PDF Oxu

Müsahibə

  • 10

Cəbhədəki son olaylar Ermənistanda gərginliyi artırıb

Cəbhədəki son olaylar Ermənistanda gərginliyi artırıb
Məlum olduğu kimi, iyun ayının 18-19-da Ermənistan ordusu Azərbaycanla təmas xəttində atəşkəsi pozmaqla iki tərəf arasında genişmiqyaslı döyüşün yaranmasına səbəb olmuşlar. Artıq bir neçə gündür ki, Ermənistanın bu təxribatçı hərəkəti beynəlxalq ictimaiyyətin də maraq dairəsində olan bu hadisə kimi birmənalı şəkildə pislənməkdədir. Ermənistanın heç bir norma və prinsipə məhəl qoymadan Azərbaycan Ordusunun hissələrini atəşə tutması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gələcək perspektivələrinə də öz mənfi təsirini göstərəcəyi bildirilir. Lakin bununla yanaşı, Ermənistana tutduğu əmələ görə beynəlxalq ictimaiyyət tərəfindən heç də lazımi təzyiqlər göstərilmir. Cəbhədəki son olayın Azərbaycan - Ermənistan danışıqlarına göstərəcəyi təsir, dünya ictimaiyyətinin məsələyə münasibəti və ən nəhayət, yarana biləcək müharibə ehtimalı barədə suallarımıza politoloq Qabil Hüseynli aydınlıq gətirdi.
- Qabil müəllim, bildiyiniz kimi, bir neçə gün bundan öncə Ermənistan ordusunun atəşkəsi pozması halı müşahidə olunub və nəticədə bu iki tərəfin silahlı qüvvələri arasında açıq döyüşün baş verməsinə səbəb olmuşdur. Sizin fikrinizcə, Ermənistan öz öhdəliyinə götürdüyü güc tətbiq etməmək prinsipini pozmaqla dünyaya meydan oxumaqmı istəyir?
- Ermənistanın ənənəvi bar davranış tərzi var. O, danışıqlar ərəfəsində və ya danışıqlardan sonra həmişə Azərbaycana təzyiq üçün atəşkəs rejimini pozur. Azərbaycan tərəfi də bu məsələni bildiyindən Sankt-Peterburq danışıqları ərəfəsində təmas xəttində qoşunların döyüş hazırlığını yüksək səviyyəyə gətirmişdi. Ermənilərin atəşkəsi pozmasından sonra Azərbaycanın xüsusi hazırlıqlı dəstələri əks-hücuma keçərək, çox uğurlu bir əməliyyat həyata keçirdilər. Nəticədə qüvvələrimiz işğal altında olan torpaqlarımızda irəliyə getməyə nail oldular. Ermənilər isə bunun müqabilində Borsunlu kəndi tərəfdən yenidən hücuma keçərək, zəif nöqtə axtarmağa çalışdılar. Lakin burada da ordumuzun hissələri erməniləri öz yerində oturtmağı bacardı. Amma ermənilər yeni provakasiyalar həyata keçirməyə davam edirlər. Bununla da, bir növ həm bu hərəkəti həyata keçirib özünün çox geniş şəbəkəli təbliğat vasitələri ilə dünyaya yaymaq istəyir ki, guya bunu Azərbaycan edib. İkinci tərəfdən baş vermiş hücum əməliyyatında Ermənistan ordusuna dəymiş psixoloji zərbəni bir növ kompensasiya etməyə çalışır. Amma çox böyük qürur hissi ilə, demək istəyirəm ki, Ermənistan Azərbaycan Ordusunda zəif nöqtəni tapa bilməyib, hər dəfə də Azərbaycan Ordusu tərəfindən layiqli cavab alır.
- İlk dəfə olaraq, Ermənistan müdafiə nazirliyi və daxili işlər nazirliyi cəbhədəki uğursuzluqlarını boynuna alıb. Ermənistan daxilində bu cür etiraf necə qarşılanacaq?
- Ermənistanda ağır ictimai-siyasi və iqtisadi durum hökm sürməkdədir. Əhali Ermənistandan kütləvi şəkildə köç etməkdədəir. Ölkədə ruhi-psixoloji vəziyyət çox pisdir. Yəni aşağı səviyyədədir. Üstəlik də, Ermənistan cəmiyyətində dərin bir siyasi parçalanma var. Dağlıq Qarabağdan gəlmə ermənilər hakimiyyəti, iqtisadiyyatı ələ keçiriblər. Yerli ermənilər isə ağır vəziyyətdədir. Bu məsələ özünü siyasi müstəvidə də göstərməkdədir. Müxalifət yerli ermənilərdən ibarətdir, iqtidar isə Dağlıq Qarabağ ermənilərindən. Bu da Ermənistan cəmiyyətində çox ciddi siyasi qarşıdurma yaradır. Bu qarşıdurma