəbər qüvvələr var. Amma son illərdə müxalifət liderlərinin özlərinin, nümayəndələrinin Azərbaycanda və xarici ölkələrdə müəyyən görüşləri olub, o görüşlərdə müzakirələr aparılıb. Müxalifətin çox sıx birləşdirilməsi kontekstində elə imkanlar əldən buraxılıb ki, mən indi həmin şansları öz-özümə təhlil edirəm və belə qərara gəlirəm ki, belə şanslardan da istifadə olunmadısa, demək, bir çoxlarının Azərbaycan müxalifətində qalmağa, sadəcə olaraq, haqları yoxdur. Həmin söhbətlərin içərisində olmuş konkret adamlar var. Bu gün özləri məsləhət bilsələr bunu mətbuata da açıqlaya bilərlər ki, kimlər ölkə daxilində və xaricində birbaşa liderlərin rəhbərliyi ilə aparılan danışıqlarda hansı təkliflərdən necə imtina ediblər. Bu təklifləri kimlər necə qəbul ediblər və sonda kimlərin ucbatından birlik alınmayıb. Bunların hər birinin konkret tarixi var. Və çox təəssüflər olsun ki, bu 7-8 ildə, hələlik, bunları detalları ilə açıqlayan şəxslər ortaya çıxmır. Bütün ambisiyaların bir mərkəzə gətirilməsi üçün ortada konkret təkliflər, mexanizmlər olub, xüsusilə, 2003-2005-ci illlərdə. Amma çox təəssüflər olsun ki, konkret adamların ambisiyaları nəticəsində bu mexanizmlərin heç bir nəticəsi olmayıb.
- Bu gün müxalifət düşərgəsində bir araya gəlməklə bağlı danışıqlar aparılıb, lakin bunu həyata keçirə bilməyən partiya liderlərinin bir-birini ittihamlamaları müşahidə olunur.
- Ümumən müxalifət düşərgəsində durum mürəkkəbdir. Cəmiyyət bu mürəkkəbliyin içərisində itib-batır, nə baş verdiyini anlaya bilmir. Düşünmürəm ki, bu gün cəmiyyətin problemləri AXCP (i) sədri Əli Kərimov ilə Müsavat başqanı İsa Qəmbərovun, yaxud ADP sədri Sərdar Cəlaloğlu ilə "Ümid" partiyasının sədri İqbal Ağazadənin bir araya gəlməsindən asılıdır. Bir də uzun illər gördüklərimi, eşitdiklərimi təhlil edib belə qənaətə gəlirəm ki, bəlkə də bu ambisiyaları barışdırmağın bir çıxış yolu var. O da bir neçə prezident kürsüsünün təyin edilməsidir. Başqa çıxış yolu yoxdur. Doğrudan da, son 1 il ərzində müxalifət düşərgəsində, əsasən, ikitərəfli konfliktlər gedir. Maraqlıdır ki, müxalifətdəki hər bir münaqişənin bir tərəfində Müsavat dayanır. Baxın, Müsavatla Demokrat Partiyasının, Müsavatla Xalq Cəbhəsi Partiyasının, Müsavatla "Ümid"in, Müsavatla Vətəndaş Həmrəyliyi Partiyasının, "Vətəndaş və İnkişaf Partiyası"nın, Liberal Partiyasının problemləri olub. İkitərəfli konfliktlərin hamısında tərəflərdən biri Müsavatdır. Bəlkə Müsavatı təxribata çəkirlər, bəlkə Müsavatın özü belə bir situasiyanın yaranmasında maraqlıdır. Amma hər halda, bu, yaxşı görüntü deyil. Müsavat bunun səbəbləri üzərində düşünsə, daha yaxşı olar. Bu vəziyyət müxalifət daxilindəki münasibətləri xeyli dərəcədə kəskinləşdirir, mürəkkəbləşdirir. Müxalifətin daxilində vəziyyət nə qədər mürəkkəb olursa, cəmiyyətin müxalifəti anlaması və onlara dəstək verməsi bir o qədər çətinləşir.
