- Son müsahibələrinizdən birində qeyd etmisiniz ki, "hər şey kifayət qədər aydındır, heç kimin təqdimata ehtiyacı yoxdur. Heç kim öz tərcümeyi-halını təkcə qələm və vərəqlə yox, həm də fəaliyyəti ilə yazır". Nəyi nəzərdə tutursunuz? Kifayət qədər üstüörtülü fıkirdir, amma deyəsən, hər şey də bəllidir.
- Tərcümeyi-halın əllə, yəni qələmlə vərəqə yazılması bəllidir. Adətən, sovet dövründə yaşayan insanlar bilirlər ki, tərcümeyi-hal yazılarkən, məlumatlar müəyyən qədər gizlədilirdi. Misal üçün yazılırdı ki, xaricdə qohumu yoxdur, yaxınlarından məhkumluğu olan yoxdur və s. Sənədi qəbul edən də bilirdi ki, həmin sənəddə yanlışlıq var. Sadəcə, nəyinsə xatirinə bu yazılıb. Bu fikir obrazlı deyilib. Tərcümeyi-hal tək qələm-kağızla yazılmır. Bu, bir insan ömrüdür, müəyyən müddətə gördüyü işlər, bütün fəaliyyəti əks olunur. İstər yaxşı, istər pis. Əslində, tərcümeyi-hal yaradanın bəndə üçün ayırdığı iki mələyin - günah və savab mələklərinin yazdığına bənzəyir. Yəni, orada heç nəyi gizlətmək mümkün deyilsə, fəaliyyətdə də heç nəyi gizlətmək mümkün deyil. Bunu detallarına qədər sadalamaq olar. Məncə, o, müsahibədə dediklərim kifayətdir.
Mən meydanda tək qaldım
- 2000-ci il seçkilərindən sonra mandatdan imtina haqda sənəd imzalamışdınız. Lakin həmin sənədi sizinlə birgə imzalayanların heç biri sözünün üstündə durmadı. Belə çıxır ki, öz imzalarına hörmət etməyən insanlarla birgə mübarizə aparmısınız.
- Bu da tarixdir. Həmin dövr xüsusi bir məqam idi. Elçibəydən sonra, müxalifət ilk dəfə olaraq, bir arada idi. Orada 20-yə yaxın imza var idi. Təəssüf ki, məsələ siz qeyd etdiyiniz kimi, oldu. Mən meydanda tək qaldım. Hesab edirəm ki, insanlar sözlərinə və imzalarına hörmət etməlidilər. Hər kəs etməlidir. O zaman üzərimə çox gəldilər. Amma zaman başqa şeyi sübut etdi. İmtina edənlərin və sonradan imtinadan imtina edənlərin bəziləri bu və ya digər dərəcədə parlamentdə sıxışdırıldılar. İmtinadan imtina edənlər heç özləri parlamentdə tam fəaliyyət göstərə bilmədilər.
- Maraqlı məqama toxunursunuz. Amma gəlin bir az geriyə gedək. Siz müxalifət liderləri arasında öz çəkisini saxlayanlardansınız. Hörmətinizi digərləri saxlayırlar. Uzun müddət siyasətdəsiniz. Amma siyasi kataklizmlərin gərgin vaxtında, yəni meydan varkən bir qrup "komsomolçu" ilə bacarmadınız.
- Mən elə deməzdim. "Bir qrup komsomolçu" dediklərinizin çox böyük dəstəyi var idi. Bu məsələyə, qeyd etdiyiniz kimi, ötəri qiymət vermək doğru deyil. Əgər söhbət "Yurd"dan gedirsə, yəqin ki, bilməmiş deyilsiniz ki, həmin qrupa ciddi dəstək var idi. Bunu bilirdik. Amma eyni zamanda, bu məsələ ilə bağlı Elçibəyin də xüsusi tapşırıqları olurdu. Biz təkid edəndə, bəy deyirdi ki, bunu buraxsam, başqaları götürəcək. Mən istəmirəm, yetirdiyim adamlar əlimdən çıxıb getsinlər. "Komsomolçu" dediyiniz insanlara sahib çıxanlar onlardan siyasi və digər maraqlarını yerinə yetirmək üçün istifadə edirdilər. Bizim onlarla bacarmağımız məsələsində Elçibəyin başlanğıc üçün xeyir-duası olmadığına görə, sonrakı dövrlərdə çox şeylər baş verdi. Bu məsələ Elçibəyin iştirakı ilə keçirilən qurultayda pik nöqtəsinə çatdı. Qurultaydan bir neçə gün sonra ciddi məsələlər çıxdı ortaya.
