PDF Oxu

Müsahibə

  • 5

Moskvanın Baş manual terapevti orqanizmin "Baş skripkası" haqqında

Moskvanın Baş manual terapevti orqanizmin "Baş skripkası" haqqında
Manual terapiya onurğa sütunu xəstəliklərinin müalicəsinin müasir metodlarından biri və orqanizmin "baş skripkası" (bel sütunu) üzərində mürəkkəb əməliyyatların alternatividir. Rusiyanın tanınmış həkimi, Manual Terapiya Mərkəzi dövlət müəssisəsinin baş həkimi, Moskvanın baş manual terapevti, Rusiyanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Anatoli Sitel onurğa sütununu məhz bu cür adlandırmışdır - "orqanizmin baş skripkası". 200-dən çox elmi və populyar əsərin, həkimlərin öyrədilməsi üçün dərs vəsaitlərinin, "Manual terapiya", "Onurğa sütunu üçün solo" və başqa kitabların müəllifi Anatoli Sitel bir sıra ciddi xəstəliklərin müalicəsi və profilaktikası üçün Rusiya təbabətində tamamilə yeni metodlar işləyib hazırlamışdır. Tanınmış rusiyalı həkim 30 il bundan əvvəl Azərbaycanın o vaxtkı səhiyyə nazirinin xahişi ilə Bakıda olmuşdur.
Anatoli Boleslavoviç Sitel AzərTAc-ın müxbirinə müsahibəsində qeyd etmişdir ki, manual terapiya çox qədim dövrlərdə yaranmışdır. Eramızdan əvvəl X əsrdə Hippokratın tətbiq etdiyi üsullar zəmanəmizə qədər gəlib çatmış, XIX əsrin axırlarında Amerikada və Avropada bu metodlar yenidən həyata vəsiqə almışlar. Rusiyada təbabətin bu istiqamətini təmsil edənlər "sınıqçı" ("kostoprav") adlanır. Keçən əsrin 50-60-cı illərinin axırlarında Avropada bu praktikanı tətbiq edən həkimlər FİMM dünya elmi cəmiyyəti yaratmış, bu istiqaməti manual təbabət adlandırmışlar. O vaxtdan hər 3-5 ildə bir dəfə manual terapevtlərin konqresləri keçirilir. Bu tədbirlərdə bütün dünya ölkələrindən gəlmiş terapevtlər iştirak edir. Rusiya 2002-ci ildən həmin təşkilatın üzvü və bu elmi birliyin ayrılmaz tərkib hissəsidir.
-Bu istiqamət nə üçün təbabət adlandırılmışdır?
-Ona görə ki, burada əsas diqqət xəstəliyin diaqnostikasına yönəldilir, sonra isə bilavasitə müalicə tədbirləri həyata keçirilir. Manual təbabət iki bölmədən ibarətdir - manual diaqnostika və manual terapiya. Diaqnostika insan bədəninin istənilən oynağında passiv mütəhərrikliklə bağlı məhdudiyyətlərin aşkar edilməsinə, terapiya isə mütəhərrikliyin bu məhdudluğunun aradan qaldırılmasına yönəlmişdir.
-Rusiyada bu istiqamət necə inkişaf etmişdir?
-Keçən əsrin 70-ci illərinin axırlarında "sümükdüzəldən" Nikolay Kasyan haqqında çoxlu materiallar dərc edilmişdir. Biz onun metodu ilə maraqlandıq. Mən ali təhsil diplomu aldıqdan sonra akademiyanın iynə-refleks terapiyası kafedrasında dosent vəzifəsində işləyərkən həmin kafedranın müdiri professor V.Qoydenko bizim kafedra ilə Çexoslovakiyadan olan manual mütəxəssislər arasında elmi əməkdaşlıq təşkil etmişdi. Əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində biz çexiyalı mütəxəssislərə iynə-refleks terapiyasını, onlar isə bizə manual terapiyanı öyrədirdilər. 1983-cü ildə biz çex mütəxəssisləri ilə birlikdə Rusiyada ilk təlim tsikli təşkil etmişdik. Sonradan bu istiqamət Rusiyada inkişaf etməyə başladı və 1988-ci ildə mən 15 nömrəli klinik xəstəxana bazasında Moskva Manual Terapiya Mərkəzini təşkil etdim. Bizim mərkəzin fəaliyyətdə olduğu 20 il ərzində burada 13 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Hazırda daha 6 namizədlik dissertasiyası və 2 doktorluq dissertasiyası müdafiə üçün hazırlanır. Bir sözlə, biz manual terapiyanın nəzəri əsaslarının inkişafının təməlini qoymuşuq və manual terapiyanın köməyi ilə müalicə edilən xəstəliklərin müxtəlif formalarının unikal müalicə metodlarını işləyib hazırlamışıq. Buraya ilk növbədə onurğa sütununun müxtəlif patalogiyalarının müalicəsi aiddir. Həmin metodlar, o cümlədən əməliyyat müdaxiləsi edilmədən fəqərələrarası yırtıqların müalicəsi üsulu üçün müəlliflik şəhadətnamələri və patentlər alınmışdır.