- Aydın müəllim, sizcə, Liberal Partiyasının lideri Lalə Hacıyevaya qarşı sərt mesajlar hardan qaynaqlanırdı?
- Mənim bildiyimə görə, İsa Qəmbərov hansısa partiyanın sədrini agentlikdə ittihamlayanda konkret ünvan göstərməyib. Və yaxud əgər məsələyə L.Hacıyeva birinci reaksiya veribsə, bu, o demək deyil ki, o özünü haranınsa adamı hesab edir. Sadəcə olaraq, bu partiyalar arasında pərdəarxası konfliktlər olub.
- Sizcə, qarşıdakı parlament seçkilərində müxalifət düşərgəsi nə qazanacaq?
- Qeyd edim ki, parlament seçkilərində hər şey nəzarətdə olacaq. Amma iddialılar çoxalacaq. Bu da, onunla bağlıdır ki, ölkədə bütün sferalarda insanların əsas peşə fəaliyyəti zəifdir. Kənd təsərrüfatında, sənayedə, bank-maliyyə sektorunda, biznesdə, siyasi dairələrdə əsas peşə fəaliyyətləri zəiflədiyindən, insanlar özlərini təsdiq etmək üçün yollar axtarmağa başlayırlar. Və belə şəraitdə parlament seçkilərində iştirak etmək çox cəlbedici görünür. Bu gün müxalifət parlamentdə 6-7 deputatla təmsil olunur. Mənim müşahidələrimə görə, müxalifət bugünkü sayda o deputat korpusunu qoruyub saxlaya bilsə, bu, müxalifət üçün çox böyük uğur olacaq. Hesab edirəm ki, parlament seçkilərində təmsil olunan müxalifət partiyaların tərkibi bir qədər dəyişə bilər. Yəni yeni partiyalarının parlamentə düşməsi qaçılmaz olacaq. Çünki 2005-ci ildən bu günə qədər Azərbaycanda yeni yaranmış siyasi partiyalar var. Parlament seçkilərindən sonra siyasi partiyaların konfiqurasiyasında böyük dəyişiklik də ola bilər.
Azərbaycanda siyasi partiyaların yaranması prosesi bir neçə mərhələdən keçib. Xalq cəbhəsi partiyası dövründə və müstəqillik illərində hakimiyyətlə problemlər üzündən yaranmış partiyalar var. Elçibəy hakimiyyəti dövründə, böyük şəxsiyyət Heydər Əliyev hakimiyyəti dövründə partiyalar yarandı. Bu gün o proses dayanıb.
Ancaq mən əminəm ki, yeni partiyaların yaranmasının üçüncü mərhələsi - müstəqillik dövrünün sosial, iqtisadi maliyyə, biznes problemləri ilə bağlı siyasi partiyaların yaranması prosesi başlaya bilər. Ola bilər ki, bu partiyaların başında oliqarxlar dayansın. Çünki Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, bu mərhələdə siyasətdə kasıb adamlara yer yoxdur. Siyasət kasıb adamın yeri deyil. Siyasət böyük pullarla oynamağı bacaran adamların yeridir. Amma bu mərhələnin başlanması üçün indiyə qədər mövcud olan partiyaların birləşməsi, təmərküzləşməsi və yaxud özlərini buraxması çox realdır. Bu gün siyasi partiyalar tanıyıram ki, özünü satmaq üçün əlverişli şərait gözləyir. Elə partiyalar var ki, müəyyən siyasi partiyalarla birləşmək üçün əlverişli məqam gözləyirlər. Yəni mövcud siyasi partiyaların birləşməsinin, təmərküzləşməsinin əlamətləri artıq görsənir. Bu proses artıq başlayan kimi, əminəm ki, siyasi partiyalaşmanın üçüncü mərhələsi gələcək. Mən əminəm ki, yeni siyasi təşkilatlar yaranacaq.