Fondun pulları Elçibəyə qarşı təbliğata xərclənib...
- Suala tam cavab vermədiniz.
- Qeyd etdim. Birincisi, ciddi arxaları var idi. İkincisi, Elçibəyin başlanğıcda xeyir-duası yox idi. Üçüncüsü isə, hesab edirəm ki, bu açıqlama çoxlarına xoş gəlməyəcək. Məlumatınız olsun deyə xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Müddəti keçib bunları açıqlamaq olar. Bu, çox təhlükəli bir məsələdir. Həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əlehinə təbliğat aparılmasına xərclənib. Bu, ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub, məlumatlı adam çıxarda bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortyaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib? 1994-cü ilin yanvarı ayında həmin "komsomolçu" dediyiniz şəxslər "Əbülfəz Elçibəy siyasi meyitdir" deyirdilərsə, kimə etimad edilməlidir, hətta rus dilində "stavkanı filankəsə edin" bəyanatı verirdilərsə, "İsa Qəmbər də bitib" fıkirləri də səslənirdisə, demək, sıradan bir məslə deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı.
- Gəlin etiraf edək ki, "Yurd"-un inkişafı Elçibəy hakimiyyətdən gedəndən sonra başlandı. Bəs həmin vaxt siz niyə müqavimət göstərmirdiniz, niyə reaksiya vermirdiniz?
- Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-"Yurd" mübarizəsi gedib. Bu, olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar. Həmin dövrdə bizim fikirlərimizi, baş verənləri insanlara çatdırmaq çətinliyimiz var idi. Çətinliyin birincisi ondan ibarət idi ki, "sən də müavinsən, o da müavindir, səni də Elçibəy təyin edib, onu da" fikirləri hökmran idi. Bu məsələlər də çətinlik yaradırdı. İnsanları inandırmaq olmurdu. Bir də onda ayılırdılar ki, insanlara "Yurd"a qəbul üçün ərizə yazdırılır. Hətta bayaq qeyd etdiyim qurultaydan sonra bu prosesi gücləndirdilər. Yanvarda qurultay oldu, fevralda üzvlərdən ərizələr alınmağa başladı. Yalnız bundan sonra cəbhəçilər anlayırdılar ki, təşkilatın daxilində qruplaşma var. Açıq şəkildə addım atmırdılar. Yalnız onu deyirdilər ki, təşkilatın daxilində bir neçə kollektiv üzv var. Misal üçün, Qadın Hüquqları Cəmiyyəti, "Yurd" İctimai Birliyi və digərləri var. Siyasi partiyaya çevriləndən sonra onların imkanları genişləndi və bu istiqamətdə kurs dəyişildi.
- Necə?
- Çünki bizim cəbhəçilərin böyük əksəriyyəti AXC-nin AXCP-yə çevrilməsinin əleyhinə idilər. Bu siyasi tarixdir və siyasi qərar qəbul olundu. Bundan istifadə edib onlar bizi qabaqladılar.
- Yenə qabaqlama məsələsi? Ədliyyə Nazirliyinə 1995-ci ildə təqdim olunan yeni nizamnamədə VI. 9.12-ci bəndinə gizli dəyişiklik edilmişdi. Yəni, AXC Ali Məclisinə alternativ qurum olan rəyasət heyətinin yaradılması məsələsini xatırladıram. Yəni nizamnamədə özbaşına bu qədər ciddi dəyişiklik etmək mümkün idimi?
- Biz AXC-nin AXCP-yə çevrilməsini istəməyənlər, qurultaydan sonra bu istiqamətdə görülən işlərdə heç nəyə qatışmırdıq, heç nəyə reaksiya vermirdik. Nə onların izahını istəyirdik, nə də ki, səsvermədə iştirak edirdik. Sonrakı dövrlərdə qəbul olunan qərarlarda bizim iştirakımız yalnız Elçibəyin tövsiyəsi ilə olurdu.
"Yurd"-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı
- Elçibəyə etiramınızı başa düşürük. Amma faktiki sizin əlinizdən hər şey alınırdı.
- Əslində, belə idi. "Yurd" Bakıda rəyasət heyətində - rəhbərlikdə güclü idisə, yerlərdə sosial baza bizim tərəfimizdə idi. Həm də təşkilat daxilində dağıdıcılığa, kənar təsirlərə yol verilməməsi üçün bu addımı atırdıq. İki cəbhədə mübarizə aparmağın çətinliyini də nəzərə almaq lazımdır. Bu tək sual cavabdan ibarət deyil. Bu, həyatdır.