həm ideoloji-siyasi səviyyədə, həm də tez-tez keçirilən kütləvi tədbirlərdə müşahidə olunur. Belə fonda Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı fikrimcə, Ermənistan cəmiyyətini sarsıdıb. Ermənilər artıq belə bir həqiqəti dərk etməyə başlayıblar ki, Ermənistan ordusunun guya ruslara söykənərək, məğlubedilməzliyi haqqında yayılmış əfsanə yalan imiş. Ermənilər tərəfində təşviş, qorxu hissi baş qaldırmağa başlayıb. Xüsusilə, Dağlıq Qarabağ erməniləri içərisində. Bu qorxu hissi də getdikcə dərinləşməkdədir.
- Rusiyanın baş vermiş bu olaya birmənalı münasibət bildirməməsinin arxasında onun siyasi maraqlarının dayandığını söyləmək olarmı?
- Rusiya bu hadisələrə birmənalı mövqe bildirə bilməzdi. Çünki bu, Azərbaycan ərazisində aparılmış bir əməliyyat idi. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanı sevsə də, Azərbaycanın da xətrinə dəyən bir söz demək istəmir. Bunu da bir sıra amillərlə bağlamaq olar. Belə ki, Rusiya Azərbaycandan daha çox qazanır, daha çox mənfəət götürür. Bundan başqa, Qəbələ RLS-in taleyi hələ həll edilməyib və digər səbəblər də var ki, Azərbaycanı Rusiya üçün daha əhəmiyyətli edir. Ona görə də, bu dəfə Sarkisyan Medvedevə şikayət etsə də, ruslar təmkinini qoruyub saxlamağa üstünlük verdilər.
- Cəbhə xəttindəki son hadisədən sonra demək olarmı ki, Dağlıq Qarabağ heç də dondurulmuş münaqişə deyil və istənilən an alovlana bilər?
- Sözsüz ki, bu fikirlə də razılaşmaq olar. Azərbaycan Ordusu artıq qüdrətli bir orduya çevrilibdir. Azərbaycan artıq bu mənasız danışıqlarda iştirak etmək istəmir. Son Sankt-Peterburq görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev deyilənlərə görə danışıqları yarımçıq tərk edib. Yəni Ermənistan prezidenti Sarkisyan danışıqlarda elə mənasız məsələlər qaldırır ki, bu da, təbii ki, qarşı tərəfdə əsəb reaksiyasına səbəb olur. Belə olan təqdirdə, Azərbaycanın bu cür mənasız danışıqlara dözmək fikri yoxdur. Azərbaycan Ordusu əgər bir dəfə cəbhədə əks-hücuma keçib cəbhəni yarıbsa, döyüşdə də qalib gəlmək iradəmizin olduğu barədə fikir söyləmək olar. Bu cür mənasız danışıqlar davam edərsə, onda bizim qarşımızda bir yol qalır ki, öz ərazisində üsyan qaldırmış, separatçılığa meyil edən bir ovuc ermənini mərkəzi hakimiyyət orqanlarına tabe etdirmək üçün qanunlarımıza və beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər həyata keçirək.
- Demək olarmı ki, müharibə qaçılmazdır?
- Əslində, hələ müharibə haqqında danışmaq istəməzdim. Ermənilər hər halda indiyə kimi, Azərbaycanın müharibə haqqında sözlərini qeyri-ciddi qəbul edirdisə, indi onlar bu sözləri daha ciddi qəbul etməyə başlayıblar. Onlar panika içərisindədirlər. Yəqin ki, bir dəfə də biz onlarla danışıqlar prosesində iştirak etməli olacağıq. O zaman ermənilərin davranışına diqqət yetirməliyik. Çünki indiyə kimi onlar Azərbaycanın müharibə variantını seçə bilməyəcəyi haqqında fikirdə idilər. Amma bu dəfə onlar əyani şəkildə müşahidə etdilər ki, Azərbaycan Ordusu kifayət qədər döyüşə hazır vəziyyətdədir və istənilən halda Dağlıq Qarabağın azad edilməsi istiqamətində öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatları başlaya bilər. Arxasında güc dayanan diplomatiya daha kəsərli olur. İndi ermənilər yəqin başa düşüblər ki, Azərbaycan diplomatiyasının arxasında ciddi güc dayanır. Bundan sonra onlar danışıq tərzini dəyişməlidirlər. Yox, əgər dəyişməsələr, onda müharibənin labüdlüyündən danışmaq olar.

Digər xəbərlər