Bir sıra səbəblər üzündən insanların əksəriyyətində onurğa sütununun funksiyaları bu və ya digər şəkildə normadan kənarlaşır. Belə hallar klinik mənada təzahür edə də bilər, etməyə də. Klinik təzahürlər üzə çıxan şəxslər üçün əməliyyat təyin edilir, lakin təəssüf ki, bu əməliyyat kifayət qədər səmərəli deyil və üstəlik, təhlükəlidir, çünki onurğa sütununa qədər xeyli məsafə keçilməlidir, bu zaman həyati əhəmiyyətli sinirlər və ya qan damarları zədələnə bilər. Hazırda bu məqsədlə aparılan laparoskopik əməliyyatlar daha səmərəlidir, lakin insan öz onurğa sütununu əməliyyat aparılmalı dərəcəyə çatdırmasa yaxşıdır.
Biz vertebral-bazilyar xəstəliyin müalicəsi üçün patent almışıq. Bu xəstəliyin əlamətləri baş ağrıları, baş gicəllənməsi, ürək döyüntüsü və insultqabağı vəziyyət şəklində təzahür edir. İş burasındadır ki, insan beyninin əsas arteriyasını qidalandıran onurğa arteriyaları boyun fəqərələri ilə köndələn vəziyyətdə keçir. Həyati əhəmiyyətli ürək-damar, tənəffüs, endokrin mərkəzləri, həmçinin ali emosional və vegetativ nizamlama mərkəzləri beyinin həmin hissəsində yerləşir. Buna görə də onurğa sütununun konfiqursiyasında ən cüzi dəyişikliklər baş verdikdə qan axını azalır və insanda baş ağrıları, baş gicəllənməsi, ürək döyüntüsü, arterial təzyiqin qeyri-sabitliyi və depressiya kimi mənfi hallar yarana bilər.
Bizim mütəxəssislər uşaqlarda birinci və ikinci mərhələdə olan skolioz xəstəliyini, boyun, döş və qurşaq nahiyyələrində yaranan, əllərə və ayaqlara təsir edən ağrıları, nevrotik sindromları, ürək ritminin pozulmasını, onurğa sütununun funksiyalarının pozulmasından yaranan digər effektləri müalicə edirlər.
-Hansı həkimlər manual terapevt ola bilər?
-Manual terapevtlər əlavə peşə hazırlığı keçən nevroloq həkimlərdir. Nevroloq mütəxəssislər bizdə 4 ay, yəni 576 saat müddətində təkrar peşə hazırlığı kursları keçirirlər. Bizim qapılarımız Azərbaycan həkimləri üçün də açıqdır. Onlar Ostrovityanov küçəsində yerləşən Rusiya Dövlət Tibb Universitetində ixtisasartırma fakültəsinin dekanlığına müraciət edərək, ödənişli təhsil kursu keçə bilərlər.
-Məhz sizin kimi mütəxəssislərə müraciət etmək lazım olduğunu necə bilmək olar?
-Hər bir insan öz hisslərinə qulaq asmalıdır. İnsan orqanizmində hər hansı pozuntu baş verdikdə o, ilk növbədə xoşagəlməz duyğular, narahatlıq və ağrı hissləri formasında siqnallar verir. Məsələn, baş ağrısına dözmək lazım deyil, çünki sonradan yaranan pozuntular kompleksi inkişaf edərək miokard infarktı, insult və ölümlə nəticələnə bilər. Ümumiyyətlə, heç bir ağrıya dözmək lazım deyil, çünki ağrı hissi batmaqda olan gəmidən verilən "SOS" siqnalına bənzəyir, sanki deyir: "tədbir görün". Əks halda pozuntular kompleks şəkil alır və pasiyent həkimin yanına gələndə onu əməliyyatsız yolla müalicə etmək çətin olur. Onurğa sütununu həm cərrahi müdaxilə, həm də manual terapiya yolu ilə müalicə etmək olar. Əməliyyatlar hərtərəfli tədqiq edilmişdir və o cümlədən Rusiyada da kütləvi şəkildə tətbiq edilir, lakin onlar hələ də çox mürəkkəb əməliyyat hesab edilir.
-Yırtıq zamanı yerindən oynamış fəqərənin əl ilə düzəldilməsi təhlükəli deyilmi?
-Manual terapevtlər yırtıqları əl ilə düzəltmirlər, onlar elə şərait yaradırlar ki, təbii yolla sağalma prosesi gedir. Buna görə də, məsələn disk yırtığının müalicəsi bəzən 5 ilə qədər davam edir. Manual terapiyanın ümumi prinsipi belədir: orqanizmin işinə müdaxilə etməməli və təbii yolla düzəldilə biləcək pozuntuları süni şəkildə aradan qaldırmağa çalışmamalıdır. Skelet mexaniki sistemdir, buna görə də onu mexaniki, yəni manual metodlarla müalicə etmək lazımdır.
Son olaraq qeyd edək ki, Manual Terapiya Mərkəzində hər il 60000 xəstə müalicə olunur. Onların əksəriyyəti onurğa sütununun ağır xəstəliklərindən əziyyət çəkənlərdir. Bu insanların 87 faizi əmək fəaliyyətinə qayıdır, 13 faiz təşkil edən ağır xəstələr isə əməliyyat müdaxiləsi üçün neyrocərrahların yanına göndərilir.

Digər xəbərlər