- AXC yarandığı vaxtdan onun içərisindən bir çox ictimai və siyasi təşkilatlar çıxıb. Lakin bu təşkilatlar arasında yalnız "Yurd" dağıdıcı rol oynadı.
- Bilirsiniz ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Dəfələrlə qeyd olunub ki, Elçibəy hakimiyyətinin məğlubolma səbəblərindən biri parlament seçkilərinin keçirilməməsi oldu. Niyəsi var. Ona görə ki, "Yurd"-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində "Yurd"-Müsavat qarşıdurması olub. Bunlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər. Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxlifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə, təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəy, Elçibəyə xəyanət idi. Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: "Mən liderinə xəyanət etmiş adamla iş birliyində ola bilmərəm". Bax, bu sonradan əlaqələrin tamamilə qırılmasına gətirib çıxardı ki, öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil.
Bu iqtidarın ən mühüm tərəfi öz yoluna sadiqliyidir
- 1998-99-cu illərdə "Yurd"un mətbuat şəbəkəsi açıq-aşkar təhqirlərə yol verirdi. Hətta Elçibəy filan xəstəliyə mübtəla olub, filan xəstəliyi var. Hansıları ki, mən indi səsləndirməyə utanıram. Bu sözləri dövriyyəyə buraxan insanların mənəvi cəhətdən problemlərinin olmasına da işarə deyildimi?
- Bəzi məsələlər var ki, onu zamanında demək daha doğru idi. Onu zamanında bizdən başqa deyən olmayıb. Biz buna təkcə sözlə yox, hətta fiziki güclə də cavab vermişik. Burada başqa bir xüsusi məqam da var. Bayaq dediyiniz tərcümeyi-hal məsələsi. İndi bu birləşmənin olmaması, pərakəndəlik, bunların hamısı insanların niyyətlərinin düzgün olmaması və liderlərinə asi olmaları ilə bağlıdır. Tək asi olmaq deyil, xəyanət etmələridir. Başqa bir məqam. İnsanın seçdiyi yol olur və deyir ki, bu yoldan dönməyəcək. Bu iqtidarın ən mühüm tərəfi öz yoluna sadiqliyidir. Biz bunu qəbul etməsək də, bu, reallıqdır. Hakim partiya öz prinsiplərinə sadiqdir. Nəyi deyibsə, onu da edib. Bizimkilər isə bir şey deyib, başqa iş görürlər. Doğrudan danışıb, başqa əməl edirlər. Ən mühüm məsələ də budur. Niyyətin saf olmaması, xəyanətin öndə olması buna gətirib çıxardı. Hətta Elçibəyin cənazəsi bura gətirələn gün mətbuatı izləsəniz dəhşət, fəlakət görərsiniz. Bu insanı (Əli Kərimli nəzərdə tutulur - A.) dayandırmaq mümkün olmayıb. Bu insanın həvəsi, qisasçılıq hissi, xəyanəti, nə bilim həmin sözü tapmaq çətindir, əxlaqdan uzaq hərəkətləri özünü büruzə verib. O özünü bir gün belə saxlaya bilməyib.
- Həmin sualın gerisi də var. 2003-cü ildə Əli Kərimlinin kurasiyasında olan "Azadlıq" qəzetində Lalə Şövkət haqda hədsiz təhqirli yazı dərc olundu. Lalə Şövkətin cavabı daha sərt oldu. "Azərbaycan siyasətində belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun. Əli Kərimlidən çox alçaq səviyyə gördüm" sayaq sözlərdən istifadə edilmişdi.
- Bunun başqa bir tərəfi yadımdadır. Siz dediniz yadıma düşdü. Bu gün vəziyyət elə gətirib ki, dünən bir-birini söyən, təhqir edənlər, bu gün siyasi müstəvidə bir yerdədilər. Kriteriyalar itib, ictimai qınaq yoxdur. Bax, elə buna görə vəziyyət bu həddə gəlib çıxıb.
- Sizin ittihamlarınız da az olmayıb. AXC büdcəsinin dağıdılması, cangüdən, qrant maxinasiyası, məlum olmayan mənbələrdən maliyyə alma və s. Bunları əsaslandıracaq fakt varınızdır?