- Aydın müəllim, ADP-dən istefa verəndən sonra dərhal belə çıxışlarınız oldu ki, partiya yaradacaqsınız. Bu, kimlərəsə ünvanlanan bir mesaj idimi, bunu sifariş saymaq olardımı və təklif sizə haradan gəlmişdi?
- Bu, nə kiməsə bir mesaj idi, nə də kiminsə sifarişi idi. Bu, mənim özümün və mənimlə birlikdə partiyanı tərk etmiş adamların istəyi, qərarı idi. O plan hələ də gündəmdədir. Açığı deyim ki, mənimlə bərabər partiyanı tərk edən adamlar parlament seçkiləri ərəfəsində mənə siyasi partiyanın yaranması vaxtının yetişdiyini deyirdilər. Çalışıram onları inandırım ki, hələlik, Azərbaycanda yeni siyasi təşkilat yaratmağa zərurət yoxdur. Buna sosial sifariş olmalıdır. Bizim istəyimiz, hələ ki, məsələnin kiçik bir tərəfidir. Azərbaycanda, dediyim kimi, siyasiləşmənin üçüncü mərhələsi başlayanda, biz siyasi partiyanın yaranması ilə bağlı daha qısa müddətdə qərar verəcəyik.
- Aydın Quliyev ADP-dən istefa verəndən sonra siyasətdən də getdiyini söyləmək olar?
- Çalışıram ki, istər siyasətdə, istərsə də qəzetimdə bütün prinsipial qərarların müəllifi özüm olum. Amma belə qərarların hazırlanmasında, ərsəyə gətirilməsində mənə təkliflər verən müəyyən bir sosail çevrə var. Hər halda, siyasi partiyaların heç birində təmsil olunmuram. Yaxın gələcəkdə də hansısa siyasi partiyanın üzvü olacağımı düşünmürəm. Mən yalnız özümün yaratdığım siyasi partiyada olmağımı düşünürəm. Siyasi fəaliyyətimi davam etdirmək fikrindəyəm, amma aktiv siyasətdə yoxam.
- Qarşıdan seçkilər gəlir. Növbəti seçkilər barədə nə düşünürsünüz?
- Budəfəki seçkilərdə iddiaçıların sayı çox olacaq. Ölkə ictimaiyyətinin tanımadığı yeni simalar da ortaya çıxa bilər. Bu da normaldır. Bütün seçki dairələrində seçkinin ədalətli keçəcəyini indidən deyə bilmərəm. Ola bilər ki, bir çox dairələrdə seçki ədalətli keçirilsin. Başqa dairələrdə elə bir vəziyyət yarana bilər ki, seçkidə gözlənilməyən nəticələr ortaya qoyulsun. Ola bilər ki, kimsə mandat əldə etmək üçün əyri yollara baş vursun. Hətta mandat qazanmaq üçün başqa dövlətlərin başçılarına da müraciət edənlər ola bilər. Bunun hansı nəticə verəcəyini deyə bilmərəm. Belə hallar istisna deyil. Amma istərdim ki, seçki ilə bağlı son söz seçicilərə məxsus olsun.
- Siz özünüz parlament seçkilərində iştirak edəcəksiniz?
- Seçiklərdə iştirakla bağlı, hələ ki, qeyri-müəyyən vəziyyətdəyəm. Hələlik, qəti qərar verməmişəm. Qeyri-müəyyənlik mənimlə bağlı deyil, bu, reallığın özü ilə bağlıdır. Seçkinin nəticəsi mənim üçün önəmlidir. Maraqlıdır, ədalətli seçki özünü bütün dairələrdə göstərəcəkmi? Mən 2000-2005-ci illərdə parlament seçkilərində iştirak eləmişəm, amma təəssüf ki, mandat əldə etməmişəm. Sözün doğrusu, üçüncü uğursuzluğu yaşamaq istəmirəm. Ona görə də, seçki ilə bağlı dərin təsəvvürüm olana qədər, yəqin ki, qərar verməyəcəm.