- Təbii. Bunun üçün AXCP daxilindəki "Yurd" İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatını nəzərdən keçirmək kifayətdir. Burada faktlar əks olunub. Ərizlərin, sənədlərin, videoçəkilişlərin, audio yazıların nəticəsində hazırlanmış bu hesabatda çox faktlara toxunulub. Bunların heç biri göydən götürülməyib və heç kimin şəxsi mövqeyi, mənafeyi yoxdur. Ciddi sənəddir. Burada sənədsiz-sübutsuz heç nə yoxdur. Dərc olunan bu hesabat isə əlimizdə olan faktların heç də hamısı deyil.
Əli Kərimlinin kiçicik bir etirafı lazımdır
- Azərbaycan siyasətinin son 15 ilində hansı siyasi problemə, qarşıdurmaya, kompromata, qərəzə baxırsan, araşdırırsan, onun arxasından Əli Kərimli çıxır.
- Mən bunu təşkilatla bağlı deyə bilərəm ki, AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır.
- Sizə elə gəlmir ki, Əli Kərimlinin siyasi arenada küncə sıxışdırlmış durumdadır. Bu, onun siyasi karyerasının sonudur, yoxsa növbəti özünəməxsus gedişdir?
- Bilirsiniz, adam karyerasını tükətməsə, bitirməsə, onu sərəncamla, fərmanla bitirmək mümkün deyil. Mənə elə gəlir ki, bizim dediklərimizə cavab olaraq, qəzetləri işə salmaq, yazı yazdırmaq yox, Əli Kərimlinin kiçicik bir etirafı lazımdır. Bununla məsələ həll olunacaq. Mən sizdən jurnalist olaraq xahiş etməli deyiləm ki, bu sualı mənə ver. Mənə sual verirsinizsə, mən cavablandıracam. Ya dəqiq cavab verəcəyəm, ya da vəziyyətdən çıxmaq üçün fikirlərimi çatdıracam. Burada məsələ eynidir. Əgər o, etirafda bulunsa ki, bütün məsələlərin səbəbi budur. Bu kifayət edər. Karyera məsələsi insanın öz fəaliyyəti nəticəsində sona yetir.
- Rauf Arifoğlu Əli Kərimli haqda maraqlı fikirlər səsləndirib. O deyir ki, Əli Kərimli bizə yaxın insan olsa da, qəzetimizə embarqo qoyub. Lakin hakimiyyətdə olan, daim tənqid edilən Əli Həsənov isə hələ də bizim sualları cavablandırır. Sanki Əli Kərimli də bir kompleks var.
- Bizim bütün müsahibəmiz az qala hamısı Əli Kərimliyə həsr olundu. Amma yenə cavab verim. Siz bir jurnalist araşdırması aparsanız, görərsiniz ki, siyasi prosseslərdə, Elçibəyə münasibətdə, iqtidara münasibətdə, yazarların münasibəti ilə bağlı hər yerdə Əli Kərimli ilə bağlı neqativ fikirlər səslənir. Səbəb nədir? Bunun hamısı bir mətbəxdə hazırlana bilməz ki. Ya adama deyirlər ki, bu pis adamdır, filan-filan əməllərin sahibidir. Ya da deyirlər ki, yaxşı adamdır. Baxmayaraq ki, filan fikirlidir, filan səhvi buraxıb.
Kərimlinin bir çağırışı ilə hər şeyə son verildi, kütləvi tədbirlər yekunlaşdı
- Mitinqləri piketlə əvəz edən fəaliyyət haqda fikir bildirmisiniz.
- Bu ifadə 2005-ci ilin noyabrında sonuncu mitinq haqda deyilib. Həmin mitinqə həm müxalifət, həm iqtidar kifayət qədər hazırlaşmışdı. Bu, iqtidarın haqqıdır. Asayişi qorumaq, sabitliyi qorumaq üçün belə aksiyalara hazırlaşmalıdır. Borcudur. O zaman oturaq mitinqə çevrilmə məsələsində çox böyük fikir ayrılığı oldu. Əli Kərimlinin bir çağırışı ilə hər şeyə son verildi, kütləvi tədbirlər yekunlaşdı. Ondan sonra piketlərə ümid qaldı. İndi heç o da mümkün deyil. Biz demirik ki, o deməsəydi, başqa cür olacaqdı. Xeyr, o fikirdə deyilik. Ən azından mitinqlərin qapadılması məsələsinə "oturaq mitinqə gedirik" sözü səbəb oldu.